Onu Nil çayına bənzədirəm...
Söz adamı 31 İyul 2026, 13:55
4613
Bu gün dünya şöhrətli neftçi-alim, akademik, görkəmli ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın həqiqi üzvü və sabiq vitse-prezidenti, Dövlət mükafatı laureatı, müstəqil Azərbaycanın ikinci Dövlət katibi Midhət Abasovun 100 illik yubileyidir.
Tanınmış publisist Bahəddin Həzinin Midhət Abasova həsr etdiyi və "Bizim yol" saytında dərc etdiyi yazını oxucularımızın diqqətinə təqdim edirik
Demişdim, həyatda elə adamlarla qarşılaşırsan, görürsən, nə dostluğa yarayır, nə düşmənçiliyə.
Bir qism adam var, onlara lap ürəyim yanır: ha çalışır, ha vuruşur, nəticə yoxdur. Günün sonunda əli boş qalıb; nəinki sevgi, heç nifrət də qazana bilməyib.
Niyə?!
Niyəsini deyim: o cür adamları saya salıb, heç nifrət eləyən də olmur...
Bəli, insan üçün ən ağır cəza sənə sevgi ilə baxan gözləri itirməkdir.
Ancaq, sən demə, cəzanın bundan da ağır olanı varmış: sənə hətta nifrətlə baxan gözləri də itirmək.
Bir sözlə, insan ona baxan gözlərdə yaşayır...
Bir də var, insanı cismən itirmişik, ancaq gözlərimiz ona qarşı sağlığındakı qədər sevgi ilə dolu qalıb. Hələ axtarsan, bəlkə bu sevgi daha da artıb, heç gözlərimizə də sığışmır.
Gözlərə sığışmayan sevgini indi sən, gəl, sözlərə sığışdır.
Mənim işim çətin olacaq...
"Quruca söz" birləşməsi var - söz birləşməsi. Əslində isə bu, birləşik kimi görünən dərin fərqdir.
Söz ki canlıdır, o, necə quru ola bilər?!
Söz axı, şair demişkən, insanın "canından çıxır". İnsanın bu Dünyaya deməyə sözü bitəndə canı da çıxır. Son nəfəsini verməzdən əvvəl adamın dili tutulur, bunu bilirsiniz...
Ancaq söz də var söz...
Tarixdən o qədər insan tanıyırıq, sözünü öldürmək üçün özünü öldürüblər. Ancaq bu da zalımların karına gəlməyib; insan özü ölüb, ancaq sözü salamat qalıb, insanın özündən də uzun yaşayıb.
Deməli, dediyimiz doğru söz, duru söz özümüzdən uzun yaşayır, yaşadığımız yerdən çox uzaqlara yayılıb, dillərə düşür.
Razılaşarsınız: insanı susdurmaq öldürməkdən betərdi.
Akademik Midhət Abbasovu da susdurmaq istədilər; sındırmağa çalışdılar. Ha əymək istədilər, əyilmədi. Çünki insan əyildisə, bir nöqtədən sonra mütləq sınacaq. Ya da sınıb artıq.
Midhət Teymur oğlu isə susdurulacaq səs deyildi. Sındırıla biləcək qürur heç deyildi. Bu insanı balacalaşdırıb qəlibə sığışdırmaq da mümkün olmayacaqdı, gördüyümüz kimi, mümkün olmadı.
İnsanı sığmadığı qəlibə sıxışdırmaq höcətindən zalım heç nə yoxdu.
Özünüz bilirsiniz də. Qəlib - elə qəbir kimi bir şeydi; adam var, heç qəbrə də sığmır. Sözün hər mənasında.
Elə tabut standartına da sığmayan neçə şəhid adı sayaram...
İnsan vəfat edir, həlak olur, şəhid düşür, aparıb torpağa tapşırırsan, zaman keçir, elə bilirsən, o, torpağın altında yox, üstündədir; hara gedirsən, ya təmiz adı ilə rastlaşırsan, ya xeyir əməli ilə qarşılaşırsan.
Bunlar belə adamlardır - həyatı diri yaşayanların ölümünə inanmaq olmur. Hətta öz əlinlə gözünü bağlasan da, məzarına torpaq da atsan, yenə ürəyinin bir yerində elə bil şübhən qalır - yoxluğuna inana bilmirsən.
