Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: “Azərbaycan Avrasiyanı birləşdirən qovşağa çevrilə bilər”

Siyasət 09 Oktyabr 2026, 10:49

7417

İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?

Mərkəzi Asiya vahid geosiyasi məkana çevrilir. Birləşmənin institusional əsasları 2017-ci ildən başlandı. Əsas məqsəd regionun problemlərini və gələcəyini xarici vasitəçilərin iştirakı olmadan əvvəlcə öz aralarında həll etmək idi. Çoxəsrlik tarixi olan, Sovetlər Birliyinin dağılmasından sonra Qərb, Çin, Türkiyə və Rusiya arasında gələcəyini müəyyənləşdirməyə çalışan müstəqil dövlətlər son illər bütöv halda hansı qlobal iqtisadi və siyasi sistemə qoşulacaqlarını müəyyənləşdirməyə çalışırlar. 

9 ildir yaradılan C5 regional formatı beynəlxalq dairələrdə mühüm təsisat kimi qəbul edilir. Lakin ondan iki il öncə ABŞ-ın formalaşdırdığı C5+1 Platforması əvvəlcə təhlükəsizlik, Əfqanıstan və sərhəd problemlərinə yönəltmək üçün qurulmuşdu, indi isə kritik minerallar, enerji, nəqliyyat və təchizat zəncirləri məsələləri ön plana çıxarılıb. Lakin Mərkəzi Asiyanın əhəmiyyəti təkcə təbii sərvətlərilə ölçülmür. Region böyük bir siyasi məkanda - Çin, Rusiya, Cənubi Qafqaz, İran, Əfqanıstan və Xəzər arasında yerləşir. Hansı qlobal güc və qonşu dövlətin liderliyi strateji bir coğrafiyada etibarlı nəqliyyat, enerji və rəqəmsal şəbəkə qurmağı bacararsa, Avrasiyada həlledici təsir imkanı qazanır. 

Avropa İttifaqının apardığı siyasətdə də seçdiyi prinsiplər və maraqların dairəsi oxşardır. 2025-ci ilin aprelində Səmərqənddə keçirilən ilk AB–Mərkəzi Asiya sammitində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı, Brüssel 12 milyard avroluq Global Gateway paketini elan etdi. Transxəzər nəqliyyat infrastrukturuna artıq 10 milyard avroluq beynəlxalq investisiya paketinin səfərbər edilməsi qərarların həyata keçirildiyini təsdiqləyir. Məqsəd Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımalarını 15 günə və ya daha aşağı müddətə endirməkdir. Brüssel Mərkəzi Asiyanı Rusiya və Çin arasında yerləşən təhlükəsizlik buferi kimi görür, lakin Avropanın Mərkəzi Asiyaya birbaşa çıxışı yoxdur. Moskvadan kənar əsas qərb marşrutu Xəzərdən və Cənubi Qafqazdan keçməlidir. 

Çin isə regionu tarixən öz iqtisadi və mədəni arealının bir parçası sayır. Si Tzinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü, Çinlə beş Mərkəzi Asiya ölkəsi arasında mal dövriyyəsinin ilk dəfə 100 milyard dolları keçməsi tarixi mənafelərin və bağların necə güclü bir şəkildə Pekin tərəfindən qorunub saxlanıldığını göstərir. 

Məhz belə bir şəraitdə Azərbaycan Mərkəzi Asiyanın geosiyasi məkanına daha dərindən daxil olmaq qərarını verdi. Vətən müharibəsində Qələbədən sonra ölkəmiz yeni geosiyasi status qazanıb və daha güclü bir şəkildə post-işğal strategiyasını həyata keçirir. 2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edildi və dördü türk dövləti olan birliklə Cənubi Qafqaz arasında yeni geosiyasi və geoiqtisadi məkan formalaşdı. Tarixən qlobal güclər arasında Xəzərin iki tərəfini birləşdirən yalnız müxtəlif imperiyalar olub. İndi isə İlham Əliyev qətiyyətli iradə göstərərək, qalibiyyətin coğrafiyasını genişləndirməyə və daha çox dövlətin maraqlarını Bakının təşəbbüsləri ətrafında birləşdirməyə çalışır. Əslində iqtisadi və ya tranzit layihələrlə yanaşı, məhz təhlükəsizlik baxımından Cənubi Qafqazın taleyi Türküstan coğrafiyası ilə sıx bağlıdır. Min illər ərzində İpək yolunun keçdiyi əraziləri indi yenidən dirçəltmək və xalqları birləşdirmək böyük siyasi-iqtisadi imkanlar tələb edir.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması tarixi hadisədir, lakin işğal dövründə Küveyt dövlətinin ərazisinə bərabər coğrafiyada kommunikasiyalar münaqişənin girovuna çevrilmişdi. İndi vəziyyət köklü şəkildə dəyişib və bölgədə yeni geosiyasi reallıq yaranıb. 

