Bizə yazın

Baku

-°C

USD

-

Heç bir sənədi olmayan evə necə sənəd almaq olar? – Vəkildən açıqlama

Hüquq 05 Oktyabr 2026, 10:19

2766

Azərbaycanda yaşayış evləri ilə bağlı ən çox rast gəlinən problemlərdən biri tikilinin heç bir rəsmi sənədinin olmamasıdır. Bəzi vətəndaşların əlində yalnız elektrik, qaz və ya su abonentliyinə dair sənədlər olur. Kommunal xidmətlərin şəxsin adına rəsmiləşdirilməsi isə həmin ev və ya torpaq sahəsi üzərində avtomatik olaraq mülkiyyət hüququ yaratmır. Bu səbəbdən belə evlərə sonradan sənəd almaq istəyən şəxslər hansı quruma müraciət etməli olduqlarını və ümumiyyətlə bunun mümkün olub-olmadığını bilmirlər.

Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Emin İsayev bildirib ki, sənədsiz evlə bağlı məsələyə vahid yanaşmaq mümkün deyil. İlk növbədə evin hansı torpaqda yerləşdiyi müəyyənləşdirilməlidir. Çünki tikilinin dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan torpaqda yerləşməsindən asılı olaraq onun sənədləşdirilməsi üçün fərqli hüquqi prosedurlar tətbiq oluna bilər.

Vəkilin sözlərinə görə, vətəndaşın “evimin heç bir sənədi yoxdur, yalnız kommunal xidmətlər mənim adımdadır” deməsi məsələnin həlli üçün kifayət qədər məlumat vermir.

“Ümumi şəkildə belə bir sual verilir: heç bir sənədim yoxdur, yalnız kommunallar var və kommunallar mənim adımdadır. Bu halda necə sənəd ala bilərəm? Burada ilk növbədə onu müəyyən etmək lazımdır ki, həmin ev hansı torpaq sahəsində tikilib. Yəni dövlət torpağında, bələdiyyə torpağında, yoxsa xüsusi mülkiyyətdə olan torpaqda yerləşir. Bunların hamısı fərqli hallardır və hər birinin hüquqi proseduru ayrıdır”, – deyə Emin İsayev bildirib.

Vəkil qeyd edib ki, kommunal xidmətlərin şəxsin adına olması evin və ya torpağın həmin şəxsin mülkiyyətində olması anlamına gəlmir. Qaz, işıq və su abonentliyinin rəsmiləşdirilməsi əsasən həmin ünvanda faktiki istifadə və ya yaşayışla bağlı münasibəti göstərə bilər, lakin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatını əvəz etmir.

“Vətəndaşın əlində kommunal ödənişlər, abonentlik və digər bu kimi sənədlər ola bilər. Bunlar müəyyən hallarda tikilinin və şəxsin həmin ünvandan istifadə etməsinin faktiki göstəricisi kimi qiymətləndirilə bilər. Amma yalnız kommunal sənədlərin olması avtomatik olaraq mülkiyyət sənədi demək deyil. Ona görə də ilk mərhələdə torpağın hüquqi statusu araşdırılmalıdır”, – deyə hüquqşünas vurğulayıb.

Bələdiyyə torpağında tikilən evlər

Emin İsayevin sözlərinə görə, əgər ev bələdiyyəyə məxsus torpaq sahəsində tikilibsə, bu zaman həmin bələdiyyəyə müraciət olunması və torpaq sahəsinin hüquqi statusunun müəyyənləşdirilməsi vacibdir.

“Əgər tikili bələdiyyə torpağında yerləşirsə, bələdiyyənin özünün bu məsələdə səlahiyyətləri və müəyyən prosedurları var. Vətəndaş müvafiq qaydada bələdiyyəyə müraciət etməlidir. Torpaq sahəsinin ayrılması, istifadə və ya mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı mövcud prosedurlar araşdırılmalıdır. Əgər torpaq sahəsi qanuni əsaslarla vətəndaşa verilə bilirsə, sonrakı mərhələdə həmin torpaq və üzərindəki tikilinin sənədləşdirilməsi məsələsi gündəmə gələ bilər”, – deyə vəkil bildirib.