Adam var, istər sağlığında, istər cismani yoxluğunda heç öz ölkəsinə, öz doğma coğrafiyasına belə sığmır, o da ola nə zamansa vəzifəyə sığmaq, kürsüyə sığışmaq, mənsəbə sığınmaq...
Yoxluğunu qoymağa yer tapa bilmədiyin insanın, gör, varlığının dəyər ölçüsü nə boyda imiş!
Fikir vermisinizsə, insan təkcə sağlığında yox, hətta ölümündən sonra da qəhrəman ola bilir. Bax, son döyüşlərdə minlərlə əsgərimiz ölümünü belə qəhrəmanlaşdıra bildi - şəhid ünvanı qazandı... Bu elə bir ünvandır, torpağın hər qarışında üzünə açılacaq qapısı var...
Alimin mürəkkəbinin də ki dəyərini verən verib, bilirsiniz.
Essemin qəhrəmanı dünya səviyyəli alimdir; onu da sizə xatırladım. Həm də, bu şəxsiyyətin, sadəcə, elmi, biliyi deyil, mənəvi məqamı da yüksək səviyyədədir. Çünki, dediyim kimi: heç kimsəni əymədi, heç kimsəyə əyilmədi.
...Yaşımıza görə çox şey görmüşük. Bir də görürsən, normal bir adamı vəzifə, mənsəb elə dəyişir, bəzən tanımaq da olmur. Deyirsən, görəsən, bu adam o adamdır?!
Midhət Abbasov isə həmişə həminki idi: yüksək dövlət vəzifəsində işləsə də, heç vaxt ölkəsinin və özünün əleyhinə işləmədi; öz mənəvi məqamından enmədi, özünə xəyanət etmədi.
İnsanın özünə xəyanət etməsi Vətənə xəyanətdən də ağır bir təqsirdir. Heç bir halda bəraəti yoxdur.
Midhət Abbasovun isə həyatının bir anı belə bəraətə möhtac deyil; ömrünü sədaqət üzərində qurub yaşadı. Həm millətinə, dövlətinə sadiq qaldı, həm də öz mənəvi prinsiplərinə.
Təsəvvür edin: özünə xain çıxan, gör, başqalarına nələr edər!
Bəli, Midhət Abbasov yüksək səlahiyyətdən (təbii ki, həm də özü qazandığı şöhrətdən) başgicllənməsinə düşmədi. "Güc zəhərlənməsi" ona - bu müdrik dövlət adamına yad bir şeydi.
Sizə bir şey deyim?! Təkcə dövlətin müstəqil olması ilə iş bitmir. Gərək onun başında dayanan şəxslər də müstəqil ola. Ölkənin azadlığı vətəndaşın azadlığından keçir. İnsan titulla, statusla, təltiflə-filanla böyümür. "Şöhrət" ordeni də adama şöhrət qazandırmaz, əgər o insan öz şöhrətini ordenə qədər artıq qazanmayıbsa...
Adam özü özlüyündə bir DƏYƏR səviyyəsinə qalxmayanda, ona verilən hər cür dəyər də dəyərdən düşür...
Çox görmüşük, adam var, vəzifəsi böyüdükcə, özü kiçilir. Amma Midhət Teymur oğlu
hər işlədiyi yerdə və həmişə vəzifəsindən böyük idi. O, vəzifə axtarmırdı, vəzifə onu axtarırdı və harda olsa, tapırdı. Siyasəti də o, özü seçməmişdi; siyasətin ona "işi düşmüşdü"; siyasətə ehtiyacı yox idi, siyasətdə ona ehtiyac var idi...
Midhət Abbasov müstəqil Azərbaycanın dövlət katibi postuna da belə gəlib çıxmışdı. Vəzifədən çıxanda da, o, vəzifəni deyil, vəzifə onu itirdi. Çünki Midhət Abbasov özünü Allahdan aşağı elə özü... yaratmışdı.
Adını ona atası versə də, namını dünyadan özü almışdı. Kamını da halallıqla aldı, getdi.
Yəqin razılaşarsınız: bu Dünya heç kimə heç nəyi elə-belə vermir, heç kimin qara qaşına, qara gözünə aşiq olmayıb bu Dünya.
