Evi uşaqlara xəbər vermədən bağışlamaq olar? – Vəkildən AÇIQLAMA
Hüquq 08 Oktyabr 2026, 09:00
2560
Daşınmaz əmlakın bağışlanması ilə bağlı vətəndaşların ən çox verdiyi suallardan biri də mülkiyyətçinin evini övladlarına xəbər vermədən və ya onların razılığı olmadan başqa şəxsə bağışlayıb-bağışlaya bilməməsidir. Bir çox hallarda valideyn öz adına rəsmiləşdirilmiş evin gələcək taleyini özü müəyyənləşdirmək istəyir. Lakin əmlakın hüquqi statusu, həmin evdə digər şəxslərin qeydiyyatda olub-olmaması, pay hüququnun mövcudluğu və əmlakın hansı əsasla əldə edilməsi bağışlanma zamanı mühüm əhəmiyyət daşıya bilər.
Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Roman Qaraşov bildirib ki, əmlakın bağışlanması məsələsində ilk növbədə həmin əmlak üzərində kimin mülkiyyət və ya digər hüquqlarının olduğu müəyyənləşdirilməlidir.
Vəkilin sözlərinə görə, yalnız şəxsin övladı olması həmin uşağın avtomatik olaraq valideynə məxsus əmlak üzərində pay hüququnun yaranması demək deyil:“Bizə tez-tez belə sual verilir ki, mən öz evimi bağışlama yolu ilə başqa şəxsə verə bilərəmmi, bunun üçün uşaqlarımın razılığı lazımdırmı? Burada məsələni bir qədər fərqləndirmək lazımdır. Əgər əmlak şəxsin mülkiyyətindədirsə və həmin əmlak üzərində digər şəxslərin hüquqları yoxdursa, mülkiyyətçi, ümumi qaydada, öz əmlakı barəsində sərəncam vermək hüququna malikdir. Yəni əmlakı sata, bağışlaya, dəyişdirə və qanunvericiliyin yol verdiyi digər formada sərəncam verə bilər.Amma uşaqların həmin əmlak üzərində payı varsa və ya onların müəyyən hüquqları mövcuddursa, vəziyyət dəyişir. Məsələn, uşaqların hər hansı əsasla həmin əmlakda payı rəsmiləşdirilibsə, həmin pay sahibinin razılığı olmadan bütün əmlak üzərində sərəncam vermək mümkün deyil”.
Roman Qaraşov qeyd edib ki, əmlakın əldə edilmə tarixi və hansı əsasla əldə olunması da xüsusi əhəmiyyət daşıyır. Xüsusilə nikah dövründə əldə edilmiş əmlakın yalnız bir şəxsin adına rəsmiləşdirilməsi onun avtomatik olaraq həmin şəxsin şəxsi əmlakı olması anlamına gəlməyə bilər.
“Əmlakın hansı vaxtda və hansı əsasla əldə edilməsi araşdırılmalıdır. Məsələn, şəxs nikahda olduğu müddətdə müəyyən bir əmlak əldə edib və həmin əmlak yalnız onun adına qeydiyyata alınıbsa, burada həyat yoldaşının hüquqları məsələsi ayrıca qiymətləndirilə bilər. Təkcə çıxarışda bir şəxsin adının yazılması bütün hallarda digər şəxslərin mümkün hüquqlarını avtomatik aradan qaldırmır.Digər tərəfdən, əmlak nikahdan əvvəl əldə edilibsə və ya miras, bağışlama kimi əsaslarla şəxsin şəxsi mülkiyyətinə keçibsə, hüquqi vəziyyət fərqli ola bilər. Buna görə də bağışlama müqaviləsi bağlanmazdan əvvəl əmlakın hüquqi mənşəyinə baxmaq vacibdir”.
Vəkil bildirib ki, miras yolu ilə əldə edilmiş əmlakla bağlı məsələlər daha diqqətlə araşdırılmalıdır. Belə əmlakın əvvəlcə bir neçə vərəsənin payına keçməsi mümkündür.
