Bizə yazın

Baku

-°C

USD

-

Suverenliyin yeni siyasi mənası – Bakı-Kişinyov münasibətləri Zəfərdən sonra  

Cəmiyyət 29 Avqust 2026, 14:40

7933

Suverenliyin yeni siyasi mənası – Bakı-Kişinyov münasibətləri Zəfərdən sonra

Azərbaycanla Moldova arasında münasibətlər müstəqillik dövründə davamlı inkişafa malik olub. Lakin Sovetlər Birliyinin süqutunun ən ağır nəticələrini milli-etnik və dövlətlərarası münaqişələr səviyyəsində yaşayan iki ölkənin üzləşdiyi çağırışlar bir çox cəhətlərinə görə eynilik təşkil edirdi.

Doğrudur, Bakı ilə Kişinyov coğrafi qonşuluqda yerləşmir, ticarət dövriyyəsi də yüksək deyildi və iki xalqın yaşadığı təhlükəsizlik riskləri fonunda onlar vahid hərbi ittifaqlarda təmsil olunmurdular. Lakin hər iki dövlətin son otuz ildən artıq keçdiyi yola baxanda güclü siyasi iradə nümayişi aydın görünür: separatizmə qarşı mübarizə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı xarici siyasətin əsas prinsiplərinə çevrilib, böyük güclərin maraqlarının toqquşduğu mürəkkəb coğrafiyada dövlət müstəqilliyi qorunub.

Azərbaycanın məruz qaldığı Qarabağ müharibəsi ilə Moldovanın Dnestryanı ərazi ətrafında uzun sürən danışıqları və beynəlxalq təşəbbüsləri paralel müstəvilərdə müəyyən fərqli tsikllərlə inkişaf edib. Çünki münaqişələrin tarixi, etnik tərkibi və hərbi-siyasi xarakteri eyni deyil və onları bir-birinin surəti kimi təqdim etmək yanlış olardı. Lakin hər iki dövlətin diplomatik leksikonunda bir söz birləşməsi uzun illər dəyişməz qalıb: ərazi bütövlüyü və dövlət suverenliyi.

Məhz həmin prinsip Bakı–Kişinyov münasibətlərinin davamlı siyasi sütununa çevrildi.

Azərbaycanla Moldova diplomatik münasibətləri 29 may 1992-ci ildə qurdu. Sonrakı onillikdə prezidentlər səviyyəsində qarşılıqlı səfərlər başladı, müqavilələrlə hüquqi baza möhkəmləndi və iki ölkə GUAM çərçivəsində də əməkdaşlıq etdi. 1997-ci ildə Moldova Prezidenti Petru Luçinskinin Azərbaycana səfəri, 2004-cü ildə Vladimir Voroninin Bakıya gəlişi və 2005-ci ildə Prezident İlham Əliyevin Moldovaya rəsmi səfəri münasibətlərin ilk mühüm siyasi mərhələlərini formalaşdırdı.

Həmin dövrün siyasi reallığında Azərbaycanla Moldovanı yaxınlaşdıran digər mühüm amil Avropa Birliyi ilə əlaqələrin getdikcə inkişafı və Brüsselin Yaxın Qonşuluq Siyasətinin yaratdığı perspektivlər idi. Doğrudur, GUAM müəyyən dövr aktiv geosiyasi format rolunda çıxış etsə də sonrakı illərdə dəyişən ABŞ prezidentlərinin keçmiş sovet məkanına münasibətdə fərqli kurs seçmələri nəticəsində əvvəlki siyasi və geosiyasi fəallığını faktiki olaraq itirdi. Lakin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi torpaqlarının 20 faizini itirən dövlətlərin klubu üçün də bir model sayıla bilər.

2020-ci ilin aprelində Kişinyov Qarabağdakı separatçı qurumun keçirdiyi qondarma “prezident seçkiləri”ni tanımadığını rəsmi şəkildə bəyan etdi. Moldova Xarici İşlər Nazirliyi həmin seçkiləri qanunsuz adlandırdı və Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədi.

Daha mühüm hadisə isə həmin ilin iyulunda, Tovuz döyüşləri zamanı baş verdi. Vətən müharibəsinin başlamasına hələ iki aydan artıq vaxt qalırdı. Moldova XİN açıq şəkildə bildirdi ki, münaqişənin həlli Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında baş verməlidir.

