CƏLAL BƏRGÜŞADIN HƏYATI VƏ YARADICILIQ YOLU YENİ BAXIŞ MÜSTƏVİSİNDƏ
Cəmiyyət 13 Sentyabr 2026, 17:04
3444
Yaxın günlərdə filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin nəfis tərtibatda nəşr olunmuş “Cəlal Bərgüşad” adlı sanballı əsəri ilə tanış oldum. Kitaba professor Nadir Məmmədli oxuculara “Cəlal Bərgüşadın elmi tərcümeyi-halı və ya yazıçının ömür yolu” adlı əhatəli ön söz yazıb. Əslində kitablara yazılan ön söz oxucuya əsərin məqsəd və məramı haqqında verilən istiqamətdir. Bu mənada müəllif giriş sözündə Lütviyyə xanımın əsərinə mükəmməl baxışı, geniş açıqlaması ilə münasibətini bildirib. Fəsillərdə qoyulan məsələlərə, tədqiqat obyektinə müəllifin yanaşma prinsipini çəkdiyi ədəbi zəhmətinin timsalında dəyərləndirib. Burdan da məlum olur ki, Lütviyyə Əsgərzadə yazıçının həyat və yaradıcılığını geniş aspektdə işıqlandırmaqdan ötrü Cəlal Bərgüşadın Ədəbiyyat və İncəsənət arxivində 606 saylı şəxsi arxivində mühafizə olunan müxtəlif sənədləri – xatirələr, məktublar, səfər təəssüratları, qeydlər və bu sıradan digər əlyazıları əsasında bütün materialları xronoloji ardıcıllıqla araşdıraraq işləmiş, nəticədə mükəmməl bir əsərin ərsəyə gəlməsinə və kitablaşmasına nail olmuşdur.
Lütviyyə xanım “Cəlal Bərgüşad”ı müəyyən mənada elmi, publisistik və avtobioqrafik xarakterli əsərlərə xas olan formada işləmişdir. Bu, əslində dili asan, maraqlı və oxunaqlı bir formadır. Nəzərə alsaq ki, müəllif bu əsərlə son 30 ilə yaxın bir vaxtda ədəbiyyatşünaslığın, ədəbi tənqidin diqqətindən kənarda qalmış Cəlal Bərgüşad yaradıcılığına, yazıçının həyatına, irsinə işıq salıb, o zaman kitabın əhəmiyyətini etiraf etməliyik. Başqa sözlə, uzun illərin unutqanlığından sonra müəllifin bu kitabı sanki ədəbi düşüncəmizdə bir oyanış yaratdı. Biz də düşünürük ki, kitabın yazılmasında belə bir ədəbi formanın seçimi doğrudur.
Əslində elmi, monoqrafik əsərlər ədəbiyyatşünaslığın inkişafına və zənginləşməsinə xidmət etdiyindən daha çox tədqiqatçıların maraq dairəsində olur. Bu kitab isə nəinki ədəbiyyatçılarda, eyni zamanda gənclərdə Cəlal Bərgüşad imzasına maraq oyadır, yazıçının əsərlərində yeni nəslə çatdırmaq istədiyi məzmun və ideyasına güclü istək yaradır.
Lütviyyə Əsgərzadə alim, qələm adamı olaraq bu amili nəzərə aldığından yazıçının əsərlərinə baxışını sistemləşdirərək bir süjet ətrafında işləmişdir. Bəlkə də yeni nəslin yazıçını tanmadığını, yaradıcılığından məlumatı olmadığını nəzərə aldığından, onu ədəbi irsinin timsalında xatırlamağı münasib sanmışdır.
Bu, həmin Cəlal Bərgüşaddır ki, bir zamanlar “Bozatın belində”, “Sıyrılmış qılınc” kimi əsərləri ilə tarixin yaddaşını sanki projektorun işığında araşdırıb ədəbiyyata gətirmişdir. Zamanında onun “Qaçaq Nəbi”si təkcə Azərbaycanda deyil, Türkiyə və keçmiş SSRİ məkanında yüksək tirajla nəşr olunmuş, böyük şöhrət qazanmışdır. “Bozatın belində” romanı müəllifin üslubu, dili, təhkiyəsi, gerçək hadisələri, personajları bədii boyalarla xarakterik şəkildə təsvir etdiyindən böyük oxucu auditoriyasının marağını, sevgisini qazanmışdır. “Qaçaq Nəbi” nəinki Azərbaycanda, eləcə də türk dünyasında xalq qəhrəmanı mövzusunda yazılmış əsərlərin sırasında özünün bənzərsizliyi ilə şöhrət qazanmışdır.
