Zahid Oruc: İrəvanın təhlükəsizliyi Bakının qərarlarından asılıdır
Siyasət 24 Oktyabr 2026, 10:42
4633
Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi..
İrəvanın təhlükəsizliyi üçüncü paytaxtlarda müəyyənləşmir, məhz Bakının qərarı ilə təsdiqlənir.
Azərbaycanla Ermənistan arasında hazırki münasibətləri xarakterizə edərkən, Xankəndi Zəfərindən sonra lokal və genişmiqyaslı toqquşmaların olmaması xüsusi vurğulanır. Lakin sülhün institusional əsasları, xalqlararası düşmənçiliyin azaldılması üçün davamlı tədbirlərin həyata keçirilmirsə,regional təhlükəsizlik arxitektutasının yaradılmadığı şəraitdə şərti sərhədlər növbəti toqquşmlara və yeni təmas xəttinə çevrilə bilər. Paradoks ondadır ki, sülhün siyasi və diplomatik əsasları yaradıldığı halda, onun hüquqi təsbitinə aparan proses hələ də başa çatmayıb.
8 avqust 2925-ci il tarixi yol ayrıcı, Azərbaycanın parlaq Qələbəsinin bir nömrəli siyasi paytaxtda tanınması və Ağ Evdə əldə edilən razılaşmaların mahiyyətini düzgün qiymətləndirmək vacibdir. Birgə Bəyannamədə tərəflər sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsini zəruri sayıb, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət edəcəklərini bəyan ediblər. Sənədin beşinci bəndində hər hansı qisas cəhdinin rədd edilməsi xüsusi vurğulanıb. Deməli, Vaşinqton anlaşması yeni regional münasibətlərin siyasi çərçivəsidir. Lakin Bəyannamədə sülh sazişinin imzalanması üçün konkret son tarix müəyyən edilməyib. Ona görə hüquqi baxımdan gecikmə sülh müqaviləsinin qeyri-müəyyən müddətə uzadılması kimi dəyərləndirilə, əldə edilmiş etimadı iflasa uğrada bilər.
Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları əsaslı qeyri-müəyyənliyin mahiyyətini açır. Oktyabrın 15-də o, sülh sazişinin imzalanması və ratifikasiyasını 2031-ci ilədək başa çatdırmağı hədəflədiyini bildirsə də, oktyabrın 22-də mümkün müddəti 2027–2028-ci illər kimi dəqiqləşdirib. Məqalədə yalnız 2031-ci ili göstərmək son açıqlamanı nəzərə almamaq olardı. Ermənistanın CivilNet nəşrinin erməni dilində yaydığı açıqlamada Paşinyan deyir: “Կարծում եմ՝ մենք խաղաղության համաձայնագիրը պետք է ստորագրենք 2027-2028-ին”- yəni “Düşünürəm ki, sülh sazişini 2027–2028-ci illərdə imzalamalıyıq”. Lakin bir dövlət başçısının sülh haqqında danışarkən əvvəl beşillik siyasi perspektivdən, ardınca ikiillik müddətdən söz açması haqlı suallar doğurur. Müqavilənin mətni artıq razılaşdırılıbsa, sülhün hüquqi təsbitini hansı amillər və qüvvələr ləngidir?
Seçkiqabağı rəqabət, hökumətin formalaşdırılması və parlamentdə qüvvələr nisbətinin müəyyənləşməsi mərhələləri artıq arxada qalıb. İndi Ermənistan rəhbərliyi sülh siyasətinin nəticələrini konkret qərarlarda göstərməlidir. Paşinyan seçkilərdə yalnız sülh amilinə görə səs qazanıb, indi erməni cəmiyyətini müharibədən sonrakı reallıqlarla barışdırmaq və anlaşmanı dövlətin dəyişməz kursuna çevirmək tələb olunur.
