Bizə yazın

Baku

-°C

USD

-

Goranboyda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib - YENİLƏNİB  

Siyasət 23 İyun 2025, 14:57

187

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

CityPost.az xəbər verir ki, Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.

Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66