Bizə yazın

Baku

-°C

USD

-

Poetik peyzajlar ustası - Asif Rüstəmli yazır... 

Söz adamı 05 Oktyabr 2026, 14:59

3325

Azərbaycanın sevilən nəğməkar şairi, Əməkdar mədəniyyət işçisi Zeynal Cabbarzadə lirik peyzajları, poetik miniatürləri, vətəni tərənnüm edən şərqiləri ilə Vurğun ədəbi məktəbinin müqtədir müdavimi olduğunu təsdiqləmiş, yaddaşlarda yaşatmışdır. Onun şeirlərindəki dil-üslub cazibədarlığı, poetik düşüncələrin harmoniyası, axıcılıq, ahəngdarlıq, metaforik bənzərsizlik xalq poeziyası ənənələrindən bəhrələnməklə çağdaş ədəbiyyatımıza yeni naxışlar, cizgilər, çalarlar bəxş etmişdir.

Zeynal Cabbarzadə 31 dekabr 1920-ci ildə Bakı şəhərinin Bilgəh qəsəbəsində, balıqçı Əliabbas kişinin ailəsində dünyaya göz açmışdır. Onun uşaqlıq və gənclik illəri Sovet rejiminin iqtisadi böhran, tənəzzül, xaos, siyasi repressiyalar dövrünə təsadüf etmişdir. Gənc Zeynal doğma kəndində orta məktəbi bitirdikdən sonra 1934-1937-ci illərdə fəhlə fakültəsində oxumuş, 1937-1941-ci illərdə isə ADPU-nun (keçmiş APİ-nin) Dil-ədəbiyyat fakültəsində təhsil almışdır. O, oxumaqla yanaşı, “Balıq cəbhəsi” (1938-1939) və “Qızıl kürçaylı” (1939-1940) qəzetlərinin redaksiya heyətində çalışmış, müəyyən müddət Şamaxının Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat fənnini tədris etmişdir.

1941-1945-ci illər müharibəsinin təlatümlü qasırğası Azərbaycandan çoxsaylı ziyalı-gənclər kimi, Zeynal Cabbarzadədən də yan keçməmiş, o, müəllimlik peşəsini tərk etmək məcburiyyətində qalmış və könüllü səfərbərliyə cəlb olunmuşdur. Z.Cabbarzadə öncə hərbi piyada məktəbində təhsil almış (1941-1942), kiçik leytenant rütbəsi ilə azərbaycanlı əsgər və zabitlərdən ibarət 416-cı Taqanroq atıcı diviziyasının tərkibində hərbi xidmətini davam etdirmişdir. Burada diviziyanın artilleriya bateriyasının komandiri, şair Ənvər Əlibəyli ilə görüşmüş, onun məsləhətlərindən faydalanmış, Qafqazın, Ukraynanın faşistlərdən azad edilməsi uğrunda mübarizədə “416”nın sıralarında cəbhə yoldaşları ilə birgə fəaliyyət göstərmişlər.

Zeynal Cabbarzadə həyatının sonrakı dönəmlərində “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi, məsul katib, “Pioner” jurnalı redaksiyasında məsul katib və 1950-ci ildən ömrünün sonunadək həmin dərginin baş redaktoru vəzifələrində çalışmışdır.

Azərbaycan Yazıçılar Birliyinin 1943-cü ildən üzvü seçilmiş gənc Zeynal xidmətlərinə görə medallar və Fəxri fərmanlarla təltif edilmiş, 1970-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Zeynal Cabbarzadə müharibədə aldığı kontuziya və yaralarının ağrı-acılarını ömrü boyu mərdi-mərdanə daşımış, 20 yanvar 1977-ci ildə, 56 yaşında Bakı şəhərində dünyasını dəyişmişdir.