Akif Səməd demişkən:
"Atan deyil, anan deyil,
Dünya sənin nəyindi ki?
Bəli, Dünya bizim heç nəyimizdi və heç nəyi bizə heç nədən - havayı vermir; bizdən yuxusuz gecələr alır, narahat gündüzlər alır, gözümüzün işığını, dizimizin taqətini, ürəyimizin təpərini, ruhumuzun enerjisini alır. Son damla həvəsimizə, lap elə son nəfəsimizə qədər hər şeyi bizdən tutub alır. Ya başımızı tumarlayıb alır, ya da zorla qamarlayıb alır.
Bir sözlə, çox şeyi bizdən alır, əvəzində az-çox nəsə bir şey verir.
Həmçinin oxuyun
Deməli, insan bu Dünyaya verdiklərinin əvəzini alır və özü Dünyadan köçəndə də o aldığı - qazandığı nəsnələrlə... qalır, xatırlanır.
Dünyaya nəsə yaxşı bir şey verməsən, nə ilə yaxşı xatırlanacaqsan?! Gərək səni xatırladan nəsə, kimsə ola. Yoxsa unudulacaqsan.
İnsan isə unudulanda ölür - ürəyi dayananda cismi "sönür", yaddan çıxanda isə ruhu...
Deməyin, insan ruh kimi əbədiyaşardı. Yox, ruhun da "ölümü" var. Midhət Teymur oğlu adlı ruh isə həmişə diridir. Axı unudulmayıb. Nə insan olaraq yaddan çıxıb, nə alim olaraq, nə dövlət adamı olaraq.
...Mən Midhət Abbasov haqqında bir alim kimi heç nə demək istəmirəm. Təkcə ona görə yox ki, onun alimliyinə əsl qiyməti əsl elm özü verib, yenə verər. Mən elmin müstəsna səlahiyyətinə iddialı deyiləm.
Bir dövlət xadimi olaraq da onu yalnız hamı kimi - hamı ilə bir yerdə dəyərləndirə bilərəm; dövlət adamlığı göz qabağında olub axı.
Şəxsiyyət kimi qiymət vermək... bunu sevə-sevə edərəm. Çünki mən o dönəmlərdə - Midhət Abbasovun dövlət işində olduğu dövrdə parlament müxbiri idim və onun öz şəxsiyyətinə sədaqətinin canlı şahidi olmuşam.
Dediyim kimi, Midhət Teymur oğlunun məğrur duruşunu, daxili konstitusiyasını heç kim heç nə ilə poza bilməmişdi.
Onu tanıyandan sonra beynimdən keçən ilk fikir bu olmuşdu: adamın dostu da, lap elə düşməni də belə bir kişi ola.
Belə bir insan sənin dostun olsa, bilərsən yanındakı kimdir, düşmənin olsa, bilərsən, qarşındakı kimdir...
Bəli, bu şəxsiyyət dostluğa da, lap düşmənçiliyə də layiq kişi idi. Onun yaxşı dostları olduğunu az-çox bilirəm. Düşmənlərinə gəlincə, Midhət müəllim düşmənçilik edən insan deyildi. Hə, kimsə onu özünə rəqib, yaxud elə düşmən sanıbsa, o başqa məsələdir. Midhət Abbasovun kimsəyə pislik etdiyinə, kiminsə yolunu kəsdiyinə inanmıram, eşitməmişəm də. Ancaq onun yolunu kəsənlər olub.
Midhət müəllimin bədxahları - onu özlərinə düşmən bilənlər də xoşbəxt idilər: Midhət müəllim kin saxlamırdı; bu mənada düşmənçiliyi bacarmırdı. Hər halda onu çox yaxından tanıyan mötəbər insanlar belə deyir. Məncə də, elədir.
Akademik Midhət Abbasov aşağı "uçuş tavan"larının adamı deyildi; xırda-para maraqların, bəsit düşüncələrin dalınca düşməzdi. Çünki cılız intriqalar, cari mənfəət qovğaları onun şəxsiyyətinin miqyasına yaraşmazdı, özü də heç vaxt yaraşdırmadı. Midhət Abbasov, bilirsiniz, elmdə də, həyatda da "uzaq səfərlər gəmisinin" kapitanı idi. O, Dünyaya niyə gəldiyini, Dünyaya, insanlığa nələri verməli olduğunu, yaddalarda necə qalacağını həmişə düşünmüşdü.
