Bizə yazın

Baku

-°C

USD

-

Səhnədən millətin yaddaşına

Sənət aləmi 06 Oktyabr 2026, 12:27

3177

Səhnədən millətin yaddaşına: Xalq artisti Nurəddin MehdiXanlının 70 illik yubileyinə

Bəzi sənətkarların, ziyalıların və düşüncə adamlarının doğum günü təqvimdə sadəcə bir tarix kimi qeyd edilməməlidir. Çünki, onların ömür yolu bütöv bir dövrün mənəvi yaddaşına çevrilir. Onların adı çəkiləndə yalnız oynadıqları rollar yada düşmür. Səsi, duruşu, danışığı, həyata və Vətənə münasibəti də həmin adın ayrılmaz hissəsinə çevrilir. Azərbaycan teatrının və milli mədəniyyətimizin belə simalarından biri də tanınmış ziyalımız, dəyərli Xalq artistimiz Nurəddin Mehdixanlıdır.

6 oktyabr 1956-cı ildə Cəlilabad rayonunun Tahirli kəndində dünyaya gələn Nurəddin Mehdixanlı 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1978-ci ildə böyük rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu bitirib və həmin ildən Akademik Milli Dram Teatrı ilə taleyini bağlayıb. Amma onun sənət yolunu yalnız bu xronoloji ardıcıllıqla izah etmək mümkün deyil. Çünki Nurəddin Mehdixanlı Azərbaycan səhnəsinə gələndə özü ilə sadəcə aktyor istedadı gətirməmişdi. O, səhnəyə səs gətirmişdi, söz gətirmişdi, temperament gətirmişdi, milli xarakter gətirmişdi. Ən əsası da Nurəddin Mehdixanlı səhnədə görünən aktyorla həyatda düşünən ziyalı arasında sərhəd qoymadı. Belə demək olar ki, AKTYORLUQ ONUN ÜÇÜN SADƏCƏ PEŞƏ OLMADI. Nurəddin Mehdixanlının aktyor kimi əsas xüsusiyyətlərindən biri onun yaratdığı obrazların daxili enerjisidir. Akademik Milli Dram Teatrının materiallarında onun yaradıcılığı romantik pafos, coşqun daxili temperament, səhnə görkəmi və mürəkkəb mənəvi vəziyyətlər yaşayan dramatik qəhrəmanları yüksək məharətlə yaratmaq qabiliyyəti ilə xarakterizə edilir. Onun səhnə qalereyasına nəzər salanda bu xüsusiyyət daha aydın görünür. Kamran, Xasay, Hidayət xan, Təbriz, Böyük bəy, Məşədi Təhməz, Vaqif, Aydın, Elxan, Ərtoğrul, Gur Şad, Vətən, Tağıyev, Cavad xan xarakterinə yaxın tarixi və milli obrazlar... Bu siyahı əslində bir aktyorun repertuarından daha çox şey deyir. Burada Azərbaycan ədəbiyyatının, tarixinin və milli düşüncəsinin müxtəlif mərhələləri bir aktyorun sənət yaddaşında birləşir. İlyas Əfəndiyevin əsərlərindəki obrazlardan Bəxtiyar Vahabzadənin milli ruhla yüklənmiş qəhrəmanlarına, Cəfər Cabbarlıdan Hüseyn Cavidə, Səməd Vurğundan Mir Cəlala qədər uzanan bu yaradıcılıq xətti Nurəddin Mehdixanlının aktyor kimi təsadüfi seçimlər etmədiyini göstərir. O, xarakteri canlandırmaqla, oynamaqla kifayətlənmirdi. Xarakterin arxasındakı mənanı şərh edir, oynayırdı. Bəlkə də buna görə onun səhnə danışığında adi bir cümlə belə bəzən nitqə, nitq isə milli düşüncəyə çevrilirdi.

