ÜÇ ARİF - Əlabbas Bağırov yazır...
Söz adamı 24 İyul 2026, 10:32
4851
Siqaret
Əvvəl-əvvəl Arifi tanıdım, sonra Arif Məmmədovu, axırda da Arif Əmrahoğlunu. Məndən ötrü bu üç imzanın hər biri fərdi dəyərlərə sahib başqa-başqa insanlar idi. Bilməyənlər üşün deyim ki, Arif tələbə yoldaşım olub, beş il – 73-78 arası ADU-nun (indiki BDU) filologiya fakültəsində bir yerdə oxuyub, elə bir o qədər də xatirələri hələ də soyumayan tələbə yataqxanasında qapıbir qonşu olmuşuq. O illərdən çoxlarında çox şeyin, hətta sifətinəcən belə dəyişdiyini gördüm, amma elə şeylər oldu, onu heç ölüm də Arifə tərgidə bilmədi.
Onu ılk dəfə 1973-cü il sentyabr ayının 1-də, o vaxt Azərbaycanda yeganə olan universitetin Kommunist küçəsində yerləşən binasının ikinci mərtəbəsinin uca dəhlizində, sonralar beş ıl bir yerdə oxuduğum tələbələrin əhatəsində ikən gördüm. Və ora, o yerə tanışlıq və dostluğun bünövrəsinin çox hay-küy və bəh-bəhlə qoyulduğu o odlu vahəyə cin bismillahdan qorxar kimi yaxınlaşdım. Birincisi çox mühüm olmaqla bir neçə nədəni vardı bunun. Söhbət tək ondan ondan getmir ki, o il (73) universitetəən aşağı qiymətlərlə qəbul olanlar arasında birinci yeri məhz özümün tutduğuma bir çimdik də şübhəm yox idi… Bu xəcalət hissi dəyirman daşı tək aylarla, daha dəqidi, düz yanvar sessiyasınacan tək əl-qolumu deyil, həm də qızğın ədəbi-elmi mübahisə və müzakirələr gedən yerə yolumu kəsib. O qorxunun kökü elə o zaman, ilk dərs günü həftənin son şənbəsinə düşən 1 sentyabrda qoyulub. Burda söhbət həm də ondan gedir ki, əksəriyyətinin ağzından od tökülən o tələbələrin boyda da ən balacası və çəlimsizi mən idim. Bir müddətdən sonra məlum oldu ki, sən demə, bığ yeri təzə-təzə tərləyən bəndənizdən on-on bir sinn böyük olan o “ağsaqqal uşaqların” yaşda da ən kiçiyi elə mənəm – 16 yaş…
Qolsuz ağ köynəkdəki qızılı saçlı Arifi, hamının başına yığıldığı oğlanı ilk dəfə onda, o odlu vahədə gözüm aldı. Damağında da siqaret… Sonralar ılk görüşdən hərəsini bir vacib detalı ıləxatırladığım o dostlardan Arif də yaddaşıma məhz o siqareti və sifəti boyu burum-burum qalxıb heçliyə qovuşan tütün dumanı ilə həkk olundu. Mən tüstünü o cür acgözlüklə sinəsinəçəkməyi daha erkən yaşlarımda uşaqlıq dostum, sonraların məşhur şairi Akif Azalpda da görmüşdüm. Təxminən səkkiz sənə sonra rast gəldiyim böyük fikir adamı Natiq Səfərovun da tüstünü eynən Akif və Arifsayağı can-dildən sümürdüyünü və dünyanın adı dillərdən düşməyən bir sıra məşhur isimlərinin də şüurlu olaraq canına qəsd etdiyini bildiyi halda, onu tərgidə bilmədiyini görəndən sonra başa düşdüm ki, siqaret çəkmək dərd ovutmaq yox, xüsusi bir ruh halıdı. Hərdən – bu, tələbəliyin sonrakı illərində olub – eşitdirəndə ki, Arif, sən xüsusi pozada bir şəkil çəkdir, fotoqrafiya tarixində, bəlkə də, bu, nadir sənət incisi olacaq, heç birimizin ağlına da gəlmirdi ki, hər şey dediyim məhz həmin o əlahiddə məqamla bağlı bir məsələ də ola bilər. Düzünü deyim ki, siqaret Arifə bir ayrı cür yaraşır, ona ağayana, müdrik bir görkəm verirdi. Amma o özü bunu bilmirdi. Nə bilim, bəlkə də, bilirdi... Amma dərhal da başlayırdı ki, sən öz canın, sataşma. “Heç sataşan da sənin oduna yanar?” deyib, əlimi qutuya uzadan kimi istəyimi göydə tuturdu: “Baqirov, sən çəkən deyilsən, korlama ciqareti, hörmətlə yanaş ona”
Bəlkə də, siqaret ondan əl çəkərdi, amma Arif özü ondan əl çəkmədi, çəkə bilmədi, kim bilir, bəlkə də, sadəcəəl çəkmək istəmədi. Onunla, sağlamlığını gözgörəti əlindən alan, içini güvə tək xımır-xımır yeyən, qəddini bükən, candan eləyən o qəm tütəyi ilə sona qədər dostluq elədi, onu etibarsız insanlardan üstün tutdu, dəyərsiz dostlardan çox istədi… Kim bilir, bəlkə, düzünü də o elədi: illah da əgər dediyim o xüsusi hala onun az-çox dəxli varsa...