ABŞ birinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan qüvvələr nisbətini, Moskva və İranın regionda ənənəvfuz zonası olduğunu yaxşı bilirdi. Lakin müharibə geosiyasi inqilaba çevrildi və otuz illik məğlubiyyət üzərində qurulan arxitekturanı iflasa uğratdı. Daha sonra 8 avqust 2025-ci il Vaşinqton Zirvəsi ilk dəfə ABŞ-a Ermənistan-Azərbaycan normallaşmasında müstəsna söz sahibi olmaq imkanı verdi, üstəlik, barış prosesini nəqliyyat və iqtisadi layihələrlə möhkəmləndirməyə şərait yaratdı. Ağ Evin rəsmi bəyanatında tarixi görüşün nəticələri açıq şəkildə strateji layihələrlə əlaqələndirilir. Deməli, Vaşinqton üçün TRİPP Naxçıvanı ana torpaqla birləşdirən, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi məkanını vahidləşdirən dərin plandır. Lakin indi Orta Dəhlizlə TRİPP-in birləşdirilməsi Amerikanın regional siyasətinə təsir üçün güclü və alternativsiz bir rıçaq qazandırır. 

Oktyabrın 8-də Türkmənistanda keçirilən 8-ci Məşvərət Görüşü Azərbaycanın yeni geosiyasi statusunun ifadəsidir. Prezident İlham Əliyev Avazadakı toplantıda ilk dəfə ölkəmizin tamhüquqlu iştirakçı statusunu xüsusi vurğuladı. Xəzərin iki sahilində yerləşən dövlətlər vahid siyasi platformada birləşirlər.

Azad edilmiş ərazilərin bərpasında Mərkəzi Asiya dövlətlərinin iştirakı siyasi yaxınlığın mühüm göstəricilərindən biridir. Lakin qardaş və dost ölkələrin malik olduğu iqtisadi imkanlar və xalqlarımızın dərin tarixi bağları azad Qarabağın bərpasında daha yüksək iştirakını tələb edir. Təkcə onu demək kifayətdir ki, C5 ölkələrinin ümumi nominal ÜDM-i 2025-ci ilin göstəricilərinə görə 540 milyard dollardan artıqdır. Azərbaycanla birlikdə böyük iqtisadi güc formalaşır.

Orta Dəhliz, yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini və Mərkəzi Asiyanı Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya bağlayır. Uzun müddət qitələri birləşdirən plan alternativ xətt kimi təqdim edilirdi. Ukrayna müharibəsindən, Rusiyaya qarşı sanksiyalardan, Qırmızı dəniz və İran ətrafındakı təhlükəsizlik risklərindən sonra isə alternativ olmağın özü strateji üstünlüyə çevrilib.

Dünya Bankına görə, 2040-cı ilə qədər Transxəzər dəhlizi üzrə ticarət həcmi üç dəfədən çox arta bilər. 

Türkmənbaşı görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təklifi layihələrin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Qazax liderinin Orta Dəhlizlə TRİPP-in inteqrasiyasını irəli sürməsi nəinki iştirakçı dövlətlərin, o cümlədən, yeni tranzit və kommunikasiya layihələrindən daha böyük dövlətlərin faydalanmasına imkanlar açır. Zəfərdən sonra Azərbaycanın ən böyük məqsədi otuz il qapalı qalan regionun dünyaya inteqrasiyasıdır . Ölkə başçısının dəfələrlə vurğuladığı kimi, bölgəni inkişafdan saxlayan keçmiş işğalın yaratdığı regional təhlükələr və beynəlxalq iqtisadi-ticarət zəncirinə natamam qoşulması olub.

