Bizə yazın

Baku

-°C

USD

-

ZƏFƏRƏ GEDƏN YOLUMUZ: 44 GÜNDƏN SUVERENLİYƏ, SUVERENLİKDƏN MİLLİ YADDAŞA- Sayman Aruz yazır 

Cəmiyyət 27 Sentyabr 2026, 10:18

3536

Sayman ARUZ

27 sentyabr 2020-ci il Azərbaycan tarixinin yalnız bir müharibənin başlanğıc tarixi kimi qiymətləndirilməməlidir. Bu tarix uzun illər ərzində formalaşmış siyasi iradənin, diplomatik fəaliyyətin, ordu quruculuğunun, milli həmrəyliyin və tarixi yaddaşın bir nöqtədə birləşdiyi gün kimi yadda qaldı.

Otuz ilə yaxın davam edən Qarabağın erməni terror dəstələri tərəfindən işğalı Azərbaycan cəmiyyətinin siyasi yaddaşında yalnız ərazi itkisi kimi deyil, həm də yarımçıq qalmış, tamamlanmamış milli məsələ kimi yaşayırdı. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi isə bu uzun mərhələnin hərbi-siyasi nəticəsini ortaya qoydu. Qırx dörd gün davam edən müharibədən sonra Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini igidlərinin rəşadəti və Ali Baş komandanın müdrik rəhbərliyi sayəsində döyüş meydanında bərpa etdi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra isə dövlət suverenliyinin bütün ölkə ərazisində bərpa edildiyini elan edildi. Azərbaycan Prezidenti tərəfindən 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi də həmin tarixi mərhələnin siyasi-hüquqi ifadələrindən biri oldu. Lakin bu nəticəni yalnız 44 günün hadisələri ilə izah etmək mümkün deyil. Hər bir müharibənin görünən başlanğıcından əvvəl görünməyən uzun bir hazırlıq mərhələsi olur. Azərbaycanın 2020-ci il Zəfərinə aparan yolun mühüm istiqamətlərindən biri də diplomatik və beynəlxalq siyasi fəaliyyət idi. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu. Bu, 155 dövlətin səsi ilə əldə edilmiş nəticə idi. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü və 2019-2023-cü illərdə bu quruma sədrlik etməsi də ölkənin beynəlxalq diplomatik imkanlarının genişləndiyi mərhələlərdən biri idi. Bakı sammitində 120 BMT üzv dövlətinin və 42 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin iştirakı Azərbaycanın çoxtərəfli diplomatiyadakı mövqeyini göstərən faktlardan biri oldu.

Bununla yanaşı, Azərbaycan-Türkiyə münasibətləri də tarixi-strateji müstəviyə yüksəldi. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılmasının siyasi-hüquqi sənədlərindən biri oldu. Beləliklə, 2020-ci ilin sentyabrına gəlib çıxan Azərbaycan artıq yalnız münaqişə tərəfi kimi deyil, beynəlxalq təşkilatlarda müəyyən diplomatik təcrübə toplamış, regional əlaqələrini genişləndirmiş və öz hərbi potensialını gücləndirmiş dövlət kimi çıxış edirdi.

27 sentyabr 2020-ci ildə hərbi əməliyyatların başlaması ilə Azərbaycan tarixinin yeni səhifəsi açıldı. Azərbaycanın rəsmi mövqeyinə görə, həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə hücumundan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Həmin gün Prezident İlham Əliyevin xalqa müraciəti ilə də müharibənin siyasi çərçivəsi ictimaiyyətə təqdim edildi. Sonrakı 44 gün Azərbaycan hərb tarixinin ən mühüm səhifələrindən birinə çevrildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi, nəhayət, 8 noyabrda Şuşanın azad olunması müharibənin əsas dönüş nöqtələrini təşkil etdi. Azərbaycan Prezidentinin rəsmi tarixçəsində 44 günlük hərbi əməliyyatların nəticəsində bu ərazilərin azad edildiyi qeyd olunur. Şuşa isə bu ardıcıllıqda yalnız hərbi baxımdan mühüm şəhər deyildi. Şuşa Azərbaycanın mədəni yaddaşında musiqinin, poeziyanın, muğamın, teatrın və ümumən milli mədəniyyətin simvollarından biridir. Buna görə də Şuşanın azad edilməsi Azərbaycan cəmiyyətində hərbi hadisədən daha geniş - tarixi və mədəni məna daşıyan hadisə kimi qəbul edildi. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat isə müharibənin dayandırılması və regionda yeni mərhələnin başlanması üçün əsas sənədlərdən biri oldu. Zəfər yalnız cəbhədə qazanılmadı. 2020-ci ilin əsas nəticələrindən biri də Azərbaycan cəmiyyətində yaranan həmrəylik idi. Müharibə günlərində dövlət, ordu və cəmiyyət arasında görünən siyasi-ictimai səfərbərlik formalaşdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların reaksiyası da bu prosesin mühüm hissəsinə çevrildi.

