Bizə yazın

Baku

-°C

USD

-

Əliyev Yeltsinlə niyə görüşmüşdü? Vaşinqtonda verilən cavab və BMT-nin xilası  

Cəmiyyət 26 Sentyabr 2026, 10:44

9251

Milli Məclisin deputatı Zahid Oruc yazır:

İkinci dünya müharibəsi beynəlxalq münasibətlər sistemini köklü şəkildə dəyişdirdi. Lakin Sovetlərin qələbəsindən sonra müttəfiqlərin birgə siyasi iradəsi ilə yaradılan Birləşmiş Millətlər Təşkilatı 81-ci ilində daha böyük çağırışlar və risklər qarşısındadır. Yalnız bir fərqlə - dünyanın bir nömrəli təşkilatının hazırkı siyasi gündəliyi Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin təminatı üçün seçdiyi yolun doğruluğunu sübut edir. 

Yüzlərlə dövlət və hökumət rəhbərinin çıxışları vahid bir məzmunda birləşir - yeni dünya nizamı hələ çox uzaqdadır. BMT tribunasının özü getdikcə xalqları və dövlətləri birləşdirən kürsüdən çox, ideoloji qarşıdurmaların, hərbi gücün , geosiyasi hesabların və dövlətlərarası düşmənçiliyin nümayiş olunduğu meydana çevrilir. Baş Assambleya sədrinin özü belə açılış nitqində birlik çağırışlarını səsləndirmədi, dünyanın parçalanmas əsas  zalda nümayiş olundu, təhlükəsizlik, dialoq və ortaq məsuliyyəti önə çəkən çıxışlar az eşidildi. Nüfuzlu Reuters  agentliyi keçirilən sessiyanı Ukrayna və Yaxın Şərqdə davam edən müharibələrə, İran ətrafında genişlənən qarşıdurmaya görə beynəlxalq təhlükəsizlik böhranını qurumun varlığına “böyük təhdid” adlandırır.

Tanınmış beyin mərkəzi Chatham House sürətlə formalaşan çoxqütblü dünyada BMT-nin aqibətini sual altında göstərir,  Brookings isə qurumun dərin ziddiyyətlər içərisində olduğunu, Təhlükəsizlik Şurasının iclaslarının tez-tez bloklandığını, təşkilatın maliyyə çatışmazlığı ilə üzləşdiyini xüsusi vurğulayır.

 

İndi dünyada münaqişələrin sayı əvvəlki dövrlə müqayisədə daha da artıb. Sovetlərdən sonra Qərbin triumfal qələbəsi eyforik vəziyyət yaratmışdı. Mötəbər mənbə olan Uppsala Conflict Data Programı 2025-ci ildə 65 silahlı münaqişə qeydə alıb və açıqlanan rəqəmlər 1946-cı ildən bəri ən yüksək göstəricidir. Belə şəraitdə Finlandiyanın dövlət başçısı Aleksandr Stubb sistemli institusional təklif irəli sürür. Onun “yeni San-Fransisko anı” adlandırdığı yanaşma - 1945-ci ildə yaradılmış beynəlxalq sistemin XXI əsrin güc balansına uyğunlaşdırılması deməkdir.  Kiçik dövlət üçün cəsarətli bir çağırışın məntiqi çox aydındır: dünya dəyişib, qüvvələr nisbəti əvvəlki tək deyil, XXI əsrin siyasi arxitekturası olduğu kimi qala bilməz.

Son illər Birləşmiş Ştatlarla tarif müharibəsi yaşayan Kanadanın Baş naziri Mark Carney isə bütün dövlətləri eyni anda razılaşa bilmədiyi məsələlərdə çevik koalisiyalar qurmağı çıxış yolu kimi görür. 

Braziliya Prezidenti Lula da Silva isə başqa problemə - beynəlxalq sistemin təmsilçilik böhranına toxunur. Qlobal Cənubun artan iqtisadi və demoqrafik çəkisi BMT-nin qərarverici strukturlarında eyni dərəcədə görünmür. 