Göründüyü kimi, Moldova Azərbaycanın ərazi bütövlüyünü Qələbədən sonra yaranmış yeni siyasi reallığa uyğunlaşaraq qəbul etməyib. Kişinyovun mövqeyi 44 günlük müharibədən əvvəl Prezident İlham Əliyevin liderliyi ilə aparılan düzgün siyasətin və etibarlı tərəfdaşlıq əlaqələrinin nəticəsində formalaşdı.

Ölkəmizin xarici siyasət kursunda seçdiyi və möhkəm iradəyə dayanan xətt apardığımız mübarizənin təkcə bir millət üçün xarakterini və səviyyəsini müəyyənləşdirmirdi, bütövlükdə dünyada təhlükəsizliyin əsas təməllərini təşkil edən prinsiplərə söykənirdi. Bakı Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini ən çətin anlarda da dəstəkləyirdi və Dnestryanı məsələsində separatçı status-kvonu legitim siyasi nəticə kimi qəbul etmirdi.

2023-cü ildə Kişinyovda İlham Əliyevlə Maya Sandunun görüşündə qarşılıqlı dəstək, dəyişilməz mövqe ən yüksək səviyyədə bir daha ifadə olundu. Lakin yeni dövrdə Azərbaycan liderinin belə qətiyyətli mövqeyi yeni məna kəsb edirdi. Çünki torpaq bütövlüyünü hərbi yolla təmin edən və BMT qətnamələrini ordusunun gücü ilə yerinə yetirən bir dövlətin qalib başçısının verdiyi siyasi dəstək işğala məruz ölkədən fərqli siyasi çəkiyə malikdir. Qarabağ Zəfəri təkcə torpaq məsələsi olmayıb, həm də geosiyasi qüvvələr nisbətini dəyişdirən qlobal hadisə və yeni siyasi arxitektura quruculuğunun əsasını təşkil edən tektonik laydır.

2020-ci il Vətən müharibəsi Azərbaycan–Moldova münasibətlərində də yeni tarixi imkanlar yaratdı. Lakin Cənubi Qafqazda sülh erasının başlanması üçün açılan perspektivlər fonunda 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Moldova bir anda Avropa təhlükəsizlik böhranının ön xəttində yerləşən dövlətə çevrildi.

Ukrayna ilə uzun sərhəd, Dnestryanıda Rusiya hərbi mövcudluğu, ölkənin enerji sisteminin Moskva ilə tarixi bağlılığı, daxildə rusiyapərəst və avropayönlü siyasi düşərgələr arasındakı mübarizə Kişinyovun qarşısında dövlət müstəqilliyini və daxili sabitliyi qorumaq məsələsini daha kəskin qoydu.

Otuz il əvvəl hər iki ölkə separatizm və zəif dövlət institutları problemi ilə üzləşmişdi. İndi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi yeni mərhələdədir, Moldova isə suveren qərarvermə imkanlarını gücləndirmək, enerji və təhlükəsizlik asılılığını azaltmaq uğrunda daha sərt mübarizə aparır.

Prezidentlər İlham Əliyevlə Maya Sandu arasında siyasi anlaşmaları ideoloji yaxınlıq kimi təqdim etmək doğru olmaz. Çünki hər bir ölkənin fərqli siyasi sistemləri və daxili inkişaf modeli, xarici siyasətdə isə müxtəlif prioritetləri və dövlətlərin yerləşdiyi geosiyasi mühit əhəmiyyətli rol oynayır.

Lakin fərqli siyasi kurslar İlham Əliyevlə Maya Sandu arasında qarşılıqlı anlaşmaya mane olmayıb.

2022-ci ildə, Rusiya–Ukrayna müharibəsinin başlanmasından dərhal sonra hər iki lider arasında telefon təmaslarında regional vəziyyət, iqtisadi münasibətlər və xüsusilə enerji əməkdaşlığı müzakirə edilirdi. 2023-cü ilin mayında İlham Əliyevin Kişinyovda Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı zamanı Sandu ilə ayrıca görüşündə enerji, investisiyalar, ticarət və qarşılıqlı siyasi dəstək müzakirə olundu.

İlham Əliyevin sonrakı məktublarında Kişinyov görüşünü “səmimiyyət və qarşılıqlı etimad” şəraitində keçirilmiş danışıqlar kimi xatırlaması münasibətlərin siyasi tonunu göstərirdi.

Maya Sandu isə 2023, 2024 və 2025-ci illərdə Azərbaycan rəhbərinə ünvanladığı məktublarda əməkdaşlığın enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiyalar sahəsində genişləndirilməsini xüsusi vurğulayıb. 2024-cü ildə onun “ehtiyac duyduğumuz anlarda yanımızda olduğunuzu həmişə xatırlayacağıq” sözləri siyasi protokolun çərçivəsini aşan ifadə idi.