Azərbaycanın tələbi tam məntiqlidir-iki dövlət bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıyırsa, gələcəkdə razılaşmanın ölkədaxili hüquqi sənədlərlə mübahisələndirilməsinə imkan qalmamalıdır. Ermənistan rəhbərliyi isə öz Konstitusiyasının xarici dövlətlə müzakirə predmeti olmadığını bildirir. Beləliklə, sülhün qarşısında daxili konstitusion suverenliklə dövlətlərarası təhlükəsizlik təminatının necə uzlaşdırılması məsələsi dayanır.
Oktyabrın 21-də Ararat Mirzoyan bir məsələni ayrıca izah etməyə çalışıb. Nazir Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsini birbaşa hüquqi tələb kimi irəli sürməsi ilə həmin dəyişiklik baş vermədən müqaviləni imzalamayacağını bildirməsi arasında fərq qoyub. Məsələni yalnız “tələb” və “ilkin şərt” anlayışlarının mübahisəsinə çevirmək çıxış yolu ola bilməz. Sülhün hüquqi təminatı siyasi bəyanatlarla bərabər, gələcək hakimiyyətlər üçün də məcburi edən hüquqi mexanizmdən asılıdır.
Oktyabrın 21-də Ermənistan parlamentində çıxış edən xarici işlər naziri Ararat Mirzoyan yeni Konstitusiya ətrafında geniş ictimai müzakirələrin başlanmasını vacib saydı. Bir gün sonra Paşinyan konstitusiya layihəsinin yaxın vaxtlarda dərc olunacağını, müxalifəti razı salmaq mümkün olmadıqda hətta növbədənkənar parlament seçkilərinin də istisna edilmədiyini açıqladı.
Ermənistan rəhbərliyinin yeni Konstitusiya ilə bağlı müzakirələrə növbədənkənar seçki ehtimalını da daxil etməsi ayrıca siyasi risk yaradır. Çünki konstitusion islahatların taleyi yalnız Paşinyanın hakimiyyətdə qalmasına bağlanarsa, gələcəkdə hökumət dəyişdikdə sülh gündəliyinin davamlılığı yenidən sual altına düşə bilər. Sülh müqaviləsi mövcud hökumətin diplomatik nailiyyəti deyil, gələcək Ermənistan dövlətinin qonşuları ilə münasibətlərinin əsası və Vətən müharibəsində Azərbaycanın qazandığı hərbi Qələbənin birbaşa nəticəsidir. Əks halda hər parlament seçkisi, referendum və hökumət böhranı dövlətlərarası öhdəliklərin yenidən müzakirəsinə səbəb ola bilər.
Maraqlıdır ki, sülh müqaviləsi ətrafında mübahisələr davam etdiyi halda, Vaşinqton razılaşmalarının mühüm tərkib hissəsi olan TRIPP layihəsi üzrə müəyyən irəliləyiş əldə edilir. Oktyabrın 21-də Ermənistan parlamentinin Xarici əlaqələr komitəsi Ermənistanla ABŞ arasında Tramp Marşrutu üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyasını dörd lehinə və bir əleyhinə səslə dəstəklədi. Oktyabrın 22-də isə Ararat Mirzoyan layihəni həyata keçirəcək Ermənistan–ABŞ birgə şirkətinin yaradılması üçün sənədlərin hazırlanmasının son mərhələdə olduğunu bildirdi. Lakin xarici işlər nazirinin öz etirafı ilə prosedurlar gözləniləndən çox vaxt aparır, infrastrukturun bütün istiqamətləri və konkret texniki parametrləri hələ müəyyənləşdirilməyib. Başqa sözlə, siyasi qərardan praktiki icraya keçid başlayır, ancaq prosesin sürəti və yekun nəticələri yoxdur. Bakı sülhü də müharibə kimi qazanacaq, Şuşaya gedən yol kimi, Ali Baş Komandan İlham Əliyevin Naxçıvanla Azərbaycanı quru yolla birləşdirmək planı olduğuna şübhə yoxdur.