Mətləbini bilə-bilə uzatdığım bu söhbətin lap sonda, düz qırx bir ilin tamamında məhz siqaret kəlməsi ilə bitməsi məndən ötrü tək Ariflə bağlı qəmli bir hekayətin sonu olmayıb, həm də məni uzun illər inanmaq istəmədiyim bir qənaətlə üz-üzə qoyub: onsuz da hərə bir cana borcludu, amma sədaqətli olanda da beləsindən olasan...
2014-cü ilin may ayıdı. Tələbə dostum Səməndər Faxralı ilə, adını eşidəndə yuxuda da dizlərim əsən Milli onkologiya mərkəzinə, Arifin ziyarətinə getmişik.
-Nə istəyirsən de, səninçün eləyək. Ürəyindən nə keçir bu saat?- soruşuram və məşhur ifadə ilə demiş olsaq, ölümün damğa kimi basıldığı solğun sifətinə baxıb baxışlarımı yayındırıram ki, doluxsunduğumu görməsin. O da işığı öləzimiş iri ala gözləri iləəvvəlcə səs gələn tərəfi, məni axtarıb tapır, sonra gözucu Səməndərə nəzər yetirir və haqqın hüzuruna getdiyi o dəqiqələrdə də dilindən məni heyrətə salan, ölümün buz nəfəsinə bələnmiş bircə kəlmə qopur:
-Siqaret.
Əlbəttə ki, siqaret – Arifin sevdiyi, Arif Məmmədovun ata bilmədiyi, Arif Əmrahoğlunun isə sonadək sadiq qaldığı siqaret!
Dodaqların bir cüt misra
İllər sonraya qayıdıram...
1973-1978 arası universitetin adla deyilən filologiya fakültəsində təhsil alan təxminən qırx tələbə dostu otuz ilin ayrılığından sonra (2008) bir yerə yığa bilməyim özümqarışıq hamının təəccübünə səbəb oldu. Bir neçə saatlığa təzədən çılğına döndük, yeniyetmə olduq, rəqs elədik, şer oxuduq, tələbəyə çevrildik, xatirələr yenidən dilə gəldi. O anlarda kim bizə baxsaydı, yalnız “dəli” deyərdi. Amma kim nə deyirdi, desin, o qırx nəfər nənə-baba ömürlərindən quş kimi uçub getmiş bəxtəvər anları yalnız əlahiddə güc hesabına bir müddətə də olsa, geri qaytara bilmişdi. O gün dünyanın ən bəxtiyar insanlarını mən yox, bəlkə də, qismət özü “Dəli Kür”ə cəm eləmişdi. Xoşbəxtliyindən ağlını itirmiş o “uşaqlar” daha nələr danışmır, nələrə gülmürdülər?
-O vaxt sizin hamınızı sevirdim,- Əmrahoğlu “qızlara” deyir, özü də Qarayazı ellərinin baltək şirin ləfzi ilə çox cıddı deyir. Elə bil əlli dörd yox, iyirmi yaşında sütül bir oğlan xoşbəxtliyindən dil açıb danışır.
