Mirzə Rəşad Okbəy: “Türkiyədəki hər tənqidi Türkiyənin dövlət mövqeyi kimi oxumaq yanlışdır”
Siyasət 29 Sentyabr 2026, 09:04
2878
Bəzən olur, bir şəkil min sözdən çox danışır. Bəzən də bir şəkil haqqında minlərlə adam o qədər çox danışıb-deyinir ki, axırda şəkilin özünün demək istədiyi heç nə eşidilmir. Daha doğrusu, şəkil özünü doğru oxutdura bilmir.
Elə bugünlərdə BMT Baş Assambleyasının zalından yayılan bir fotoşəkil məhz belə bir vəziyyət yaradıb.
İsrailin baş naziri Benyamin Netanyahu BMT tribunasına çıxanda Türkiyənin də daxil olduğu çoxsaylı müsəlman və qeyri-müsəlman ölkələrinin nümayəndələri zalı tərk etdilər.
Anadolu Agentliyinin BMT-dəki görüntülər üzrə apardığı araşdırmaya görə, təxminən 70 ölkənin nümayəndə heyəti ya zalı tərk edib, ya da yerlərini boş saxlayıb.
Türkiyə də həmin ölkələr sırasında olub. Azərbaycan nümayəndəsi isə zalda qalıb.
Vəssalam.
Hadisənin faktiki hissəsi bundan ibarətdir.
Amma sonra bizim coğrafiyanın camaatının sevimli məşğuliyyəti başlayıb: bir qoltuqdan (kreslodan) dövlətlərarası, cəmiyyətlərarası, xalqlararası böhran düzəltmək!
Beləliklə qısa müddət ərzində Türkiyədə sosial şəbəkələrin müəyyən hissəsində Azərbaycana qarşı ittihamlar yağmağa başladı.
Azərbaycanda da cavab dalğası özünü çox gözlətmədi. Bir tərəfdən “Azərbaycan niyə çıxmadı?” sualı varsa, o biri tərəfdən “Türkiyə niyə çıxdı?” sualı var.
Sonra iş daha da qızışdı: bu səfər qoca tarix bu məzhəkənin səhnəsinə dəvət edildi.
Kiminsə 1918-ci il haqqında yaddaşı oyandı, kiminsə 1920-ci il haqqında, kiminsə 1990-cı illər haqqında. Bir azdan yəqin ki, kimsə Osmanlı-Səfəvi münasibətlərini də tapıb gətirəcəkdi və bu da oldu təəssüf ki!
Bir BMT qoltuğu (kreslosu) artıq az qala Türk Dünyasının minillik geosiyasi münaqişə masasının üstünə qoyulmuşdu.
Halbuki ortada çox daha sadə bir məsələ var.
Diplomat zalda oturubsa, bu, onun qarşısında danışan dövlət rəhbərinə, onun hökumətinə səs verdiyi anlamına gəlmir. BMT diplomatiyasını bir az da DİNLƏMƏK VƏ NƏZƏRƏ ALMAQ DİPLOMATİYASI kimi qəbul etmək lazımdır.
BMT Baş Assambleyasında dövlətlər bir-birinin çıxışlarını dinləyirlər. Bəzən etiraz üçün zalı tərk edirlər, bəzən otururlar, bəzən nümayəndə heyətinin yalnız bir hissəsi qalır. Bu, siyasi mövqe ifadə edə bilər, amma zalda oturmaq avtomatik olaraq çıxış edən şəxsin bütün mövqelərinə dəstək vermək demək deyil axı.
Elə həmin gün Netanyahu çıxış edərkən təkcə Azərbaycan nümayəndəsi zalda deyildi. ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Çin, Avstraliya, Kanada və bir sıra başqa ölkələr də müxtəlif səviyyələrdə nümayəndə saxlamışdılar.
Azərbaycan da zalda qalan ölkələr arasında idi.
İndi gəlin bir anlıq özümüzə sual verək:
Bu ölkələrin hamısı Netanyahu hökumətinin siyasətini dəstəkləyirdimi?