Onun sözlərinə görə, belə ərazilərdə kommunal xidmətlərin mövcudluğu da müəyyən mənada faktiki vəziyyəti göstərsə də, yenə də torpağın hüquqi statusunu əvəz etmir.

Dövlət torpağında tikilən evlər

Mütəxəssis dövlət torpağında tikilmiş evlərlə bağlı vəziyyətin daha mürəkkəb ola biləcəyini diqqətə çatdırıb. Belə hallarda torpağın hansı kateqoriyaya aid olduğu, xüsusi rejimli ərazi olub-olmaması və həmin ərazi ilə bağlı əvvəllər hər hansı məhkəmə və ya inzibati qərarın qəbul edilib-edilmədiyi araşdırılmalıdır.

“Dövlət torpağında tikinti həyata keçirilibsə, burada torpağın təyinatı və hüquqi rejimi araşdırılmalıdır. Bəzi ərazilərdə torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı ayrıca prosedurlar mövcuddur. Ona görə də dövlət torpağında tikilmiş hər bir evə eyni qaydada yanaşmaq olmaz”, – deyə Emin İsayev qeyd edib.

Vəkil bildirib ki, xüsusilə müəyyən xüsusi rejimli və qorunan ərazilərdə yerləşən tikililər üzrə sənədləşdirmə məsələsi daha ciddi araşdırma tələb edir.

“Bəzi hallarda dövlət torpaqları xüsusi qorunan ərazilərdə, müxtəlif infrastruktur və ya xüsusi təyinatlı zonalarda yerləşə bilər. Belə ərazilərdə tikilmiş evlərin sənədləşdirilməsi məsələsində əlavə məhdudiyyətlər ola bilər. Buna görə əvvəlcə həmin torpaq sahəsinin sərhədləri və hüquqi statusu müəyyən edilməlidir”, – deyə hüquqşünas bildirib.

Neft ərazilərində tikilən evlərin taleyi necə həll olunur?

Emin İsayev xüsusilə neft ərazilərində yerləşən tikililərlə bağlı məsələnin ayrıca araşdırılmalı olduğunu deyib. Onun sözlərinə görə, belə ərazilərdə də bütün torpaq sahələrinə eyni hüquqi qiymət vermək mümkün deyil.

“Bizdə neft ərazisi kimi tanınan sahələrlə bağlı da fərqli hallar mövcuddur. Neft ərazisinin qorunan hissəsi ola bilər, digər ərazilər isə bu xüsusi rejimə daxil olmaya bilər. Ona görə həmin evin konkret hansı sərhədlər daxilində yerləşdiyini müəyyən etmək lazımdır. Bəzən bunun üçün ekspertiza keçirilməsi də zəruri olur”, – deyə vəkil açıqlayıb.

Onun sözlərinə görə, müəyyən hallarda belə ərazilərlə bağlı məhkəmə praktikası da mövcuddur. Yəni vətəndaşın uzun illərdir həmin ərazidən istifadə etməsi, tikilinin faktiki mövcudluğu və digər hüquqi əhəmiyyət daşıyan hallar məhkəmə tərəfindən araşdırıla bilər.

“Xüsusilə əvvəlki illərdə belə ərazilərlə bağlı çoxsaylı məhkəmə prosesləri olub. Müəyyən hallarda məhkəmə qərarları ilə məsələlər həll edilib. Buna görə vətəndaşın əlində sənədin olmaması avtomatik olaraq heç bir hüquqi imkanın olmadığı anlamına gəlmir. Lakin bunun üçün konkret torpağın statusu, tikilinin yerləşdiyi ərazi və digər hallar araşdırılmalıdır”, – deyə Emin İsayev vurğulayıb.

