Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər
Hüquq 11 Mart 2025, 21:32

204
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 11-də davam etdirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
İclasın əvvəlində hakim Zeynal Ağayev bu məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə hüquq və vəzifələrini izah edib.
Ardınca təqsirləndirilən şəxs Ruben Vardanyan əvvəlki məhkəmə proseslərində verdiyi vəsatətlərin bir qisminin təmin olunmadığını qeyd edərək, işə baxan hakimlər kollegiyasına etirazını bildirib.
Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərarlar qəbul olunub. Həmçinin Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edildiyi və həmin etirazın əsaslandırılmasının zəruri olduğu vurğulanıb. Buna baxmayaraq, R.Vardanyanın öz etirazını qanunvericiliyin müəyyən etdiyi hallara uyğun deyil, vəsatətlərinin təmin olunmaması ilə əsaslandırması cinayət-prosessual qanunvericiliyə əsasən, etiraz üçün əsas ola bilməz. Bu səbəbdən prokuror etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.
İclasa sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxsin eyni xüsusat üzrə artıq dördüncü dəfədir hakimlər kollegiyasına etiraz etdiyini, göstərdiyi halların hər birinə əvvəllər ətraflı baxılaraq qərar verildiyini, hazırkı prosesdə hər hansı yeni dəlil təqdim olunmadığı və əsaslandırma edilmədiyi üçün etirazı təmin etməyib.
Sonra dövlət ittihaçısı Təranə Məmmədova təqsirləndirilən şəxsə Azərbaycanın Respublikasının əvvəllər işğal altında olmuş suveren ərazilərinin minalanması, oraya müxtəlif yerlərdən, o cümlədən Ermənistandan silahların daşınması prosesi, əldə olunması, bunun üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı qaydada formalaşdırılması, həmin prosesdə Ermənistan dövləti, onun rəhbərliyi və yüksək vəzifəli şəxslərinin iştirakı, dəstəyi, razılıq və icazələri, eləcə də könüllü və muzdluların Azərbaycanın suveren ərazilərində qalan Ermənistan ordusu ilə və Ermənistanla əlaqələri barədə suallar verib.
Təqsirləndirilən şəxs sualları cavablandırmaqdan imtina edib.
Daha sonra iş üzrə şahidlər dindirilib. Məhkəmə iclasına sədrlik edən Zeynal Ağayev dindirmədən əvvəl şahidlərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən yalnız həqiqəti danışmaq vəzifəsini izah edib.
Şahid qismində ifadə verən, Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib.
O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirərək deyib. “Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəm ki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?”.
Şahid bildirib ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb. O qeyd edib ki, həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib. “Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb”, - deyə şahid əlavə edib.
Həmçinin oxuyun
O deyib ki, Ruben Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb. Həmin anbarların yerləşdiyi yerə gedən yolu silahlı şəxslər mühafizə edirdilər. Həmin anbarlarda Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbiçilər fəaliyyət göstəriblər. Anbarlara Ruben tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah və döyüş sursatı, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları toplanıb. Bu barədə Xankəndidə çox adamın məlumatı olub və Ruben Vardanyan tərəfindən bütün erməni sakinlərin silahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib. Ruben Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub.
Şahidin sözlərinə görə, Ruben Vardanyan Qarabağa gələnədək erməni sakinlər arasında Azərbaycana inteqrasiya məsələsi ciddi formada yayılıb, insanlar Azərbaycanla əlaqələr qurmağa çalışıblar. Bir çoxları Azərbaycanın tərkibində yaşamaq və vətəndaşlıq almaq barədə ciddi fikirləşirdi.
2022-2023-cü illərdə Ruben Vardanyanın Xankəndi şəhərində gələrək burada Azərbaycana qarşı təbliğata başladığını söyləyən şahid deyib: “Ruben Vardanyanın gəlişindən sonra erməni sakinlərdə Azərbaycana qarşı düşmənçilik meyilləri gücləndi. Ruben Vardanyan erməni sakinlərin azərbaycanlılara nifrət etməsinə çalışırdı”.
Sonra digər erməniəsilli şahid Qriqoryan Muşeq Qurgenoviç ifadə verib.
Şahid deyib ki, Ruben Vardanyan Qarabağda qondarma rejimdə vəzifəyə təyin olunduqdan sonra muzdlu döyüşçülərdən ibarət dəstələr toplamağa başlayıb. Daha sonra isə həmin şəxslər Xocalı rayonunda yerləşən düşərgədə hərbi təlimlərə cəlb olunub. “Əsgərlikdən yeni gəlmiş şəxslərin hərbi xidmətdə olan ixtisaslarını öyrənib və onlardan istifadəyə yararlı olan şəxsləri dəstələrə cəlb edib. Əsasən radiotexniki sahədə hərbi təcrübəsi olan əsgərlərin öz könüllü muzdlu dəstələrinə qoşulmasını həyata keçirib. O, bu məqsədlə Xocalı rayonunun Badara kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə çay kənarında əvvəllər “İdman Turizmi Federasiyası”nın nəzdində olmuş düşərgədə hərbi təlim məntəqəsi yaratdıraraq əsasən əsgərlikdən yeni gəlmiş gənclər, tələbələr və yuxarı sinif şagirdlərinə hərbi təlimlər keçilməsini təşkil edib. Mən Vardanyanı başa düşmürəm, əgər xalq üçün yaxşılıq edirsənsə, niyə silah alırsan, mina basdırırsan, adamlara pul verirsən, düşərgə açırsan? Əgər silah yaxşı şeydirsə, al apar evinə, övladların döyüşsün. Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”, - deyə şahid vurğulayıb.
Məhkəmə iclasında şahidlərin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunub. Onlar ibtidai istintaqda verdikləri ifadələrini təsdiqləyiblər.
Sonra zərərçəkmişlər ifadə veriblər. Zərərçəkmiş Səyyad Ələkbərli Ruben Vardanyanı media vasitəsilə tanıdığını, özünün Ermənistandan gətirilərək Azərbaycanın suveren ərazilərində basdırılmış minaya düşərək xəsarətlər aldığını bildirib. O, hadisənin 2023-cü ilin avqust ayında Xocalıda kənd təsərrüfatı işləri görərkən baş verdiyini deyib.
Zərərçəkmişlər Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı, Elbrus Əzimli, Elməddin Ağayev, Faiq Əzizov, Səxavət İsmayıl, İsmayıl Hüseynov və İbrahim Həmidli Kəlbəcərdə hərbi xidmət zamanı yaralandıqlarını bildiriblər.
Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş ediblər.
Məhkəmənin növbəti iclası martın 18-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir
Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.Qeyd edək ki, ötən prosesdə dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar veriblər.Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma),...
11 Mart 2025, 11:50

