Bizə yazın

Baku

-°C

USD

-

Formula-1 Qran-prisi ilə bağlı əsas məqamlar açıqlanıb 

Cəmiyyət 23 Sentyabr 2026, 09:45

2691

Bakı onuncu yubiley Formula-1 Qran-prisini qəbul etməyə hazırlaşır. Ötən illər ərzində Bakı Şəhər Halqası rekordların, gözlənilməz qələbələrin və dramatik finişlərin ünvanına çevrilərək çempionat təqviminin ən gözlənilməz traslarından biri kimi tanınıb. 2026-cı ildə isə Bakı yarışını gözlənilməz edən məqamlardan biri çempionluq uğrunda mübarizədir: mövsümün lideri Kimi Antonelli ən yaxın izləyicisini 81 xal qabaqlayaraq Azərbaycan Qran-Prisinə gəlir.

Bu barədə Citypost.az-a Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd olunub ki, bu il yarış həftəsonunun cədvəli də fərqli olacaq. Sərbəst yürüşlər cümə axşamı sentyabrın 24-də, sıralama turu cümə günü, əsas yarış isə şənbə günü sentyabrın 26-da keçiriləcək:

"Herman Tilkenin layihələndirdiyi Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə keçirilib. Həmin il mərhələ Avropa Qran-Prisi adlanırdı. 2017-ci ildən etibarən isə Bakı yarışı təqvimdə Azərbaycan Qran-Prisi adı ilə yer alır. Bu müddətdə yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarış baş tutmayıb".

Məlumata görə, Bakı Şəhər Halqasında bir dövrənin uzunluğu 6,003 kilometrdir. Pilotlar yarış zamanı 51 dövrə tamamlayaraq ümumilikdə 306 kilometrdən çox məsafə qət edirlər. Saat əqrəbinin əksi istiqamətində hərəkət edilən tras 20 döngədən ibarətdir.

Trasın ən məşhur hissələrindən biri İçərişəhər divarları boyunca uzanır. Səkkizinci döngədə yolun eni təxminən 7,6 metrədək azalır. Burada baryerlərin yaxınlığı pilotlara səhv etmək üçün demək olar ki, heç bir imkan vermir. Bakı trasının daha bir fərqli xüsusiyyəti isə onun start hissəsidir: poul mövqeyi ilə birinci döngədəki əyləcləmə nöqtəsi arasında cəmi 141 metr məsafə var:

"Bakı həm də bolidin sazlanması baxımından komandaların işini çətinləşdirən traslardandır. İçərişəhərdəki dar və yavaş döngələrdən sonra pilotları uzun və yüksək sürətli hissələr gözləyir. Buna görə komandalar döngələrdə lazım olan aerodinamik yüklənmə ilə düzlüklərdə yüksək sürət arasında düzgün balans tapmalıdırlar. Baryerlərin trasa yaxın olması isə hər bir səhvin qiymətini artırır.

Bakı trasında sürətin nə qədər yüksək ola biləcəyini 2016-cı ildə Valtteri Bottas göstərdi. Williams komandasında çıxış edən finlandiyalı pilot təxminən 378 km/saat sürətə çatdı. Bu göstərici bu günədək Formula 1 bolidinin yarış həftəsonunda qeydə aldığı ən yüksək sürətlərdən biri olaraq qalır.

Amma Azərbaycan Qran-Prisini fərqləndirən yalnız trasın quruluşu deyil. Yarışın ilk illərindən etibarən Bakı ayrı-ayrı yarışların nəticəsinə, bəzən isə çempionatın ümumi gedişinə təsir edən hadisələrin də şahidi olub. 2017-ci il Azərbaycan Qran-Prisi mövsümün ən yaxşı yarışı seçilib. Həmin yarışın ən çox xatırlanan anlarından biri Təhlükəsizlik Avtomobilinin arxasında Sebastyan Fettel və Lyuis Hemilton arasında yaşanan insident olub. Yarış ərzində 42 ötmə qeydə alınıb. Onuncu yerdən start götürən Daniel Rikkardo isə bütün hadisələrdən maksimum yararlanaraq Bakıda qələbə qazanıb.

Bir il sonra əsas hadisələrdən biri Red Bull pilotları Daniel Rikkardo və Maks Ferstappen arasında yaşanıb. Yarış boyu bir neçə dəfə mövqe uğrunda mübarizə aparan komanda yoldaşları sonda toqquşaraq mübarizəni dayandırıblar. Daha sonra lider Valtteri Bottas trasdakı qalıqların üzərindən keçərək təkərini partladıb və finişə az qalmış qələbəni əldən verib.

2021-ci ildə də qalib sonadək bəlli olmayıb. Yarışa liderlik edən Ferstappenin yüksək sürətlə qəza etməsindən sonra yarış qırmızı bayraqlarla dayandırılıb. Restartda isə onun çempionluq uğrunda əsas rəqibi olan Hemilton birinci döngədə səhvə yol verib və nəticədə xalsız qalıb.