Nurəddin Mehdixanlının yaradıcılığında “Aydın” obrazının ayrıca yeri var. Bu, təkcə sənət baxımından əhəmiyyətli sayılmır. Çünki Ulu Öndər Heydər Əliyevin öz çıxışlarının birində Nurəddin Mehdixanlının Aydın obrazını yüksək qiymətləndirməsi sənətkarın yaradıcılıq yolunun mühüm məqamlarından biridir. Heydər Əliyev həmin çıxışında Mehdixanlının Aydın rolunu çox gözəl ifa etdiyini bildirərək onu Ələsgər Ələkbərov kimi böyük sənətkarla müqayisə edib. Bu, adi bir tərif deyil. Çünki Heydər Əliyevin Azərbaycan teatrına və aktyor sənətinə münasibəti sadəcə tamaşaçı münasibəti deyildi. O, teatrı milli yaddaşın, dilin, mənəviyyatın və ictimai düşüncənin mühüm institutlarından biri kimi qəbul edirdi. Nurəddin Mehdixanlı da məhz belə bir sənət anlayışının içində formalaşan aktyorlardan biri idi. Onun sonrakı yaradıcılığında Cavad xan obrazı da bu xəttin mühüm davamına çevrildi. Tarixi şəxsiyyətləri səhnədə və ekranda canlandırmaq Mehdixanlının yaradıcılığında sadəcə aktyor tapşırığı deyildi. O obrazların arxasında Vətən anlayışı dayanırdı.

O, SƏHNƏDƏN KƏNARDA DA MİLLİ MÜBARİZƏNİN İÇİNDƏ İDİ. Nurəddin Mehdixanlını yalnız teatr səhnəsi ilə məhdudlaşdırmaq onun şəxsiyyətini tam görməmək olardı. Onun həyat yolunda 1980-ci illərin sonlarında Azərbaycanda baş verən milli-azadlıq prosesləri də xüsusi yer tutur. Mənbələrdə onun Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olduğu, Respublika Əhəmiyyətli Nümayiş Komitəsində və mitinqlərin təhlükəsizlik məsələlərində iştirak etdiyi, daha sonra Qarabağa Xalq Yardımı Komitəsində məsul vəzifələr daşıdığı qeyd olunur. Bu məqam onun şəxsiyyətini anlamaq üçün çox vacibdir. Çünki Nurəddin Mehdixanlının milli düşüncəsi səhnə obrazlarından sonradan yaranmış bir imic deyil. Milli düşüncə onun sənətindən əvvəl də, sənəti ilə birlikdə də, sənətindən sonra da həyatının içində olub. Bu baxımdan onun aktyorluğunda Vətən mövzusunun güclü görünməsi təsadüfi deyil. O, Vətəni yalnız oynadığı obrazların dili ilə təsvir etmirdi. O Vətəni öz həyatının məsuliyyəti ilə də ifadə edən sənətkarlardandır.

Nurəddin Mehdixanlının ictimai çıxışlarına nəzər salanda onun Azərbaycançılıq anlayışının yalnız siyasi termin kimi işlənmədiyi görünür. Onun fikrincə, Azərbaycançılıq şüarlardan daha çox işdə, davranışda, mədəniyyətdə, dildə və dövlətə xidmət anlayışında özünü göstərməlidir. Bu düşüncənin ən mühüm tərəfi budur: Mehdixanlı üçün millilik qışqırıq deyil, məsuliyyətdir. Ona görə də onun çıxışlarında Azərbaycan dili xüsusi yer tutur. 2025-ci ildə “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” konfransında çıxış edən sənətkar Azərbaycan dilinin millətin varlığındakı rolunu xüsusi vurğulayıb. Bu, aktyor üçün təsadüfi mövzu deyil. Çünki aktyorun əsas silahlarından biri sözdür. Sözə hörmət etməyən aktyor səhnədə obraz yarada bilər, amma millətin yaddaşında iz buraxmaq çətin olar. Nurəddin Mehdixanlının isə səsi illərdir Azərbaycan sözünün və sevgisinin daşıyıcısıdır.

Nurəddin Mehdixanlının yaradıcılığında bir başqa mühüm istiqamət də bədii qiraətdir. Onun səsi yalnız teatr səhnəsində obrazların dili hesab edilmir. Şeir onun ifasında ayrıca bir hadisəyə çevrilir. O bilir ki, bədii qiraət sadəcə yaxşı və gur danışmaq deyil. Qiraət sözün içindəki ruhu tapmaqdır. Onun səsində söz sadəcə eşidilmir. Sözün arxasındakı tarix, daşıdığı tarixi yük də dərk edilir, eşidilir.