TRİPP-Zəngəzur dəhlizi tarixi məna daşıyan layihədir. Əslində, ikinci Qarabağ müharibəsinin yekununda imzalanan üçtərəfli Bəyannamədə işğal altında olan torpaqlarla bərabər, bir əsr əvvəl parçalanan region yenidən birləşir. İndi Rusiya, Pers, Qərb və Osmanlı arasında bölüşdürülən ərazilərin taleyi və statusu dəyişir. ABŞ-ın liderliyi ilə Azərbaycanın açdığı yolların və irəli sürdüyü strateji planların reallaşması regionun geosiyasi çəkisini artırır. Cənubi Qafqazın müharibə keçmişini qapatmaq və sülh erasını başlatmaq üçün yeni iqtisadi-ticarət xəritəsi yaradılmasa, xalqlar yenidən silahlı toqquşmaya qayıdacaqlar. Orta Dəhlizlə TRİPP-in inteqrasiyası güc mərkəzləri arasında maraqlar birliyini və gələcək təhlükəsizliyi təmin edir. 

Təsadüfi deyil ki, Carnegie Europe mərkəzi ölkəmizin planlarını “Cənubi Qafqazın yenidən şəbəkələndirilməsi” adlandırır. Tokayevin ifadə etdiyi, Azərbaycanın müəllifi olduğu və ABŞ-ın, Çinin toqquşmadığı layihə gerçəkləşərsə, Orta Dəhlizin Qərbə çıxışında ikinci mühüm alternativ yaranar: Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Naxçıvan-Ermənistan-Türkiyə-Avropa xətti neft-qaz kəmərlərindən sonra yeni arteriyadır. TRİPP-in reallaşması üçün Ararat Mirzoyanın Abbas Arakçı ilə ötən həftə görüşü Tehran hakimiyyətinin müqavimətini azaltmağa yönəlib. Layihə işlək regional iqtisadi xəttə çevrilərsə, Ermənistan da Şərq–Qərb ticarətindən daim faydalanan tərəflərdən biri olacaq. Sülhün təminatı üçün İrəvanın hər gün işləyən dəmir yolu və ticarət əlaqələrinə qoşulması onun İran-Rusiyanın nüfuz dairəsindən çıxarılmasında müstəsna rol oynayar. 

Yeni strategiyanı həyata keçirmək üçün yaxın gələcəkdə Orta Dəhliz–TRİPP sammitinin keçirilməsi, ABŞ və digər maraqlı tərəflərin birgə iştirakı ilə məhz Bakı şəhərində baş tutması sülh müqaviləsinin imzalanmasından əvvəl çox güclü etimad və iqtisadi dayaqların qurulmasına beynəlxalq dəstək, güclü zəmanət olar. Nüfuzlu maliyyə institutları Donald Trampın adı ilə bağlı olan və Azərbaycan liderinin yeni dünya nizamı, regional və beynəlxalq təhlükəsizlik arxitekturası kimi layihəyə istənilən sərmayeni qoymaqda risk görməzlər. 

Mümkün Bakı Zirvəsinin gündəliyi sülh danışıqlarından daha böyükdür — perspektiv Sammitdə Azərbaycan, Ermənistan və ABŞ-la yanaşı, Qazaxıstan və digər Mərkəzi Asiya dövlətləri, Türkiyə, Gürcüstan, Avropa İttifaqı və Dünya Bankı kimi maliyyə institutlarının iştirakı Orta Dəhlizlə TRİPP-i qitələrarası qovşağa, Qafqazda daimi təhlükəsizlik platformasına çevirə bilər. Yeni dünya düzəni SSRİ-nin süqutunun başlandığı tektonik məkanda start götürər, daha sonra Rusiya-Ukrayna və İran ətrafındakı qlobal gərginliyin çözümü üçün də nümunə yaranar. 

ABŞ liderinin son illər xüsusi maraq göstərdiyi, dəfələrlə prezident İlham Əliyevin regional və beynəlxalq nüfuzunu yüksək qiymətləndirdiyi və ölkəsinin adı ilə bağlı olan TRİPP layihəsinin investor şirkət, texniki əsaslandırma və digər vacib işçi mərhələdə olduğunu nəzərə alaraq, əyani iştirakı ilə prosesə təkan verə, regionun gələcəyinə misilsiz təsir göstə bilər. 