Zeynal Cabbarzadənin ilk şeirlər kitabçasını üzv olduğu yazarlar birliyinin müddətsiz vəsiqəsi, şairlik pasportu da adlandırmaq olar. Onun əhatəli yaradıcılığında vətənpərvərlik mövzusu, haqq, ədalət duyğusu, yurda-yuvaya, od-ocağa sevgi, məhəbbət hissiyyatı ali və sabit mövqe daşımışdır. Müəyyən fasilələrlə nəşr olunan “Əfzələddin və şah” (1947), “Çinar” (1952), “Bahar gəlir” (1954), “Arzular” (1958), “Sizin səsiniz” (1963), “Məni bağışlayın” (1965), “Güllər” (1974), “Uca dağlar başında” (1980), “Seçilmiş əsərləri” (2005) adlı kitabları və digər mətbu əsərləri qayğı çətiri altında yüksək tirajla yayımlanmış, xüsusilə məktəbli-gənclər arasında geniş təbliğ olunmuş, poeziya mütəxəssislərinin, ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.

Zeynal Cabbarzadə lirik şair olmaqla yanaşı, çoxsaylı uşaq şeirlərinin, satirik nəzm nümunələrinin, kiçik həcmli poemaların, şaqraq, şux mahnı mətnlərinin müəllifidir. Onun poeziya yaradıcılığında vətən, yurd, od-ocaq mövzusu, Azərbaycanın əsrarəngiz təbiəti, cənnət misallı guşələri, laləzar bölgələri böyük vurğunluqla tərənnüm olunmuşdur. Şair çox sadə, ürək oxşayan, rəvan, poetik dil ilə yaratdığı vətən obrazını yalnız təriflərlə süslənmiş bir rəngdə təqdim etmir. Onun gözəl, qiymətli olmasının təməlində “azadlıq vuruşu”nun dayandığına işarə etmişdir. “Azərbaycan” şeirində olduğu kimi…

Sinəsində güllər açan,

Odlar yurdu Azərbaycan!

Gözümüzdən qiymətlidir,

Bizim üçün hər qarışın.

Dağların tək ucalmışdır,

Səmalara məğrur başın.

Sən azadlıq vuruşuna,

Meydan oldun dönə-dönə…

Təqdim edilən bu misralarda müqayisəli dəyərləndirmə xüsusilə diqqəti özünə çəkir. Şair Odlar yurdu Azərbaycanın hər qarışını “gözümüzdən qiymətli” hesab edərək yüksək dəyər verir. Əgər görmə qabliyyətinin məhdudluğu ilə üzləşmiş şairin vətənin “hər qarışı”nı “gözümüzdən” də yüksək qiymətləndirməsi müqayisəyəgəlməz, bənzərsiz yanaşmadır, meyardır. Vətən torpağının hər qarışının, hər çərəyinin işıqdan, nurdan da üstün tutulması, əzizlənməsi Zeynal Cabbarzadə poeziyasının özünəməxsusluğu, içdən gələn səmimiyyət qatı, sevgi çələngidir.

Zeynal Cabbarzadənin yaradıcılığında da sətiraltı məqamlara, örtülü mətləblərə üstünlük verilmişdir. Şair bəzən də vətənpərvərlik mövzusunda yazdığı şeirlərində Azərbaycanın mənəvi zənginliyindən, humanistliyindən, tolerantlığından, dünyəviliyindən bəhs edir. O, milli dəyərin, mənəvi qüdrətin ucalığını, monimentallığını xalqın yüz illər boyu yaratdığı və yaşatdığı sənətdə, klassikada, əbədiyaşarlıqda, “öz Azərbaycan”ında arayırdı.

Bu mahnılar içində,

Şurum, Rastım, Segahım,

Min təranə varımdır.

Bunlar mənim öz səsim,

Ürəyimdir, canımdır,

Öz Azərbaycanımdır!

“Öz Azərbaycanımdır” rədifli “Mənə belə gəlir ki…” adlı şeirində şair “Şur”un, “Rast”ın, “Segah”ın, bütövlükdə muğamlarımızın, mənəvi mədəniyyətimizin səsini Azərbaycanın səsi, imzası kimi qəbul edir, dünyada tanıdır.

