Bizə yazın

Baku

-°C

USD

-

Zaur TikTok-dadır, Rəşad Məcid isə tarixdə - Turan Etibaroğlu yazır…   

Cəmiyyət 06 Avqust 2026, 18:44

4927

Bir cümlə var idi ortada sadə, aydın, heç kimə qarşı yönəlməyən bir cümlə: “ kitab, nə qədər inkişaf etsək də, heç vaxt əvəzedilməz olmayacaq”  Rəşad Məcid bunu deyəndə, əslində, texnologiyaya bir güllə atmırdı. O, sadəcə, kağızın, sətrin, oxunun izini saxlayan həmin köhnə formanın yerini hələ heç nəyin doldura bilmədiyini xatırladırdı. Amma bu sadə xatırlatma tezliklə başqa məcraya yönləndirildi, üstəlik bunu edən şəxsin kimliyi məsələni daha da düşündürücü etdi.

Əslində, kitab haqqında deyilən bu cür fikirlər yeni deyil. Zaman-zaman müxtəlif ölkələrdə, müxtəlif dövrlərdə oxşar müzakirələr olub , texnologiya sürətlə inkişaf etdikcə, köhnə vərdişlərin, köhnə formaların yaşarılığı sual altına alınıb. Amma tarix göstərib ki, kitab bu sınaqların hər birindən çıxıb, çünki onun verdiyi şey sadəcə məlumat deyil düşüncənin dərinləşməsi, təxəyyülün genişlənməsi, insan psixologiyasının, cəmiyyətin, tarixin qat-qat anlaşılmasıdır. Bunu bir dəfə də olsun kitabla ciddi məşğul olan hər kəs bilir. Ona görə də Rəşad Məcidin sözləri, əslində, yeni bir kəşf deyildi  sadəcə, unudulmağa üz tutan köhnə bir həqiqətin xatırladılması idi.

Bu münasibəti bildirən televiziya aparıcısı, bir-birindən maraqlı, qalmaqallı verilişlərin rəhbəri toy verilişindən tutmuş ağlaşma verilişinə qədər, bəzilərinin güman yerinə çevrilən və sözün əsl mənasında xeyirxahlıq nəticəsində şəfa tapdığı, eyni zamanda televiziya adına ən gülməli, ləkə gətirən insanlara belə efir verən, bir mövzunu uzun-uzadı gündəmdə saxlaya bilən Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev idi.  O, həmçinin  sosial şəbəkədə “Zaur Günay” adlı TikTok hesabının sahibidir.

Zaur bəy cavabında kitabın üstünlüyünə dair fikri qəbul etməyərək dünyanın süni intellektin inkişafı fonunda insan əməyindən demək olar ki, imtina etdiyini yazdı, “Biz hələ TikTok-un əxlaqımıza təsirində qalmışıq?!” deyə sual verdi, sonra isə “başqalarının həyatına az girin”, “imkan verin” çağırışları ilə fikrini yekunlaşdırdı. Bu reaksiyanın özündə isə bir neçə ziddiyyət var idi ki, üzərində dayanmaq lazımdır.

Əvvəla, kitabın dəyərindən danışmaq TikTok-a qarşı çıxmaq demək deyil. Bu iki anlayışı qarşı-qarşıya qoymaq, sadəcə, müzakirənin məğzini yayındırmaq cəhdidir. Kimsə kitabın oxucuya verdiyi dərinlikdən danışırsa, bu, o demək deyil ki, o, TikTok-un mövcudluğuna qarşıdır. Sadəcə, bir neçə saniyəlik videonun və saatlarla oxunan mətnin insan düşüncəsinə təsiri eyni ola bilməz, bu, hamının bildiyi bir həqiqətdir. Bir videonu izləmək üçün nə səbrə, nə diqqətin uzun müddət cəmlənməsinə, nə də təxəyyülün işə düşməsinə ehtiyac var, görüntü hər şeyi hazır şəkildə təqdim edir. Kitab isə oxucudan əməkdaşlıq tələb edir: sətirlər arasında boşluqları öz təxəyyülünlə doldurmalı, personajların hiss etdiklərini öz daxilində yaşamalı, müəllifin sözləri ilə öz düşüncən arasında körpü qurmalısan. Məhz bu proses insanı formalaşdırır, onun daxili dünyasını zənginləşdirir heç bir video, nə qədər maraqlı olsa da, bunu əvəz edə bilməz.