Corc Buşun inqilabdan sonra Tbilisiyə səfəri istisna olmaqla, Ağ Ev rəhbərlərindən heç biri Cənubi Qafqaza, o cümlədən, Bakıya gəlməyib. Lakin 2003-cü ilin qızılgül inqilabından fərqli olaraq, İlham Əliyevin 2020-ci ildə müharibədə qalibiyyəti daha qlobal siyasi əhəmiyyətə malikdir. Azərbaycan liderinin tərpətdiyi tektonik laylara görə ona simpatiyasını gizlətməyən Trampın Bakıya mümkün gəlişi ABŞ prezidentinin müstəqil Azərbaycanın tarixində ilk Bakı səfəri və Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni eraya — sülhün inşasına töhfəsi olardı. 

Qarşıdakı dövrdə Azərbaycan diplomatiyası üçün əsas hədəflərdən biri məhz Orta Dəhliz-TRİPP platformasını Cənubi Qafqazın və ABŞ-ın birgə gündəliyinə çıxararaq, Bakı Zirvəsinin keçirilməsinə nail olmaqdır. İranın hazırda müharibə tərəfi olması və Rusiyanın Ukraynaya qarşı apardığı savaş onlara belə bir strategiyada iştiraka nə maliyyə, nə də Orta Dəhliz-TRİPP sammitində moderatorluq üçün əsaslar yaradır.

Tarixində ilk dəfə, Azərbaycanın qarşısında nadir coğrafi və siyasi imkanlar açılıb. Şərqdən Çin və Mərkəzi Asiya, qərbdən Türkiyə və Avropa, cənub-qərbdən TRİPP və Naxçıvan, şimal-cənub oxunda isə Rusiya–Azərbaycan–İran marşrutu ölkənin ərazisində bir-birilə qovuşur. Əvvəllər ölkəmizin geosiyasi mövqeyi “Şərqlə Qərb arasında körpü” kimi təsvir edilirdi. İndi Qələbədən sonra daha yüksək perspektiv formalaşıb: Avrasiyanı birləşdirən marşrutların kəsişdiyi, enerji ixracı və müxtəlif siyasi mərkəzlərin maraqlarının uzlaşdığı qovşağa çevrilmək imkanı var.

Bakı keçmiş imperiyaların toqquşduğu mərkəz olmaqdan artıq çıxıb, çünki xarici paytaxtların təsiri böyük dərəcədə İlham Əliyevin liderliyi sayəsində zəifləyib. Şimalda Rusiyanın tarixi təzyiq mexanizmləri azalıb, lakin Moskva iqtisadi-nəqliyyat xətlərini qorumağa çalışır, cənubda İranın strateji gücü — hərbi arsenalı xeyli zərbə alsa da Tehran Ermənistan üzərindən əlaqələrini davam etdirir, Türkiyə Şərq-Qərb bağlantısını və Türk dünyası ilə iqtisadi inteqrasiyanı genişləndirir, Çin Orta Dəhlizi “Bir Kəmər, Bir Yol” sisteminin qollarından biri kimi görür, Avropa İttifaqı isə enerji və təchizat zəncirlərini şaxələndirməyə çalışır. ABŞ-ın TRİPP-Orta Dəhliz vasitəsilə regionda nüfuz və təsir gücü qazanması Bakının geosiyasi statusunu daha da gücləndirir, post-müharibə dövrünə keçməyə imkan yaradır. 

Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən coğrafi və etibarlı iqtisadi arteriyadır. Yaxın gələcəkdə, Orta Dəhliz və TRİPP-in inteqrasiyası nəticəsində Naxçıvanın da Bakı ilə birləşməsi göstərəcək ki, İlham Əliyev tarixin izi ilə gedərək, itirilmiş torpaq və mövqeləri bərpa edir, dövlətimizi ərazisindən qat-qat böyük siyasi və iqtisadi coğrafiyaya sahibləndirir. 

Əsil strateji liderlik Qələbəni yerləşdiyin regiona və dünyaya yaymaqdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53