Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev: “Ermənistan arxivləri açmalı, şahid ifadələri toplamalıdır”

Cəmiyyət 07 Oktyabr 2026, 10:02

2454

Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Citypost.az  xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi Bakı Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

İtkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir. Biz bu məsələyə dünyanın müxtəlif bölgələrində insanların həyatına təsir edən ümumbəşəri humanitar problem kimi yanaşırıq.

Münaqişənin bitməsinə baxmayaraq, itkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biri olaraq qalmaqdadır. Ölkəmizin təşəbbüsü ilə yaradılmış Bakı Dialoqu itkin düşmüş şəxslər məsələsində dövlətlərin, beynəlxalq təşkilatların və mütəxəssislərin səylərini birləşdirərək təcrübə mübadiləsi aparmaq və əməli əməkdaşlığı genişləndirmək, bu problemə beynəlxalq diqqəti artırmaq üçün əhəmiyyətli platforma olaraq çıxış edir.

Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, eyni zamanda həyata keçirdiyi ardıcıl siyasət Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün tarixi imkan yaratmışdır. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, habelə iki ölkə arasında sülh sazişinin paraflanması bu istiqamətdə atılmış mühüm addım idi.

Dayanıqlı sülhün bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir.

Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınmışdır. Təəssüflə qeyd edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində fəaliyyəti nəticə verməmişdir.

Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açmışdır. Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir.

İşğaldan azad edilmiş ərazilərimizdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunmuşdur. İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir.

Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək. İtkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Bu faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların acılarını bölüşmək mənəvi öhdəliyimizdir.

İtkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin

açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır.

Hörmətli konfrans iştirakçıları!

Azərbaycan 2002-ci ildən etibarən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsləri ilə çıxış edir. Hesab edirik ki, bu sahədə beynəlxalq səylərin daha da gücləndirilməsi vacibdir. BMT və digər aidiyyəti beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində axtarışlar, məlumat mübadiləsi, məhkəmə-tibbi ekspertiza imkanlarının inkişafı və ailələrə dəstəyin artırılması işində daha fəal olmalıdırlar.

Bu xüsusda, effektiv mexanizmlər siyasi iradəyə, etibarlı məlumatlara və davamlı əməkdaşlığa əsaslanmalıdır. Müasir texnologiyaların tətbiqi, arxiv məlumatlarının əlçatanlığı, mütəxəssislərin hazırlanması və ailələrin müntəzəm məlumatlandırılması bu işin əsas istiqamətləridir. Bütün fəaliyyət insan ləyaqətinə və beynəlxalq humanitar hüquqa hörmət əsasında, ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməlidir. Azərbaycan bu məsələdə birgə təşəbbüslərə töhfə verməyə hazırdır. Bu baxımdan, problemə qlobal miqyasda daha böyük diqqətin ayrılması üçün BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını zəruri hesab edirik.

Əminəm ki, Konfrans çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə və beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir.

Konfransın işinə uğurlar, hər birinizə səmərəli müzakirələr arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55