Bizə yazın

Baku

-°C

USD

-

Boşandığınız həyat yoldaşınız vəfat edibsə, uşaqlarınız ona vərəsə sayılırmı? – Hüquqi açıqlama

Hüquq 15 Sentyabr 2026, 09:00

3570

Boşanmış şəxslərin bir-birinin əmlakına vərəsə olub-olmaması ilə bağlı çoxsaylı suallar yaranır. Xüsusilə əvvəlki nikahdan olan uşaqların atalarının ölümündən sonra miras hüququnun olub-olmaması valideynləri düşündürən əsas məsələlərdəndir. Bəzən belə fikir formalaşır ki, valideynlər boşanıbsa, uşaqlar da həmin valideynin mirasından məhrum ola bilər. Lakin bu yanaşma düzgün deyil.

Citypost.az-ın məlumatına görə, Azərbaycan qanunvericiliyinə görə valideynlərin boşanması uşağın həmin valideynlə hüquqi qohumluğunu aradan qaldırmır. Başqa sözlə, ata və ana boşanıbsa, bu hal onların övladının atasına və ya anasına olan hüquqi bağlılığını dəyişmir. Atanın sonradan vəfat etməsi halında uşaqları, qanunvericilikdə nəzərdə tutulan qaydada, onun birinci növbə vərəsələri sırasında yer alırlar. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvadı və ya əri, valideynləri və övladlığa götürənləri bərabər pay hüquqlu vərəsələr hesab olunur. Yəni bir şəxsin müxtəlif nikahlardan olan uşaqlarının olması onların vərəsəlik hüququ baxımından bir-birindən fərqləndirilməsi üçün əsas deyil. Məsələn, kişinin birinci nikahından iki, ikinci nikahından isə üç övladı varsa və o, vəfat edibsə, həmin beş uşaq, atalıq hüquqi baxımdan təsdiqləndiyi halda, birinci növbə vərəsələr sırasında yer alır. Əgər miras üzrə digər birinci növbə vərəsələri də varsa, məsələn, vəfat edən şəxsin nikahda olduğu həyat yoldaşı və ya valideynləri sağdırsa, onlar da qanun üzrə birinci növbə vərəsələr hesab edilirlər və mirasın bölüşdürülməsində nəzərə alınırlar. Burada xüsusilə vurğulanmalı məqamlardan biri budur ki, valideynlərin boşanması uşağın vərəsəlik hüququnu aradan qaldırmır. Boşanma ər-arvad arasındakı nikah münasibətinə xitam verir, lakin valideynlə uşaq arasındakı hüquqi münasibətə xitam vermir. Bu səbəbdən əvvəlki nikahdan olan uşağın atasının mirasında pay sahibi olması üçün həmin uşağın valideynlərinin ölüm anında evli olub-olmaması əsas şərt deyil.

Məsələn, qadın həyat yoldaşından boşanıb, onların iki övladı var. Kişi daha sonra başqa şəxslə ailə qurub və həmin nikahdan üç övladı dünyaya gəlib. Bir müddət sonra kişi vəfat edərsə, əvvəlki nikahdan olan iki övladın onun mirasında hüquqları qüvvədə qalır. Onların anasının artıq həmin şəxslə nikahda olmaması uşaqların atasına olan vərəsəlik hüququna təsir etmir. Digər tərəfdən, ikinci nikahdan doğulan uşaqlar da birinci nikahdan olan uşaqlardan daha üstün hüquqa malik deyillər. Qanun üzrə vərəsəlik zamanı eyni növbəyə daxil olan uşaqlar bərabər pay hüquqlu vərəsələr hesab olunur. Konstitusiya Məhkəməsi də Mülki Məcəllənin 1159-cu maddəsi ilə bağlı mövqeyində birinci növbə vərəsələr arasında ölənin uşaqlarının, həyat yoldaşının və valideynlərinin yer aldığını və qanun üzrə vərəsəlik zamanı onların bərabər pay hüququna malik olduğunu qeyd edib.Burada başqa bir mühüm məsələ də nikahdankənar doğulan uşaqlarla bağlıdır. Uşağın atasının onun doğum haqqında şəhadətnaməsində və ya müvafiq dövlət qeydiyyatı məlumatlarında hüquqi ata kimi göstərilməsi mühüm əhəmiyyət daşıyır. Ailə Məcəlləsinə əsasən, valideynlər nikahda olmadıqda uşağın atası barədə qeyd birgə ərizə, atanın ərizəsi və ya məhkəmə qərarı əsasında aparıla bilər. Atalıq müəyyən edilmədikdə isə həmin məsələ sonradan qanunla müəyyən edilmiş qaydada həll edilə bilər.