44 günlük müharibə zamanı xaricdə yaşayan azərbaycanlılar müxtəlif formalarda Azərbaycana, orduya, şəhid ailələrinə və qazilərə dəstək göstərdilər. Məsələn, yalnız Rusiyada yaşayan soydaşlar tərəfindən müharibə dövründə 1,6 milyon manat həcmində maddi dəstək göstərilmişdi. Bu faktın əhəmiyyəti yalnız maddi yardımın miqyasında deyil. 2020-ci il Azərbaycan diasporu üçün də bir sınaq oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar informasiya, ictimai diplomatiya, nümayişlər, humanitar yardım və digər vasitələrlə öz mövqelərini ifadə etdilər. Beləliklə, "Azərbaycanlı" anlayışı yalnız Azərbaycan Respublikasının coğrafi sərhədləri daxilində yaşayan insanları deyil, dünyanın müxtəlif ölkələrinə yayılmış böyük bir tarixi-mədəni icmanı ifadə edən daha geniş sosial reallıq kimi görünməyə başladı.

2020-ci ildən sonra Cənubi Qafqazın siyasi xəritəsində yeni reallıqlar meydana çıxdı. Azərbaycanın hərbi uğuru regiondakı nəqliyyat, kommunikasiya, təhlükəsizlik və iqtisadi əlaqələr məsələlərini də yeni kontekstə gündəmə gətirdi. Türkiyə ilə münasibətlərin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilməsi, regionda yeni nəqliyyat və iqtisadi bağlantıların müzakirəyə çıxarılması bu mərhələnin mühüm elementlərindəndir. Bu mənada Qarabağmüharibəsinin nəticələrini yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində oxumaq kifayət etmir. Müharibədən sonra Cənubi Qafqazda təhlükəsizlik, kommunikasiyalar, regional əməkdaşlıq və yeni iqtisadi əlaqələr haqqında daha geniş müzakirə başladı.

2020-ci il Zəfəri tarixi prosesin son nöqtəsi olmadı. 19-20 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycan Prezidenti ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpa edildiyini bildirdi. Rəsmi məlumatda əməliyyatın 23 saat davam etdiyi və 20 sentyabrda başa çatdığı qeyd olunur. Beləliklə, 2020-ci il ilə 2023-cü il arasında mühüm bir tarixi ardıcıllıq yarandı: 2020 - ərazi bütövlüyünün hərbi-siyasi bərpası və 2023 - dövlət suverenliyinin tam bərpası. Bu iki hadisə birlikdə Azərbaycanın müasir tarixində yeni mərhələ yaratdı. Artıq əsas sual "torpaqları necə qaytaraq?" sualı deyil. Əsas sual bundan sonra "qaytarılmış torpaqlarda necə həyat quraq və Zəfərin siyasi, sosial, iqtisadi və mədəni nəticələrini necə davamlı milli inkişaf modelinə çevirək?" sualıdır.

2020-ci il Azərbaycan diasporunun fəaliyyətinə də yeni məna verdi. Əgər əvvəlki dövrlərdə dünya azərbaycanlılarının əsas vəzifələrindən biri Qarabağ həqiqətlərini dünyaya çatdırmaq idisə, Zəfərdən sonra qarşıya yeni məsələlər çıxdı: Azərbaycanın yeni reallıqlarının izahı, milli-mədəni irsin qorunması, Azərbaycan dilinin və ədəbiyyatının dünyada təbliği, diaspor təşkilatlarının peşəkarlaşması və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mədəni əlaqələrinin gücləndirilməsi. Deməli, diaspor siyasətinin məzmunu da yalnız münaqişə gündəliyi ilə məhdudlaşa bilməz. Zəfərdən sonra Azərbaycan diasporunun gündəliyi müdafiə mövqeyindən mədəni və intellektual təqdimat mərhələsinə keçə bilər. Bu, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, musiqisinin, incəsənətinin və elmi potensialının dünya miqyasında daha sistemli təqdimatı deməkdir.