Aha! Sakit!... Yoox, söhbət ondan getmir ki, Arif məclisə xüsusi bir ab-hava gətirə, xüsusi bir rəng qata bilmişdi, hamı tamaşa eləyir, kirimişcə onu dinləyirdi... Söhbət onun söhbəti idi ki, hiss elədiyim qədər, bir anlığa hamıya elə gəlmişdi, o gün Arif qeybdən bizə hər şeyi təzədən, lap sıfirdan başlamağın mümkünlüyünün xəbərini gətirib... Doğrudan da, görəsən, bu dünya axı niyə elə qurulmayıb, cəmi yaranmış heç olmasa ömründə bircə dəfə, bircə saatlığa gəncliyinə dönə bilsin? Nə olar onda, dünyamı qara geyər? Faciələrmi yaşanar? Haqq nahaqqın badınamı gedər?... Vallah, bəzən bu İxtiyar Sahibinin də işlərindən baş açmaq olmur...
Dolayısı ilə Arifin də anışdırmaq istədiyi elə bu idi, mən bilən. Guya, o bilmirdi, kimdi o qızlar? Bir vaxtlar gözəlliyi ilə bütün universitetə səs salmış, hərəsi çoxdan bir evin xanımı olan nənələr... Otuz-otuz beş il əvvəl Arif onlara ürəyini aça bilməsə də, Əmrahoğlu könlündən keçənlərin acı təəssüfünü heç olmasa indi, bu son fürsətdə dilə gətirməklə təsəlli tapırdı:
-Amma birciyiniz də məni sevmədi. Mən də acığa gedib dayıqızı ilə evləndim. Gəlin görək kimdə günah çoxdu, sizdə, ya məndə?
Həm o söhbətin şahidi, həm olub-keçmiş hadisələrin iştirakçısı, həm də bu sətirlərin müəllifi kimi deyirəm: o qızlar bizi, tutalım ki, Səməndəri, Sabiri, Vaqifi, İslamı, Fəryazı, Raufu, Mahiri, Əzizi, Əlağanı, illah da Məmmədəlini... lap axırda da mən binəvanı sevməyə bilərdilər, burda qəribə nə vardı ki? Amma Arifi sevməmələri, vallahi-billahi, bir sirr-xuda idi… Elə oğlanı nə deyib, sevməmək olardı? Boy-buxun onda, yaraşıq onda. Ağıllı deyirsən, ağıllı… Savadına isə heç söz ola bilməzdi. Doxsan nəfərlik tələbə ordusunun içındə Arif yeganə adam idi ki, daha dörd dil bilirdi: türk, rus, gürcü və erməni. Bu, onun çoxlarına nəsib olmayan silahı, bir az da dərinə getsək, həm də çörək ağacı idi. Ehtimallar da özünü çox gözlətmədi: az sonra biz Arif Məmmədov, daha sonra isə Arif Əmrahoglu imzasında o dillərdən say-seçmə tərcümələrin (Çexov, Busatti, Matevosyan və digərlərindən çevirmələr, dünya xalqlarının əfsanə və miflərindən ibarət toplu), eyni zamanda bir-birindən dəyərli tədqiqat əsərlərinin oxucusu olduq, sanballı kitabların ən pis halda alıcısına çevrildik... Ən böyük həqiqəti dərk eləməyimsə düz bir qərinə sonraya qaldı: sən demə, elə sevginin özü bir sirr-xuda imiş: nə yaraşığa, nə dilə, nə savada, nə ağıla baxır… Hər şeydə olduğu kimi, gərək onda da adamın iqbalı gətirə.
Arif öz gözəlliyi ilə Yaradanın lütfünə layiq görülmüş, adamın ağlını başdan eləyən məhz o qızlardan birini “dodaqların Füzulinin bir cüt misrası” deyibən xəlvətcə vəsf eləmişdi. Məsələ orasında idi ki, o illərdə xunveybinçilərin – Ələkbər Salahzadənin, Tofiq Abdinin, İsa İsmayılzadənin və başqalarının ardınca şerə yeni ədəbi qüvvələr gəlmişdi və Arifin o vaxt alovlu təbliğatçılarından olduğu Nüsrət Kəsəmənli, Adil Rəsul, Vahid Əziz, Tahir Taisoğlu, Vaqif Cəbrayılzadə, illah da Ramiz Rövşən, bir az da əvvələ gedəsi olsaq, Vaqif Səmədoğlnun hər birində neçə-neçə o cür misraya rast gəlmək olardı. Onlarla fakültədə görüşün təşəbbüsü və kitab müzakirələri də bir qayda olaraq mütləq Arifdən gələrdi. Bu xüsusda mübahisələrimiz bəzən gecə yarıdan keçənədək davam edər, çox vaxtsa dava həddinəcən gəlib çatırdı. Axırda yenə Arifin dediyi olar, biz səhvimizi başa düşər, deyib-gülüb dağılışar, ertəsi günsə hər şeyi təzədən başlardıq. Detallı danışığı, təfəkkür tərzi, ağıllı mühakimələri və istənilən məsələyə elmi yanaşması onu hamıdan fərqləndirən amıl olmaqla bərabər, həm dəhəmkarları və sənət dostları arasında onu həmişə bir qat yuxarıda saxlayıb. O illərdə məhz Arifin sayəsində filologiya fakültəsində qaynar ədəbi mühit formalaşmışdı. Məhz belə dəyərləri Arifi təhsil illərindən tələbə dostlarının fəxr, qürur və güvənc yerinəçevirmişdi, çətinə düşən kimi hamı onun üstünə qaçar, onun məsləhətini alardı. O da kimsəni naümid qaytarmaz, hətta bəzən təmənnasız olaraq onların kurs və diplom işlərini də yazardı.