Dövrün ziddiyyətləri, varlıların boyunduruğu atında işləyən sadə zəhmət adamlarının, kəndlilərin acınacaqlı vəziyyəti, haqsızlıq həmin əsərdə real, canlı boyalarla təsvir olunmuşdur. Yazıçı qəhrəmanını, digər personajları həyatın içindən alaraq bədii detallarla təsvir etməklə, insanı duyğulandıran təsirli səhnələr yarada bildiyinə və digər məziyyətlərinə görə bu gün də sevilən romanlar sırasındadır.
Xalis yazıçı təxəyyülünə malik olan Cəlal Bərgüşad özünə qarşı həmişə tələbkar olduğundan əsərlərinin tarixilik, müasirlik və bədiilik baxımından mükəmməl olması üçün daim ədəbi axtarışlarda olmuş, tarixin dərin qatlarına enmiş, həyat hadisələrini təbii boyalarla təsvirə almış, xalqın malik olduğu ənənə və dəyərləri, yaşam mücadiləsini, xarakterik formada bir növ mənəvi miras timsalında elə xalqın özünə qaytarmağı qarşısına məqsəd qoymuş və istəyinə nail olmuşdur.
Əslində insan ömrünü obrazlı, həm də məcazi mənada gülün açması ilə solması arasındakı zamana bənzətmək olar. Bu bənzətməni dərk edənlər ötüb keçən zamanı boşa vermir, həyatını xeyirxah əməllərə kökləyir. Cəlal Bərgüşad da yeniyetməlik çağlarından ömrünün son akkorduna qədər yaradıcılıq eşqinə sadiq qaldı...
***
Yazımızın əvvəlində qeyd etdik ki, Lütviyyə xanım yazıçının həyat və yaradıcılığını xronoloji ardıcıllıqla, sistemli şəkildə araşdırmış, fəsillər üzrə qruplaşdıraraq ortaya bitkin bir əsər qoymuşdır. İlk olaraq yazıçının həyatı və taleyi şəxsi sənədlər və xatirələri əsasında qələmə alınmışdır. Avtobioqrafik məlumatlar, yazıçının ağır keçən uşaqlığı, hələ yeniyetməlik köynəyindən çıxmamış müharibəyə səfərbərliyi, orada ağır kontuziya alaraq ordudan tərxis olunması, ilk gənclik illəri və bundan sonra doğma Qubadda əmək fəaliyyətinə başlaması yazıçının tərcümeyi-halının ilkin sətirləri kimi sistematik ardıcıllıqla qələmə alınıb. Lütviyyə xanım imkansızlıq içində yaşayan, ali təhsil almaq üçün Bakıya qanadlanan, gələcək həyatının xəyallarını quran yazıçının ömür yoluna bir növ özünün duyğusal yazı tərzi ilə bələdçilik edib. Xatirə və sənədlərə istinadla müəllifin ömür yoluna işıq salıb. Bu işıq zolağında o, yazıçının arzusunda olduğu Universitetdə təhsil aldığını, qarşısına yaxşı insanların çıxdığını, xeyirxahların məşəl kimi yolunu aydınlatdığını, dövrün təzadlarını muncuq təki sapa düzərək oxucuya təqdim edib.
II Fəslin “İkinci ömür və ya XX əsrin məhəbbət dastanı” kimi təqdim olunması oxucuda “bu nə dastandır”- deyə, bu bölməyə də güclü maraq oyadır. Mütaliə zamanı aydın olur ki, Cəlal Bərgüşad onu böyük məhəbbələ sevən gənc və gözəl Sayad xanımla sanki nağıl ömrü yaşayıb. Təbii ki, bu sevginin yazıçının yaradıcılığına böyük təsiri olub. Aşiqlərin daim uzaq ölkələrə səyahətləri, həyat yoldaşının əsərlərini su kimi ruhuna axıtması, başına pərvanə kimi dolanması Cəlal bəyi xoşbəxt edib.