İkincisi, süni intellekti nümunə çəkməsi də yerində deyildi. Çünki süni intellekt adlanan sistem, insanlardan fərqli olaraq, anlamadığı bir mövzu haqqında tələsik hökm vermir , məlumatı toplayır, təhlil edir, yalnız bundan sonra nəticəyə gəlir. Bu qədər “soyuq” sayılan bir mexanizmin nümayiş etdirdiyi diqqətlilik, təəssüf ki, bəzən canlı müzakirələrdə çatışmır.

Üçüncüsü, “başqasının həyatına qarışmayın” tövsiyəsi də qəribə səslənir. Çünki illər boyu efirdə məhz Zaur bəyin özünün apardığı proqramlarda insanların şəxsi münasibətləri, ailə vəziyyəti, gündəlik davranışları müzakirə mövzusu olub, bu, gizli deyil, hamının yaddaşındadır. Rəşad Məcidin nə yazılarında, nə də rəhbərlik etdiyi qurumun fəaliyyətində isə belə yanaşmaya rast gəlinməyib. Ona görə əxlaqdan, mədəniyyətdən danışarkən əvvəlcə güzgüyə baxmaq da pis olmazdı.

Amma bütün bunlardan daha çox diqqət çəkən başqa bir məqam var. Zaur Baxşəliyev təkcə uzun illərin peşəkar televiziya aparıcısı deyil, eyni zamanda Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş bir simadır. Bu ad, sadəcə, kağız üzərində qalan formal bir titul deyil  illərin əməyinin, sənətə göstərilən sədaqətin dövlət tərəfindən rəsmən etiraf olunmasıdır. Belə bir adı daşıyan insandan gözlənilən, təbii ki, ictimai məkanda istər ekranda, istərsə də sosial şəbəkədə öz statusuna, təcrübəsinə uyğun bir ciddiyyət nümayiş etdirməkdir. Lakin son dövrlər onun TikTok hesabında paylaşdığı videolara nəzər salanda, təəssüf ki, bu ciddiyyətin həmişə qorunduğunu demək çətindir. Bəzən həmin paylaşımlar o qədər süni, o qədər zorla “trend”ə uyğunlaşdırılmış görünür ki, izləyicidə təbii sual yaranır: bu, doğrudanmı illərin təcrübəli aparıcısıdır, yoxsa kimsə onun adından istifadə edərək gənclər arasında məşhur olan formatları təqlid etməyə çalışır? Bir insanın həm ekranda ağırlıqla çıxış etməsi, həm də kamera qarşısında özünü tanınmaz dərəcədə fərqli təqdim etməsi arasındakı ziddiyyət get-gedə daha çox nəzərə çarpır.

Ancaq bütün bu deyilənlərdən sonra, əsl sual budur: bu ittihamların ünvanlandığı şəxs kimdir? Rəşad Məcid  ömrünü mətbuata həsr etmiş, illərdir yorulmadan yazan, redaktə edən, düşünən, cəmiyyətin ədəbi-mədəni yaddaşını qoruyan bir insan. Onun rəhbərlik etdiyi “525-ci qəzet” sadəcə bir nəşr deyil, illər boyu formalaşan, öz üzərində bir çox qələm sahibinin püxtələşdiyi, sınandığı, boya-başa çatdığı bir məktəbdir. Neçə-neçə şair, neçə-neçə yazıçı, neçə-neçə jurnalist bu məktəbin qapısından keçib, orada püxtələşib, öz səsini tapıb. Bu, təsadüfən yaranan bir nüfuz deyil illərin səbrli, ardıcıl, bəzən heç kimin görmədiyi, heç kimin təqdir etmədiyi əməyinin nəticəsidir. Ədəbiyyata, mətbuata, gənc qələmlərə göstərdiyi bu sədaqət, şübhəsiz ki, özündən sonra da yaşayacaq, özündən sonra da böyük işlərin təməli olaraq qalacaq.