Bu və buna oxşar əhvalatlar tələbə həyatının ovaxtkı ləzzətilə bərabər yadıma düşəndə ağlıma gələn ilk fikir o olur ki, yəqin, Arif bir çox şeyi, gələcəyin şeirə, sənətə bir köynək yaxın filoloqlarını, yəni xabi-qəflətdə olan bizləri ayıltmaq, başa salmaq xatirinə belə eləyirmiş. Qərəzsiz mübahisələr səngiməsin deyə Arifin ovaxtkı “gedişləri” çoxu da buna görə imkan vermədi görək o qızların özündən heç də az sevmədiyimiz o misra onun öz “icadı” imiş, yainki o vaxt dəbdə olanlardan hansınınsa...
Qaldı sevgi adlı o pünhan mərəzə, nə biləsən ki, o bu hicrin ağrısını çəkməyib? Özü də bir ay yox, beş ay yox, illər uzunu... Axı o, doğrudan, gec evləndi, övladları gec doğuldu, Allahın yazdığı ömür möhləti vur-tut əlli doqquz ilə sığışdı və axırda iki gül balasının heç toyunu da görmədi Arif...
Üz və söz
Həmçinin oxuyun
Arifin qısa ömrü bəyənib-bəyənmədiyim bütün çalarları ilə ibrətamiz həyat hekayəsidı. Onun Məmmədov olduğu dövr fakültə komsomol komitəsinin katibi, ədəbiyyat institutunun elmi işçisi, ədəbiyyat muzeyinin direktor müavini və nəhayət, Prezident Aparatının milli siyasət şöbəsinin əməkdaşı olduğu illərə təsadüf edir. Belə şeylər olsa-olsa bəxti olanların qismətinə düşür: Arif hələ gənc ikən Ali Dövlət orqanına qədər şərəfli bir ömür yolu keçdi. Onun Moskva, Dərbənd, Tiflis və digər yerlərdə rəsmi dövlət tədbirlərinə rəhbərlik və təşkilatçılıq elədiyi telekadrlar möhkəm yaddaşı olan dostlar kimi, mənim də xatirimdədi. Yüzdə-yüz əminəm ki, ləkəsiz reputasiyaya sahib olmağı ilə bərabər, Arifin o mərtəbəyə ucala bilməyi daha çox o illərin nadir hadisələrindən sayılan bir neçə dil bilməyinə görə oldu, amma ordan getməyi nəyə görə oldu, onu bilmədim. Həmişə olduğu kimi, Məmmədov bu gözlənilməz addımı ilə yar-yoldaşı və yaxın ətrafını adi məntiqlə izah olunmayan çaş-baş suallarla üz-üzə qoydu. Gerşəkdən də... yoxsa necə başa düşmək olardı bunu? O, siyasət adamı deyildi, ya insanın xoşbəxtliyi, rahatlığı üçün bəzən güman olunan aparatlar da bəs eləmir? Ya səbəb bunun heş biri yox, onun ədəbiyyatın içində olmağı, yaradıcılıq nəşəsini hər şeydən üstün tutmağı idi? Bir şox sualım kimi, Məmmədovun hələ o vaxt bu ehtimallarımı sadəcə təbəssümlə qarşılamagı mənə hiss elətdirmişdi ki, daha nəsə soruşmağın yeri yoxdu, düzü nədirsə, Arif onu da eləyib, səbəb-filan axtarmağına dəyməz.