Yəni yalnız uşağın nikahdan kənar doğulması onun vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas deyil. Əsas məsələ həmin uşağın miras qoyan şəxsdən mənşəyinin, yəni atalığının hüquqi baxımdan müəyyən edilmiş olmasıdır. Nikahdankənar doğulan uşağın atası ilə hüquqi bağlılığı müəyyən edildikdə onun vərəsəlik məsələsi də bu hüquqi bağlılıq əsasında qiymətləndirilir. Azərbaycan Respublikasının qoşulduğu “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasında da belə uşağın atasına və anasına nikahda doğulmuş uşaqla bərabər vərəsəlik hüququna malik olması təsbit edilir. Buna görə də “uşaq rəsmi nikahdan doğulmayıbsa, atasına vərəsə ola bilməz” fikri doğru deyil. Əgər atalıq hüquqi qaydada müəyyən edilibsə, uşağın vərəsəlik hüququ yaranır. Əksinə, doğum haqqında şəhadətnamədə ata barədə yalnız ananın göstərişi ilə məlumat yazılıbsa və atalıq hüquqi qaydada müəyyən edilməyibsə, vərəsəlik məsələsində əvvəlcə atalıq faktının müəyyən edilməsi tələb oluna bilər. Ailə Məcəlləsi belə hallarda atalığın məhkəmə qaydasında müəyyən edilməsinə də imkan verir. Mirasın tərkibinə isə vəfat edən şəxsin hüquqi baxımdan miras qala bilən əmlakı daxil ola bilər. Məsələn, onun adına rəsmiləşdirilmiş mənzil, ev, torpaq, avtomobil, bank vəsaiti və digər əmlak hüquqları konkret vəziyyətdən asılı olaraq mirasın tərkibinə daxil edilə bilər. Lakin burada hər bir əmlakın ayrıca hüquqi statusu və onun mərhumun mülkiyyətində olub-olmaması müəyyən edilməlidir.Məsələn, vəfat edən şəxsin adına bir mənzil varsa və həmin mənzil onun mülkiyyətində olubsa, qanun üzrə vərəsələr həmin mirasın bölüşdürülməsində iştirak edə bilərlər. Lakin əmlak nikah dövründə əldə edilmiş ümumi əmlakdırsa, əvvəlcə sağ qalan həyat yoldaşının ümumi əmlakdakı hüquqları məsələsi, daha sonra mərhumun miras payının vərəsələr arasında bölüşdürülməsi gündəmə gələ bilər. Bu iki məsələni bir-birindən ayırmaq vacibdir.

Eyni zamanda, mərhumun bütün əmlakının avtomatik olaraq yalnız uşaqlar arasında bölünməsi də düzgün deyil. Əgər mərhumun ölüm anında həyat yoldaşı və ya valideynləri sağdırsa, onlar da birinci növbə vərəsələr sırasında ola bilərlər. Beləliklə, mirasın kimlər arasında və hansı paylarda bölünəcəyi mərhumun ölüm tarixində mövcud olan vərəsələrin dairəsindən və əmlakın hüquqi statusundan asılıdır.Məsələn, şəxsin birinci nikahdan iki, ikinci nikahdan üç uşağı, həmçinin ölüm zamanı rəsmi həyat yoldaşı varsa, sadəcə beş uşağın sayına əsasən “miras beş yerə bölünəcək” demək olmaz. Rəsmi həyat yoldaşının da birinci növbə vərəsə olması nəzərə alınmalıdır. Eyni qaydada, mərhumun valideynləri sağdırsa, onların da vərəsəlik hüququ məsələyə daxil ola bilər.

Digər vacib məqam vəsiyyətnamə ilə bağlıdır. Mirasın qanun üzrə deyil, vəsiyyət üzrə bölüşdürülməsi də mümkündür. Lakin belə halda belə, müəyyən şəxslərin məcburi pay hüququ ilə bağlı qanunda xüsusi qaydalar mövcuddur. Buna görə vəsiyyətnamənin mövcudluğu avtomatik olaraq bütün digər hüquqi məsələləri aradan qaldırmır və konkret vəziyyət ayrıca qiymətləndirilməlidir. Nəticə etibarilə, boşanmış qadının əvvəlki nikahdan olan uşaqları ataları vəfat etdikdə onun vərəsələri sayılırmı? Bəli, sayılırlar. Valideynlərin boşanması uşağın atasına olan hüquqi qohumluğunu və buna əsaslanan vərəsəlik hüququnu aradan qaldırmır. Eyni qayda ilə atanın sonrakı nikahından olan uşaqları da onun birinci növbə vərəsələridir. Əsas məsələ uşaqların həmin şəxsin övladları kimi hüquqi baxımdan tanınmasıdır.

Yəni bir şəxsin birinci nikahından iki, ikinci nikahından üç övladı varsa, uşaqların hansı nikahdan doğulması onların atalarının mirasına münasibətdə vərəsəlik növbəsini dəyişmir. Onların hər biri qanun üzrə eyni birinci növbədə dayanır. Əgər digər birinci növbə vərəsələri də varsa, onların hüquqları da birlikdə nəzərə alınır. Bu səbəbdən boşanmış valideynlərin övladları ilə bağlı “artıq atası ilə birlikdə yaşamır”, “anası ilə boşanıb”, “ata başqa ailə qurub” kimi hallar uşağın vərəsəlik hüququnun itirilməsi anlamına gəlmir. Uşağın hüquqi baxımdan atasının övladı olması əsasdır. Nikahdankənar doğulan uşaqla bağlı isə atalıq faktının hüquqi qaydada müəyyən edilməsi mühüm şərtdir.

Yusif 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?

Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...

26 Oktyabr 2026, 11:40

Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi 

Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...

26 Oktyabr 2026, 10:40

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...

23 Oktyabr 2026, 11:00

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...

23 Oktyabr 2026, 10:00

Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi

Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...

23 Oktyabr 2026, 09:00

Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi

Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...

22 Oktyabr 2026, 10:40