Xüsusi mülkiyyətdə olan torpaqda qanunsuz tikinti

Vəkil xüsusi mülkiyyətdə olan torpaqlarda tikilmiş evlərlə bağlı vəziyyətin isə daha ciddi hüquqi problem yarada biləcəyini bildirib.

“Əgər bir şəxs başqa bir şəxsin xüsusi mülkiyyətində olan torpaqda onun razılığı olmadan tikinti aparıbsa, burada vəziyyət tamamilə fərqlidir. Belə torpaq üzərində tikilinin sənədləşdirilməsi üçün mülkiyyətçinin hüquqları və razılığı məsələsi nəzərə alınmalıdır. Başqasının xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti aparılması ciddi hüquqi nəticələr doğura bilər”, – deyə hüquqşünas qeyd edib.

O bildirib ki, vətəndaşın uzun müddət həmin evdə yaşaması, kommunal xidmətlərdən istifadə etməsi və vergilər ödəməsi belə başqa şəxsin mülkiyyət hüququnu avtomatik aradan qaldırmır.

“Xüsusi mülkiyyətdə olan torpaqda tikili varsa, ilk növbədə torpağın mülkiyyətçisinin hüquqları nəzərə alınmalıdır. Kommunalların həmin şəxsin adına olması torpağın və ya tikilinin onun mülkiyyətinə keçməsi demək deyil. Burada mülkiyyətçinin razılığı və qanunvericiliyin tələbləri əsas götürülməlidir”, – deyə Emin İsayev əlavə edib.

Sənədsiz ev sahibləri nə etməlidir?

Vəkilin sözlərinə görə, belə vəziyyətdə olan vətəndaş ilk növbədə əlində olan bütün sənədləri toplamalı və torpaq sahəsinin hüquqi statusunu müəyyənləşdirməlidir. Kommunal qəbzlər, abonent sənədləri, tikili ilə bağlı köhnə arayışlar, texniki sənədlər, bələdiyyə və ya icra strukturlarından verilmiş hər hansı sənədlər varsa, onlar da araşdırılmalıdır.

“Vətəndaşın ilk işi torpağın statusunu müəyyənləşdirmək olmalıdır. Dövlət torpağıdır, bələdiyyə torpağıdır, yoxsa xüsusi mülkiyyətdir? Bundan sonra hansı prosedurun tətbiq ediləcəyi məlum olur. Sadəcə ‘mənim işığım, qazım, suyum var’ deməklə məsələyə yekun qiymət vermək mümkün deyil”, – deyə hüquqşünas bildirib.

Emin İsayev sonda qeyd edib ki, sənədsiz evlərin hamısının eyni qaydada sənədləşdirilməsi mümkün deyil. Hər bir konkret iş üzrə torpağın statusu, tikilinin nə vaxt və hansı şəraitdə inşa edilməsi, ərazinin xüsusi rejimə daxil olub-olmaması, əvvəlki qərarlar və digər hüquqi hallar araşdırılmalıdır.

“Bu sual ümumi olduğu üçün ümumi cavab veririk. Konkret olaraq bir evin sənədləşdirilməsinin mümkün olub-olmadığını demək üçün həmin tikilinin yerləşdiyi torpağın statusunu, ərazinin hüquqi rejimini və vətəndaşın əlində olan sənədləri görmək lazımdır. Bəzən məhkəmə yolu ilə məsələnin həlli mümkün olur, bəzən bələdiyyə və digər aidiyyəti qurumlara müraciət etmək lazım gəlir, bəzi hallarda isə qanuni məhdudiyyətlər səbəbindən sənədləşdirmə mümkün olmur”, – deyə vəkil vurğulayıb.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?

Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...

26 Oktyabr 2026, 11:40

Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi 

Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...

26 Oktyabr 2026, 10:40

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...

23 Oktyabr 2026, 11:00

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...

23 Oktyabr 2026, 10:00

Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi

Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...

23 Oktyabr 2026, 09:00

Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi

Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...

22 Oktyabr 2026, 10:40