Səhv eləmirəmsə, onun kitabları tən yarı olaraq iki imza ilə işıq üzü görüb: Arif Məmmədov və Arif Əmrahoğlu. Sonuncu onun Yazıçılar Birliyinə gələndən sonrakı illər və vaxt baxımından daha geniş və uzun bir zamanı əhatə edən dövrün imzası kimi yaddaşlarda qaldı. Hiss etdiyim qədər, bu, müstəqillik dövrünün tələbinə uyğun adicə bir soyad dəyişikliyi, soya-kökəqayıdış yox, Məmmədovun istər həyat, istərsə də yaradıcılığında yeni və keyfiyyətcə tamamilə fərqli bir mərhələnin, kamillik dövrünün başlandığının nişanəsi idi... O zamandan iyirmi ildən çox vaxt keçir. Bu vaxt ərzində Arif aktiv pedaqoji fəaliyyətlə məşğul oldu, ədəbi prosesin tək iştirakçısı deyil, eyni zamanda yaradıcılarından birinə çevrildi, YB ətrafındakı dartışmaların səngiməsində və onun sıralarının gəncləşməsində söz sahiblərindən biri kimi tanındı, bir-birindən sanballı daha bir neçə kitabı işıq üzü gördü... Amma əsas olan o idi ki, son iyirmi ilin çoxşaxəli yaradıcılıq fəaliyyəti Əmrahoğlunu həm də bir şəxsiyyət kimi qiymətləndirməyə gen-bol material verir.
Prinsipiallığı və obyektivliyi ilə bərabər, məncə, məddahlığı bacarmaması Arifin ədəbi tənqidə gedən yolunu hələ tələbəlik illərindən bağlamışdı, nəticədə o, tənqidçi yox, ədəbiyyatşünas oldu. Bu, birbaşa onun əxlaqından qaynaqlanırdı. Gəlindən, qızdan həyalı olan Arif barış adamı idi, kimsəyə ağıl verəsi insan deyildi, kiminsə qəlbinə dəyməyi və haqlı-haqsız mübahisəni xoşlamırdı.
Söz düşübsə, indi guya, bunu deməklə xəncərimin qaşı düşəcək? Arif Əmrahoğlu məndən bir cümlə də yazmadı, tövbə, incimədim ondan, amma bir çox həmkarı kimi, ədəbiyyat havası belə dəyməyənlər barədə bogazdanyuxarı vəəttökən yazılar da yazıb onun dumduru suyunu bulandırmadı, onda bu dürüst, birüzlü dosta həm sağollarımından bir xeyli pay düşdü, həm də Arif bu cür gülünc “tamaşalarda” baş rolun ifaçısı olmagın gətirdiyi müvəqqəti başucalığının ondan otrü bir heç olduğunu da ortaya qoymuş oldu. Mən bilən, onun dəyər meyarı hər şeydən öncə məhz bu idi. Arifin həm yazılarında, həm də nitqində sıx-sıx rast gəlinən, çox sevdiyi: “Bunu deməyə üzü və sözü olan” ifadəsi Arif haqda formalaşan fikirlərin bəs qədər aydın təcəssümündən əlavə, həm də onun ədəbi portretinə öz dəst-xəttilə həkk etdiyi çoxsaylı ştrixdən yalnız biri, amma yaradıcılıq simasını çox dəqiqliklə rəsm edən bir nüans idi.
...və son
Əslində nə baş verib? Arif o yerə səfər eyləyib ki, cəmi yaranmışın yolu oradı, ordandı, hər şey orda bitir, qurtarır, ora sondu, axırdı və ordan o yanası yoxdu. O bu dünyada Həqiqətin yanında idi, orda isə Haqqın yanındadı. Daima bir addım öndə olduğu dostları yaxşı mənada qabaqlamaq onun köhnə şakəri idi və o bunu yüksək ağlı, zəngin biliyi, səbir və təmkini hesabına edirdi. Həmişə olduğu kimi, Arif burda da vədinə sadiq qaldı, əfsus ki, bu dəfə həyatı bahasına... Nə deyəsən belə dünyaya?
05 iyun 2015
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Anna Axmatovaya -Saday Şəkərlinin şeiri
...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli
26 Oktyabr 2026, 13:29
Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir
Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...
26 Oktyabr 2026, 12:08
Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi
Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....
20 Oktyabr 2026, 10:59
Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ
Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......
19 Oktyabr 2026, 23:28
Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...”
“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...
09 Oktyabr 2026, 14:07
İZMİRİ GƏZƏRKƏN
Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə. (Mövlanə məhəlləsi) Avdı Qoşqar
07 Oktyabr 2026, 17:06