Bizə yazın

Baku

-°C

USD

-

Mehmandarovun maraqlı həyatı:Artileriya generalı rütbəsini NECƏ ALMIŞDI?

Cəmiyyət 17 Oktyabr 2026, 12:04

3042

Bu gün ilk hərb nazirimiz, artilleriya generalı Səməd Bəy Mehmandarovun anadan olmasından 171 il ötür.

CityPost.az  bildirir ki,Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə seçilib. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilib. 

O, Rusiyanın bütün hərbi ordenləri, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif edilib.

General Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutub və müstəqil Azərbaycanın 30 minlik ordusunu yaratmağa nail olub. 

“Mən xoşbəxt adamam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu” deyən, qısa zaman kəsiyində 35 minlik Cümhuriyyət Ordusunu yaradan qüdrətli sərkərdə Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 16 oktyabr 1855-ci ildə Şamaxı quberniyasının Lənkəran qəzasında dünyaya gəlmişdi. Soyu, soy-kökü şəcərə dəftəri ilə Şuşanın məşhur zadəganlarından olan Mehmandarovlara bağlı olan Səməd bəy Mehmandarov adını Cümhuriyyət qurucularının sırasına yazdı. Hüquqşünas olan atası Sadıx bəy Qafqaz canişinliyi tərəfindən öncə Şamaxıda, sonra isə Lənkərana məhkəmə icraçısı olaraq göndərilmişdi. Lənkəranda dünyaya gələn Səməd bəy Mehmandarov təhsilini Bakıda Real Məktəbdə almışdı. 16 yaşında isə Peterburq İkinci Konstantinovka Artilleriya Məktəbinə daxil olmuşdu. 1875-ci ildə podporçik rütbəsi alan Səməd bəy Mehmadarov həmin il həm də III dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdu. Daha sonra kapitan 1898-ci ildə isə podpolkovnik rütbəsi ilə xidməti fəaliyyətini davam etdirmişdi.

 

Mancuriaya diviziyasının komandanı

Podpolkovnik rütbəsini aldıqdan sonra 1900 -1901-ci illərdə Çində baş qaldıran anti-imperialist hərəkatların  yatırılmasında onun rəhbərlik etdiyi diviziya da iştirak etmişdi. Silahsız çinlilərə qarşı silah qaldırmayan, üsyançıların rəhbərlərini danışıqılar vasitəsi ilə yola gətirən Səməd bəy Mehmandarova Çar tərəfindən polkovnik türbəsi təqdim edilmiş, eyni zamanda o, III dərəcəli “Vladimir Ordeni” və üzərində “Qəhrəmancasına fərqlənməyə görə yazılan Qızıl qılınc” təqdim olunmuşdur.

 

Rus-Yapon müharibəsində tarix yaradan iki azərbaycanlıdan biri

General Əliağa Şıxlinskinin tarix yaratdığı Rus-Yapon müharibəsi dövründə göstərdiyi şücaətlərə görə Səməd bəy Mehmandarova general-mayor rütbəsi və IV dərəcəli “Müqəddəs Georgi” ordeni verilmişdi. 1907-1910-cu illərdə III Sibir korpusunda Artilleriya rəisi vəzifəsində çalışan general Səməd bəy Mehmandarov 1908-ci ilə “Hərbi xidmətlərində qüsursuzluğa görə” general-leytenant rütbəsinə layiq görülmüşdü. I Dünya müharibəsində iştirakına görə isə 1915-ci ildə “Tam Artilleriya generalı” rütbəsi almışdı. Bu rütbə hərb tarixində ordu generalı rütbəsinə bərabər rütbə idi. 1917-ci ildə xüsusi istəyi ilə Çar ordusundan istefa verən general Səməd bəy Sadıx bəy oğlu Mehmandarov bu zaman Çar Rusiyası Ordusunun bütün orden və medallarını almış iki peşəkar nüfuzlu türk, müsəlman və azərbaycanlı hərbçidən biri idi. Bununla yanaşı, general Səməd bəy Sadıx bəy oğlu Mehmandarov İngiltərənin, Fransanın, Rumıniyanın, eyni zamanda Qacarlar dövlətinin ən ali mükafatlarına, orden və medallarına layiq görülmüşdü. İstefada olduğu dövrdə Şimali Qafqazdakı huzur dolu malikanəsində doğmaları ilə yaşamışdı. Çarizmin iflası, Rusiya İmperiyasının iflası ucqarların istiqlaliyyəti ilə nəticələndi. Tiflisdə “İstiqlal bəyannaməsi”nin imzalanması ilə Azərbaycanda Milli hökumət quruldu.

