Mirzə İbrahimovun uzun illər taleyi gizli qalan nikahdankənar qızı — Zamira İbrahimovanın həyat və yaradıcılıq yolu
Cəmiyyət 13 Sentyabr 2026, 20:30
3028
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatımıza onlarla say-seçmə əsərlər bəxş edən Xalq yazıçısı, akademik, Mirzə İbrahimov haqqında çox yazılıb. Onun zəngin ədəbi irsi, ictimai-siyasi fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri geniş araşdırılıb. Lakin böyük yazıçının həyatının uzun illər ictimaiyyətdən gizli qalan səhifələrindən biri də qızı Zamira İbrahimovanın taleyi ilə bağlıdır.
Zamira Mirzovna İbrahimova 1938-ci il martın 5-də Leninqradda anadan olub. Onun Mirzə İbrahimovun qızı olması faktı isə uzun illər ictimaiyyətə gizli qalıb və geniş müzakirə mövzusuna çevrilməyib.
Məlumatlara görə, Mirzə İbrahimov vaxtilə respublika rəhbəri Mir Cəfər Bağırova yazdığı məktubda nikahdankənar qızı olduğunu etiraf edib. Həmin dövrə aid xatirələrdə və məktublarda yazıçının Moskvada olduğu zaman yaxın dostu Səməd Vurğunun Zamira ilə münasibətlərini gizlətməsinə ehtiyac olmadığını söylədiyi və onunla görüşməsini tövsiyə etdiyi qeyd olunur.
Yazıçının qızı Solmaz İbrahimova bir vaxtlar bu barədə danışarkən deyirdi: "Bəli, anama qədər yaşadığı qadın olub həyatında... Rusiyada oxuduğu vaxtlar baş verib bu məsələ. Amma atam o qızı heç vaxt sahibsiz saxlamadı. Biz onu bacı kimi qəbul etmişdik. O qız — Zamira İbrahimova gördüyünüz kimi, atamın soyadını daşıdı və atam hər zaman ona qayğı göstərdi. O qız uzun müddət "Ədəbiyyat və incəsənət" qəzetinin Moskvadakı xüsusi müxbiri olmuşdu. Sonra "Oqonyok" jurnalının əməkdaşı oldu. Artıq səksəndən çox yaşı var, Novosibirskdə yaşayır. İndi də əlaqəmiz var, zəngləşirik..."
Solmaz xanım aralarında səmimi münasibətin olduğunu qeyd etsə də, Zamira İbrahimova sağlığında verdiyi müsahibələrdə valideynləri, ailə münasibətləri və şəxsi həyatı barədə danışmağa meylli olmayıb. Əksinə, bu mövzudakı suallardan mümkün qədər uzaq durub. Onun yazılarında da valideynləri haqqında demək olar ki, məlumat yoxdur. Elə bu susqunluq da onun həyat hekayəsinə müəyyən sirr qatır.
Bununla belə, Zamira İbrahimovaya yalnız "Mirzə İbrahimovun qızı" kimi yanaşmaq doğru olmazdı. Çünki o, atasının adından asılı olmayaraq, öz yaradıcılıq və peşəkar dünyasını istedadı sayəsində qurmuşdu.
--- --- ---
Zamira İbrahimova Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1960-cı ildə universiteti bitirdikdən sonra həyatını Sibirlə bağlamaq qərarına gəlib.
Yazını hazırlayarkən Zamira xanım haqqında qələmə alınmış bir neçə məqaləyə nəzər saldım. Xüsusən rusdilli saytlarda onun həyat və yaradıcılığı barədə kifayət qədər ətraflı məlumatlara rast gəlinir. Həmin yazılar arasında sevimli tələbəsi (xatirələrində özünü Zamira xanımın tələbəsi adlandırır) Yuliya Pozdnyakovanın xatirələri xüsusilə diqqət çəkir. Elə yazımızda istifadə etdiyimiz əsas faktlar da Yuliya xanımın qələmə aldığı xatirələrə əsaslanır.
Ümumiyyətlə, Zamira xanımın mətbuatda çap olunmuş müsahibələrinə nəzər salanda, onun şəxsi həyatı ilə bağlı nə qədər "xəsis" münasibət göstərdiyinin, ailə həyatı ilə bağlı sualları cavabsız qoyduğunun fərqinə varırıq. Mənə elə gəlir ki, bu hal təsadüfi deyil. Ola bilsin ki, Zamira xanım arzusunda olduğu uşaqlığı yaşaya bilmədiyi üçün keçmişin həsrətini gələcəyə daşıyır. Hətta bir neçə mənbəyə müraciət etsəm də jurnalistin ailə münasibətləri haqqında bir oğlu və bir qızının olduğundan artıq fakt əldə edə bilmədim. O, kimlə ailə qurmuşdu? Azərbaycana gəlmək kimi bir niyyəti olubmu? Atası ilə nə qədər görüşə bilib?.. Bu sualların əksəriyyəti sual olaraq da qalır...