Müəllifin şeir üçün seçdiyi qəlib, biçim də ənənəvi deyildir. Xüsusilə bütün bəndlərin son misrasında daxili qafiyədən məharətlə istifadə olunması şeirin şirinliyini, işığını, nurunu daha da artırmışdır.

Xalq şairi Rəsul Rza həmkarının yaradıcılığına  nəzər salaraq yazmışdır: “Zeynalın elə şeirləri vardır ki, fikir, ifadə tərzi, obraz silsiləsi etibarilə təzə deyil. Lakin səmimi, sadə, ürəyəyatandır. Məlum hissləri xüsusi bir riqqət və mehribanlıqla yenidən oyadır. “Arzular” belə şeirlərdəndir. İntimdir, çərçivəsi məhduddur. Şeirdə ifadə olunan hiss, fikir bizə tanışdır. Lakin burada Zeynal qələmi, məhz şairə məxsus intonasiya da vardır ki, o, şeiri adilik və ümumilik qəlibindən çıxarır. Burada insan səadətinin qırılmaz tellərlə bir-birinə bağlılığı, lokal xoşbəxtliyin harada isə, kimin qəlbində isə bir ağrı, bir incik, bir göynək şəklində əks-səda verəcəyi fikri, geniş mənada insan səadətinin insanlıq səadətindən ayrı ola bilməyəcəyi fikri yeni olmasa da, hər dəfə əsl sənətkar qələmi altında yeni ifadəsini tapa bilir.

Zeynal Cabbarzadənin şairlik mövqeyini müəyyən edən, onun həqiqi ilham, yaradıcılıq pafosu, poetik həyəcanla yazılmış kəskin ümumiləşdirici fikirlər ifadə edən şeirlərdir” (Rəsul Rza. Ön söz. Z.Cabbarzadənin Seçilmiş əsərləri, Bakı, “Avrasiya Press”, 2005, s.5).

Görkəmli söz ustası Rəsul Rzanın yalnız “Arzular” şeiri haqqında söylədiyi və razı qalmadığı məqamlar şübhəsiz ki, Zeynal Cabbarzadənin bütün yaradıcılığına şamil etmək olmaz. R.Rza da yalnız “elə şeirləri vardır ki” məntiqindən çıxış edərək mülahizələrini bildirmişdir.

Z.Cabbarzadənin yaradıcılığında uşaqlara həsr olunan kiçik həcmli lirik şeirlər mühüm yer tutur. Onu bu sahədəki xidmətlərinə görə uşaq ədəbiyyatının istedadlı nümayəndəsi kimi də təqdim etmək mümkündür. Fərqli zaman biçiminin mövzularını poeziyaya gətirməklə şair uşaqlarda mənəvi dəyərlərə hörmət, adət-ənənələrə sayğı, valideynlərinin və müəllimlərinin sözünə baxmaq, onların tapşırıqlarını yerinə yetirmək, pis vərdişlərdən kənar durmaq, ədəbli və səliqəli olmaq, özündən kiçiklərə və böyüklərə kömək etmək, ədalətli, doğru mövqe seçmək kimi əxlaqi-etik tərbiyə normaları aşılamışdır.

Poeziya sevgi deməkdir. Sevgi ilə oxunan laylalar, nəğmələr saflıq mücəssəməsi, nur parçası olan uşaqların ruhuna köçür, qanına keçir. Z.Cabbarzadənin hələ mahnıya, musiqiyə uyarlanmamış şeirlərini analar sevgiylə, nəvazişlə öz övladlarının qulağına pıçıldasa belə, o sehrli duyğu selinə, həzin musiqi ritminə çevrilərək ruha, qana axacaqdır. Çünki Zeynalın poeziyası ahəng üzərində köklənib, sadə olduğu qədər də musiqiyə və  ürəyə yatımlıdır. O, uşaqlar üçün yazdığı şeirlərinin mühüm bir hissəsini “Pioner” jurnalında çalışdığı illərdə yazmışdır. Uşaqlarla yaratdığı mütəmadi təmaslar şairi ruhlandırırdı. Bəzən onlarla səmimi, həyəcanlı görüşlər unudulmaz xatirələrə, poetik şeirlərə çevrilirdi.