Lakin keçmiş sovet məkanı BMT tribunasından səslənən ideyaları ən yaxşı test edən, son 36 ildə qlobal toqquşmaların əsas ünvanı kimi gələcək dünya təhlükəsizliyinin konturlarını da verə bilər. 

Təkcə son Ukrayna müharibəsi yüzlərlə qətnamə, bəyanat və keçirilən sonsuz diplomatik raundlar qanlı savaşa son qoymaq üçün yetərli olmadı. Sayı 25 mindən artıq adlı sanksiyalar, bir trilyon dollara çatan hərbi, maliyyə və humanitar yardımlar tərəflərin bəyan etdiyi hər həftə on minlərlə canlı itkilərin qarşısını almaqda acizdir. 

 

Lakin bir münaqişənin nəticələri indi BMT-də liderlərin axtardığı yeni dünya nizamını qurmağa imkan verir. Tarixi rakurs çox gərəklidir - bəllidir ki, Ermənistan-Azərbaycan arasında silahlı qarşıdurma Sovetlər sisteminin iflasında mühüm rol oynadı. Çörçilin Fultonda əsasını qoyduğu soyuq müharibə əslində məhz Qarabağda qaynar fazaya keçdi. Çünki hər iki respublika müstəqil deyildilər və Almaniyanın birləşməsi ilə başa çatan iki ideoloji qütbün savaşı Qafqazda yeni mərhələyə keçdi. 1989-cu ildə BMT Baş Assambleyasının 44-cü sessiyası keçirilirdi, Azərbaycan və Ermənistan isə hələ də SSRİ-nin tərkibində idi. Yetmiş illik imperiyanın süqutu milli münasibətlər sistemində dərin böhranının birbaşa nəticəsi oldu. 

SSRİ dağılandan sonra münaqişə BMT-nin üç həlledici üzvü arasındakı nüfuz və maraqlar savaşına çevrildi. 1990-cı illərin əvvəli beynəlxalq institutlara böyük ümidlər dövrü idi, hələ regional münaqişələrin siyasi vasitəçiliklə həll olunacağına inam vardı. Nəticədə 1992-ci ildə Minsk prosesi yaradıldı, 1993-cü ildə isə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri qəbul olundu. O dövrdə zəif diplomatiya və vahid nizami ordunun yoxluğu şəraitində Azərbaycanın işğal edilmiş ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılmasını tələb edən sənədlər mühüm nailiyyət sayırdı.

Sonrakı iyirmi yeddi ildə Qarabağ münaqişəsi Minsk Qrupunun inhisarına keçərək, regionu nüfuz dairəsinə bölən dövlətlər arasında beynəlmiləl savaş zonasına çevrildi. Lakin milli lider Heydər Əliyevin hələ o zamanlar BMT kürsüsündən dünyaya verdiyi mesaj gələcəkdə bir milli dövlətin ərazi bütövlüyü və suverenliyi üçün yox, bütün dünyada ədalətli sülhün təminatının əsas düsturu sayıla bilərdi. 

Ayaz Mütəllibov və Əbülfəz Elçibəy dövründə ölkəmiz artıq BMT üzvü olsa da, heç biri Baş Assambleyanın ümumi debatında çıxış etməmişdi. 29 sentyabr 1994-cü ildə Heydər Əliyev BMT tribunasına çıxan müstəqil Azərbaycanın ilk dövlət başçısı oldu. Həmin nitqində o, Qarabağ münaqişəsinin həll yolunu uzaqgörənliklə irəli sürdü. “Biz Ermənistan tərəfinə beynəlxalq hüquq, ədalət və humanizm əsasında sülh təklif edirik”, - deyən Əliyev eyni zamanda Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verildiyini, kommunikasiyaların bərpasını və ərazi bütövlüyünü ölkəsinin dəyişilməz şərtləri kimi təqdim etdi. 