2024-cü ildə də mübarizə son dövrələrədək davam edib. Oskar Piastri uzun müddət Şarl Leklerin təzyiqi altında olsa da, liderliyi qoruyaraq Bakıda qalib gəlib. Sondan əvvəlki dövrədə isə Serxio Peres və Karlos Saynsın toqquşması hər iki pilot üçün yarışı erkən başa çatdırıb.

2025-ci il də hadisəsiz ötüşməyib. Sıralama turu qırmızı bayraqlara görə altı dəfə dayandırılıb və bununla Formula 1-də yeni rekord qeydə alınıb. Sessiya 1 saat 58 dəqiqə davam edib və 2024-cü ildə Bakıda keçirilən yarışdan daha uzun çəkib.

Bütün bunlar Bakı Şəhər Halqasının nə qədər gözlənilməz ola bildiyini göstərir. Burada poul mövqeyindən başlamaq belə qələbəyə zəmanət vermir. Uzun düzlük ötmə imkanları yaradır, Təhlükəsizlik Avtomobilinin trasa çıxması isə komandaların bütün planlarını bir anda dəyişə bilər.

Serxio Peres Bakı trasında 2021 və 2023-cü illərdə qalib gələrək Azərbaycan Qran-Prisini iki dəfə qazanan ilk pilot kimi tarixə düşüb. Maks Ferstappen isə 2022 və 2025-ci illərdə finiş xəttini birinci keçərək keçmiş komanda yoldaşının göstəricisini təkrarlayıb. Beləliklə, Bakıda onuncu yarış öncəsi hər iki pilotun hesabında iki qələbə var.

Şarl Leklerin Bakı statistikası isə fərqli məqamla seçilir. Ferrari pilotu 2021, 2022, 2023 və 2024-cü illərdə ardıcıl dörd dəfə Bakıda poul mövqeyini qazanıb. Ferstappen 2025-ci ildə bu seriyanı dayandırsa da, Lekler hələ də Bakı mərhələsində ən çox poul qazanan pilotdur. 2019-cu ildə qeydə aldığı 1:43,009 nəticə ilə yarışın ən sürətli dövrə rekordu da ona məxsusdur. Maraqlısı odur ki, Lerkler Bakıda qazandığı dörd poulun heç birini qələbəyə çevirə bilməyib. Bu nəticələr Bakı yarışının necə də gözlənilməz olduğunun daha bir sübutudur.

Bu dəfə Bakıya çempionatın lideri kimi Kimi Antonelli gəlir. Mercedes pilotu əvvəlki mərhələdə – Madriddə qalib gəlib və mövsümün ilk 14 yarışından səkkizini qələbə ilə başa vurub. Mövsümün sonuna doqquz mərhələ qalmış italiyalı komanda yoldaşı Corc Rasseli 81 xal qabaqlayır.

Antonelli üçün Bakı tanış trasdır. 2025-ci ildə italiyalı pilot burada sıralanmanı 4-cü pillədə başa vurub, yarışı da eyni nəticə ilə tamamlayıb. Bir il sonra isə Antonelli Azərbaycana çempionatın lideri kimi qayıdır".

Bildirilib ki, digər maraqlı məqamlardan biri Ferstappen və Leklerin nəticələri olacaq: "Ferstappen qalib gəlsə, Azərbaycan Qran-Prisini üç dəfə qazanan ilk pilot olacaq. Lekler isə Bakıda növbəti poulunu qazanmaqla yanaşı, ilk dəfə ön sıradan başladığı yarışı qələbə ilə başa vurmağa çalışacaq.

Bu il Formula 2 yarışlarının formatı da fərqli olacaq. F2 Azərbaycan Qran-Prisinin yeganə dəstək seriyası olduğundan Bakı mərhələsi üçün proqram genişləndirilib. Cümə axşamı sərbəst yürüşdən sonra iki sıralama turu keçiriləcək. Cümə günü pilotlar əvvəlcə sprintdə, daha sonra ilk əsas yarışda mübarizə aparacaqlar. İkinci əsas yarış isə şənbə günü baş tutacaq. Formula 2-də bu format yalnız Bakı mərhələsində tətbiq ediləcək.

2026-cı il yarışı Formula 1-in Azərbaycandakı tarixində onuncu mərhələ olacaq. 2016-cı ildə Avropa Qran-Prisi adı ilə başlayan Bakı yarışı sonrakı illərdə Azərbaycan Qran-Prisi kimi Formula 1 təqvimində öz yerini tutub.

Əvvəlki doqquz il göstərib ki, Bakı yarışında vəziyyət bir neçə dövrə, bəzən isə bir döngə ərzində tamamilə dəyişə bilər. Dar küçələr, uzun düzlüklər və baryerlərin yaxınlığı pilotlara səhv üçün çox az imkan verir. İndi isə Bakı Şəhər Halqasında bu tarixə onuncu yarış əlavə olunacaq".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19