Bizə yazın

Baku

-°C

USD

-

Onlar qələmlə yazılacaq tarixi öz qanları ilə yazdılar

Cəmiyyət 27 Sentyabr 2026, 07:00

3492

Məmləkətin sükutu belə bənzərsiz bir nəğməyə çevrilir bu gün. İlin başqa günlərində küləyin pıçıldadığı xəzan yarpaqları sentyabrın bu çağında sanki bir andın, bir duanın pıçıltısına dönür. Zaman dayanır, təqvim öz boynunu büküb torpağın köksündən gələn o müqəddəs səsi dinləyir. Bu gün  Anım Günüdür... Torpağın səmaya, canın Vətənə qovuşduğu, hicranın vüsala çevrildiyi o ilahi anın ildönümüdür. Bəlkə də ona görə 27 sentyabr bizim üçün yalnız təqvimdə bir tarix deyil; bu tarix bir xalqın göz yaşının qürura, itkisinin Zəfərə, ayrılığının əbədiyyətə çevrildiyi gündür.

Şəhidlik sıradan bir ölüm deyil. Şəhidlik varlığın ən ali, ən nurani şəkildə əbədiyyətə çevrilməsidir. Şəhid bu dünyadan gedərkən özü ilə yalnız öz ömrünü aparmır; bir ailənin sevincini, bir ananın ümidini, bir atanın qürurunu, bir uşağın atasına bağlılığını da yarımçıq qoyur. Amma qəribədir, onların yarımçıq qalan ömrü Azərbaycanın taleyində tamamlanır. Onlar təkcə torpağın altında yatmırlar; minillik palıdların kökündə, dağların məğrur zirvəsində, bulaqların suyunda, azad dalğalanan bayrağın hər qırışında nəfəs alırlar. Bir ömrü Vətən adlanan o uca sevdaya fəda etmək isə ölümün içindən əbədiyyətə keçməkdir.

Onlar qələmlə yazılacaq tarixi öz qanları ilə yazdılar. Yazdıqları hər sətirdə bir ana duası, bir ata baxışı, bir bacının göz yaşı, bir övladın atasına olan həsrəti vardı. Onların çoxu bəlkə də sabah haqqında ən adi arzular qururdu: evə qayıtmaq, anasının əlindən öpmək, övladının ilk sözünü eşitmək, sevdiyi insanla bir süfrə arxasında oturmaq, doğulduğu torpağın küçələrində sakitcə gəzmək... Lakin həyatın ən böyük paradoksu budur ki, bəzi insanlar öz arzularından keçərək milyonlarla insanın arzusuna çevrilirlər. Şəhidlərimiz də belə oldular. Onlar bir evə qayıtmadılar, amma Vətənin evinə qayıtdılar.

Hər şəhid bir dağın qürurudur, bir ananın bitməyən duasıdır, bir atanın bükülməyən qəddidir. Hər şəhid bu torpağın köksünə vurulmuş elə bir möhürdür ki, onu nə zaman poza bilər, nə də unuduluşun soyuq küləkləri apara bilər. Onların getdiyi yol tikanlı deyil, nurla döşənmiş bir cığırdır. O cığır bizi yalnız qələbəyə deyil, öz ruhumuzun, öz kimliyimizin ən saf məqamına apardı. Çünki insan Vətən uğrunda can verəndə torpaq sadəcə torpaq olmaqdan çıxır; onun hər qarışı bir xatirəyə, bir ada, bir əmanətə çevrilir.

Bu gün Qarabağın yollarında addımlayan hər insan, Şuşanın küçələrində əsən küləyi üzündə hiss edən hər kəs bilməlidir ki, bu azadlığın bir görünməyən qiyməti var. O qiymətin içində şəhidlərin adı yazılıb. Külək Şuşanın qayalıqlarından, Kəlbəcərin dumanlı dağlarından keçib üzümüzə toxunanda biz o nəfəsdə onların isti nəfəsini duyuruq. Göydə parlayan hər ulduzda bir şəhid baxışı var — qeyrətli, nigaran və məğrur. Onlar bizə yalnız azad olunmuş torpaqlar vermədilər; onlar bizə başıdik gəzməyin, Vətəni sonsuz bir eşqlə sevməyin və lazım gələndə onun uğrunda hər şeydən keçməyin nə demək olduğunu öyrətdilər.

Şəhidlərin ən böyük möcüzəsi isə budur: onlar yoxluqları ilə belə bizi birləşdirirlər. Bir şəhidin adı çəkiləndə onun doğulduğu kənddən asılı olmayaraq bütün Azərbaycan susur, bütün analar öz övladını düşünür, bütün atalar bir anlıq öz oğlunun üzünə baxır, bütün övladlar atalarının əllərindən daha bərk tutur. Şəhidlik bir insanın taleyindən çıxıb xalqın ortaq yaddaşına çevrilir. Ona görə onların məzarları yalnız bir ailənin ziyarətgahı deyil, Azərbaycanın müqəddəs yaddaş məkanlarıdır.