 

Milli Ordunun Bayraqdarı

Şərqin ilk Demokratik Cümhuriyyətinin qurulması ilə, ömrü boyu Əbədi İstiqlalın təşnəsi olan peşəkar hərbçilər, Çar Rusiyası ordusunun nüfuzlu sərkərdələri vətənə dönür. Dönüşü, qayıdışı ilə tarix yaradan dörd generalın isə yeri, rolu, məqamı fərqli idi: Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, Rzaqulu Mirzə Qovanlı – Qacarın, Sultan bəy Sultanzadənin. Tanrı onları məhz bu gün üçün göndərmiş, Əbədi istiqlalın qorunması, Milli Ordunun yaranması üçün müntəzir etmişdi. Əlahiddə Azərbaycan Korpusunun – Milli Ordunun yaradıcısı kimi tarixdə qalan bu qüdrətli simalar, əvəzsiz sərkərdələr min illər bundan sonra da, Milli Ordunun bayraqdarları kimi tarixdə qalmışlar.

Səməd bəy Mehmadarov Bakıya dəvət edilməzdən öncə onun bütün fəaliyyəti nəzərdən keçirilmişdi. 1918-ci il noyabrın 7-də Nazirlər Şurasının neft milyonçusu Seyid Mirbabayevin Cümhuriyyətə bağışladığı malikanədə təşkil olunan iclasda Azərbaycanda Hərbiyyə Nazirliyinin yaradılması qərara alındı. Müvəqqəti olaraq nazir vəzifəsini hökumətin başçısı Fətəli xan Xoyskiyə həvalə olundu. Onun müavini isə general Səməd bəy Mehmandarov təyin olundu. Ölkədəki durum nəzərə alınaraq vaxt itirmədən Ordu quruculuğu ilə bağlı məsələlər Səməd bəyə tapşırıldı. Həmin gün çap olunan “Azərbaycan” qəzetində Səməd bəy Mehmandarovun vəzifəyə təyin edilməsi haqqında fikirləri dərc edildi. Mehmandarov deyirdi: “Nazirlər Şurasının qərarı ilə mən Hərbiyyə nazirinin müavini təyin edildim. Mən öz vəzifə borcumu yerinə yetirməyə başlayaraq görməli olduğum nəhəng işlərin bütün ciddiliyini, mürəkkəbliyini, çətinliyini gizlətmədən Hərbiyyə Nazirliyinin bütün rütbəli şəxslərini işə dostca yanaşacağını və vicdanlı münasibət bəsləyəcəyini bildirirəm. Hamını birlikdə, dostcasına işləməyə çağırıram. Bütün rütbələrdəki rəislərdən qoşunun təlim-tərbiyəsi, öyrədilməsi və möhkəm nizam-intizam yaradılması işinə ciddi diqqət yetirmələrini istəyirəm”

 

Mehmandarov: Orduda ana dilini tətbiq edən ilk hərbi nazir

1918-ci il 25 dekabr tarixində Tam Artilleriya generalı Səməd bəy Mehmandarov Hökumətin qərarı ilə Hərbiyyə naziri, general Əliağa Şıxlinski onun müavini təyin edildi. General Mehmandarovun nazir kimi ilk əmri “sırada və sıradan kənar olarkən əsgərlərin Azərbaycan türkcəsində salamlaşması ilə bağlı idi. Komandirlər əsgər salamı, əsgərlər “əleyküm salam!” cavabı verməli idilər.