Doğrudan da, hər kəs bu Dünyaya bioloji fakt kimi gəlir, amma hər kəs sosial faktora çevrilmir. Hər kəs tarixdə bir şəxsdir, ancaq hər kəs şəxsiyyət ola bilmir.
Bəlli yaşda hər kəs şəxsiyyət vəsiqəsi alır. Ancaq bir də görürsən, adamın vəsiqəsi var, şəxsiyyəti yoxdur.
O isə öz möhtərəm şəxsiyyətini çox mötəbər səviyyədə, möhtəşəm biçimdə elə özü təsdiqləmişdi.
Baxın: bir var, deyəsən: "Mən Midhət Abbasovam", bir də var, deyirsən: "Midhət Abbasov mənəm". İkinci cümlədə şəxsiyyət onu təsdiq etməli olan vəsiqədən önə keçir; sən daha vəsiqənin şəxsiyyəti deyilsən, artıq şəxsiyyətin "vəsiqə"sisən.
Özün dönüb olmusan şəxsiyyət standartının vəsiqəsi.
Dediyim kimi, vəsiqə şəxsiyyəti təsdiq edən sənəddir, amma Midhət Abbasov kimi insanların şəxsiyyəti hər cür vəsiqənin "yüksək mənəvi notarial təsdiqi"dir.
...Hər kəs demoqrafik statistikada iki rəqəmlə ifadə olunur- hərənin təqvimdə iki günü var: biri doğum günüdür, biri ölüm günü. Ancaq hər insan bu iki tarix arasında - öz əvvəlindən sonuna qədər hadisəyə (yaxud hadisələrə) çevrilmir.
Ömür - doğumdan ölümə qədər keçən zamanın adıdır. Elə insanlar var, həmin o aralıq zaman içində - öz həyatı və şəxsiyyətinin yaradıcı gücü ilə Dünyaya gəlişini də, Dünyadan gedişini də tarixə yazır, öz bioqrafik "verilənlər"ini tarixdə hadisələr, yəni tarixi hadisələr sırasına yazdırır.
İnsan, bəli, təbiətin bir parçası kimi doğulur, cəmiyyətin bir parçası kimi yaşayır, axırda yenidən təbiətə qarışır. Bunlar - doğum, varlıq və ölüm - hər üçü özlüyündə təbiət hadisələridir. Ancaq Midhət Abbasov kimi insanlar, sadəcə, təbiət hadisələri olaraq yaddaşda qalmır.
Bax, yağış yağır, dayanır... Ancaq Nil çayı min illərdir axır, elə deyilmi?!
Yağış təbiət hadisəsidir, çay isə prosesdir; yağış, qar yağıb-yağıb dayansa da, çay dayanmadan axır, pauza götürmür, fasilə vermir, durub dincəlmir, nəfəsini dərmir. Heç tükənmir, bitmir.
Çaylar dənizlərə, okeanlara qovuşanda da, daha dərin və daha geniş meydan, hardasa sanki yenidən doğulmaq haqqı və hüdudsuz yaşam arealı qazanır.
Dərin çaylar adətən sakit axır. Həmişə müşahidə edirik: az bilənlər çox danışır, çox bilənlər isə az danışır. Paradokal olsa da, belədir. Dərin suların səsi var, amma səs-küyü yoxdur. Dayaz adamların isə səsi yoxdur, küyü var.
Midhət Abbasov da sakit və dərin adam idi; az və öz danışardı. Söz demək lazım olanda söz deyərdi, sözünü deməyin yeri gələndə sözünü də deyərdi. Bununla yanaşı
elə gerçəklər var, onun müdrik sükutundan "eşitmək" mümkün olurdu. Danışmalı olanda danışardı, ancaq "sükutunun da səsini" heç vaxt boğmazdı.
Bu, qaynağı heç vaxt qurumayan daxili intellektual enerjisindən doğan özəllik idi.
Midhət müəllimin daha bir özəl tərəfi vardı: o da ömrün təbii axarında hamı kimi yaşlanırdı, ancaq heç vaxt... köhnəlmirdi.