Yazıçının arxivində 50 ildən sonra açılmasını vəsiyyət etdiyi “Yazıçının arzusu” adlı bir məktubu var. Sayad xanımın icazəsi ilə 30 ildən sonra məktub açılır və Lütviyyə xanım onu əsərinə daxil edir. Görək Cəlal Bərgüşad nə yazıb? Oxuyuruq: “Sayad xanımla evlənməyim mənə yeni həyat, yeni eşq, yeni ilham, yeni qanad, yeni dünyagörüşü bəxş etmişdir. Mənə Cavanşir adında gözəl, ağıllı-kamallı bir oğul bağışlamışdı. Cavanşirin dünyaya gəlişini özümün ikinci dəfə dünyaya gəlişim kimi qiymətləndirirəm... Eşq olsun Sayad xanıma, eşq olsun onun mənə bağışladığı Cavanşirimə...”
Məktubu sonacan oxuyandan sonra inandım ki, XX əsrin ən çox sevilən məhəbbət dastanları sırasında yazıçının ömür yoluna işıq saçmış “Cəlal və Sayad” dastanının da bir başqa özəlliyi var...
***
Cəlal Bərgüşad yaşadığı 72 illik ömründə zəngin bir yaradıcılıq yolu keçmişdir. Tanrı ilk gəncliyindən onun ürəyinə istedad toxumunu səpmiş, qəlbinə təpər, əlinə ömrünün sonuna qədər ayrılmadığı qələm vermişdir. Bu qələmlə o, ədəbiyyatımıza, tarixi keçmişimizə yol almış, yazıb-yaratmış, nəticədə insanlığın mənəvi dünyasına özünün ədəbi incilərini bəxş etmişdir. Lütviyyə xanım yazıçının böyük bir xəzinə timsalında yaradıcılığını ayrıca bir fəsildə xarakterik formada tədqiqat müstəvisinə gətirməklə onun ədəbi obrazını yaratmağa müvəffəq olmuşdur. Və bütün bunları nasirin həyatı haqqında xatirələrin, qeydlərin müşayiətilə sistemli şəkildə səciyyələndirməyə çalışmışdır.
Cəlal Bərgüşadın “Yaradıcılığım” adlı bir qeydindən aydın olur ki, onun ilk qələm təcrübələri məktəb illərində divar qəzeti üçün yazdığı kiçik məqalələrdən başlayıb. İlk mətbu yazısı isə rayonda çıxan “Avanqard” qəzetində çap olunmuş “Cənub taydan əsən meh” adlı şeiridir. Lakin özünün də sonralar etiraf etdiyi kimi, ədəbiyyata “Dilbər xanım” adlı hekayəsilə gəlib. Biz də düşünürük ki, müəllif məhz bu hekayəsindən sonra yazıçı qiyafəsini əyninə alıb...
Tərcümeyi-halından göründüyü kimi, Cəlal Bərgüşad “Azərbaycan pioneri” qəzetində də çalışıb və həmin qəzetin yaradıcılığına təsirini, əsasən də sadə, aydın dildə yazmağı öyrətdiyini qeydlərində xüsusi olaraq vurğulayıb.
Qələm adamından ötrü yaradıcılıq aləmi böyük bir kəhkəşandır və o, özünü bu geniş məkanda rahat və sərbəst hiss edir. Müəllif bu kəhkəşanda yazıçının ədəbi məhsuluna bütün istiqamətdən nəzər yetirərək onun yaradıcılıq yolunu yaddaşlarda közərdir. Və müəllif nasiri öz xatırlamaları əsasında baxış müstəvisinə gətirərək xarakterizə edir.