Zəfərin Azərbaycan cəmiyyətinə təsiri də araşdırılması vacib olan məsələlərdəndir.  44 günlük müharibənin Azərbaycan daxilində yaratdığı əsas nəticələrdən biri də ictimai-siyasi şüurun yüksəlməsi oldu. Müharibə dövründə müxtəlif sosial qruplar arasında ümumi milli məqsəd ətrafında həmrəylik müşahidə edildi. Dövlət, ordu və xalq münasibətlərində yeni psixoloji-siyasi atmosfer yarandı. Bu atmosfer 2020-ci ildən sonra Qarabağın yalnız bir coğrafi məkan deyil, bütövlükdə milli yaddaşın, dövlətçilik düşüncəsinin və gələcək inkişaf təsəvvürlərinin əsas komponentlərindən birinə çevrilməsinə səbəb oldu. Zəfər Azərbaycan insanının "mümkündürmü?" sualını "bundan sonra nə etməliyik?" sualı ilə əvəz etdi. Bu, bəlkə də Zəfərin ən mühüm sosial nəticələrindən biridir.

Hər böyük tarixi hadisə əvvəlcə insanların yaddaşında, sonra isə ədəbiyyatında yaşayır. Azərbaycan ədəbiyyatının Qarabağ mövzusu 2020-ci ildən sonra yeni mərhələyə daxil oldu. İşğal illərinin ədəbiyyatı əsasən itki, həsrət, şəhidlik, köçkünlük, yaddaş və qayıdış motivləri üzərində qurulurdusa, Zəfərdən sonrakı ədəbiyyat qarşısında başqa suallar dayanır: Qələbə insanı necə dəyişir Qayıdış insanın yaddaşını necə yenidən qurur? 30 illik ayrılıqdan sonra doğma torpaqla insan arasında hansı münasibət yaranır? Müharibə qəhrəmanını ədəbiyyat necə əbədiləşdirməlidir?

Zəfəri yalnız şüar səviyyəsində deyil, bədii-estetik səviyyədə necə ifadə etmək olar? Bu sualların cavabı hələ tam yazılmayıb. Ona görə də Zəfər ədəbiyyatı qarşısında böyük məsuliyyət dayanır. Şəhidin qəhrəmanlığını təkrarlamaqdan daha çətin məsələ onun insan taleyini, ailəsini, daxili dünyasını, müharibənin mənəvi qiymətini və sülhün dəyərini bədii şəkildə yaratmaqdır. Şuşanın azadlığı yalnız Şuşa haqqında yazılan şeirlərin çoxalması ilə deyil, Şuşanın Azərbaycan mədəniyyətində yaratdığı mənanın yeni bədii dildə ifadə olunması ilə ədəbiyyata çevrilə bilər.

 

AZƏRBAYCAN AZƏRBAYCANDAN BÖYÜKDÜR:

"Azərbaycan Azərbaycandan böyükdür" tezisinin müasir siyasi və mədəni məzmun qazanmasında Azərbaycan dövlətçiliyinin son onilliklərdə keçdiyi inkişaf yolunun xüsusi əhəmiyyəti vardır. Bu fikir öz-özünə meydana gəlməyib. Onun arxasında dövlətçilik təcrübəsi, milli ideologiya, xarici siyasət, ordu quruculuğu, diaspor siyasəti, Türk dünyası ilə əlaqələrin genişlənməsi və nəhayət, 2020-ci ilin tarixi Zəfəri dayanır. Bu baxımdan Prezident İlham Əliyevin fəaliyyətinin xüsusi əhəmiyyəti və yeri vardır. Çünki onun prezidentliyi dövründə Azərbaycan yalnız iqtisadi və hərbi imkanlarını artıran dövlət kimi deyil, öz tarixi və milli kimliyini beynəlxalq siyasətin mühüm elementlərindən birinə çevirən dövlət kimi də çıxış edib. Bu prosesin ən mühüm tərəflərindən biri dünya azərbaycanlıları məsələsinin dövlət siyasətinin davamlı istiqamətinə çevrilməsidir. Şəxsən iştirak etdiyim 2011-ci ildə Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında Prezident İlham Əliyev "bir vətən", "bir dil" və "azərbaycançılıq məfkurəsi" anlayışlarını bir-biri ilə əlaqələndirərək xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dövləti ilə mənəvi bağını xüsusi vurğulamışdı. Bu yanaşmanın mühüm nəticəsi ondan ibarətdir ki, Azərbaycan dövləti dünya azərbaycanlılarını yalnız ayrı-ayrı ölkələrdə yaşayan diaspor icmaları kimi deyil, ümumi milli-mədəni yaddaşın daşıyıcıları kimi nəzərdən keçirməyə başladı. Zəfər bu konsepsiyaya yeni məzmun verdi. 2020-ci ilin 44 günlük müharibəsi bu prosesin mahiyyətini dəyişdi. Qarabağ məsələsi artıq yalnız Azərbaycan ərazisinin işğaldan azad edilməsi məsələsi deyildi. Zəfər Azərbaycan xalqının dünyanın müxtəlif ölkələrində yaşayan hissələri arasında güclü mənəvi-siyasi bağlılıq yaratdı.