 

 “Denikin məni rus millətindən və Çardan da yaxşı tanıyır”

1912-ci il Azərbaycan Xalq Cümhuriyyəti üçün ağır dönəmlərdən idi. Ağqvardiyaçı Denikin Azərbaycan sərhədinə yaxınlaşırdı. Təşkil olunan müşavirələrin birində öz hərbiçilərinə müraciətlə general Səməd bəy Mehmandarov demişdi: “Denikin məni rus millətindən və çardan da yaxşı tanıyır. O, bilir ki, rəhbərlik etdiyim korpuslar digərlərindən güclü olmuşdur. Denikin heç zaman mənim komandanlıq etdiyim ordu ilə döyüşə girməyə cəsarət edə bilməz. Mən bütün ömrümü, gəncliyimi Rus Ordusunda xidmətə həsr etdim. Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda Millətimin Ordusunu yaratmaq mənə nəsib oldu”.

 

Biz həmişə boyunduruq altında olmamışıq!

Səməd bəy Cümhuriyyət naziri kimi tez-tez xalqa müraciət edir, hesabat verir, öz işini peşəkarcasına həyata keçirirdi. Müraciətlərinin birində “Biz həmişə boyunduruq altında olmamışıq” – deyərək, türk tarixinin, Cümhuriyyət hərb tarixinin yazılmasını arzu etmişdi. General Səməd bəy Mehmandarov bütün çıxışlarında əsgərlərə “Övladlarım!” deyə müraciət edərək, onları ruhlandıran böyük sərkərdə idi. Cümhuriyyət Qızıl Ordunun qırmızı terroruna məruz qalarkən Lənkəranın bolşevik terrorundan təmizlənməsi əmrinin verməsi, ərazi bütövlüyümüzün bərpası üçün ordunu səfərbər etməsi, Əsgəran keçidinə Novruz bayramında hücum edən erməni daşnaklarının üzərinə general Həbib bəy Səlimov kimi peşəkar sərkərdəni göndərməsi erməni-daşnak dəstələrinin məhv edilməsi ilə nəticələndi. Xankəndinin, Şuşanın düşməndən azad edilməsi onun hərb tariximizdə, eyni zamanda Cümhuriyyət tariximizdən əzəmətinin təsdiqi olan məqamlardandır.

Hərbi nazir kimi general Səməd bəy Sadıx bəy oğlu Mehmandarovun Azərbaycan xalqına bir tarixi müraciəti də var: “İndi ölkəmizin bütün vətəndaşları, istər kasıb, istərsə də dövlətli eyni şəkildə hərb qulluq çəkəcəklər. Əgər nə zamansa kimlərsə dövlətliləri hərbi qulluqdan azad edərsə günahkarlar ağır cəzalanacaqlar.”

 

Tomsonla görüşündə ingilislərin verdiyi “Legion Ordeni”ni çıxarıb onun ayaqları altına atmışdı

Səməd bəy Mehmandarov general Tomsonun ermənilər arasında təbliğat aparmasından, Azərbaycan kəndlərində ingilislərin talançılıq etməsindən narahat idi.

Onların bütün fəaliyyətini kəşfiyyat xəbərləri ilə hər gün alırdı. O, hökumət başçısı Nəsib bəy Yusifbəyliyə məktub ünvanlayaraq yazırdı ki, ingilislərin fəaliyyətindən narahatdır. Etiraz əlaməti olaraq onların I Dünya müharibəsi zamanı verdikləri orden və medalları İngilis hökumətinə qaytarılması işini təşkil etsin. Bundan əlavə, o, Tomsonla görüşündə ingilislərin verdiyi “Legion Ordeni” çıxarıb onun ayaqları altına ataraq demişdi: “Mənim torpağımı işğal edib millətimi əzən bir ölkənin ordeni mənə lazım deyil” deyərək ona yerini göstərməkdən çəkinməmişdir.

