Nikah dövründə alınan ev boşananda necə bölünür? – Vəkildən AÇIQLAMA
Hüquq 28 Sentyabr 2026, 10:18
3376
Nikah dövründə əldə edilən əmlakın boşanma zamanı necə bölünməsi cütlüklər arasında ən çox mübahisə doğuran məsələlərdən biridir. Xüsusilə ailə qurduqdan sonra alınan evin kimin adına rəsmiləşdirilməsi, alış zamanı hansı vəsaitdən istifadə olunması və ər-arvad arasında nikah müqaviləsinin olub-olmaması əmlakın hüquqi statusunun müəyyənləşdirilməsində mühüm rol oynayır.
Məsələ ilə bağlı vəkil Könül Yaqubova Citypost.az-a açıqlamasında bildirib ki, ümumi qayda olaraq, ər-arvadın nikah dövründə əldə etdiyi əmlak, nikah müqaviləsində və ya tərəflər arasında başqa razılaşmada fərqli qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyəti hesab olunur. Azərbaycan qanunvericiliyində də ər-arvadın nikah dövründə qazandıqları əmlakın ümumi mülkiyyət olması əsas prinsip kimi müəyyən edilib.
Vəkilin sözlərinə görə, bu səbəbdən vətəndaşların “ev yalnız ərimin və ya arvadımın adına rəsmiləşdirilib, boşanma zamanı bölünə bilməz” düşüncəsi hər zaman doğru deyil. Əmlak nikah dövründə əldə edilibsə və onun ayrıca mülkiyyət sayılmasını əsaslandıran xüsusi hal yoxdursa, həmin ev ər-arvadın ümumi əmlakı kimi qiymətləndirilə bilər.
“Dinləyəcəyimizdən gələn bir sual var. Deyir ki, birgə nikah dövründə ev almışıq. O ev boşanma zamanı bölünürmü? Bəli, bölünür. Birgə nikah vaxtı ev alıblarsa, boşanma zamanı bölünür. Amma nəzərə almaq lazımdır ki, həmin ev hansı vəsait hesabına alınıb. Yəni əgər bundan əvvəl ərin və ya arvadın nikaha qədər hansısa əmlakı var idisə və həmin əmlakı sataraq əldə etdiyi vəsait hesabına nikah dövründə bu evi alıbsa, burada məsələ fərqli qiymətləndirilə bilər. Çünki həmin əmlak birgə nikahda əldə olunan gəlir hesabına alınmış əmlak kimi qiymətləndirilməyə bilər”, – deyə vəkil bildirib.
Könül Yaqubova qeyd edib ki, burada əsas məsələlərdən biri əmlakın əldə edilmə tarixindən əlavə, onun hansı vəsait hesabına alınmasının müəyyənləşdirilməsidir. Məsələn, şəxsin nikaha daxil olmazdan əvvəl ona məxsus mənzili, torpağı və ya digər əmlakı olubsa və həmin əmlak sonradan satılaraq əldə olunan pulla yeni ev alınıbsa, tərəf həmin vəsaitin öz şəxsi əmlakından formalaşdığını sübut etməli ola bilər. Belə hallarda yalnız evin nikah dövründə alınması faktına baxmaqla yekun nəticəyə gəlmək düzgün deyil.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ər-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Eyni zamanda, nikaha qədər ər-arvaddan hər birinə məxsus olmuş əmlak həmin şəxsin öz mülkiyyəti sayılır. Həmçinin nikah dövründə hədiyyə və ya vərəsəlik yolu ilə əldə edilən əmlak da, ümumi qaydada, onu əldə edən şəxsin ayrıca mülkiyyəti hesab olunur.
Bu baxımdan, vəkilin sözlərinə görə, boşanma zamanı “ev nikah dövründə alınıbsa, mütləq yarı bölünəcək” yanaşması da bütün halları əhatə etmir. Əvvəlcə əmlakın hüquqi rejimi, alınma mənbəyi və tərəflər arasında hər hansı müqavilənin olub-olmaması araşdırılmalıdır.
“Əslində qısa bir şey deyim. Bizdə ər-arvadın əmlakının iki rejimi var: qanuni rejim və müqavilə rejimi. Qanuni rejimdə qanun müəyyən edir ki, hansı hallarda əmlak bölünür, hansı hallarda bölünmür, nə bölünür, nə bölünmür. Müqavilə rejimi isə ondan ibarətdir ki, qanunun verdiyi imkan çərçivəsində tərəflər özləri müəyyən şərtlər müəyyənləşdirə bilərlər”, – deyə hüquqşünas vurğulayıb.
Vəkil izah edib ki, ər-arvad nikah müqaviləsi bağlamaqla əmlak münasibətlərinin müəyyən məsələlərini əvvəlcədən tənzimləyə bilər. Məsələn, tərəflər müəyyən əmlakın ayrıca mülkiyyətdə qalmasını, gəlirlərinin ayrıca idarə edilməsini və ya konkret əmlakla bağlı fərqli hüquqi rejimin tətbiq olunmasını nəzərdə tuta bilərlər. Belə razılaşmanın hüquqi qüvvəsi onun qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsindən asılıdır.