Əgər cavab “xeyr”dirsə, onda Azərbaycan diplomatının orada oturmasını niyə avtomatik olaraq “İsrailə dəstək” kimi oxuyuruq?
Diplomatiya “kimlə birlikdə qoltuqda oturdun?”
səviyyəsində işləsəydi, Xarici İşlər nazirliklərinə yox, toy məclislərinə ehtiyac olardı.
Götürək elə Ermənistanın keçmiş rəhbərlərindən biri olmuş Serj Sarkisyanı: onun nümunəsi burada çox maraqlı bir vəziyyət yaradır.
Bir anlıq təsəvvür edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan BMT tribunasındadır.
Azərbaycan üçün Sarkisyanın adı Qarabağ müharibəsi, işğal və Xocalı faciəsi ilə bağlı ən ağır siyasi yaddaşlardan birinin içindədir. Onun rəhbərlik etdiyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı siyasi-hərbi reallıq Azərbaycanın kollektiv yaddaşında hələ də çox canlıdır. Milyonlarla insanın son 30 ildə yaşadığı acı taleyi, faciəni, müsibətləri barədə danışmağa başlasaq gərək Sarkisyan çoxdan edam olunaydı.
Amma Sarkisyan BMT-də çıxış edəndə Azərbaycanla yanaşı başqa dövlətlərin nümayəndələri də zalda oturub onu dinləyə bilərdilər. Dinləyiblər də!
Türkiyə nümayəndəsi də, eləcə də digər müsəlman ölkələr, hətta türk dövlətlərin də!
Nə edək? Hamısı ilə düşmən olaq indi?
İndi qalxıb desək: “Türkiyə niyə Sarkisyanın çıxışını dinlədi? Deməli, Sarkisyanın siyasətini dəstəkləyirdi!” - bax bu məntiq absurd görünər.
Çünki biz başa düşürük ki, dinləmək hələ təsdiqləmək deyil.
Diplomatik münasibətlərdə bu fərqi itirsək, o zaman dünyanın yarısını bir-birinə düşmən elan etmək olar.
İndi gələk məsələnin ən təhlükəli yerinə.
Məni narahat edən Netanyahu deyil. Məni daha çox narahat edən Netanyahu çıxış elədikdən sonra, Azərbaycanla Türkiyənin sosial şəbəkələrində bir-birinə qarşı çevrilən cümlələrdir, fikirlərdir, "tarixi faktlar"dır.
Çünki diplomatik bir görüntü sabah unudula bilər. Amma insanların beynində yaranan “onlar bizə qarşıdır”, “bunlar bizə xəyanət etdi”, “siz onsuz da belə idiniz” kimi cümlələr qalır.
Düşmənçiliyin ən təhlükəli forması da budur.
Əvvəl bir şəkil göstərilir.
Sonra bir hadisə.
Sonra bir tarix kitabından hansısa qara səhifə.
Sonra başqa bir hadisə.
Sonra “siz bizə bunu etmişdiniz”.
Ardınca “siz də bizə onu etmişdiniz”.
Beş dəqiqə sonra, 1918-ci ildən 2026-cı ilə qədər bütün tarix məzhəkə-məhkəmə salonuna çevrilir. Hakim də sosial şəbəkədə əcaib profil şəkli olan hansısa "fake adam"dır.
Münsiflər heyəti də onun 300-500 izləyicisi.
Və qərar çıxarılır: “Qardaşlıq ləğv edildi.”
Bu, artıq siyasi analiz deyil. Bu, kollektiv emosional özünəqəsddir. Türkiyə Azərbaycanın adi qonşusu deyil. Bunu romantik şüar kimi yox, dövlət maraqları baxımından anlamaq lazımdır.
Azərbaycanın müstəqilliyinin ilk illərində Osmanlı Türkiyəsinin hərbi və siyasi yardımı Azərbaycan dövlətçiliyinin qorunması baxımından mühüm rol oynayıb. 1918-ci il 4 iyun müqaviləsinin dördüncü maddəsində Osmanlı hökumətinin Azərbaycanın təhlükəsizliyinin təmininə hərbi yardım göstərməsi nəzərdə tutulurdu; həmin ilin sentyabrında Qafqaz İslam Ordusunun Bakıdakı döyüşlərdə iştirakı Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə çevrildi.