CƏNUBİ AZƏRBAYCAN MƏSƏLƏSİ VƏ TƏBRİZDƏN BAŞLAYAN MİLLİ YADDAŞ

Nurəddin Mehdixanlının yaradıcılığından danışarkən Cənubi Azərbaycan mövzusunu kənarda saxlamaq mümkün deyil. Çünki onun səhnə taleyində Təbriz və Cənubi Azərbaycanla bağlı mühüm bədii xətt var. İlyas Əfəndiyevin “Şeyx Xiyabani” əsərində Məşədi Təhməz obrazını yaratması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda “Büllur sarayda” Təbriz obrazını oynaması da sənətkarın yaradıcılıq xəritəsində Cənub anlayışının təsadüfi olmadığını göstərir. Şeyx Məhəmməd Xiyabani adı özü Azərbaycan tarixində Təbriz, milli hüquq, milli kimlik və azadlıq düşüncəsi ilə bağlı simvollardan biridir. Nurəddin Mehdixanlının belə bir mövzunun içində səhnəyə çıxması, xüsusilə də Azərbaycan milli düşüncəsinə həssas münasibəti nəzərə alınanda, onun yaradıcılıq portretinə başqa bir qat əlavə edir. Azərbaycan onun üçün yalnız coğrafi məkan deyil, həm də tarixi yaddaşdır. Bu yaddaşın içində Bakı da var, Qarabağ da, Şuşa da, Təbriz də, Urmiya da, Ərdəbil də. Bu mənada Nurəddin Mehdixanlının Cənubi Azərbaycan məsələsinə münasibətini onun ümumi Azərbaycançılıq düşüncəsindən ayrı təsəvvür etmək mümkün deyil.

ONUN QƏLBİNDƏ DÜNYA AZƏRBAYCANLILARI VƏ BÖYÜK MİLLİ YADDAŞIMIZ DAİM YAŞAMAQDADIR. Nurəddin Mehdixanlının düşüncə dünyasında Azərbaycançılıq anlayışı yalnız Azərbaycan Respublikasının sərhədləri ilə məhdudlaşmır. O, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların milli-mənəvi birliyini Azərbaycançılığın mühüm dayaqlarından biri kimi qəbul edir. Onun fikirlərində Azərbaycanı sevən insanların dünyanın müxtəlif yerlərində bir araya gətirilməsi və milli-mənəvi dəyərlərin təbliği xüsusi yer tutur.

Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi və diaspor təşkilatlanmasının dövlət səviyyəsində yeni mərhələyə keçməsi də bu böyük tarixi prosesin mühüm hadisələrindəndir. Belə bir mənzərədə sənətkarın rolu siyasətçinin rolundan fərqlidir. Siyasətçi qərar verir, dövlət qurum yaradır, diplomat əlaqə qurur amma sənətkar xalqın yaddaşını daşıyır. O, Azərbaycanı tribunadan danışan adam kimi yox, səhnədən yaşadan milli sənətkar kimi təqdim edir.

Nurəddin Mehdixanlının Heydər Əliyev haqqında düşüncələri də onun şəxsiyyət portretinin mühüm hissəsidir. O, Heydər Əliyevi Azərbaycan dövlətinin qurucusu, xalqının böyük tarixi şəxsiyyəti, milli təəssübkeş və mədəniyyətə dərindən bələd olan dövlət xadimi kimi xarakterizə edir. Deməli, burada birtərəfli münasibətdən danışmaq olmaz. Bir tərəfdə Azərbaycan mədəniyyətinə xüsusi əhəmiyyət verən dövlət xadimi. Digər tərəfdə həmin dövlətçilik və milli mədəniyyət anlayışını öz sənətində yaşadan aktyor. Bu iki xəttin kəsişməsi Nurəddin Mehdixanlının yaradıcılıq bioqrafiyasının ən maraqlı səhifələrindən biridir.

Nurəddin Mehdixanlının yaradıcılıq fəaliyyətinin sonrakı mərhələsində də dövlətin mədəniyyət siyasəti ilə onun sənət yolu arasında sıx əlaqə görünür. O, Prezident təqaüdçüsüdür və 2019-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və teatr sənətinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. O, mükafatı yalnız şəxsi uğur kimi deyil, teatr kollektivinə verilən dəyər kimi qiymətləndirib və Prezidentə təşəkkürünü bildirib. Bu münasibət onun sənətə baxışını da göstərir. O, özünü kollektiv mədəni yaddaşın bir hissəsi hesab edir.