"Azərbaycan Azərbaycandan böyükdür" düşüncəsinin müasir siyasi məzmununu ifadə edən mühüm çıxışlardan biri də Prezident İlham Əliyevin 11 noyabr 2022-ci ildə Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə söylədiyi fikirlərdir. Prezident burada açıq şəkildə bildirdi ki, türk dünyası yalnız müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir və təşkilatın gündəliyində üzv dövlətlərin hüdudlarından kənarda yaşayan soydaşların hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin və ana dilində təhsil imkanlarının qorunması məsələləri də dayanmalıdır. O, xüsusilə Azərbaycanın hüdudlarından kənarda yaşayan on milyonlarla azərbaycanlının ana dilində təhsil imkanlarından məhrum olduğunu vurğuladı.

Bu çıxışın əhəmiyyəti ondadır ki, burada "Azərbaycan" anlayışı yalnız dövlət ərazisi kimi deyil, dünyanın müxtəlif məkanlarında yaşayan azərbaycanlıların dili, milli kimliyi və mədəni yaddaşı ilə birlikdə düşünülür. Səmərqənddə səslənən bu fikir beləliklə, Təbrizdən Dərbəndə, Anadoludan Orta Asiyaya, Avropadan dünyanın digər ölkələrinə qədər uzanan geniş Azərbaycan və türk dünyası reallığının siyasi-humanitar müstəvidə ifadəsinə çevrilir. Bu yanaşma "Azərbaycan Azərbaycandan böyükdür" tezisinə yeni məna verir: söhbət sərhədlərin dəyişdirilməsindən deyil, tarixi-mədəni bağların qorunmasından, milli kimliyin yaşadılmasından və Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin daha geniş coğrafiyada yaşamasından gedir. Səmərqənddə, Türk dünyasının tarixi mərkəzlərindən birində səslənən bu mövqe Azərbaycanın öz tarixi-mədəni coğrafiyasını yalnız keçmişin xatirəsi kimi deyil, XXI əsrin humanitar və mədəni siyasətinin bir istiqaməti kimi görməsinin göstəricisi kimi oxuna bilər.

Prezident İlham Əliyevin 2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında qurultayı "Zəfər qurultayı" adlandırması da təsadüfi deyildi. Bu, ilk dəfə idi ki, dünya azərbaycanlılarının böyük toplantısı Azərbaycanın azad edilmiş tarixi-mədəni şəhərində keçirilirdi. Prezidentin həmin çıxışında Şuşanın seçilməsini xüsusi vurğulaması dünya azərbaycanlılarının həmrəyliyinin artıq Zəfərdən sonrakı yeni mərhələyə keçdiyini göstərirdi. Burada çox mühüm simvolika var: Əvvəl dünya azərbaycanlıları Qarabağ haqqında danışmaq üçün toplaşırdılar; Zəfərdən sonra isə Qarabağda - Şuşada toplaşdılar. Bu, sadəcə məkan dəyişikliyi deyildi. Bu, xalqımızın milli psixologiyasının dəyişməsi idi. Mübarizə aparan xalqdan qalib xalq mərhələsinə keçidin simvolu, göstəricisi idi.