Müasir dövrdə isə Türkiyə Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyan ilk dövlət olub və iki ölkə arasındakı münasibətlər 2021-ci il Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilib.
Bunu Türkiyənin Xarici İşlər Nazirliyi də münasibətlərin “strateji” və müttəfiqlik səviyyəsində olduğunu bildirərək təsdiqləyir.
Şuşa Bəyannaməsinə isə bir az diqqətlə baxmaq lazımdır.
Orada iki dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət, xarici siyasət üzrə məsləhətləşmələr və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərdə əməkdaşlıq ayrıca təsbit olunub. Eyni zamanda sənəd tərəflərin müstəqil xarici siyasət yürütməsini də açıq şəkildə qeyd edir.
Bu isə çox mühüm məqamdır.
Müttəfiq olmaq bir dövlətin digər dövlətin bütün xarici siyasət qərarlarının surətini çıxarması demək deyil.
Əksinə, iki suveren dövlətin müttəfiqliyinin mahiyyəti ondadır ki, hər iki dövlət öz milli maraqlarını qoruyaraq strateji məsələlərdə bir-birinin yanında dayanır.
Azərbaycanın İsraillə münasibətləri də bu dövlət maraqları çərçivəsində formalaşıb. Azərbaycan dövlətinin İsraillə münasibətlərini bəyənib-bəyənməmək ayrıca müzakirə mövzusudur. Amma bunu yox saymaq, Azərbaycanın öz xarici siyasət hesabını aparmadığını düşünmək, sadəcə, reallıqdan qaçmaqdır.
Azərbaycanın öz hesab-dəftəri var.
Türkiyənin də öz dəsti-xətti və hesabı var.
Və dövlətlərarası münasibətlər “kim mənimlə eyni dini daşıyır?” sualı ilə idarə olunmur. Din qardaşlığı ilə dövlət müttəfiqliyini qətiyyən bir-birinə qatmaq olmaz!
Bəlkə də bu hadisənin ən ciddi dərsi elə budur.
Eyni millətə mənsub iki dövlət belə bütün məsələlərdə eyni siyasi mövqedə olmaq məcburiyyətində deyil. İki ölkənin əhalisinin əksəriyyəti eyni dinə mənsub ola bilər, amma dövlətlərin konstitusion quruluşu, tarixi təcrübəsi, coğrafi mövqeyi, iqtisadi maraqları, təhlükəsizlik prioritetləri və beynəlxalq əlaqələri fərqli ola bilər.
Dini isə dövlətlərarası mübahisələrin daimi ölçü vahidinə çevirmək xüsusilə təhlükəlidir.
Çünki din insanın ən məhrəm dünyasıdır.
Onu dövlətlərarası diplomatik hesabat, diplomatik haqq-hesab kitabına çevirdiyiniz gün siyasət yox, fanatizm başlayır.
Tanrı ilə insan arasındakı münasibətə diplomat lazım deyil, Əfəndilər. Türkiyədəki hər tənqidi "Türkiyə Azərbaycana qarşıdır" kimi oxumaq da yanlışdır.
Bu məsələdə, çox təəssüf, Azərbaycanda başqa bir səhvə də yol verilir. Türkiyədə bəzi media qurumlarının, köşə yazarlarının, sosial şəbəkə istifadəçilərinin Azərbaycana qarşı sərt mövqe sərgiləməsi avtomatik olaraq Türkiyə dövlətinin mövqeyi deyil.
Bunları qarışdırmaq olmaz!
Türkiyə demokratik siyasi sistemə malik ölkədir. Orada müxtəlif siyasi baxışlar, müstəqil media qurumları və ictimai mövqelər mövcuddur.