İndi, görürsüz də, istər elmdə, istər siyasətdə, ədəbi mühitdə, dövlət ierarxiyasında... bir sözlə, hər yerdə elə cavan adamlar var, baxırsan, hələ yaşlanmayıb, ancaq artıq qocalıb; bioloji vaxtın - ömrün əvvəlində olsalar da, vaxtından əvvəl köhnəliblər - boy atmadan... "boyatlaşıblar".
Midhət Teymur oğlu isə köhnəlmədən yaşlanan cavan ağsaqqal idi. Bununla da onu yaxından tanıyanlarda xoş heyrət yarada bilirdi.
Midhət müəllimin çıxışlarını dinləyəndə, yaxud oxuyanda məndə həmişə belə bir hiss yaranıb: onun hələ söyləmədikləri artıq söylədiklərindən qat-qat çoxdur, susduqları da ən azı söylədikləri qədər maraqlıdır. Onun çıxışları həmişə məndə "ardı var..." təəssüratı yaradırdı. Elə bilirəm, heç kim Midhət Abbasovun nitqindən doymurdu, yəqin siyasətdən və işdən kənardakı söhbətlərindən də doymaq mümkün deyilmiş.
İnsanları öz mühakimləri ilə, hətta mülahizələri ilə doyduran, üstəlik yorub "cana doyduran" o qədər adam var ki.
Ancaq Midhət müəllim nitqin də, susqunluğun da sərhədlərini yaxşı bilirdi; heç vaxt söz "qaçaqmalçılığı" etməzdi. Kimsənin şəxsi sərhədlərini pozmadığı kimi, öz mənəvi ərazisinə də kimsənin "gizli yolla" daxil olmasına icazə və imkan verməzdi.
Belə bir şəxsiyyətə, əlbəttə, doyum olmaz.
Bəllidir: sağlam və uzun yaşamaq üçün gərək süfrədən doymamış qalxasan. Midhət müəllim bu duyğunu aşılayırdı. Tavtologiyadan, kəlmə izdihamından, əllaməçilik xəstəliyindən uzaq bir şəxsiyyət idi. Onunla hər söhbət təzə - fərqli fikirlərə yeni bir aclıq hissi, intellektual ünsiyyətə təzələnmiş iştah doğururdu.
Dediyim kimi, böyük şəxsiyyət eləcə bioloji, sosial fakt deyil, sadəcə, hadisə də deyil, heç vaxt bitib-tükənməyən bir prosesdir.
Midhət Teymur oğlunu da mən belə bir əbədi prosesə - Nil çayına bənzədirəm. Başlanğıcı var, davamı var, sanki sonu da var, amma bu "son" dediyimiz özü tükənməyən və əbədi təkrarlanan başlanğıcdır. Dünən çayda axar idi, bu gün dənizdə dalğadır. Dünən çay ikən məcrasında kiçik qayıqlar üzürdü, bu gün isə onun dəniz hövzəsində uzaq səyahət gəmiləri gəzir...
Bu, heyrətamiz - fenomenal bir prosesdir, elə deyilmi?! Elə bir uzun, dərin və dolğun çaydır, nə başlanğıcı tükənir, nə "sonu"...
Heç bilirsiniz, bu çay vadisində nə qədər canlı varlıqlar yaşayır! Hələ dəniz, okean olandan sonra onun dərinliklərində və genişliklərində barıbən an zənginliklərini - florasını və faunasını demirəm...
Akademik Midhət Teymur oğlu Abbasov indi nəinki tarix adlı dənizdə dalğa, hətta əbədiyyət okeanında fırtına kimi dolaşır...
Fəqət bu YARADICI fırtınadır, dağıdıcı deyil.
Heyrətlənirsiniz: yaradıcı fırtına da olur?!
Olur.. olur.
Bəs bayaqdan nə deyirəm, kimdən danışıram?!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Anna Axmatovaya -Saday Şəkərlinin şeiri
...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli
26 Oktyabr 2026, 13:29
Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir
Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...
26 Oktyabr 2026, 12:08
Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi
Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....
20 Oktyabr 2026, 10:59
Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ
Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......
19 Oktyabr 2026, 23:28
Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...”
“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...
09 Oktyabr 2026, 14:07
İZMİRİ GƏZƏRKƏN
Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə. (Mövlanə məhəlləsi) Avdı Qoşqar
07 Oktyabr 2026, 17:06