Təbiidir ki, yaradıcı insanlar özünün yaşadığı, müşahidə etdiyi həyatı əsərlərinə gətirir. Cəlal Bərgüşad da İkinci Cahan Şavaşının vətən övladlarına yaşatdığı ağrı-acıları, itkiləri əsərlərində böyük ustalıqla, insanı kövrəldən bədii detallar, zəngin dil, yazı tərzi ilə qələmə almışdır. Lütviyyə xanım müəllifin yaradıcılığının ilk dövrlərində müraciət etdiyi mövzulara səciyyəvi şəkildə münasibətini açıqlayaraq yazır: “Yaradıcılığının ilk illərində Cəlal Bərgüşad daha çox cəbhəylə bağlı xatirələrini qələmə almış, kiçik hekayələrində müharibənin dəhşətli səhnələri, onun insanların həyatına gətirdiyi ağrı-acılar, döyüşlərdə yazıçının öz başına gələn hadisələr və döyüş yoldaşlarının yaşadığı olaylar öz bədii əksini tapmışdır...” Və fikrinin davamı olaraq yazıçının o ağır cəbhə həyatında gördüyü və yaşadığı acılarına münasibətini bildirir: “Müharibənin dəhşətlərini əks etdirən hekayələrində yazıçı böyük həyat sınağı ilə üz-üzə qalmış sovet əsgərinin sabahkı günə inamını, qəlbində yaşatdığı arzularını, onun uzaqlarda qalmış doğmalarıyla bağlı keçirdiyi həyəcanları ustalıqla qələmə almışdır... O, oğullarını cəbhəyə yola salmış anaların intizar və nisgilini Gülcahan ananın nümunəsində kövrək notlarla oxucuya çatdırmışdır...”
***
Tarixi əsər yazmaq yazıçıdan bəhs etdiyi dövrün ziddiyyətlərini səbrlə, mükəmməl şəkildə araşdırmağı, xalqın həyat-yaşam tərzini öyrənməyi, onun mənzərəsini təxəyyülündə canlandırmağı tələb edir. Bu əziyyətli yol isə istedadla yanaşı, böyük yaradıcı zəhmətdən və məsuliyyətdən keçir. Cəlal Bərgüşad yazıçı üçün mühüm olan bu keyfiyyətlərə qadir olmasaydı, “Bozatın belində”, “Sıyrılmış qılınc” kimi tarixi romanlar yaza bilərdimi...
Lütviyyə Əsgərzadə yazıçının yaradıcılığından bəhs edərkən təbii ki, qəhrəmanlıq tariximizi əks etdirən “Bozatın belində”, “Sıyrılmış qılınc” romanlarına da geniş yer vermiş, hər iki romanın Azərbaycan ədəbiyyatında yerini və mövqeyini bir tədqiqatçı olaraq təhlil, tədqiq obyekti kimi baxış müstəvisinə gətirərək xarakterizə etmişdir. Buna qədərsə dünya və Azərbaycan ədəbiyyatında ilk tarixi romanların yaranması yoluna nəzər salmış, onlardan nümunə gətirdiyi əsərlərə münasibətini müqayisələr zəminində təqdim etmişdir.
Bu fəslin ən böyük məziyyətlərindən başlıcası odur ki, müəllif xalqın çox sevdiyi Nəbinin bütün həyatını, mübarizliyini, qəhrəmanlığını yeni bir prizmadan tədqiq edərək ədəbiyyatşünaslıqda Qaçaq Nəbinin obrazına sadə təsvirlə yeni ştrixlər əlavə etmişdir. Lütviyyə Əsgərzadə yazıçının əsərində diqqət yetirdiyi məqamları, romanın aparıcı xəttinə münasibətini bildirərək yazır: “Romanda bəy və xanların zülmkarlığı, torpaq uğrundakı daxili çəkişmələr, mübarizələr geniş şəkildə əks olunmuşdur. Cəlal Bərgüşad bu romanı yaradarkən tarixi şəxsiyyət, xalq qəhrəmanı kimi Qaçaq Nəbinin həyatı, fəaliyyəti haqqında sənədli faktları dərindən tədqiq etmiş, bir sıra yeni məlumatları aşkarlamışdır”.