Ona görə Ankara baş verənlərə hələlik susursa, hər şeyi dərhal "gizli plan" kimi oxumaq da lazım deyil. Bu toz-duman yatsın əvvəl. Bəlkə də, sadəcə, dövlət DÖVLƏT kimi davranır. Yəni sosial medianın hər cümləsinə dövlət möhürü vurmur. Düz də edir.
Bu, əslində sağlam yanaşmadır.
Türkiyə dövlətinin Azərbaycanın BMT-dəki nümayəndəsinin zalda qalmasına görə Azərbaycana qarşı rəsmi etiraz etdiyini göstərən bir məlumat ortada yoxdur. Əksinə, müzakirənin əsas ağırlığı media və sosial şəbəkələrdə gedib.
Bu fərqi qorumaq lazımdır.
Bəs Azərbaycanda nə baş verir?
Eyni şey.
Bir tərəfdən Türkiyədəki sərt fikirlərə cavab olaraq Azərbaycanda "qardaş Türkiyə belə etdi" deyə emosional hücumlar başlayır. Sonra "siz onsuz da həmişə belə olmusunuz" tipli cümlələr peyda olur. Sonra tarixçilərimiz, tarixşünaslarımız, yarımçıq tarix bilənlərimiz, ümumiyyətlə tarixlə yalnız "Facebook memories" vasitəsilə əlaqəsi olanlar meydana çıxır.
Biri 100 il əvvəlki hadisəni misal gətirir.
O biri 80 il əvvəlkini.
Üçüncüsü 30 il əvvəl baş verənləri qaldırır...
Axırda məlum olur ki, BMT-dəki bir qoltuğun (kreslonun) üstündə üç imperiya, iki dünya müharibəsi və beş nəsil qohumluq mübahisə edir.
Bir az da getsə, Koroğlu ilə Dədə Qorqudu da tərəf seçməyə çağıracağıq.
Bu qədər absurd vəziyyətə düşmək lazım deyil.
Əsl düşmənçiliyi ele belə yaradırlar da. Əgər kimsə Azərbaycanla Türkiyənin münasibətlərinin zəifləməsini istəyirsə, onun üçün Bakı ilə Ankaranın hər hansı diplomatik fikir ayrılığının olması belə vacib deyil.
Ona daha qiymətli bir şey lazımdır: Azərbaycanlı ilə türkün bir-birinə "siz" deməyə başlaması.
Çünki dövlətlərarası məsafə əvvəl xəritədə yaranmır. Əvvəl insanların dilində yaranır.
Əvvəl "onlar" başlayır. Sonra "siz". Sonra "biz".
Sonra isə xəritə özü-özünə dəyişikliyə uğrayır.
Azərbaycanla Türkiyə arasında buna yol vermək olmaz.
Bu iki dövlətin Qara dənizdən Xəzərə, Cənubi Qafqazdan Mərkəzi Asiyaya, hətta Bəndər Abbas limanına, Hörmüz boğazına qədər yaratdığı geosiyasi, iqtisadi və təhlükəsizlik bağlantısının çəkisi kifayət qədər böyükdür.
Şuşa Bəyannaməsi də bu münasibətlərin emosional şüardan ibarət olmadığını, siyasi və hüquqi mexanizmlərlə möhkəmləndirildiyini göstərir.
Ona görə də, bir BMT fotosuna görə bu münasibətləri sosial şəbəkə məzhəkəsinə çıxarmaq gülünc olduğu qədər də təhlükəlidir.
Hə, bir də "pullu mirzələr" məsələsi var.
Burada bir incə fərq qoyaq. Hər tənqid edən insanı xarici qüvvələrin agenti elan etmək doğru deyil. İnsan bəzən, sadəcə, emosionaldır.
Bəzən məlumatsızdır.
Bəzən siyasi baxışı fərqlidir.
Bəzən də həqiqətən kiminsə informasiya kampaniyasına xidmət edir. Amma bunu sübutsuz hamıya şamil etmək yanlış olar.