Şuşanın Prezident İlham Əliyevin siyasətində xüsusi yer tutması da bu baxımdan ayrıca əhəmiyyət daşıyır. Şuşa Azərbaycan üçün yalnız azad edilmiş şəhər deyil. O, Azərbaycan musiqisinin, poeziyasının, maarifinin və mədəniyyətinin simvollarından biridir. Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi adların Şuşa ilə bağlılığı şəhəri Azərbaycanın mədəni yaddaşının əsas mərkəzlərindən birinə çevirir. Ona görə Şuşanın azad edilməsi ilə hərbi xəritədə əldə edilən nəticə eyni zamanda mədəni yaddaşın bərpası mənasını da qazandı. Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşada keçirilməsi bu mənanı daha da gücləndirdi.

Zəfərdən sonra "Dəmir yumruq" anlayışının yalnız hərbi hadisənin simvolu kimi qalmaması da diqqətəlayiqdir. Prezident İlham Əliyev 2023-cü ilin sonunda dünya azərbaycanlılarına müraciətində "Dəmir yumruq"u Azərbaycan xalqının və dünya azərbaycanlılarının birliyinin rəmzi kimi təqdim etmişdi. Bu məqam olduqca vacib və mühümdür. Çünki hərbi birlikdən sonra qarşıda mədəni, intellektual və mənəvi birlik məsələsi dayanır. 44 günlük müharibə Azərbaycan xalqına öz gücünü göstərdi. İndi həmin gücün ədəbiyyatda, elmdə, mədəniyyətdə, təhsildə və beynəlxalq humanitar əlaqələrdə ifadəsi qarşıda duran yeni vəzifədir. Prezident siyasətində güclü dövlət və dünya azərbaycanlıları mühüm prinsip kimi daim özünü göstərir. Dünya azərbaycanlıları məsələsində daha bir mühüm məqam Prezidentin çıxışlarında daim təkrarlanan fikirdir: xaricdə yaşayan azərbaycanlıların arxasında müstəqil və güclü Azərbaycan dövləti dayanmalıdır.

Bu fikir 2011-ci ildəki çıxışda açıq şəkildə ifadə olunmuşdu. Bu yanaşmanın tarixi əhəmiyyəti ondadır ki, Azərbaycan diaspor siyasətində mühüm psixoloji dəyişiklik baş verir.Soydaş artıq yalnız "Vətəndən uzaqda yaşayan azərbaycanlı" deyil. O, güclü və müstəqil dövlətlə əlaqəsi olan qlobal milli-mədəni şəbəkənin üzvüdür. Bu, xüsusilə Azərbaycan kimi tarixi müxtəlif siyasi məkanlara bölünmüş xalq üçün böyük əhəmiyyət daşıyır.

Məhz burada "Azərbaycan Azərbaycandan böyükdür" tezisinin Cənubi Azərbaycan istiqaməti xüsusi əhəmiyyət qazanır.

Azərbaycan Respublikasının xarici siyasəti dövlətlərarası münasibətlər, beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulur. Bu çərçivədə Cənubi Azərbaycandakı soydaşlarımızın məsələsinə də ilk növbədə mədəni, humanitar və milli-mənəvi bağlar müstəvisindən yanaşmaq mümkündür.

Burada Prezidentin siyasi xəttinin mühüm üstünlüyü ondan ibarətdir ki, Azərbaycan dövlətçiliyi öz milli kimliyini müdafiə etməklə yanaşı, dövlətlərarası münasibətlərin hüquqi çərçivəsini də nəzərə alır. Bu, gələcək üçün mühüm istiqamətdir. Çünki Cənubi Azərbaycan məsələsinin dünya ictimaiyyətinə təqdim olunmasının ən təsirli yollarından biri emosional siyasi şüarlardan daha çox dil, ədəbiyyat, tarix, mədəniyyət, insan hüquqları və humanitar əlaqələr haqqında əsaslandırılmış elmi və mədəni diskurs yaratmaqdır. Azərbaycan dövləti bu sahədə öz imkanlarından daha sistemli şəkildə istifadə edə bilər. Məsələn Təbriz haqqında beynəlxalq səviyyəli elmi layihələr, Şəhriyar haqqında dünya dillərində nəşrlər, Səhənd, Zöhrab Tahir, Zöhrabi, doktor Cavad Heyət və Balaş Azəroğlu kimi tanınmış Güneyli simaların yaradıcılığının beynəlxalq təqdimatı, Cənubi Azərbaycan folklorunun toplanması və rəqəmsallaşdırılması, Azərbaycan dilinin müxtəlif coğrafiyalarda qorunmasına yönəlmiş mədəni layihələr.