Z.Cabbarzadənin yaradıcılığında kiçik həcmli, lirik səpkili poema janrına da yer verilmişdir. Onun “Korlar”, “Sərhəddə”, “İçərişəhər”, “Məni bağışlayın”, “Karvan gedir”, “Qonaq”, “Qardaşlar”, “İgid ölmür” və b. əsərləri müxtəlif illərdə yazılsa da, hər birini eyni poetik ruh, sadə, səmimi düşüncələr, yığcamlıq və axıcılıq birləşdirir.

Zeynal Cabbarzadənin şeirlərinin musiqiyə yatımlılığını bəlkə də ilk duyan bəstəkarlarımız olmuşdur. Onun ilk dəfə 1950-ci ildə “Sülh” adlı şeirinə məşhur bəstəkar Qara Qarayev mahnı yazmış, sözün əsl mənasında bu şərqi dövrün xitinə çevrilmişdir. Digər görkəmli bəstəkar Tofiq Quliyev onun “Bakı”, “Yenə göy üzünü bulud aldı, yar”, “Məzəli mahnı” (O dedi: yox, yox, yox), “Neynim, neynim, yar”, “Axşam mahnısı”, “Onu bağışlamaq olarmı?” filmində “Bax, gəlib ilk bahar” və digər əsərlərinə müraciət etmiş, populyarlığını bu gün də qoruyub saxlayan nəğmələr bəstələmişdir.

Zeynal Cabbarzadə ilə Tofiq Quliyevin birgə yaradıcılıq tandemi uzun illərin dostluğu ilə daha da möhkəmlənmiş, yeni-yeni musiqi əsərlərinin yaranmasına vəsilə olmuş, rəvac vermişdir.

Xalq artisti, bəstəkar T.Quliyev yaxın şair dostu haqqında yazmışdır: “Həyatımın və yaradıcılığımın ən yaxşı səhifələri bizim xalqın gözəl və maraqlı şairi Zeynal Cabbarzadə ilə bağlıdır. Bütün yaxşı mahnılarım üçün mən Zeynala borcluyam. O, təkcə şair deyildi, sözün həqiqi mənasında həm də bəstəkar idi. Onunla birlikdə işlədiyim günləri iftixarla xatırlayıram”.

Zeynal Cabbarzadənin iki yüzdən çox şeirinə mahnı bəstələnmişdir. Görkəmli incəsənət xadimləri, bəstəkarlardan Qara Qarayev, Cahangir Cahangirov, Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Ağabacı Rzayeva, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Andrey Babayev və digərləri şairin yaradıcılığına sıx-sıx müraciət etmiş, ölməz sənət əsərləri yaratmışlar.

Zeynal Cabbarzadənin zəngin ədəbi irsi Azərbaycanın əsrarəngiz təbiətini, qədim memarlıq abidələrini, mədəni və mənəvi qüdrətini tərənnüm edən, azadlıq və vətənpərvərlik məfkurəsindən bəhrələnən, barınan milli sərvətimizdir. Onun adı və poeziyası, çoxsaylı mahnı mətnləri xalqımızın poetik yaddaşında əbədi yaşayacaqdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anna Axmatovaya  -Saday Şəkərlinin şeiri

...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli

26 Oktyabr 2026, 13:29

Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir

Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...

26 Oktyabr 2026, 12:08

Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi 

Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....

20 Oktyabr 2026, 10:59

Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ

Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......

19 Oktyabr 2026, 23:28

Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...” 

“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...

09 Oktyabr 2026, 14:07

İZMİRİ GƏZƏRKƏN  

Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə.                                  (Mövlanə məhəlləsi)     Avdı Qoşqar

07 Oktyabr 2026, 17:06