Xalq şairi Məmməd Rahimin anım günüdür
Cəmiyyət 03 Sentyabr 2026, 12:37
3783
Müşfiqin cəzalanmasını tələb edən Xalq şairi
Bu gün Xalq şairi Məmməd Rahimin anım günüdür.
Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.
Məmməd Rahim (Hüseynov Məmməd Abbas oğlu) 1907-ci il aprelin 20-də Bakıda anadan olub. Şairin atası Abbas kişi kiçik sahibkar olub, ailəsini yaxşı dolandırıb. Elə buna görə də Məmməd Rahim yaşıdlarının çoxuna görə yaxşı təhsil almışdı. O, əvvəlcə rus-tatar məktəbində, sonra isə sovet məktəbində oxuyaraq orta təhsilini tamamlamışdı. 1917-ci ildə onun on yaşı olanda atası dünyasını dəyişir. Məmməd atasından sonra böyük qardaşının himayəsində yaşayır.
1946-cı ildən sonra dövlət işindən uzaqlaşmış və ancaq bədii yaradıcılıqla məşğul olub. Şair əsasən Yazıçılar İttifaqının poeziya bölməsinin rəhbəri kimi çalışıb.
Məmməd Rahimi həmkarları əsasən istedadsız bir şair hesab edib. Lakin onun məşhur “Saldı qara gözlərin neçə aşiqi bəndə” şeiri dövrünün ən yaxşı şeirlərinin siyahısındadır.
Məmməd Rahim repressiya dövründə yaşayan yeganə şairdir ki, onun haqqında müsbət heç bir xatirə yoxdur. O, əsasən tanınmış yazıçılar haqqında gizli və açıq donoslar yazan qələm adamı kimi xarakterizə olunur. Bu donosların bir çoxu həmin dövrün mətbuatında qalmaqdadır.
Rahimin ən yaxşı əsəri olan “Leninqrad göylərində” poeması Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin obrazını yaradılıb. Əfsanəvi təyyarəçinin döyüş yolunu əhatəli şəkildə təsvir edən bu əsər qəhrəmanın ölümü ilə bitir. Şair bu faciəni hüzn, ağrı dolu sətirlərlə təsvir edir.
Şairin bacısı Xeyransa Hüseynova xatirələrində deyir: “Məmməd Rahimdən savayı mənim beş qardaşım vardı. Ancaq evimizin əziz-xələf oğlu məhz Rahim idi. Onu çox sevirdik. Babamın adını daşıyırdı. Rahim özü nə qədər desən xeyirxah idi. Bacıların arasında məni çox istərdi, mən də onu çox sevər, başına pərvanə kimi dolanardım. Rayondan gələn bir çox şair, yazıçı bizim evdə qalardılar. Yazıçı Əbülhəsən ailəsi ilə evi olmadığına görə bizim həyətimizdəki evdə qalırdı. “Dünya qopur” romanını Əbülhəsən məhz bu evdə yazıb. Şair Süleyman Rüstəm həmişə bizə gələndə Əbülhəsənə sataşardı ki, ay Əbülhəsən, dünya nə zaman qopacaq? Romanı nə vaxt bitirəcəksən?.. Gəncədən Mikayıl Rəfili də öz ailəsi ilə bizim evə pənah gətirmişdi. Həyətimizdə bir-iki otağı Rahim onların istifadəsinə vermişdi. Onlar bir müddət özlərinə ev alana kimi orada qaldılar. Mikayıl Müşfiq də tez-tez bizə gələrdi. Rahimlə bir yerdə institutda təhsil alırdılar.”
Lakin, Məmməd Rahim Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, repressiya olunmasında ciddi rol oynayıb. O, öz çıxışlarında Müşfiq haqqında deyir: “Zahirən Sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontrrevolüsioner ruh ilə dolu olan bir sıra əsərləri vardır. İkiüzlü Mikayıl Müşfiq uzun zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtdırmağa can atmışdı. Halbuki, gördüyü işin mahiyyəti etibarilə o, fəlakət carçısından başqa bir şey deyil. O, Azərbaycanın döyüşkən əməkçi xalqını aciz, üzü qara vermişdir. Tarix qabağında isə bu xalq heç də üzüqara olmamışdır. O, əsrlərcə döyüşmüş, üsyan etmiş və nəhayət şanlı Aprel revolüsiasını yaradaraq öz həqiqi azadlığını əldə etmişdir. Müşfiq bunu görməyə kordur. Mikayıl Müşfiq maskalanmaq üçün bəzən çox gurultulu məsələdən yapışıb revolüsion temalar arasında gizlənməyə çalışırdı. Xalq səadətinə düşmən olan bu əclaf, "İnqilab” şeirində proletar revolüsiasını yandırıb yaxan lava, bir vulkan stixiyası kimi təsvir edir. Mikayıl Müşfiq kimi satqınlar sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az əngəl olmamışlar. Artıq onlar ifşa olunmuş, maskaları tamamilə yırtılmışdır. Düşməni amansızcasına ifşa etməkdə prinsipial tənqid hələ çox işlər görməlidir”.