Heydər Əliyevin BMT-dən verdiyi tarixi mesajlar üstündən on illər keçdikdən sonra da siyasi əhəmiyyətini  və aktuallığını qoruyub saxlayırdı: əgər Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar icrasız qalırsa, o zaman heç bir qüvvə milli dövlətlərin öz torpaqlarını hərbi yolla azad etmək hüququna qarşı çıxa bilməz.  

Zaman göstərdi ki, beynəlxalq institutlar geosiyasi maraqlar üçün  alətdir. Azərbaycan öz üzərində Avropa və Qərb təşkilatlarının, o cümlədən qlobal media və üçüncü sektorun işğala necə haqq qazandırdıqlarını ən çox yaşayan nadir ölkədir. Ona görə də 2020-ci ilin 27 sentyabrı - Vətən müharibəsinin başlanması günü işğal olunan torpaqların azad olunması və suverenlik savaşından çox beynəlxalq münasibətlər sisteminə qarşı açıq üsyandır. Geosiyasi inqilab ilk növbədə, regionda məğlubiyyət üzərində qurulmuş istismarçı vasitəçilik missiyasının dağıdılmasıdır. İlham Əliyevin dünya liderliyini nümayiş etdirən Zəfərin BMT-də tanınması təkcə qəbul edilən qətnamələri həyata keçirən bir liderə hörmət olmazdı, eyni zamanda, dünyada nüfuzunun xilası üçün üzərinə qlobal missiyanı götürən təşkilata da ehtiram gətirərdi. İndi xarici ölkə başçılarının axtardığı yeni qlobal təhlükəsizlik sisteminin əsası məhz Qarabağda - 44 gündə qoyulub. 

Qarabağı digər münaqişələrlə eyniləşdirmək mümkün deyil: onların tarixi şəraiti, hüquqi mərhələləri və siyasi statusu, demoqrafiyası, xarici dövlətlərin iştirakı və güc balansı fərqlidir. 

   

Dnestryanı münaqişə də sovetlərin dağılmasının məhsuludur. Eyni tarixi  dəyişikliklər dövründə Moldovada baş qaldıran separatizm dalğası üç onillikdən sonra da yekun siyasi həllini tapmayıb. 

Abxaziya və Cənubi Osetiya da oxşar hərəkatın nəticəsidir, lakin  2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra problem daha mürəkkəb mərhələyə daxil oldu. Kosovonun tanınması ilə keçmiş Yuqoslaviyanın yerində yeni dövlət inşa edən Kondoliza Rays Kreml üçün hazır düstur verdi: Moskva iki regionu ayrıca dövlət kimi tanıdı və əraziləri tamamilə hərbi-iqtisadi cəhətdən öz nəzarətinə götürdü.

Yaxın Şərqdə isə vəziyyət tarixən daha mürəkkəb xarakter daşıyıb. İsrail-Fələstin münaqişəsi Qarabağdan xeyli yaşlıdır, iki xalqın siyasi xəritədə milli dövlət kimi tanınması uğrunda əsrlərdir gedən mübarizəsi indi ekzistensial, yəni mövcudluq, varlıq savaşına keçib. Ona görə də münaqişə kifayət qədər beynəlmiləlləşib və dini mahiyyət qazanıb, son üç ildə Qəzza inzibati ərazi və yaşayış vahidi kimi silinib, regionun gələcək statusu üçün Sülh Şurası yaradılıb, humanitar fəlakətin miqyası və qaçqınlar problemi qlobal siyasi qarşıdurmaya çevrilib. Təsadüfi deyil ki, Fransa lideri Assambleya tribunasından məhz Fələstin üzərindən islam dünyasının rəğbətini qazanmağa çalışdı və təsirli çıxışı salonda alqışlandı.

İran ətrafındakı qlobal hərbi qarşıdurma daha da genişlənir. İranın nüvə proqramı, çoxillik embarqo və sanksiyalar, on üç ərəb ölkəsinə Tehrandan atılan raket zərbələri, Hörmüz dəhlizinin tez-tez bağlanması və dövlətlərin bir-birinə qarşı gücdən istifadə etməsi müvəqqəti razılaşmalara gətirsə də, böhran davam edir. 