Bu ittiham Ədalət Verdiyevin üzərindən götürüldü
Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib. Citypost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub. Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib. Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov da təsdiqləyib. Xatırladaq ki, ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır...
10 Fevral 2025, 12:24

MN-dəki mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinə hökm oxunub
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Cəbrayıl Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum olunub. Dövlət ittihamçısı ona 11 il həbs cəzası verilməsini istəmişdi. Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin...
16 Yanvar 2025, 20:50

Məhkəmə qərar verdi
“TikTok” əməliyyatı ilə həbs edilən aparıcı Azər Zahid və digərləri həbs qərarından narazıdır. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində əvvəlcə A.Zahidin şikayətinə baxılıb. Qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan aparıcı barəsindəki qərarın ləğv edilərək sərbəst buraxılmasını istəyib. Amma yuxarı instansiya məhkəməsi aparıcının dediklərini əsaslı hesab etməyib, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın 4 aylıq həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb. Eyni gündə narkotik cinayəti ilə əlaqədar saxlanılan digər tiktokçuların da şikayətinə baxılıb. “Magerramoff” adı ilə tanınan Əmrah Məhərrəmovun və Nuh Məmmədovun hüquqlarını vəkil Yusif Seyfəlov müdafiə edir. Vəkil deyib ki, müvəkkilləri barəsindəki həbs qərarından verilmiş apellyasiya şikayətləri təmin edilməyib. Tiktokçulardan yalnız...
30 Dekabr 2024, 21:11

Anar Bağırov: Hazırda Azərbaycanda138 vəkil qurumu fəaliyyət göstərir
Hazırda Azərbaycanda 138 vəkil qurumu fəaliyyət göstərir. Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Hüquqların müdafiəsindən ədalətə gedən yol" adlı məqaləsində məlumat verib. Onun sözlərinə görə, 2004-cü il noyabrın 3-də 356 vəkilin iştirakı ilə təsis edilən yeni kollegiyanın üzvlərinin sayı bu gün 2500 nəfərdən çoxdur: "Bu yeni struktur vəkilliyin funksional və peşəkar təşkilatlanmasında önəmli rol oynayıb. Kollegiya bu illər ərzində yalnız hüquqi yardım göstərən qurum deyil, eyni zamanda insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə və ədalət mühakiməsinin təminatçısı kimi çıxış edib". A.Bağırov bildirib ki, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının regional vəkil qurumları yaradılıb, müvafiq binalarla təmin edilib: "Hazırda Gəncə şəhərində Vəkillər Kollegiyası üçün ayrılmış...
28 Dekabr 2024, 10:18

Hakimlərin seçilməsi üç mərhələdən ibarət olacaq
Hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaq. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Eyni zamanda ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər. Başqa sözlə, indiyə qədər qüvvədə olan qanuna əsasən, hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Namizədlərin seçilməsi üçün bu imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir. İmtahanların nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiya cəlb edə bilər. İmtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim...
16 Dekabr 2024, 20:21