Azərbaycan artıq sülhün iqtisadi nəticələrini nümayiş etdirən praktiki addımlar atıb. 2025-ci ilin oktyabrından etibarən Ermənistana üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən tranzitinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb. Sonrakı dövrdə Azərbaycan neft məhsulları Ermənistana göndərilib, Rusiya və digər istiqamətlərdən taxıl, gübrə və müxtəlif əmtəələrin tranziti təşkil edilib. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan Ermənistana ixracın dəyəri 23,45 milyon ABŞ dolları təşkil edib. Otuz illik fasilədən sonra iki ölkə arasında geniş iqtisadi inteqrasiyanın yaranmasa da, vaxtilə sərhədin hər iki tərəfində yalnız təhlükəsizlik təhdidi kimi qəbul edilən qonşu dövlət artıq müəyyən məhsulların ticarət tərəfdaşına çevrilir. Bakının İrəvanı təcriddən çıxarması böyük güzəştdir və sülhün sıravi vətəndaş üçün nə ifadə edə biləcəyini göstərən ilkin nümunədir.
Əgər sülh prosesi siyasi böhranla üzləşərsə, Azərbaycan əvvəlki məhdudiyyətləri bərpa etmək variantını nəzərdən keçirə bilər. İqtisadi yaxınlaşmanın dayanması hər iki cəmiyyətdə sülhün faydalarını müdafiə edən qüvvələri zəiflədə, qarşıdurma tərəfdarlarını gücləndirə bilər.
Ermənistanın daxili siyasi vəziyyəti də sülh prosesindən ayrı qiymətləndirilə bilməz. Müharibədə ağır məğlubiyyətlər yaşamış cəmiyyətdə yeni təhlükəsizlik konsepsiyasının qəbul edilməsi, keçmiş ərazi iddialarının siyasi gündəmdən çıxarılması və qonşularla normal münasibətlərə keçid tək yoldur. Konstitusiya referendumu belə şəraitdə siyasi etimad sınağına çevrilə bilər. Sülh müqaviləsinin imzalanmaması Bakı ilə münasibətlərə zərbə vurmaqla yanaşı, İrəvanda siyasi sabitlik və gələcək hakimiyyət mübarizəsini də gücləndirir.
Daha bir narahatedici məsələ Ermənistanın son illərdə hərbi təchizatını sürətlə şaxələndirməsidir. Paşinyan 2026-cı ilin mayında ölkəsinin altı-yeddi dövlətdən silah aldığını açıq bildirmişdi. Fransa və Hindistan Ermənistanın mühüm hərbi-texniki tərəfdaşları sırasına daxil olub. Ermənistan Hindistandan artilleriya sistemləri, raket kompleksləri və digər hərbi texnika satın alır, Fransa ilə müdafiə əməkdaşlığını genişləndirir. İrəvan bu siyasəti öz müdafiə qabiliyyətinin möhkəmləndirilməsi kimi izah edir. İki dövlət arasında yekun hüquqi razılaşma olmadığı şəraitdə qarşılıqlı hərbi imkanların genişləndirilməsi təhlükəsizlik riskini artırır.
Azərbaycanla münasibətləri davamlı qeyri-müəyyənliyi Ermənistanın digər tərəfdaşlardan təhlükəsizlik və iqtisadi təminat axtarışını daha da çətinləşdirə bilər.
Cənubi Qafqazda Rusiya, ABŞ, Türkiyə, İran və Avropa dövlətlərinin maraqları indi yalnız Azərbaycanın hesabına uzlaşır. Bakı yeni təhlükəsizlik arxitekturası qurur. Əgər İrəvan hansısa xarici tərəfdaşın regiondakı müvəqqəti üstünlüyünə arxalanaraq Bakı ilə razılaşdırılmış gündəliyi dəyişdirməyə çalışarsa, avantüranın nəticələri ağır ola bilər.
Vaşinqton razılaşmalarının nəticəsiz qalması digər qüvvələrin mənafeyinə işləyəcək, çünki Amerika üçün Cənubi Qafqaz iki dövlət arasında sülhlə güclənir, Xəzər hövzəsi ilə Avropa arasında etibarlı dəhlizə çevrilir.