Rusiya-Ukrayna müharibəsi Qarabağla müqayisədə həm yaxın, həm də çox fərqli xüsusiyyətlərə malikdir. Açıq dövlətlərarası müharibə, nüvə dövlətinin iştirakı və Avropa təhlükəsizlik sisteminin gələcəyi savaşın miqyasını tamamilə dəyişdirir. Qarabağ Kiyev üçün nümunə ola bilmədi. Çünki Volodimir Zelenskinin Nyu-Yorkda verdiyi mesajlar Ulu öndər Heydər Əliyevin şəxsiyyət miqyası, siyasi cəsarəti və strateji baxışlarından çox-çox geri qalırdı. O, “raketlə Moskvaya gedəcəyini” söyləməklə medianın bir günlük effektinə işlədi. Doğrudur, ukraynalı liderin sərt leksikon üçün güclü əsasları var. Lakin 1990-cı illərin Azərbaycanı hərbi-siyasi meydanda təkbaşına savaşırdı. İndi 51 dövlətin misilsiz himayəsi və yardımı, o cümlədən, ukraynalıların qətiyyəti və qəhrəmanlığı sayəsində ayaqda qalan bir prezident onun vətənində aparılan qlobal savaşı durdurmağı bacarmalıdır. 

 

Heydər Əliyev o zaman Moskvadan idarə olunan müharibəni dayandırıb sonra nifrət etdiyi Rusiya lideri ilə Kremldə görüşməyə getmişdi. Qorbaçova qalib gələn və “yaşasın Amerika” şüarı ilə demokrat obrazında nüfuz qazanan Yeltsin müəllifi olduğu kitabında Əliyevə qarşı əsassız ifadələr işlətmişdi. Lakin siyasət təmsil etdiyin millətin mənafeyi naminə şəxsi antipatiya və simpatiyanı bir kənara qoymağı tələb edir. Georgiyevski salonunda keçirilən görüş millətimizin taleyində dönüş anı adlandırıla bilər. Üstündən üç il keçəndən sonra məhz Vaşinqton səfərində Əliyev bəyan etmişdi ki, Moskvada müəyyən dairələr ona sui-qəsd edərək Azərbaycanı tamamilə ələ keçirməyə çalışır. Halbuki o zaman neft müqaviləsi artıq imzalanmış, regional güc nisbəti Bakının xeyrinə dəyişmiş, əksinə qeyri-sabitliyin episentri İrəvana keçmişdi. Levon Ter Petrosyanın devrilməsinə aparan yol ATƏT-in Lissabon sammitində qazanılan qətiyyətli qələbə və erməni icmasının danışıqlardan tamamilə kənarlaşdırılması ilə nəticələndi.

 

Ona görə də müqəddəs sentyabr günləri BMT sessiyası və Qarabağ müharibəsini eyni siyasi təqvimdə birləşdirir. Azərbaycanın Qələbəsi dünyanı ədalətli sülhə gətirən mühüm hadisədir. Əgər iki dövlət bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərini hüquqi sənəddə tam tanıyar, qarşılıqlı ərazi iddialarından imtina edər, diplomatik münasibətlər qurar və kommunikasiyaları açarsa, nəinki post-sovet məkanının uzunmüddətli münaqişə tarixində mühüm presedent yaranar, eləcə də digər müharibələri bitirmək üçün də nümunə meydana çıxar. 

İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı burada xüsusi əhəmiyyət daşıyır. Prezident vurğulamışdı ki, əvvəlki illərdə yüksək tribunadan işğal, qətnamələrin icra olunmaması və beynəlxalq sistemin çatışmazlıqları haqqında danışırdı. 2025-ci ildə isə nitqini “qələbə və sülhə gedən yol” kimi qurur. Azərbaycanın BMT-dəki mövqeyi münaqişəsinin həllini vasitəçilərdən və ən güclü dövlətin mandatından gözləmir, indi qalib təhlükəsizlik arxitekturasını tarixində ilk dəfə özü qurur.

