Sosial şəbəkələrdə Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edənlər axtarışa verildi
Cəmiyyət 19 Oktyabr 2026, 19:00
2876
Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.
Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlər davam etdirilir.
Belə ki, bu çərçivədə, 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
İbtidai istintaqın müəyyən etdiyi hallar
İbtidai istintaq zamanı əldə edilmiş sübutlara əsasən, Türkiyə Respublikasında fəaliyyət göstərən bir sıra şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar hazırlayaraq yaymalarına əsaslı şübhələr müəyyən edilib.
İstintaq materiallarına əsasən, həmin çıxış və paylaşımlar yalnız ayrı-ayrı şəxslərin dini baxışlarını ifadə etməsi və ya dövlət orqanlarının fəaliyyətini tənqid etməsi ilə məhdudlaşmır, onların məzmununda zorakılığa və dövlətin konstitusiya quruluşunun qanunsuz yollarla dəyişdirilməsinə çağırışların əlamətləri mövcuddur.
Bu əməllərin hüquqi qiymətləndirilməsi zamanı yayılmış materialların məzmunu, ifadələrin işlədildiyi kontekst, onların ictimaiyyətə çatdırılma üsulu, auditoriyası, yayılma xüsusiyyətləri və digər hallar araşdırılıb.
İstintaqın hazırkı mərhələsində toplanmış sübutlara əsasən Türkiyə Respublikasında yaşayan, habelə, fəaliyyət göstərən bir sıra şəxslər:
1. 1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya;
2. 1981-ci il təvəllüdlü, “Köklü Değişim” nəşrində yazıçı, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan);
3. 1976-cı il təvəllüdlü, “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan’la Analiz Merkezi” proqramının müəllifi Fatih Tezcan;
4. 1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri Ahmet Şanlı;
5. 1971-ci il təvəllüdlü araşdırmaçı Fahrettin Taşkaya Saral;
Həmçinin oxuyun
6. 1975-ci il təvəllüdlü, “Abdurrahman Tumer” adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer;
7. moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu tərəfindən müvafiq olaraq 25 sentyabr-18 oktyabr tarixlərində “X”, “Facebook”, “İnstagram”, “YouTube”, “TikTok” sosial şəbəkələri və digər internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn, dini radikalizm məzmunlu çıxışlar etmələri, həmin materialları, eləcə də bu cür çoxsaylı foto, video və digər materialları geniş auditoriyanın izlədiyi internet resurslarında yaymaları və açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq materiallarına əsasən Rıdvan Kaya 3 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun qarşısında keçirilən aksiyada, habelə, Rıdvan Kaya və Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan) isə 13 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Səfirliyi qarşısında keçirilən aksiyada hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar, eləcə də, dini radikalizm məzmunlu çıxışlar ediblər.
Həyata keçirilən prosessual tədbirlər
İstintaq materiallarına əsasən, qeyd olunan 7 şəxs 19 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib və həmin şəxslər beynəlxalq axtarışa veriliblər.
Hazırda təqsirləndirilən şəxslərə aid edilən əməllərin bütün hallarının, o cümlədən çağırışların məzmununun və yayılma şəraitinin obyektiv, tam və hərtərəfli araşdırılması, müvafiq materialların müəllifliyinin müəyyən edilməsi, elektron sübutların toplanması və yoxlanılması, habelə cinayət işi üçün əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Eyni zamanda, cinayət işi üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə beynəlxalq hüquqi yardım və əməkdaşlıq mexanizmlərindən istifadə olunur, Türkiyə Respublikasının və digər tərəfdaş dövlətlərin aidiyyəti səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət təmin edilir.
Baş Prokurorluqdan çağırış
Baş Prokurorluq bir daha diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə hər kəsin vicdan və dini etiqad azadlığı, fikir və söz azadlığı, habelə qanuni vasitələrlə öz ictimai-siyasi mövqeyini ifadə etmək hüququ təmin olunur.
"Bununla yanaşı, həmin hüquq və azadlıqların həyata keçirilməsi dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin qızışdırılmasına, eləcə də dini ekstremist fəaliyyəti həyata keçirməyə açıq çağırışlar edilməsinə hüquqi əsas vermir.
İnternet resursları, sosial şəbəkələr, videoplatformalar və digər elektron kommunikasiya vasitələri ilə bu xarakterli çağırışların hazırlanması və yayılması məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının konstitusiya quruluşuna və ictimai təhlükəsizliyinə qarşı yönəlmiş, habelə dini zəmində zorakılığı və düşmənçiliyi təşviq edən qanunazidd əməllərlə bağlı məlumatlar araşdırılır, şəxslərin vətəndaşlığından, yaşadıqları ölkədən, ictimai statusundan və istifadə etdikləri informasiya platformasından asılı olmayaraq, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcəkdir", - Baş Prokurorluğun məlumatında deyilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...
26 Oktyabr 2026, 20:20
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19