2025-ci ilin oktyabrında Kopenhagendə keçirilən görüş də həmin xəttin davamını göstərdi. Sandu Azərbaycanı Ermənistanla sülh gündəliyində Vaşinqtonda əldə edilmiş irəliləyiş münasibətilə təbrik etdi və Moldovanın enerji ehtiyacının ağır olduğu dövrdə Azərbaycanın göstərdiyi dəstəyi yenidən yüksək qiymətləndirdi.

Son otuz ildə Bakı ilə Kişinyovu əvvəlcə suverenlik məsələsi yaxınlaşdırıbsa, indi münasibətlərə enerji təhlükəsizliyi də əlavə olunub.

Ola bilsin, qonşu Gürcüstan və digər dövlətlərlə də oxşar platformalar üzərində əlaqələr önəm kəsb edir. Lakin Azərbaycanın Moldova üçün strateji çəkisi əvəzolunmazdır. Çünki Moldovanın müasir tarixində enerji uzun müddət adi iqtisadi məsələ olmayıb. Qaz və elektrik enerjisində Rusiyadan və Dnestryanı bölgədəki infrastrukturlardan asılılıq Kişinyovun həm iqtisadi, həm də siyasi manevr imkanlarını məhdudlaşdırırdı.

Rusiya–Ukrayna müharibəsindən sonra yaranan çağırışlar əvvəlki dövrün problemlərini daha da artırdı.

Carnegie-nin Moldova üzrə araşdırmasına görə, Moskvanın enerji təzyiqi son nəticədə əks nəticə verdi: Kişinyov Rusiya qazından asılılığını azaltmağa, Avropa bazarlarından alternativ tədarük qurmağa və Rumıniya üzərindən elektrik əlaqələrini gücləndirməyə başladı.

Ölkəmiz enerji resurslarını silaha çevirmədiyinə və Moskvanı əvəz etmək strategiyası yürütmədiyinə görə Moldovanın enerji transformasiyasında Avropa İttifaqının, Rumıniyanın, regional qaz bazarlarının və yeni interkonnektorların rolu daha genişdir.

Lakin Moldovanın enerji asılılığını azaltmaq siyasətində Azərbaycanın öz yeri var.

2025-ci ilin aprelində Moldovanın energetika naziri Dorin Junghietu Bakıda SOCAR rəhbərliyi ilə Azərbaycan qazının və neft məhsullarının Moldovaya mümkün ixracını, eləcə də Azərbaycan şirkətlərinin Moldova enerji sektoruna investisiyalarını müzakirə etdi. Moldova tərəfi enerji mənbələrinin şaxələndirilməsində və rəqabətli qiymətlərlə tədarükdə SOCAR-la əməkdaşlığa marağını açıq şəkildə ifadə etdi.

Moldovanın hazırkı xarici siyasətini “Rusiyayönlü” və “Qərbyönlü” qüvvələrin rəqabəti kimi göstərmək doğru olmaz. Daha böyük qarşıdurma dövlətin hansı siyasi, iqtisadi və təhlükəsizlik sisteminə bağlanacağı üzərində gedir.

Uzun illər Moldova Moskva ilə münasibətləri qoruyaraq Avropa İttifaqına yaxınlaşmağa çalışan balans siyasəti aparırdı. Rusiya–Ukrayna müharibəsi uğurlu tarazlığın imkanlarını xeyli daraltdı.

Maya Sandu hakimiyyəti Avropa inteqrasiyasını artıq xarici siyasətin tək seçimi və strateji kursu kimi təqdim edir.

Dil, tarix və kimlik məsələsində Rumıniya faktorunun böyük çəkisi danılmazdır. Moldovada dövlətçiliklə rumın milli kimliyi arasında münasibət də daxili siyasi müzakirələrin həssas mövzusu olaraq qalır.

Lakin əsas geosiyasi xətt artıq Rusiya–Rumıniya rəqabətindən daha çox Rusiya–Avropa qarşıdurmasıdır. Moldovanı uzunmüddətli “geosiyasi qeyri-müəyyənlikdə” saxlamaq, Avropa inteqrasiyasına inamı zəiflətmək və dövlətin islahat imkanlarını məhdudlaşdırmaq mübarizəsi hələ bitməyib.

Qarabağla Dnestryanı problemlərini eyniləşdirmək olmaz. Azərbaycanın qarşılaşdığı işğalın xarakteri, Ermənistanın birbaşa hərbi iştirakı, yüz minlərlə məcburi köçkün, ərazilərin etnik təmizlənməsi və beynəlxalq hüquqi sənədlər tamam başqa münaqişə reallığı yaratmışdı.