İndi ən təhlükəli ehtimal sülh prosesinin müharibəyə gələn yol kimi, on illərlə uzanmasıdır. Birinci Qarabağ müharibəsindən sonra 1994-cü il atəşkəsindən başlayaraq bölgə uzun müddət məhz nə hərb, nə də tam sülh vəziyyətində yaşayıb. Lakin indi işğal başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, dövlətlərarası sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və ABŞ-ın iştirakı ilə yeni regional əməkdaşlıq çərçivəsi formalaşdırılıb. Sülhün mümkünlüyünə inam zəiflədikcə hər iki tərəfdə hərbi gücü alternativ kimi təqdim edən qüvvələr yenidən fəallaşa bilər.
Azərbaycanın artıq öz torpaqlarını azad etmək üçün yeni müharibəyə ehtiyacı yoxdur. Erməni məsələsi tarixdə ilk dəfə, ölkənin coğrafiyasından çıxıb, mifik ideologiyalar onun milli dövlətçiliyini sarsıtmaq gücündə deyil və Ermənistan keçmiş imperiyaların əlində əvvəlkitək xalqımıza qarşı silah mahiyyətini itirib. Ölkəmizin qarşısında Qarabağın və Şərqi Zəngəzurun bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, regional nəqliyyat əlaqələrinin genişləndirilməsi və iqtisadi inkişaf kimi daha böyük vəzifələr dayanır. Ermənistan üçün də sülh iqtisadi blokadaların yumşaldılması, Türkiyə ilə münasibətlərin normallaşdırılması, beynəlxalq investisiyaların cəlbi və təhlükəsizlik xərclərinin daha səmərəli idarə olunması imkanları yarada bilər. Ermənistanın sülh müqaviləsini imzalamaq üçün konstitusion və siyasi yol xəritəsi konkret zamanda başa çatmalıdır.
Əgər sülh gündəliyi yalnız hazırkı hökumətin mövcudluğundan asılı qalarsa, hər seçki və hər siyasi böhran iki dövlət arasında yeni təhlükəyə çevrilə bilər. Ona görə müqavilənin ratifikasiyası qədər onun arxasında davamlı ictimai və siyasi iradənin formalaşması da vacibdir.
Nəhayət, Ermənistan rəhbərliyi bir həqiqəti nəzərə almalıdır: geosiyasi vəziyyətin dəyişməsini gözləmək həmişə daha əlverişli şərtlər yaratmır. Bəzən zaman keçdikcə iqtisadi fürsətlər itirilir, təhlükəsizlik xərcləri artır, siyasi etimad azalır və cəmiyyətlər yeni qarşıdurmaya daha həssas vəziyyətə gəlirlər. İrəvanın təhlükəsizliyi üçüncü paytaxtlarda müəyyənləşmir, məhz Bakının qərarı ilə təsdiqlənir. Əks halda keçmiş imperiyların əlində silah olmaq ermənilərə yalnız faciəli gələcək vəd edir. Azərbaycanla münasibətlərin hüquqi əsasda normallaşdırılması Ermənistan üçün heç bir xarici təhlükəsizlik təminatının tam əvəz edə bilməyəcəyi imkan yaradır: yaxın qonşu ilə düşmənçilikdə güc tətbiq etmədən, razılaşdırılmış qaydalar əsasında həll etmək imkanı hələ ki, qalır
Seçim sülhün 2027-ci, 2028-ci, yaxud daha gec imzalanması hər gecikmənin hərbi, geosiyasi və iqtisadi nəticələrini düzgün hesablamağı tələb edir. Çünki sülh müqaviləsinin tarixi təqvimdə yazılacaq gündən əvvəl dövlətlərin qəbul etdiyi qərarlarda müəyyən olunur.
Ən böyük siyasi cinayət sülh əldə etmək imkanı olduğu halda onun dəyərini yalnız fürsət itiriləndən sonra anlamaq olardı.
Həmçinin oxuyun
Zahid Oruc
Milli Məclisin deputatı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53
Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Niderland Krallığının xarici işlər naziri Tom Berendsenin təkbtək görüşü başlayıb.Citypost.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib.
26 Oktyabr 2026, 11:43