Rahim Əhməd Cavad haqqında Sergey Kirova müraciətində isə deyir: “Neft yurdunda ən erkən yox etməyə başladın imansız müsavatı…” Maraqlıdır ki, “mülayimləşmə” dövrü başlayanda şəhid-şair Əhməd Cavadın şeirlərini ilk dəfə toplayıb kitab halında çap etdirən də Məmməd Rahim olur…
Deyilənə görə, Məmməd Rahim maddi cəhətdən çox imkanlı olduğuna görə adamlara pul verib özünü təriflədərmiş. Eyni zamanda ondan çoxlu pul borc alan həmkarları üzə düşüb Məmməd Rahim haqqında xoş sözlər söyləməyə məcbur olurmuşlar.
Məmməd Rahimin “Azərbaycan” jurnalında “Xəzər sularında” adlı poeması çıxır. Əsəri Qabil də oxuyur. Amma nədənsə Məmməd Rahimlə görüşüb fikrini söyləməkdən qaçır.
Bir gün “Azərnəşr”in foyesində uşaqlar Rahimin başına toplaşırlar. Kişiyə xoş sözlər deyirlər. Birdən hardansa Qabil peyda olur. O, Məmməd Rahimdən yan keçmək istəsə də Məmməd Rahimin gözü onu alır.
- Qabil, niyə yan ötürsən, salam-kalamın hanı?
Qabil diksinir. Bir neçə saniyə yerində qalır. Birdən uşaqları yararaq şairlə üz-üzə dayanır.
- Rahim müəllim, sizə iyirmi min manat borcum var. Maşın alanda mənə əl tutmusunuz, çox sağ olun. Özü də, bu pulu iki-üç ilə, bəlkə də beş ilə ancaq qaytararam. Amma bunların mətləbə dəxli yoxdur. Poemanızı oxumuşam. Xoşuma gəlməyib, çox zəif yazmısınız.
Repressiya illərində Mircəfər Bağırova ədəbi mühitdə baş verənləri çatdıran imzalardan biri də Məmməd Rahim olub. Süleyman Rüstəm söhbətlərinin birində belə nəql edir: O illər qardaş-qardaşa etibar etmirdi. Hətta ata oğulun yanında ehtiyatla danışırdı. Elə bil, otuz yeddinci ildə divar da qulaqlı idi. Lap asqıranda belə Mərkəzi Komitədə eşidirdilər. Bir gün Yazıçılar İttifaqında Səməd Vurğuna dedim ki, ay Səməd, bu xəbərçi kimdir, nə danışırıq gedib Bağırova xəbər verir. Gəl bunu tapaq. Səməd dedi ki, axı necə tapaq? Lap pıçıltı ilə danışırıq, onu da aparıb Bağırova çatdırırlar. Səmədə dedim ki, mən məclisdə türk ədibi Tofiq Fikrətin bir neçə şeirini qəsdən oxuyacağam. Özüm də deyəcəyəm ki, bundan sonra mən türk ləhcəsində, türk şivəsində şeir yazacağam... Başladım türk şeirlərindən birini, əlbəttə, qəsdlə Azərbaycan və türk ləhcələri ilə qarışdırdım. Elə etdim, inansınlar ki, bu şeiri mən yazmışam. Həmin şeiri ilk dəfə Səməd Vurğunun və Məmməd Rahimin yanında oxumuşam.
Axşamı məni Mərkəzi Komitəyə çağırdılar. Dedilər, Mircəfər Bağırov sənin əlindən yaman qəzəblənib. Fikirləşdim ki, yəqin türk dilində şeir "yazdığım" üçündür.
İcazə alıb Bağırovun kabinetinə girdim. O, kabinetdə gəzişə-gəzişə karandaşları oynada-oynada kinayə ilə məni süzdü:
- Dəmirçi oğlu, deyəsən sən də pantürkist olmusan! Türkcə şeirlər yazırsan! Belə getsə, gənclərimizin hamısının beynini korlayacaqsan!
Mən tez zarafata salıb dedim:
- Yoldaş Bağırov, allah eləməsin ki, pantürkist olam. Biz xəbərçi axtarırdıq. Onu da tapdıq. Mən həmin türk şeirini ancaq Səməd Vurğunun, bir də Məmməd Rahimin yanında oxumuşam. Demək, yalançı xəbərçini tapmışıq.
Məmməd Rahim 1977-ci il mayın 6-da Bakıda vəfat edir. Fəxri Xiyabanda dəfn olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55