Bu, bir gündə, bir ayda, hətta bir neçə ildə qazanılan uğur deyil. Onilliklər boyu hər gün eyni sıradan, eyni səbrlə, heç bir alqış gözləmədən görülən işin nəticəsidir. Neçə gənc qələm sahibi ilk mətnini məhz o mühitdə, o dəstəyin sayəsində dərc etdirib, ilk uğursuzluğunu da, ilk tənqidini də orada eşidib, sonra isə öz yolunu tapıb. Bu, sadəcə redaktorluq deyil  bu, bir nəslin formalaşmasına şəxsi töhfədir. Bu gün Azərbaycan ədəbi mühitində tanınan bir çox imza, birbaşa və ya dolayı yolla, o məktəbin izini daşıyır. Belə bir irsin qarşısında dayanıb “ziyalı deyilsiniz” demək üçün, ən azı, oxşar bir iz qoymuş olmaq lazımdır.

Belə bir insanı “ziyalı deyilsiniz” damğası ilə ittiham etmək, üstəlik bunu kitabın dəyərini xatırladan sadə bir fikrə görə etmək, həqiqətən də, düşündürücüdür. Çünki ziyalılıq nə ekranda ciddi görünməklə, nə fəxri ad daşımaqla, nə də hər gün yeni videolar paylaşmaqla ölçülmür. Ziyalılıq, ilk növbədə, başqasının fikrini düzgün anlamaq, onu təhrif etmədən qiymətləndirmək, üstəlik həmin fikri deyən insanın çəkisini, keçdiyi yolu tanımaq bacarığıdır. Kitabı müdafiə edən bir fikri “TikTok-a qarşı çıxmaq” kimi təqdim etmək, bunu üstəlik ziyalılıq müstəvisində müzakirə etmək, doğru yanaşma deyil. Bir tərəfdə onilliklər boyu mətbuata, ədəbiyyata, gənc nəslin formalaşmasına xidmət etmiş bir insan, digər tərəfdə isə bir neçə saniyəlik videolarla gündəmə gəlməyə çalışan bir yanaşma dururkən, kimin “başqalarının həyatına girdiyini”, kimin isə cəmiyyətə həqiqətən nəsə qazandırdığını ayırd etmək o qədər də çətin olmamalıdır.

Sonda demək istərdim ki, hər kəsin öz seçdiyi platformada özünü ifadə etmək haqqı var, bu, şübhəsiz. Amma illərin əməyi ilə qazanılan nüfuzu, dövlətin rəsmən tanıdığı fəxri adı daşıyan bir insandan gözlənilən, bəlkə də, bu haqdan istifadə edərkən bir az daha ölçülü, bir az daha məsuliyyətli davranmasıdır. Kitabın dəyərini, mətbuatın gücünü, ustadlığın nə demək olduğunu illər boyu öz həyatı ilə göstərmiş bir insana etiraz etmək əvəzinə, bəlkə, əvvəlcə öz timeline-ına, sonra isə öz ömür yoluna nəzər salmaq daha doğru addım olardı. Çünki bəzən ən uca sözləri ən sadə həyatlar söyləyir, ən böyük dərsləri isə göstərişsiz, səs-küysüz keçən illər verir.

Bu mübahisə, əslində, kitabla TikTok arasında deyil, iki fərqli baxış tərzi arasında getdi, biri anlıq diqqəti, digəri isə davamlı dəyəri hədəf alan iki fərqli yanaşma. Cəmiyyət hər ikisinə yer verə bilər, bu, doğrudur. Amma hansının hansı yerdə dayandığını, hansının nəyi formalaşdırdığını unutmaq da olmaz. Kitab oxumayan bir nəsil böyütmək nə qədər asandırsa, onu yenidən oxumağa öyrətmək bir o qədər çətindir. Ona görə bu kimi xatırlatmalar  nə qədər sadə görünsə də əslində, gələcəyə göndərilən xəbərdarlıqlardır. Onları eşitmək, üstündən keçmək əvəzinə, üzərində düşünmək daha faydalı olardı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55