“Əmlak vərəsəlik yolu ilə əldə edilibsə, burada digər vərəsələrin pay hüquqlarına diqqət etmək lazımdır. Məsələn, miras qoyanın vəfatından sonra əmlak bir neçə vərəsə arasında bölünürsə, onların hər birinin həmin əmlakda müəyyən payı yarana bilər. Bu pay çox böyük və ya çox kiçik ola bilər. Hətta payın cüzi olması belə həmin şəxsin mülkiyyət hüququnu aradan qaldırmır.Məsələn, şəxsin əmlakda onda bir, on altıda bir və ya daha kiçik payı varsa, həmin pay ayrıca hüquqi əhəmiyyət daşıyır. Əgər digər vərəsənin payı varsa, həmin şəxsin mülkiyyət hüququ nəzərə alınmadan bütöv əmlakın bağışlanması mümkün deyil. Ona görə də vərəsəlik yolu ilə əldə edilmiş əmlak bağışlanarkən bütün vərəsələrin hüquqi vəziyyəti əvvəlcədən müəyyənləşdirilməlidir”.
Roman Qaraşov əmlakda qeydiyyatda olan şəxslərlə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, qeydiyyat faktı şəxsi avtomatik olaraq həmin evin mülkiyyətçisi və ya payçısı etmir. Lakin qeydiyyatda olan şəxslərin müəyyən hüquqi iddialar irəli sürməsi və mübahisənin yaranması ehtimalı nəzərə alınmalıdır.
“Burada qeydiyyat məsələsi də diqqətdən kənarda qalmamalıdır. Əmlakda qeydiyyatda olan şəxsin mütləq mülkiyyət payı var demək düzgün deyil. Qeydiyyat öz-özlüyündə mülkiyyət hüququ yaratmır. Lakin həmin şəxsin yaşayışdan istifadə hüququ və ya digər hüquqi əsaslarla bağlı iddiaları yarana bilər.Məhz gələcəkdə bu cür mübahisələrin qarşısını almaq üçün bəzi hallarda qeydiyyatda olan şəxslərin razılığı və ya onların hüquqi vəziyyətinin müəyyənləşdirilməsi məsələsi gündəmə gəlir. Əsas məsələ odur ki, əmlak üzərində üçüncü şəxslərin hər hansı hüququ olub-olmadığı əvvəlcədən aydınlaşdırılsın”.
Vəkil vurğulayıb ki, “uşaqların icazəsi” ifadəsini də hüquqi baxımdan düzgün başa düşmək lazımdır. Övladın sadəcə həmin şəxsin uşağı olması ona valideynin sağlığında valideynə məxsus əmlak üzərində avtomatik mülkiyyət hüququ vermir.
Həmçinin oxuyun
“Əgər söhbət sırf övladın razılığından gedirsə, burada uşağın həmin əmlak üzərində hansı hüquqa malik olduğu müəyyən edilməlidir. Sadəcə övlad olmaq mülkiyyət payı yaratmır. Amma həmin uşaq vərəsəlik nəticəsində pay əldə edibsə və ya başqa hüquqi əsasla əmlakın mülkiyyətçisidirsə, onun razılığı artıq hüquqi əhəmiyyət daşıyır.Yəni ‘övladım var, ona görə evimi bağışlaya bilmərəm’ yanaşması da, ‘ev mənim adımdadır, heç kimin razılığı lazım deyil’ yanaşması da bütün hallara aid edilə bilməz. Hər bir konkret vəziyyətdə əmlakın hüquqi statusu araşdırılmalıdır”.
Roman Qaraşovun sözlərinə görə, bağışlanma müqaviləsi bağlanmazdan əvvəl əmlakın üzərində hər hansı məhdudiyyətin olub-olmaması da yoxlanılmalıdır.
“İlkin olaraq bağışlamaq istəyən şəxs əmlakın hüquqi vəziyyətini dəqiqləşdirməlidir. Əmlak üzərində ipoteka, həbs, sərəncam hüququnun məhdudlaşdırılması və ya digər yüklülük varsa, bu məsələlər nəzərə alınmalıdır. Əmlakın kiminsə hüquqlarına müdaxilə edib-etmədiyi, üçüncü şəxslərin həmin əmlakla bağlı hüquqlarının olub-olmadığı müəyyən edilməlidir.Mülkiyyətçinin əmlak üzərində sərəncam hüququ olsa da, bu hüquq qanunla müəyyən edilmiş məhdudiyyətlərdən kənarda deyil. Ona görə də bağışlama müqaviləsi bağlamazdan əvvəl yalnız ‘ev mənim adımdadır’ deməklə kifayətlənmək olmaz”.