Həmçinin oxuyun
Yuliya Pozdnyakova, qeyd etdiyim kimi, Zamira Mirzovnanın tələbəsi və səmimi müsahibi olub, sonralar özü Novosibirsk Dövlət Universitetində jurnalistika müəllimi kimi fəaliyyət göstərib. O, xatirələrində yazırdı ki, Zamira İbrahimova gənc yaşlarından jurnalistikaya gəlib və uzun illər sovet dövrünün nüfuzlu nəşrlərində çalışıb. "Molodost Sibiri" və "Sovetskaya Sibir" qəzetlərində, "EKO" jurnalında fəaliyyət göstərib. Həmçinin "Literaturnaya qazeta" qəzetinin və "Oqonyok" jurnalının Sibir üzrə müxbiri olub.
Onun yaradıcılığının əsas istiqamətlərindən biri Sibirdə, xüsusən də Novosibirskdə çalışan alimlərin fəaliyyəti idi. Zamira İbrahimova elmi axtarışları, alimlərin gördüyü işləri və əldə etdikləri nəticələrin cəmiyyət üçün əhəmiyyətini geniş oxucu auditoriyasına çatdırırdı.
Yuliya Pozdnyakovanın xatirələrindən görünür ki, Zamira İbrahimovanın jurnalistikasının əhəmiyyəti yalnız elmi mövzuları işıqlandırması ilə məhdudlaşmırdı. O, mövzuya analitik yanaşması, müşahidə qabiliyyəti və insan xarakterini görmək bacarığı ilə seçilirdi.
Xatirələrdən məlum olur ki, jurnalistika ilə yanaşı, Zamira İbrahimova nəsr və dramaturgiya ilə də məşğul olub. Şeirə də maraq göstərib, lakin şeirlərini geniş şəkildə çap etdirməyə xüsusi həvəs göstərməyib. Onun yaradıcılığından qalan nümunələrdə zaman, ötən illər və insanın keçmişlə münasibəti kimi mövzular xüsusi yer tutur.
Bu mövzular, müəyyən mənada, onun öz həyat hekayəsi ilə də səsləşir. Çünki Zamira İbrahimovanın taleyində keçmiş heç vaxt sıradan bir keçmiş olmayıb...
--- --- ---
Yuliya Pozdnyakova öz yazısında Zamira Mirzovnanın həmin illəri xatırlayarkən müasir jurnalistikanın ən böyük çatışmazlıqlarından biri kimi geribildirimin zəifləməsindən danışdığını qeyd edirdi.
Zamira Mirzovna haqlı olaraq bildirirdi ki, əvvəllər cəmiyyətdə qəzet və jurnallarda dərc olunan yazılara münasibət çox canlı olurdu. Redaksiyalara oxuculardan kisə-kisə məktub gəlirdi.
Məsələn, hakimiyyətlə yaranmış münaqişəyə görə partiyadan xaric edilmiş keçmiş Bratskgesstroy rəhbərini müdafiə edən məqaləsi "Literaturnaya qazeta"da dərc edildikdən sonra redaksiyaya həmin şəxsi müdafiə edən çoxlu məktub daxil olmuşdu.
Daha sonra onun Bratska səfəri ilə bağlı yazısı "Oqonyok" jurnalında dərc edilmiş və yenə saysız-hesabsız oxucu məktubu alınmışdı. Zamira Mirzovna hesab edirdi ki, həmin dövrdə cəmiyyət daha fəal idi. Sonralar isə jurnalistlə oxucu arasında bu canlı əlaqə əvvəlki qədər hiss olunmurdu. Zamira xanımın qeyd etdiyi nüansları bu gün də müasir mətbuatın simasında aydın şəkildə görürük.
--- --- ---
1995-ci ildə Novosibirsk Dövlət Universitetinin Humanitar Elmlər fakültəsində jurnalistika kafedrası yaradıldıqdan sonra Zamira İbrahimova burada müəllim kimi fəaliyyətə başlayıb. O, "Jurnalistika peşələri", "Elmi jurnalistika" və "Jurnalistika etikası" fənlərini tədris edib. Onun tələbələrindən biri də artıq adını çəkdiyimiz Yuliya Pozdnyakova olub.
Pozdnyakova öz xatirələrində Zamira Mirzovnanın dərslərini xüsusi sevgi ilə yada salır. Onun sözlərinə görə, müəllim hər dərsə yeni, təzə dərc olunmuş qəzet və jurnal materialları gətirər, yaxşı jurnalistika nümunələrini tələbələrlə birlikdə oxuyub təhlil edərdi. Zamira Mirzovnanın bunun üçün xüsusi bir qovluğu da varmış. Burada onun diqqətini çəkən, bəyəndiyi və maraqlı hesab etdiyi yazılar toplanırmış.
Yuliya Pozdnyakova yazırdı ki, Zamira İbrahimovanın müəllimlik fəaliyyətində jurnalistika etikası xüsusi yer tuturdu. O, tələbələrin onunla mübahisə etməsindən çəkinmirdi. Əksinə, fikir toqquşmasını düşüncənin inkişafı üçün vacib hesab edirdi.