 

21 general yetişdirməklə generallar yetişdirən General kimi tarixdə qaldı

Bu qüdrətli əyilməz sərkərdənin, Cümhuriyyətin ilk Hərbiyyə Nazirinin fəaliyyəti cəmi bircə il çəkdi. Qısa zaman çərçivəsində o, Milli Ordunu təşkil etdi, ayrı-ayrı diviziyaların yaradılmasına nail oldu, 21 general yetişdirməklə generallar yetişdirən General kimi tarixdə qaldı. 28 aprel qiyamından, Qızıl Ordunun qırmızı terrorundan sonra Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. 1920-ci il iyunun 4-də Hərbiyyə Naziri kimi general Səməd bəy Mehmadarovu və müavin, Tam Artilleriya generalı Əliağa Şıxlinskini həbs edərək zindana saldılar. İki ay sonra isə Mərkəzə - Moskvaya göndərdilər.

 

Nəriman Nərimanovun zəmanəti ilə hər iki general Bakıya gətirildi

Moskvada Azərbaycan generallarını, daha doğrusu Hərbiyyə Nazirini və müavinini qarşılamalı olan Behbud ağa Cavanşir görür ki, onlar qatarda yoxdur. Behbud ağa vaxt itirmədən Bakıya komissar Nəriman Nərimanova məlumat verir və Səməd bəyin və Əliağa Şıxlinskinin tapılmasına nail olur. Həmin vaxt İosif Stalin Fövqəladə Komissiyaya teleqram vuraraq göstəriş vermişdi: “Yoldaş Yaqoda, hər iki general yoxlamadan diqqətlə keçirilsin. Onları həbsxanadan buraxılması işini təşkil etməyi sizə əmr edirəm”. Stalinin göstərişindən və ikitərəfli yoxlamadan sonra məlum oldu ki, generallar Mehmandarov və Şıxlinskinin günahları yoxdur. Daha sonra Nəriman Nərimanovun zəmanəti ilə hər iki general Bakıya gətirildi. 1923-cü ildə general Səməd bəy Sadıx bəy oğlu Mehmandorov Hərbi Dəniz Komissarlığında pul, kağız bölgüsü idarəsində sədr vəzifəsinə təyin olundu. Sonrakı illərdə isə pedaqoq kimi hərb tarixi ilə bağlı mühazirələr oxudu. 1928-ci ildə öz ərizəsi ilə vəzifədən ayrılan general Səməd bəy Mehmandarova 100 manat təqaüd kəsildi. 1931-ci il fevralın 12-də dünyaya vida nəğməsi oxuyan Cümhuriyyətin ilk və son Hərbiyyə Naziri Bakıda, sonralar “Dostluq parkı”na çevrilən Çəmbərəkənd qəbristanlığında dəfn olundu. 30- cu illərin burulğanında məzarı darmadağın olundu. İllər sonra üzə çıxan məzarının indiki Şəhidlər Xiyabanında mövcud olduğu məlumatı kütləvi informasiya vasitələri yaydı.

 

Ata tərəfdən Qacarlara, ana tərəfdən Talışxanovlara bağlı General

Hüquqşünas - vəkil kimi iş yeri Qafqaz Canişinliyi tərəfindən Şamaxıdan Lənkərana dəyişdirilən Sadıx bəy Mehmandarov burada general-leytenant Mir Mustafa xan Talışinskinin qızı Bikə xanımla evlənmişdi. General Səməd bəy Sadıx bəy oğlu Mehmandarov isə 1907-ci ildə Jitomirin məşhur əsilzadə soylarına bağlı Yelizaveta Teslova ilə ailə qurmuşdu. 1908-ci ildə oğlu Piri dünyaya gəlmişdi. Atası həbs edilib zindana salınanda onun 12 yaşı vardı. Peterburqa köçərkən Yelizaveta Teslova oğlunun adını dəyişərək ona İqor adını vermişdi. 37-ci ilin dəhşətli repressiyaları zamanı İqor anası ilə birlikdə öncə Peterburqdan Saratova, ordan isə Sibirə sürgün edilmişdi. II Dünya müharibəsi zamanı faşistlərin Sibirə gedən qatarı partlatması nəticəsində Yelizaveta Teslova – Mehmandarova həlak olmuş, İqor isə sağ qalmışdı.