Müəllif eyni məsuliyyətlə yazıçının “Sıyrılmış qılınc” tarixi romanı haqqında da öz ədəbi, publisistik fikirlərini geniş şəkildə qələmə almışdır. Onun qeyd etdiyi kimi, Babək Xürrəmi haqqında yazılmış və kitab şəklində nəşr olunmuş ilk tarixi roman Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” əsəridir. Burda da Azərbaycanın taleyindəki acınacaqlı həyat, mübarizələr, xarabazara çevrilmiş obalar, kəndlər, zülm və dağıntılardan, istilalardan əziyyət çəkən insanların həyatı, bütün bunların fonunda Babək Xürrəminin qəhrəman obrazı romanda geniş şəkildə, həm də həqiqət prizmasından bədii boyalarla öz əksini tapmışdır. Lütviyyə Əsgərzadənin yazdığı kimi, Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” tarixi romanı gənc nəslin mərd, qorxmaz bir igid kimi böyüməsində müstəsna əhəmiyyət kəsb edir. Müəllif romanın zamanında ədəbi tənqidimizin də diqqətini çəkdiyini xatırladır. Qeyd edir ki, akademik Ziya Bünyadov, professorlar Teymur Bünyadov və Qulu Xəlilov müəllifin arxivlərdə apardığı gərgin axtarışları, tədqiqi sayəsində ərsəyə gətirdiyi bu tarixi romana layiq olduğu dəyəri vermişdir. Təbii ki, həmin vaxtda roman haqqında qərəzli fikirlərlə çıxış edənlər də olub. Bu nüansları da Lütviyyə Əsgərzadə özünün təhlil süzgəcindən keçirmişdir.
Cəlal Bərgüşadın yaradıcılığının bir qolu da publisistikadır. Xatırlayırıq ki, onun jurnalistik fəaliyyəti iki istiqamətdə inkişaf etmişdir. Bunlar televiziyada portret yazılar, veriliş, ssenarilər və səfər təəssüratları, yol qeydləri əsasında yazdığı, sonralar “Dünyada nələr gördüm” kitabına daxil etdiyi publisistik əsərlərdir. Cəlal Bərgüşad 60-70-80 və 90-cı illərin əvvəlləri, yəni ömrünün sonunadək yazıçı, publisist fəaliyyətini qoşa qanad kimi aparmışdır. O, hər iki sahədə mükəmməl idi. Hətta jurnalistika ilə yazıçılıq onun yaradıcılığında bir-birini inkişaf etdirirdi.
Müəllif “Cəlal Bərgüşadın publisistikası”nı da yaradıcılığının fonunda tədqiqata cəlb etmiş, hər biri haqqında öz mülahizə və fikirlərini bildirmişdir.
Yazıçının “Yol qeydləri və səyahət oçerkləri” jurnalistlik fəaliyyətində aparıcı mövzulardan olduğu üçün də Lütviyyə Əsgərzadə Cəlal müəllimin ürəkləri ehtizaza gətirən bu əsərlərini geniş aspektdə tədqiq-təhlilə cəlb etmişdir. Eləcə də “Acı-şirin xatirələr”, “Xatirələrdə yaşayan Cəlal Bərgüşad” fəsillərində qoyulan məsələlər də adlarından göründüyü kimi, yazıçının həyat salnaməsinin ədəbi, publisistik formada təqdimatıdır. Bu fəsilləri oxuyanda Cəlal Bərgüşadın sevincli, acılı, kədərli həyatı insanı duyğulandırır, onu gözümüzdə ucaldır, bizə doğmalaşdırır.
Cəlal Bərgüşadın ömür yolunu öyrənmək, onun çətin, enişli-yoxuşlu həyatını xatirələrin işığında tədqiq etməkdən ötrü aylarla arxivdə əlyazıları, sənədləri araşdırmaq, işləmək, əsərləri bədii, ideoloji baxımdan tədqiq etmək, müqayisə və ümumiləşdirmələr aparmaq və yazıçının irsini tam halda ədəbiyyatşünaslığın, ədəbi tənqidin diqqətinə təqdim etmək böyük zəhmətdir. Lütviyyə Əsgərzadə bu işlərin öhdəsindən təkcə alim kimi yox, həm də ustad bir qələm adamı olaraq məsuliyyətlə gəlmiş, Cəlal Bərgüşadın həyatını, yaradıcılıq yolunu tədqiq edərək şəxsiyyətinə, irsinə dəyər verməyi bacarmışdır...
Ümid edirik ki, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” əsəri təkcə ədəbiyyatşünaslıqda deyil, geniş oxucu kütləsi tərəfindən də rəğbətlə qarşılanacaq.
Şəfəq Nasir
Yazıçı, publisist.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55