Qalib Azərbaycanı Təhlükəsizlik Şurasının daimi üzvlüyünə qəbul etməklə BMT-nin gələcək islahatına yeni məzmun vermək olar. İkinci dünya müharibəsindən sonra formalaşan Şura əslində qaliblər klubu kimi qurulmuşdu - beş daimi üzv məhz o müharibədən zəfərlə çıxan dövlətlər idi. Səksən il sonra beşlər klubunun tərkibi eynidir, halbuki dünya xeyli dəyişib. Azərbaycanın mandatı işğala məruz qalıb, lakin milli iradəsi və gücü ilə öz ərazi bütövlüyünü bərpa edən bütün xalqların səsi olar.

75-ci sessiyanın başa çatdığı günlərdə Qarabağ müharibəsi başlamışdı. Hesablama nöqtəsini də məhz oradan götürmək olar. Əliyevin BMT və dünya liderliyi ilə nail olduğumuz nəticə-Zəfər yeni dünya nizamının Cənubi Qafqazdan başlanmasına imkan verir. 

Qlobal konfliktlərin həlli yollarını tapmağa çalışan qüvvələrin qarşısında tarixi bir nümunə yaranır. Ötən əsrin əvvəllərində Paris Sülh konfransı dünyada siyasi xəritələri cızan mərkəz idi. İndi vəziyyət köklü şəkildə dəyişib. Azərbaycan qalibiyyətinin legitimliyini və yeni geosiyasi arxitektura quruculuğunu Vaşinqtonda təsdiqlətməyi bacarıb. ABŞ liderinin öz parlaq çıxışında İlham Əliyevin adını çəkməsi tamamilə qanunauyğun hadisədir. Çünki ölkəmiz öz miqyasından daha böyük təhlükəsizlik və geopolitik nəticə qazanıb.

Azərbaycan BMT-ni xilas edib. Qarabağın otuz ildən artıq tarixi bir mühüm nəticəni aydın şəkildə dünyaya nümayiş etdirir: qətnamələri həyata keçirən güclü ordulardır, əks halda indi ölkəmiz də Nyu-Yorkdan dünyaya ədalətsizliyin hələ də davam etdiyinə dair növbəti bəyanatını verirdi.

Azərbaycanın Qarabağda qazandığı qələbə qlobal təhlükəsizlik sistemini də böhrandan çıxarmağa imkan verir. BMT-nin 81-ci sessiyasında beynəlxalq sistemin parçalanmasından, veto böhranından və böyük dövlətlərin özlərinin müxtəlif müharibə və qarşıdurmalara cəlb olunmasından danışıldığı bir vaxtda Cənubi Qafqaz yeni dövrə qədəm qoyur. Bir vaxtlar dünyanı ayıran Qarabağ münaqişəsi indi Azərbaycan və Ermənistanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü və dövlət kimliyini qarşılıqlı tanıdığı sülh mərhələsinə keçir. Əgər proses yekun müqavilə ilə tamamlanarsa, Azərbaycanın Qarabağda qazandığı qələbə yalnız bir millətin uğuru kimi qalmayacaq, iki xalq arasında uzunmüddətli münaqişəyə son qoyulmasının parlaq beynəlxalq nümunəsinə çevriləcək. Yeni dünya nizamının dəyəri bir dövlətin daha çox konfliktə müdaxilə etməsi ilə müəyyənləşmir, hansı dövlətin tarixi düşmənçiliyi dayanıqlı sülhə çevirməsi ilə ölçülür!

Xalqımızın qələbəsi nəinki milli, yaxud türk dünyası və islam aləminin, eləcə də ədalət tərəfdarı olan bütün insanların, o cümlədən, BMT-nin baş binasının təməllərinə yazılan müqəddəs idealların təntənəsidir!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55