Nurəddin Mehdixanlının dövlət səviyyəli mədəniyyət tədbirlərində iştirakı da onun sənətçi kimi çəkisini göstərən faktlardan biridir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində onun babanın obrazını canlandırması Azərbaycan Prezidentinin iştirak etdiyi möhtəşəm dövlət tədbirinin bədii proqramında ona verilən rollardan biri idi. Belə tədbirlərdə səhnəyə çıxan sənətçi həm də ölkənin təqdimat dilinin bir hissəsinə çevrilir. Nurəddin Mehdixanlının səsi və səhnə mədəniyyəti isə illər ərzində məhz belə milli və dövlət əhəmiyyətli təqdimatların yadda qalan elementlərindən biri olub.

Bəs Nurəddin Mehdixanlını Nurəddin Mehdixanlı edən nədir? Bəlkə də cavab bir söz deyil, bir neçə sözün birliyidir: səs, söz, səhnə, Vətən, tarix, millət, dövlət, yaddaş.

Bu sözlərin hər biri onun yaradıcılığında ayrı-ayrılıqda görünür. Ancaq əsl fenomen həmin anlayışların bir şəxsiyyətdə birləşməsidir. O, klassik aktyor məktəbinin yetirməsi olsa da müasir və milli düşüncəli sənətkardır. O, dövlətçilik mövqeyinə bütün ruhu ilə bağlı sənətçidir və dövlətçilik anlayışını da mədəniyyət və sənətdən ayrı görmür. O, şeir qiraət edir, amma şeiri sadəcə oxumur. O, tarixi obraz yaradır. O, sadəcə hər hansı tarixi şəxsiyyəti canlandırmır. O, öz davranışı və danışığı ilə Azərbaycan yaddaşının müxtəlif qatlarını bir-birinə bağlayır.

Nurəddin Mehdixanlının 70 illik ömür yoluna nəzər salanda qarşıya təkcə bir aktyorun bioqrafiyası çıxmır. Qarşımıza Azərbaycan teatrının bir neçə onilliyini özündə daşıyan sənətkar çıxır. Ədil İsgəndərov məktəbindən keçən aktyor, Akademik Milli Dram Teatrının səhnəsində yetişən sənətkar, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mir Cəlal kimi nəhəng ədəbi şəxsiyyətlərin yaratdığı dünyalarda yaşayan aktyor, “Aydın”dan “Vaqif”ə, “Şeyx Xiyabani”dən “Cavad xan”a qədər uzanan obrazlar qalereyasının sahibi, Milli-azadlıq hərəkatının çətin illərindən keçmiş ictimai mövqeli ziyalı. Qarabağ ağrısını yaşamış və onunla bağlı sözünü demiş sənətkar, Azərbaycan dilini müdafiə edən qiraət ustası, şeir yazan və şeir söyləyən sənətçi, Azərbaycançılığı milli yaddaşın əsas dayaqlarından biri kimi qəbul edən ziyalı, dünya azərbaycanlılarının birliyinə əhəmiyyət verən milli düşüncə sahibi, Təbrizi, Şeyx Xiyabanini, Cənubi Azərbaycan yaddaşını səhnə sənətinin imkanları ilə Azərbaycan tamaşaçısına çatdıran aktyor Və dövlətin mədəniyyət siyasətində əməyinə verilən yüksək qiymətin daşıyıcısı. Bəlkə də Nurəddin Mehdixanlı haqqında ən doğru fikir budur ki, o, yalnız obraz yaradan aktyor deyil, obrazların içində Azərbaycan xarakterini axtaran sənətkardır. Onun səsində teatrın gurultusu ilə poeziyanın həzinliyi, aktyorun pafosu ilə ziyalının düşüncəsi, tarixin ağrısı ilə Vətən sevgisi birləşir. Və illər keçdikcə bir həqiqət daha aydın görünür. Bəzi aktyorlar rollar oynayırlar.

Bəzi aktyorlar isə zamanın özünü oynayırlar. Nurəddin Mehdixanlı ikinci kateqoriyaya aid sənətkarlardandır. Çünki onun səhnəsində yalnız qəhrəmanlar danışmır. Azərbaycan danışır, Təbriz danışır, Qarabağ danışır, Şuşa danışır, Azərbaycan dili danışır, milli yaddaş danışır Və bu yaddaşın içindən onun gur, inamlı, tanış səsi gəlir: “Mən bu xalqın övladıyam.”

70 illik ömür yolunun ən böyük mənası da bəlkə elə budur. Sənəti özündən böyük bir məfkurəyə, öz səsini isə xalqının səsinə çevirə bilmək.

Əziz Nurəddin müəllim!

Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edirik!Sizə möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq enerjisi və Azərbaycan teatr səhnəsində, Azərbaycan sözündə, Azərbaycan yaddaşında daha neçə-neçə illər zirvədə olmağınızı və qəlbinizdəki arzulara catmağınızı arzulayırıq. Sizin kimi sənətkarların yaşı artdıqca, səsi və sözü daha da dərinləşir. Sizin səsiniz isə artıq Azərbaycan teatrının uca səslərinin birincilərindəndir. Siz mədəniyyətimizin Savalan dağı, hər kəsin arzuladığı uca zirvəsiniz...

Sayman Aruz

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dilarə Əliyevaya vəzifə verildi

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib.Modern.az olay.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub.Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq.

24 Oktyabr 2026, 15:20

Serdar Ortaç azərbaycanlı müğənnilərin ifasını paylaşdı 

Serdar Ortaç azərbaycanlı ifaçıların onun mahnısını səsləndirdiyi görüntüləri paylaşıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, türkiyəli müğənninin bəstəsini Sevil və Sevinc bacıları, eləcə də Nurlan Təhməzli ifa ediblər.Səfərovalar ona təşəkkür edərək şərh bölməsində bu sözləri yazıblar: pizza mizza“Serdar bəy, çox sağ olun! Bizi çox sevindirdiniz. Allah sizdən razı olsun, bizim dəyərli sənətkarımız!

21 Oktyabr 2026, 18:00

Bakıda "Ovsunlanmış meşə" sərgisi keçiriləcək

Rəssam Kamilə Muradovanın "Ovsunlanmış meşə" sərgisi oktyabrın 22-də "Nine Senses Art Center"də açılacaq.Citypost.az  xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində təşkil olunub.Layihə insan bədəni, təbiət və kollektiv yaddaşın qarşılıqlı əlaqəsinin vizual-fəlsəfi tədqiqatından ibarətdir.Əsərlər seriyasının yaradılması üçün başlanğıc nöqtəsi Şuşadakı köhnə tut bağı olub. Əsrlik ağaclar burada sadəcə təbii landşaftın bir hissəsi deyil, həm də tarixin şahidləri və regionun mədəni yaddaşının qoruyucuları kimi çıxış edir.Rəssamın tədqiqatının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. K.Muradova təbii formalarla insan bədəni arasında bənzərliklər aparır: qabığın fakturası dərini...

20 Oktyabr 2026, 18:19

Xalq artistindən ürəkdağlayan paylaşım: “Sənsiz mənə çox çətindir”

Xalq artisti , teatr və kino aktyoru Məzahir Süleymanov mərhum həyat yoldaşını belə yad etdi: “Sənsiz mənə çox çətindir”Citypost.az xəbər verir ki, Xalq artisti Məzahir Süleymanov ötən aylarda vəfat edən həyat yoldaşı ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.Sənətçi paylaşımında həyat yoldaşının yoxluğunun onun üçün nə qədər ağır olduğunu ifadə edən kövrək sözlər yazıb.“Yanımda necə də yerin görünür. Sənsiz mənə çox çətindir”, – deyə Məzahir Süleymanov qeyd edib.Turan ...

16 Oktyabr 2026, 09:02

Zaur Rzayevin vəziyyəti ağırdır

Zaur Rzayevin səhhəti yenidən pisləşib.Citypost.az axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib: “İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”. pizza hutZ.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib....

14 Oktyabr 2026, 17:27

Rafael Tağızadə: “Alim Qasımovun səsində bütöv bir xalqın ruhu yaşayır”

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun yaradıcılığı və Azərbaycan muğam sənətindəki xidmətləri barədə yazıb.Citypost.az xəbər verir ki, Rəfail Tağızadə qeyd edib ki, bəzən bir insanın səsində bütöv bir xalqın ruhu yaşayır. Onun fikrincə, Alim Qasımov məhz belə sənətkarlardandır.“Onun səsi sadəcə muğam oxumur — Azərbaycan torpağının yaddaşını, sevincini, kədərini və sonsuz mənəvi zənginliyini dünyaya çatdırır”, – deyə o bildirib.Rəfail Tağızadənin sözlərinə görə, Alim Qasımovun sənətinin əsas gücü onun muğama gətirdiyi bənzərsiz nəfəsdədir. Xanəndə muğamın əsrlərdən gələn ruhunu qorumaqla yanaşı, bu sənəti müasir dinləyiciyə də sevdirə bilib.Qeyd olunub ki, Alim...

08 Oktyabr 2026, 09:33