Dnestryanı məsələsində fərqli etnik-siyasi tarix, Rusiya hərbi mövcudluğu, yerli iqtisadi struktur və 1992-ci ildən sonra yaranmış dondurulmuş status-kvo mövcuddur.

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko da aşkar fərqi xüsusi vurğulayaraq, hər bir münaqişənin özünəməxsus xüsusiyyətlərə malik olduğunu və Kişinyovun Dnestryanı problemini yalnız siyasi-diplomatik vasitələrlə həll etmək mövqeyində dayandığını bildirir. Lakin onun başqa bir fikri daha diqqətəlayiqdir: səfir Azərbaycanın əraziləri üzərində nəzarəti bərpa etməsindən sonra apardığı postmünaqişə quruculuğu təcrübəsinin Moldova üçün böyük maraq doğurduğunu deyir. İnfrastrukturun bərpası, minalardan təmizləmə, məcburi köçkünlərin geri qaytarılması və azad ərazilərdə yeni həyatın qurulması Kişinyovun diqqətlə izlədiyi Azərbaycan təcrübəsidir.

Azərbaycan–Moldova münasibətlərinin gücləndirilməsi tələb olunan tərəflərini ölkə başçımız aydın göstərib - siyasi əməkdaşlığın səviyyəsi iqtisadi əlaqələri xeyli qabaqlayır.

Kəskin fərq xarici tədqiqatçıların da diqqətindən yayınmayıb. Moldovalı politoloqlar Viktor Juc və Ruslana Grosu Azərbaycan–Moldova münasibətlərinin əvvəlki mərhələlərini araşdıraraq, əməkdaşlıq imkanlarının kifayət qədər böyük olduğunu vurğulayıblar. Göründüyü kimi, ekspert cəmiyyəti və informasiya fonu əlaqələrin gücləndirilməsinin lehinədir. İctimai fikrin milli maraqlar üzərində formalaşmasında hakimiyyətdən kənar institutların da böyük rolu var.

Lakin 2025-ci ildə iki ölkə arasında ticarətin həcmi cəmi təxminən 11 milyon dollar səviyyəsində olub. Ona görə də ötən ilin aprelində Bakıda keçirilən Azərbaycan–Moldova Hökumətlərarası Komissiyasının altıncı iclasında KOB-lar, enerji, nəqliyyat, elm və texnologiya, turizm, səhiyyə, sosial müdafiə və kənd təsərrüfatı daxil olmaqla geniş gündəlik müzakirə olunub.

Azərbaycan kapitalının Moldovanın enerji, logistika, kənd təsərrüfatı və infrastruktur sektorlarına daxil olması, Moldova məhsullarının Azərbaycan və daha geniş Xəzər–Mərkəzi Asiya bazarlarına çıxışının artması münasibətlərin iqtisadi bazasını dəyişdirə bilər.

Avropa Siyasi Birliyi Bakı ilə Kişinyov arasında yeni meydan açır. Azərbaycan Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoymayıb, lakin Kişinyov Bakının Avropa siyasi məkanında ərazi bütövlüyü və suverenliyinə dair mövqelərinə, sülh gündəliyinə ardıcıl dəstək verən və Qərb paytaxtlarının ikili oyunlarına qoşulmayan etibarlı tərəfdaşlardan biridir.

Hər iki xalqın bölüşdüyü dəyərlər və baxışlar sistemi bir-biri ilə yaxınlıq təşkil edir, ortaq milli maraqlar əsasında tərəfdaşlıq qurulur.

Moldova Xarici İşlər Nazirliyinin Müstəqillik Günü münasibətilə Azərbaycanın təbrikinə verdiyi cavab və Bakı–Kişinyov dostluğunun yüksək qiymətləndirilməsi diplomatik jestdən daha artıq məna daşıyır. Çünki iki ölkə arasında münasibətlərin genişlənməsi üçün real baza artıq mövcuddur.

Qarşıda duran əsas vəzifə uzun illər ərzində toplanan siyasi etimadı real iqtisadi maraqlar sisteminə çevirməkdir. Otuz il əvvəl iki ölkəni ərazi bütövlüyü problemi yaxınlaşdırmışdı. İndi Bakı ilə Kişinyov suverenliyin iqtisadi, enerji və təhlükəsizlik dayaqlarını möhkəmləndirən tərəfdaşlığın yeni platformasını yaradır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55