Rəsmi Bakı Paşinyana cavab verib
Siyasət 11 Fevral 2025, 11:43

1309
Ermənistan baş nazirinin 10 fevral 2025-ci il tarixində “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Armenpress”də yayımlanmış məqaləsindəki iddialarına cavab olaraq deyib.
"Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.
44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir.
Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.
Həmçinin oxuyun
Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib.
Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.
Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.
Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.
Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq", - XİN rəsmisi vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
Bu dəqiqələrdə Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü olub.CityPost.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
04 İyul 2025, 17:25

Dörd polkovnikə general-mayor rütbəsi verilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
25 İyun 2025, 13:18

Azərbaycan BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyünə seçilib
24 iyun 2025-ci il tarixində Nyu-York şəhərində keçirilmiş “Bütün Əməkçi Miqrantlar və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında” Beynəlxalq Konvensiyaya tərəf dövlətlərin 12-ci iclası çərçivəsində Azərbaycan Respublikası BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2026-2029-cu illər üzrə üzvlüyünə seçilib.XİN-dən
25 İyun 2025, 13:06

Rəsmi Bakı İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayır
İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq.XİN-dən
24 İyun 2025, 16:51

Prezident Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə "Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.CityPost.az xəbər verir ki, sonra dövlət başçısı "8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib.Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb.İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.Daha sonra "8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.Sonra İtaliyanın şirkətlər və "Made in Italy” naziri Adolfo Urso, İtaliyanın "Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin "Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq,...
24 İyun 2025, 16:34

Bayramov BƏƏ XİN başçısı ilə danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirlikləriin xarici işlər naziri Abdullah bin Zayed ilə telefon danışığı zamanı regional təhlükəsizliyi müzakirə edib.
24 İyun 2025, 16:21