Lakin bir həqiqət var: suyu bulandırmaq istəyənlər həmişə olub, olur və olacaq. Onların ən böyük arzusu iki qardaş dövlətin xalqlarının, cəmiyyətlərinin bir-birinə qarşı emosional sədd çəkməsidir.
Ona görə də, onların hazırladığı oyunda ən qiymətli material elə bizim öz səbirsizliyimiz və qəzəbimizdir. Onlar kibrit vermirlər. Əvəzində biz özümüz yanan ocağa odun daşıyırıq.
İndi sakitləşmək vaxtıdır, arxadaşlar!
Türkiyədə Azərbaycanı sevən, Azərbaycanın müstəqil xarici siyasətini anlayan, iki dövlət arasındakı strateji münasibətlərin mahiyyətini dərk edən çox böyük bir ictimai-siyasi kəsim var.
Azərbaycanda da Türkiyəni dövlət olaraq, xalq olaraq, tarix və gələcək baxımından özünə yaxın bilən böyük bir toplum var. Bir neçə sosial media hesabının səsi bunların hamısından böyük deyil.
Ona görə də, bir-birimizə baxanda əvvəlcə Netanyahunun BMT tribunasından sərsəmləməsini yox, Şuşanı xatırlamaq lazımdır.
Bir BMT zalındakı boş qoltuqları (kresloları) yox, Şuşa Bəyannaməsinin imzalandığı masaya diqqət kəsilməlidir.
Çünki münasibətlərimizi bir diplomatın bir gün ərzində hansı qoltuqda (kresloda) oturması müəyyən etmir. Bu münasibətlərin arxasında böyük və dərin tarix var.
Müharibə var.
Qan var.
Dövlət maraqları var.
İqtisadi və geosiyasi reallıqlar var.
Və ən əsası - iki xalqın uzun illər ərzində formalaşmış ortaq yaddaşı var.
Uzun sözün qısası, bunların hamısını bir fotoşəkilə, bir yəhudi rəsmi danışarkən niyə zalda qalıb-qalmayıb məsələsinə qurban vermək olmaz!
Azərbaycan Türkiyənin əyaləti deyil.
Türkiyə də Azərbaycanın xarici siyasət idarəsi deyil.
İki ayrı suveren dövlətik.
Amma müttəfiqik.
Qardaşıq.
Və Şuşa Bəyannaməsi bu münasibəti, sadəcə, romantik ifadələrlə deyil, siyasi və hüquqi mexanizmlərlə təsbit edib.
Azərbaycan öz xarici siyasətini özü müəyyənləşdirəcək. Türkiyə də öz xarici siyasətini özü müəyyənləşdirəcək.
Bəzən eyni yerdə dayanacağıq.
Bəzən fərqli taktika seçəcəyik.
Bəzən biri zalı tərk edəcək, digəri qalacaq.
Bu, dövlətlərarası münasibətlərin sonu deyil.
Əksinə, yetkin dövlət münasibətlərinin təbiətidir.
Əsas məsələ odur ki, diplomatın qoltuğunu (kreslosunu) xalqın ürəyindən çıxarmayaq.
Çünki bir qoltuq boş qala bilər.
Bir diplomat zalda qalıb otura bilər.
Bir hökumət hansısa məsələdə fərqli taktika seçə bilər.
Fəqət gözəlim Azərbaycanla çiçəyim Türkiyə arasındakı münasibətləri boşaltmaq istəyənlərin altına öz əlimizlə qoltuq (kreslo) qoymaq - bax, əsl təhlükə budur.
Bunu da ən əvvəl azərbaycanlı olan şəxslər anlamalıdırlar. Elə Türkiyəli vətəndaşımız da!
Çünki bu iki xalqın arasına ən böyük məsafəni tanklar yox, bir-birimiz haqqında qurduğumuz yanlış təsəvvürlər yarada bilər. Və tarixdə çox vaxt xalqları bir-birindən ayıran şey böyük müharibələr olmur, vaxtında susdurulmayan kiçik, mənasız və zəhərli sözlər olub...
Mirzə Rəşid Okbəy
Siyasətçi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53