Turanə Baxşəliyeva: “İƏT Zirvəsi Azərbaycanın İslam dünyasındakı rolunu göstərəcək”
Siyasət 19 Sentyabr 2026, 15:27
4082
2027-ci il Azərbaycanın beynəlxalq diplomatiya tarixində mühüm hadisələrlə yadda qalacaq. Həmin il Bakıda İslam Əməkdaşlıq Təşkilatının XVI İslam Zirvə Konfransının keçirilməsi ölkəmizin üzərinə böyük beynəlxalq məsuliyyət qoymaqla yanaşı, Azərbaycanın İslam dünyasında artan rolunun mühüm göstəricilərindən biri olacaq.
İslam Əməkdaşlıq Təşkilatının rəsmi təqviminə əsasən, XVI İslam Zirvə Konfransı 23–24 iyun 2027-ci ildə Bakıda keçiriləcək. Zirvə toplantısından əvvəl 19–20 iyun tarixlərində yüksək vəzifəli şəxslərin, 21–22 iyun tarixlərində isə nazirlərin hazırlıq görüşlərinin keçirilməsi nəzərdə tutulur. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi təsadüfi hadisə deyil. Bu, üzv dövlətlərin Azərbaycanla qurduğu çoxşaxəli əməkdaşlığın, ölkəmizin təşkilat çərçivəsində fəal mövqeyinin və beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatına üzv olan ilk beynəlxalq təşkilatlardan birinə qoşulub. 2026-cı ildə Azərbaycanın İƏT-ə üzvlüyünün 35 ili tamam olur. Prezident İlham Əliyev 2026-cı ilin iyununda İƏT Parlament İttifaqının sessiyasına müraciətində bu münasibətlərin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan ötən 35 il ərzində təşkilatın fəaliyyətində fəal iştirak edib, müxtəlif təşəbbüslər irəli sürüb və İslam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə ev sahibliyi edib. Bakının qarşıdakı Zirvə üçün məkan seçilməsi də bu əməkdaşlığın nəticələrindən biri kimi qiymətləndirilə bilər. İƏT Baş Katibliyi Azərbaycanın 2027-ci ildə XVI İslam Zirvə Konfransına ev sahibliyi etməsini ölkəmizin təşkilat daxilində konstruktiv roluna göstərilən etimad kimi dəyərləndirib. 2027-ci ilin əhəmiyyətini artıran əsas məsələlərdən biri Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul etməsidir.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sədrliyi dövründə ölkəmiz üzv dövlətlərin ümumi maraqlarının təşviqinə, təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə və İslam həmrəyliyinin gücləndirilməsinə səylər göstərəcək.
Bu, Azərbaycan üçün yalnız diplomatik status deyil, həm də mühüm məsuliyyətdir. Çünki İƏT geniş coğrafiyanı, müxtəlif siyasi və iqtisadi imkanlara malik dövlətləri bir araya gətirir. Belə bir təşkilata sədr olmaq üzv ölkələr arasında dialoqun inkişaf etdirilməsi və ortaq məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi baxımından əlavə imkanlar yaradır. Son illərdə Azərbaycan beynəlxalq və regional əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm məkanlardan birinə çevrilib. Bakı müxtəlif siyasi, iqtisadi, humanitar və mədəni platformaların ünvanı kimi tanınır.
İslam dünyası ilə əlaqələr baxımından isə Azərbaycanın xüsusi təcrübəsi var. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və həmin il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun ən parlaq nümunələrindəndir. Oyunlarda 54 ölkənin iştirakı İslam dünyasının müxtəlif dövlətləri arasında idman vasitəsilə həmrəyliyin nümayişinə çevrilmişdi. Bakı həmçinin İslam dünyasının iqtisadi və institusional əməkdaşlığı baxımından da mühüm tədbirlərə ev sahibliyi edir. 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdəki rolunu bir daha nümayiş etdirdi. Bütün bunlar 2027-ci il Zirvəsi üçün mühüm siyasi və təşkilati təcrübənin formalaşdığını göstərir.
Müasir dövrdə dövlətlərarası münasibətlərin yalnız siyasi əlaqələrlə məhdudlaşmadığı hamıya məlumdur. İqtisadiyyat, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, elm, təhsil, səhiyyə və ərzaq təhlükəsizliyi beynəlxalq əməkdaşlığın əsas istiqamətlərinə çevrilib.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr geniş iqtisadi və demoqrafik potensiala malikdir. Bu potensialın daha səmərəli şəkildə əlaqələndirilməsi üzv dövlətlər arasında ticarət və investisiya münasibətlərinin inkişafına, yeni layihələrin həyata keçirilməsinə və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər.
Azərbaycanın yerləşdiyi coğrafi mövqe də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat və logistika imkanlarına malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər regional layihələr Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrində rolunu artırır. Bu imkanlar İslam dünyasının müxtəlif ölkələri arasında ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün də yeni perspektivlər yarada bilər.