 

Ulu Öndər Mehmandarovun oğluna ev bağışladı

Siyasi hakimiyyətinin birinci mərhələsində, 1970-ci ildə İqor Səməd bəy oğlu Mehmandarovu tapdıran, hələ onun axtarışlarına təhlükəsizlik orqanlarında çalışarkən başlayan Ulu Öndər Heydər Əliyev onu Bakıya dəvət edərək ona ev bağışlamışdı. Bundan sonra həyat yoldaşı ilə birlikdə İqor Səməd bəy oğlu Mehmandarov Bakıya köçmüş, ömrünü doğmalarının arasında başa vurmuşdu.

Qüdrətli sərkərdə, Cümhuriyyətin ilk və son Hərbiyyə Naziri general Səməd bəy Mehmandarovun sürgün əzabı yaşayan oğlu İqor Səməd bəy oğlu Mehmandarov 1989-cu ildə Azərbaycanda Milli Azadlıq hərəkatının boy verdiyi, atasının uğrunda can verdiyi hilallı-ulduzlu, üç rəngli bayraq göy üzünə səriləndə -  1989-cu ildə “Atamın yarımçıq arzuları reallaşır!” nidası ilə dünyasını dəyişərək Yasamal qəbristanlığında torpaq müqəddəsliyinə qovuşdu.

General Səməd bəy Mehmandarov irsi, şəxsiyyəti, Cümhuriyyətin özü, milli dövlətçilik tariximiz qədər əziz və müqəddəs bir dünya kimi bu gün də səcdəgaha çevrilib. Adı xatirəsi əbədiləşdirilən general Səməd bəy Mehmandarovun 160 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 26 sentyabr 2015-ci il tarixli Sərəncamla dövlət səviyyəsində qeyd edildi.

 

Silahlı Qüvvələr günü yenidən təsbit olundu

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci 26 iyun tarixli Sərəncamı ilə Azərbaycan Əlahiddə Korpusunu qurdu. Onun əsasında 1918-ci il noyabrın 17-də Hərbiyyə Nazirliyi yaradıldı. 1918-ci il dekabrın 25-də Tam Artilleriya generalı Səməd bəy Sadıx bəy oğlu Mehmandarov Hərbiyyə Naziri təyin edildi.

20-ci illərin bolşevik istilası ən ali idellara son qoysa da, Azərbaycan xalqı Milli Müstəqilliyə nail oldu. 26 iyun Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi yenidən təsbit edildi.

Milli Ordunun dirçəlişi, 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atması üçün Ulu Öndərin əzəmətini, Müzəffət Ali Baş Komandan Prezident cənab İlham Əliyevin qüdrətini, Şuşa qalasına, Pənahəli xanın diyarına, həm də Mehmandarovların tarixi şəhərinə, mülkünə, malikanəsinə bir göz qırpımında qədəm qoyan, “ruh bədənə girən kimi girən” Azərbaycan Ordusunun əzəmətini etiraf etmək məcburiyyətində qalan dünyanın eşitdiyi ilk kəlamlardan biri bu oldu: “Biz boyunduruq altında olmamışıq! Denikin məni rus millətindən və çardan da yaxşı tanıyır. Mənim rəhbərlik etdiyim korpuslar digərlərindən güclü olmuşdur”.

Şərəf Cəlilli,

 filologiya üzrə fəlsəfə doktoru

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55