Sabah günəş doğanda kölgələr belə ehtiramla əyiləcək bu torpağın qarşısında. Biz onların qarşısında yalnız göz yaşı ilə dayanmalı deyilik. Çünki şəhidlər bizə ağlamaq üçün deyil, yaşamaq üçün Vətən qoyub getdilər. Bizim borcumuz onların qanının dəyərini hər gün yaşatmaq, bu torpağın qədrini bilmək, bayrağın kölgəsində başıdik dayanmaq və bizə əmanət edilən Azərbaycanı gələcək nəsillərə daha güclü, daha bütöv çatdırmaqdır. Şəhidə ən böyük ehtiram onun adını dilə gətirmək qədər, onun uğrunda can verdiyi dəyərləri qorumaqdır.

Bəzən düşünürəm, görəsən, şəhidlər bu gün bizim yanımızda olsaydılar, nədən danışardılar? Bəlkə çox sadə şeylərdən. Evdən, ailədən, uşaqlardan, kənddən, dostlardan... Bəlkə də müharibədən heç danışmazdılar. Çünki onların böyüklüyü yalnız necə öldüklərində deyil, necə yaşadıqlarında da idi. Onlar həyatın bütün gözəlliklərini sevirdilər və məhz buna görə Vətənin azadlığını öz həyatlarından üstün tutdular. Biz isə onların yaşaya bilmədiyi o gözəllikləri bu gün yaşamağa davam edirik. Deməli, hər rahat səhərimizdə, hər azad nəfəsimizdə, hər bayraq dalğalanışında onların da payı var.

Şəhidlər bizdən unudulmazlıq istəmirlər. Onlar onsuz da unudulmazdırlar. Bizdən istənilən onların əmanətinə sahib çıxmaqdır. Çünki Vətən uğrunda verilən canın qiyməti yalnız torpağın azadlığı ilə ölçülmür. O qiymət həm də sabahın necə qurulacağı ilə ölçülür. Əgər biz onların qoyduğu əmanəti vicdanla daşıyırıqsa, deməli, şəhidlərimizin ömrünü davam etdiririk. Əgər bayrağa baxanda onların üzünü, torpağa toxunanda onların izini, azad səmanı görəndə onların fədakarlığını xatırlayırıqsa, deməli, onlar hələ də bizimlədirlər.

Bu gün  Anım Günüdür. Bu gün  Azərbaycanın hər yerində bir ad daha çox çəkiləcək: şəhid. Amma bu sözün içində minlərlə ayrı həyat, minlərlə ayrı tale, minlərlə ana, ata, övlad və yarımçıq qalmış arzu var. Biz sabah onların hər birini ehtiramla xatırlayacağıq. Bəzilərinin məzarına çiçək qoyulacaq, bəzilərinin adı dualarda çəkiləcək, bəzilərinin şəkli qarşısında göz yaşları süzüləcək. Amma onların hamısını birləşdirən bir həqiqət var: onlar bu torpağa öz ömürlərindən daha böyük bir ömür bəxş etdilər.

Vətən uğrunda ölənlər torpağa qarışmırlar, Vətənin özünə qarışırlar. Ona görə də bu gün külək əsəndə onların səsini, bayraq dalğalananda onların nəfəsini, dağlara baxanda onların məğrurluğunu hiss edirik. Onlar bizim üçün uzaqda deyillər. Onlar elə bu torpağın özündədirlər — ayağımızın altında, nəfəsimizdə, yaddaşımızda, dilimizdə, bayrağımızda və hər səhər açılan günümüzdə.

27 sentyabr — əbədi vüsalın ildönümüdür. Torpaqla insanın, şəhid ilə Vətənin, ayrılıqla qovuşmanın bir-birinə qarışdığı gündür. Bu gündə biz ölümün qarşısında deyil, ölümsüzlüyün qarşısında dayanırıq. Çünki onlar öz ömürlərini bitirmədilər; onu Azərbaycanın ömrünə qatdılar.

Ruhunuz şad olsun, ey əbədiyyət yolçuları! Siz bu torpağın ən ağır ağrısı, ən uca qüruru, ən müqəddəs əmanətisiniz. Sizin adınızla açılan hər səhər bizim üçün bir dua, hər azad nəfəs bir təşəkkür, hər dalğalanan bayraq isə sizə verilmiş sözümüzdür.

Vətən sizə minnətdardır. Azərbaycan sizi unutmayacaq.

Şəmsi Qoca

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19