“Yəni sən ailə qurursan, sənin çoxlu aktivlərin, əmlakların var. Sən deyə bilərsən ki, mən bu şərtlərlə ailə qururam, mənim qazandığım mənim olacaq, sənin qazandığın sənin olacaq və biz bunu birgə bölməyəcəyik. Bu şərtlərlə müqavilə bağlanırsa, həmin müqavilə qüvvədə olur. Buna ər-arvadın əmlakının müqavilə rejimi deyilir”, – deyə Könül Yaqubova bildirib.
Həmçinin oxuyun
Beləliklə, nikah dövründə ev alan şəxslərin boşanma zamanı həmin əmlakın taleyi ilə bağlı əvvəlcədən bir sıra mühüm məsələləri nəzərə almaları vacibdir. İlk növbədə evin nə vaxt alındığı, hansı vəsait hesabına əldə edildiyi, pulun mənbəyinin necə sübut oluna biləcəyi, evin kimin adına rəsmiləşdirildiyi və tərəflər arasında nikah müqaviləsinin olub-olmadığı müəyyənləşdirilməlidir.
Məsələn, tərəflər nikah dövründə əmək fəaliyyəti nəticəsində əldə etdikləri ümumi gəlirlə mənzil alıblarsa, ümumi qayda həmin mənzilin ər-arvadın ümumi əmlakı kimi qiymətləndirilməsidir. Əksinə, tərəflərdən biri nikaha qədər ona məxsus olan əmlakı satıb və satışdan əldə etdiyi vəsaitlə yeni mənzil alıbsa, həmin şəxsin bu vəsaitin şəxsi əmlakına aid olduğunu sübut etməsi məsələnin hüquqi qiymətləndirilməsində əhəmiyyət daşıya bilər.
Eyni zamanda, evin yalnız tərəflərdən birinin adına rəsmiləşdirilməsi də avtomatik olaraq digər tərəfin həmin əmlak üzərində hüququnun olmadığı anlamına gəlmir. Əgər əmlak ümumi mülkiyyət hesab olunursa, onun kimin adına qeydiyyata alınmasından asılı olmayaraq, digər tərəfin də hüquqları yarana bilər. Daşınmaz əmlak üzərində sərəncam verilməsi zamanı da ər-arvadın ümumi mülkiyyəti ilə bağlı qanunvericilikdə xüsusi tələblər mövcuddur.
Bundan başqa, nikah dövründə tərəflərdən birinin nikaha qədər sahib olduğu əmlakın dəyərinin digər tərəfin və ya ailənin ümumi vəsaiti hesabına əhəmiyyətli dərəcədə artırılması da ayrıca hüquqi qiymətləndirmə tələb edə bilər. Qanunvericilikdə əsaslı təmir, yenidənqurma və digər mühüm yatırımlar nəticəsində şəxsi əmlakın ümumi mülkiyyət hesab edilə bilməsi nəzərdə tutulur.
Əmlakın bölünməsi məsələsində tərəflərin razılığa gəlməsi də mümkündür. Əgər ər-arvad ümumi əmlakın bölünməsi ilə bağlı razılığa gələ bilmirsə, məsələ məhkəmə qaydasında həll oluna bilər. Bu zaman əmlakın alınma tarixi, pul vəsaitinin mənbəyi, bank ödənişləri, alqı-satqı müqavilələri, əvvəlki əmlakın satılması ilə bağlı sənədlər və digər sübutlar əhəmiyyət daşıya bilər.
Ona görə də hüquqşünaslar vətəndaşlara belə hallarda yalnız evin kimin adına rəsmiləşdirilməsinə deyil, əmlakın əldə edilməsinin bütün tarixçəsinə diqqət yetirməyi tövsiyə edirlər. Çünki boşanma zamanı mübahisənin nəticəsinə məhz bu detallardan biri və ya bir neçəsi təsir göstərə bilər.
Könül Yaqubovanın sözlərinə görə, əsas prinsip sadədir: nikah dövründə əldə edilən əmlak, əks halı müəyyən edən nikah müqaviləsi və ya başqa hüquqi əsas yoxdursa, ümumi əmlak hesab olunur. Lakin konkret evin bölünüb-bölünməyəcəyini müəyyən etmək üçün onun hansı vəsait hesabına alındığı və tərəflərin həmin vəsaitlə bağlı hüquqlarını hansı sənədlərlə sübut edə bildiyi ayrıca araşdırılmalıdır.
Bu səbəbdən boşanma ərəfəsində olan şəxslər əmlak məsələsində yalnız şifahi razılaşmalara deyil, hüquqi sənədlərə və maliyyə sübutlarına da diqqət yetirməlidirlər. Xüsusilə nikahdan əvvəl mövcud olmuş əmlak satılaraq yeni ev alınmışsa, əvvəlki əmlakın sənədləri, satış müqaviləsi, ödənişin həyata keçirilməsini təsdiqləyən sənədlər və yeni evin alınması ilə bağlı maliyyə izləri sonradan hüquqi mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edə bilər.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?
Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...
26 Oktyabr 2026, 11:40
Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi
Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...
26 Oktyabr 2026, 10:40
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...
23 Oktyabr 2026, 11:00
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...
23 Oktyabr 2026, 10:00
Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi
Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...
23 Oktyabr 2026, 09:00
Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi
Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...
22 Oktyabr 2026, 10:40