İslam dünyasının inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz. Təhsil, elm, mədəniyyət və gənclər arasında əlaqələrin genişləndirilməsi də ortaq gələcəyin mühüm şərtlərindəndir. Azərbaycan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan kimi bu istiqamətdə mühüm təcrübəyə malikdir. Bakı, Naxçıvan və Şuşa kimi şəhərlərin müxtəlif illərdə İslam mədəniyyətinin paytaxtı elan edilməsi də Azərbaycanın İslam sivilizasiyasının zəngin irsinə bağlılığının göstəricilərindəndir. Bu baxımdan 2027-ci il Zirvəsi yalnız siyasi müzakirələr üçün deyil, həm də humanitar və mədəni əlaqələrin yeni mərhələyə çıxarılması üçün mühüm platforma ola bilər.
Dünyada davam edən mürəkkəb proseslər fonunda sülh və sabitlik məsələləri beynəlxalq gündəliyin əsas mövzularından biridir. İslam dünyasının müxtəlif regionlarında baş verən hadisələr milyonlarla insanın həyatına təsir göstərir.
Belə bir şəraitdə dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı anlaşmanın təşviqi və humanitar məsələlərə diqqətin artırılması xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın son illərdə müxtəlif beynəlxalq platformalarda sülh, əməkdaşlıq və dialoq ideyalarını ön plana çıxarması Bakı Zirvəsinin mümkün gündəliyi baxımından da diqqət çəkir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən dini liderlərin görüşündə Prezident İlham Əliyev sülh, əməkdaşlıq, əmin-amanlıq və barışıq naminə səsləndirilən çağırışların əhəmiyyətini vurğulayıb və növbəti il İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Bakıda keçiriləcəyini qeyd edib. Bu baxımdan Bakı Zirvəsi İslam dünyasının ortaq problemləri ilə bağlı fikir mübadiləsi üçün mühüm platformaya çevrilə bilər. Beynəlxalq tədbirlərin keçirilməsi ölkəyə yalnız təşkilati məsuliyyət gətirmir. Eyni zamanda həmin ölkənin siyasi və diplomatik imkanlarının nümayişinə şərait yaradır.
Azərbaycan müxtəlif illərdə Qoşulmama Hərəkatına, Türk Dövlətləri Təşkilatına və digər beynəlxalq platformalara ev sahibliyi edib və ayrı-ayrı dövrlərdə həmin qurumlarda sədrliyi həyata keçirib. Bakıdakı beynəlxalq tədbirlər ölkəmizin təşkilati imkanlarının və diplomatik fəallığının təqdimatı baxımından da əhəmiyyət daşıyır. İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə Konfransının keçirilməsi isə Azərbaycanın İslam dünyası ilə əlaqələrinin xüsusi istiqamət təşkil etdiyini bir daha nümayiş etdirəcək.
2027-ci ildə dünyanın diqqətinin Bakıya yönəlməsi Azərbaycanın beynəlxalq diplomatik gündəlikdəki mövqeyini daha da gücləndirəcək. Zirvə çərçivəsində dövlət və hökumət başçılarının, yüksək səviyyəli nümayəndələrin bir araya gəlməsi müxtəlif ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin müzakirəsinə də imkan yaradacaq. Əsas məsələ isə bu mötəbər tədbirin konkret nəticələrlə yadda qalmasıdır. Birgə layihələrin təşviqi, iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar əməkdaşlığın inkişafı, gənclər və elm sahəsində yeni proqramların yaradılması kimi istiqamətlər Zirvənin uzunmüddətli nəticələrini müəyyən edə bilər. Azərbaycanın sədrliyi dövründə irəli sürüləcək təşəbbüslərin İslam dünyasının ortaq maraqlarına xidmət etməsi və dövlətlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlməsi xüsusi əhəmiyyət kəsb edəcək.
İslam Əməkdaşlıq Təşkilatının 2027-ci ildə Bakıda keçiriləcək XVI Zirvə Konfransı Azərbaycanın beynəlxalq həyatında mühüm hadisələrdən biri olacaq. Bu tədbir ölkəmizin İslam dünyası ilə 35 illik əməkdaşlığının yeni mərhələsinin başlanğıcı kimi də xarakterizə oluna bilər. Azərbaycan həm Zirvəyə ev sahibliyi edəcək, həm də təşkilata sədrliyi qəbul edərək üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi prosesində fəal rol oynayacaq.
Bakı artıq beynəlxalq dialoqun müxtəlif istiqamətlərinin kəsişdiyi şəhərlərdən biridir. 2027-ci il Zirvəsi isə bu missiyanın İslam dünyası müstəvisində daha geniş şəkildə davam etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bakı Zirvəsi bir şəhərin ev sahibliyindən daha böyük məna ifadə edir. Bu, Azərbaycanın İslam dünyası ilə qarşılıqlı etimada əsaslanan münasibətlərinin, çoxtərəfli diplomatiyasının və əməkdaşlığa açıq mövqeyinin beynəlxalq platformada növbəti nümayişi olacaq. İslam dünyasının qarşısında dayanan çağırışların həlli üçün həmrəylik, dialoq və qarşılıqlı əməkdaşlıq nə qədər vacibdirsə, Bakı Zirvəsinin əhəmiyyəti də bir o qədər böyükdür.
2027-ci ilin iyununda Bakı yalnız Azərbaycanın paytaxtı kimi deyil, İslam dünyasının ortaq məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq diplomatiya mərkəzi kimi diqqət mərkəzində olacaq.
Turanə Baxşəliyeva
Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,
Naxçıvan Regional Mədəniyyət İdarəsinin Şahbuz Rayon Sektorunun ərazi partiya təşkilatının sədr müavini
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53