Pozdnyakova Zamira Mirzovnanın bir müsahibəsində söylədiyi bu fikri də xatırlayırdı: "Mübahisə etməyi sevirəm, çünki hadisələri hərəkətə gətirən şey əks fikirlərin toqquşmasıdır".
Zamira İbrahimova üçün jurnalistika sadəcə peşə deyildi. O, bunu həm də mənəvi məsuliyyət hesab edirdi. Jurnalist haqqında yazdığı insana zərər verməməli, faktları düzgün və obyektiv təqdim etməyə çalışmalı idi.
Xatirələrdə qeyd olunur ki, tələbələr onun dərslərində yalnız federal və beynəlxalq etik standartları öyrənmirdilər. Onlar real hadisələri təhlil edir, yaxşı və pis jurnalist davranışlarını müzakirə edir, hətta öz "etik şkalalarını" yaratmağa çalışırdılar.
--- --- ---
Zamira İbrahimovanın yaradıcılıq yolunun ən mühüm səhifələrindən biri Novosibirsk Akademqorodoku (Akademik şəhərcik) ilə bağlıdır. O, Akademqorodokun formalaşdığı ilk illərin canlı şahidlərindən biri olub. Bu məkan onun üçün sadəcə elmi institutların toplandığı şəhərcik deyildi. Akademqorodok onun nəzərində elmə və gələcəyə inamın simvolu idi.
Yuliya Pozdnyakova yazırdı ki, Zamira Mirzovna Akademqorodokun ilk illərini böyük heyranlıqla xatırlayırdı. O və həmkarı Natalya Pritvits həmin dövr haqqında qələmə aldıqları "Lavrentyevin üçbucağı" kitabında Akademqorodokun ilk illərində hökm sürən romantik ab-havanın onların peşəkar həyatına, dünyagörüşünə və şəxsiyyətlərinin formalaşmasına təsir etdiyini qeyd edirdilər.
Zamira İbrahimovanın Akademqorodoka bağlılığı onun jurnalistikasında da özünü göstərirdi. O, burada çalışan alimlər, onların tədqiqatları və elmin cəmiyyət üçün əhəmiyyəti barədə yazırdı. Beləliklə, elm adamları ilə geniş oxucu kütləsi arasında özünəməxsus körpü yaradırdı.
--- --- ---
Zamira İbrahimovanın həyatındakı qəribə təsadüflərdən biri də doğum tarixi ilə bağlıdır. O, 1938-ci il martın 5-də anadan olub. Düz 15 il sonra, 1953-cü il martın 5-də isə Sovet İttifaqının rəhbəri İosif Stalin vəfat edib.
Zamira Mirzovna müxtəlif vaxtlarda doğulduğu günün o qədər də adi tarix olmadığını yarızarafat, yarıciddi şəkildə qeyd edərdi. Kiçik görünən bu detal onun həyatında şəxsi tale ilə böyük tarixi hadisələrin necə qəribə şəkildə kəsişdiyini göstərən maraqlı nüanslardan biridir.
Zamira İbrahimova 2023-cü il aprelin 5-də, 85 yaşında vəfat edib. Onun həyatındakı ən böyük paradokslardan biri bəlkə də budur: o, Azərbaycan ədəbiyyatının böyük simalarından birinin qızı idi, amma ömrünün böyük hissəsini atasının şöhrətindən uzaqda, öz adı və öz peşəsi ilə yaşadı.
O, jurnalist kimi yaşadığı ölkənin mətbuat tarixinə öz töhfəsini verdi. Alimləri, onların axtarışlarını və ideyalarını geniş oxucu auditoriyasına çatdırdı. Müəllim kimi yeni nəsil jurnalistlərin formalaşmasına təsir göstərdi. Yazıçı, dramaturq və şair kimi isə öz yaradıcılıq dünyasını yaratdı.
Tələblərinin və dostlarının xatirələrində Zamira Mirzovna sərbəst düşünən, mübahisədən çəkinməyən, tənbəlliyi qəbul etməyən, yaxşı jurnalistikaya və elmə inanan, tələbələrini düşünməyə sövq edən bir ziyalı kimi görünür.
Bütün bunlarla yanaşı, o, həyatının ən mühüm suallarından birini də özü ilə apardı: Mirzə İbrahimovun qızı olmaq, yoxsa sadəcə Zamira İbrahimova olmaq? Məncə, Zamira xanımın həyatı ilə yaxından tanış olduqda bu suala cavab vermək o qədər də çətin olmur...
Zamira İbrahimova atasının adı ilə tanınmaqdan daha çox, öz adı ilə yadda qalmağa çalışdı və buna nail oldu. Onun taleyi bir tərəfdən Mirzə İbrahimovun həyatının az bilinən səhifəsidirsə, digər tərəfdən sovet dövrünün Azərbaycan-Rusiya ədəbi-mədəni əlaqələrinin, Sibir jurnalistikasının və elm ilə cəmiyyət arasında körpü yaratmağa çalışan ziyalı nəslinin maraqlı tarixidir...
Müəllif: Məcid Rəşadətoğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55