Vəkil xüsusilə nikahda olan şəxslərə əmlakın bağışlanması zamanı diqqətli olmağı tövsiyə edib:“Şəxs nikahdadırsa, əmlakın hansı əsasla əldə edildiyinə baxmaq lazımdır. Nikah dövründə əldə edilmiş əmlakın hüquqi rejimi ayrıca qiymətləndirilməlidir. Əgər əmlak ər-arvadın ümumi əmlakı hesab olunursa, yalnız bir şəxsin adına rəsmiləşdirilməsi digər tərəfin hüquqlarının olmadığı anlamına gəlmir.Əksinə, əmlak vərəsəlik yolu ilə keçibsə, digər vərəsələrin payları nəzərə alınmalıdır. Yəni bağışlama müqaviləsi bağlamazdan əvvəl əmlakın tarixçəsi, çıxarışı, hüquqi əsasları və üzərində olan məhdudiyyətlər araşdırılmalıdır”.
Mütəxəssis qeyd edib ki, bağışlama müqaviləsi sonradan mübahisələndirilə də bilər. Buna görə də müqavilənin bağlanması zamanı bütün hüquqi məqamların əvvəlcədən yoxlanılması gələcək problemlərin qarşısını almaq baxımından əhəmiyyətlidir.
“Bağışlama həyata keçirildikdən sonra hər hansı şəxs öz hüququnun pozulduğunu düşünürsə, müəyyən hallarda məhkəməyə müraciət edə bilər. Buna görə də bağışlama prosesinin əvvəlindən əmlak üzərində olan bütün hüquqların və məhdudiyyətlərin müəyyənləşdirilməsi vacibdir.Ən doğru yanaşma budur ki, şəxs əmlakını bağışlamazdan əvvəl onun hüquqi statusunu yoxlatdırsın. Əmlakın şəxsi mülkiyyət, ümumi mülkiyyət və ya paylı mülkiyyət olması, vərəsəlik yolu ilə əldə edilib-edilməməsi, nikah dövründə alınıb-alınmaması, qeydiyyatda olan şəxslərin vəziyyəti və digər məsələlər ayrıca qiymətləndirilməlidir”.
Roman Qaraşov sonda bildirib ki, əmlakın bağışlanması sadə bir qərar kimi görünsə də, hüquqi nəticələri kifayət qədər ciddi ola bilər:“Vətəndaşlar bağışlama müqaviləsini imzalamazdan əvvəl hüquqi vəziyyəti tam aydınlaşdırmalıdırlar. Çünki əmlakı bağışlamaqla mülkiyyət hüququ başqa şəxsə keçir və sonradan yaranan mübahisələr daha mürəkkəb xarakter daşıya bilər. Ona görə də xüsusilə miras qalmış, nikah dövründə əldə edilmiş, bir neçə şəxsin payının olduğu və ya üzərində qeydiyyatda olan şəxslərin mövcud olduğu əmlaklarla bağlı əvvəlcədən hüquqşünas və ya notariat orqanından məlumat almaq məqsədəuyğundur.Əsas prinsip ondan ibarətdir ki, mülkiyyətçi öz əmlakı üzərində qanunun icazə verdiyi çərçivədə sərəncam verə bilər. Lakin həmin əmlak üzərində başqa şəxslərin mülkiyyət, istifadə, vərəsəlik və ya digər hüquqları varsa, bu hüquqlar nəzərə alınmadan bağışlama həyata keçirmək sonradan ciddi hüquqi mübahisələrə səbəb ola bilər”.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?
Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...
26 Oktyabr 2026, 11:40
Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi
Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...
26 Oktyabr 2026, 10:40
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...
23 Oktyabr 2026, 11:00
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...
23 Oktyabr 2026, 10:00
Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi
Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...
23 Oktyabr 2026, 09:00
Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi
Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...
22 Oktyabr 2026, 10:40