Azərbaycan dövlətinin böyüməsi ilə bərabər Azərbaycan anlayışının böyüməsi labüddür.  Eyni zamanda burada çox incə bir məqam da var. "Azərbaycan Azərbaycandan böyükdür" demək dövlətimizin öz sərhədlərindən kənara siyasi iddia irəli sürməsi demək deyil. Əksinə, güclü dövlət öz tarixini siyasi iddialardan daha çox mədəni nüfuzla yaşada bilər. Azərbaycan Respublikası nə qədər güclü, inkişaf etmiş, elmli, mədəni və nüfuzlu dövlətə çevrilərsə, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların da milli-mədəni özünüdərki bir o qədər möhkəm ola bilər. Bu mənada Prezident İlham Əliyevin dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu, diaspor siyasəti və Türk dünyası ilə əlaqələr sahəsində apardığı siyasətin ümumi nəticələrindən biri də Azərbaycanın öz milli kimliyini beynəlxalq müstəvidə daha inamlı ifadə etməsi olmuşdur.

Zənnimcə indi isə qarşıda daha böyük məsələ dayanır. Tarixi varislik yalnız keçmişlə fəxr etmək deyil. Tarixi varislik keçmişin yaratdığı mədəni kapitalı gələcəyin gücünə çevirməkdir. Əgər Təbriz Azərbaycan siyasi düşüncəsinin, Şuşa Azərbaycan musiqisinin, Gəncə klassik ədəbiyyatın, Dərbənd şimal yaddaşının, Naxçıvan qədim dövlətçilik tarixinin mühüm səhifələrini daşıyırsa, Bakı bütün bu tarixi qatların müasir Azərbaycan dövlətçiliyi daxilində birləşdiyi böyük siyasi, iqtisadi və mədəni mərkəz kimi çıxış edə bilər. Bu mənada Bakı yalnız Azərbaycanın paytaxtı deyil. Bakı Azərbaycanın dünya ilə danışdığı şəhərdir. Təbriz Azərbaycanın tarixi yaddaşının böyük mərkəzlərindən biridir. Şuşa mədəni yaddaşın zirvələrindən biridir. Dərbənd şimal yaddaşının mühüm qapısıdır. Dünya Azərbaycanı isə bu yaddaşın XXI əsrdə yayıldığı qlobal məkandır. Bütün bu məkanları birləşdirən nöqtə siyasi xəritələr deyil. Tarixdir, dildir, ədəbiyyatdır, mədəniyyətdir, milli yaddaşdır. Bu məsələlər isə möhtərəm Prezidentin qarşısında yeni tarixi imkanlar yaradır.  Bu baxımdan Qarabağ Zəfəri və dövlət suverenliyinin tam bərpası Prezident İlham Əliyevin siyasi fəaliyyətində bir mərhələnin sonu olmaqla yanaşı, Azərbaycanın qarşısında yeni bir mərhələnin də başlanğıcını ifadə edir.

İndi Azərbaycan öz hərbi Zəfərinin siyasi nəticələrini artıq dövlət quruculuğuna, iqtisadi inkişafa, Böyük Qayıdışa və regional əməkdaşlığa çevirməklə yanaşı, həmin Zəfərin mədəni və intellektual nəticələrini də yaratmalıdır. Deməli, qarşıdakı mərhələdə Prezidentin rəhbərliyi ilə Azərbaycan üçün yeni strateji xətt belə formalaşa bilər. Yəni ərazi bütövlüyündən dövlət suverenliyinə, dövlət suverenliyindən regional gücə və regional gücdən qlobal mədəni nüfuza. Bu yolun sonuncu mərhələsi xüsusilə vacibdir. Çünki Azərbaycan yalnız qalib dövlət kimi deyil, öz tarixi-mədəni miqyasını dünyaya izah edə bilən dövlət kimi tanınmalıdır. Ona görə də məhz burada "Azərbaycan Azərbaycandan böyükdür" tezisi öz həqiqi mənasını tapır. Bu, xəritəni böyütmək kimi başa düşülməməlidir. Bu, Azərbaycanın mədəni və intellektual gücünü dünyaya göstərməkdədir. Mən əminəm ki, yaxın gələcəkdə "Azərbaycan Azərbaycandan böyükdür" tezisi bir şüar yox, tarixi varislikdən doğan və müasir dövlətçiliklə gələcəyə daşınan böyük bir milli-mədəni ideya kimi öz həqiqi məzmununu qazanacaqdır..

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55