Xərçəng xəstəliyi genetikdirmi? – Ümumi cərrahdan AÇIQLAMA
Tibb 08 Oktyabr 2026, 10:30
2572
Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə ən çox yayılan fikirlərdən biri bu xəstəliyin əsasən ailədən keçməsi və ailəsində xərçəng xəstəsi olmayan insanların bu təhlükədən sığortalanmasıdır. Lakin tibbi yanaşma göstərir ki, xərçəngin yaranmasını yalnız irsi faktorlarla əlaqələndirmək düzgün deyil. Əksər hallarda xəstəliyin meydana çıxmasında insanın həyat tərzi, ətraf mühit, qidalanma, artıq çəki, tütün istifadəsi və digər risk amilləri də mühüm rol oynayır.
Mövzu ilə bağlı Citypost.az-a danışan ümumi cərrah Alim Əkbərov bildirib ki, cəmiyyətdə xərçəngin yalnız ailəvi və genetik xəstəlik olması ilə bağlı yanlış təsəvvür mövcuddur.
Həkimin sözlərinə görə, xərçəng xəstəliyinin müəyyən hissəsi irsi-genetik meylliliklə əlaqəli olsa da, bütün xərçəng hallarını bununla izah etmək mümkün deyil:“Xərçəng xəstəliyi genetikdirmi? Bu sual bizə çox verilir. Cəmiyyətdə belə bir anlayış formalaşıb ki, xərçəng xəstəliyi yalnız ailəvi keçişlə bağlı olur. Yəni ailəsində xərçəng xəstəsi olmayan insan düşünür ki, onda bu xəstəliyin yaranma ehtimalı yoxdur. Bu yanaşma doğru deyil.Xərçəngin müəyyən formalarında irsi-genetik faktorların rolu kifayət qədər əhəmiyyətlidir. Lakin bütün xərçəng xəstəliklərinin yalnız genetik yolla ötürüldüyünü demək olmaz. Ümumilikdə xərçənglərin böyük əksəriyyəti irsi olmayan, yəni həyat boyu hüceyrələrdə yaranan dəyişikliklərlə əlaqəli sporadik hallardır. Müxtəlif mənbələrdə irsi xərçəng sindromlarının bütün xərçənglərin təxminən 5-10 faizini təşkil etdiyi göstərilir. Buna görə də ‘ailəmdə yoxdur, deməli məndə də olmayacaq’ düşüncəsi insanı yanlış arxayınlığa sala bilər”.
Alim Əkbərov qeyd edib ki, xərçəngin yaranması çoxsaylı amillərin qarşılıqlı təsiri nəticəsində baş verə bilər. Genetik meyllilik bu amillərdən yalnız biridir:“İnsanın yaşadığı həyat tərzi, ətraf mühit faktorları, qidalanma, tütün və alkoqol istifadəsi, artıq çəki, fiziki aktivliyin az olması, bəzi infeksiyalar və digər amillər bir sıra xərçəng növlərinin yaranma riskini artıra bilər. Bu səbəbdən xəstəliyə yalnız irsi faktor prizmasından yanaşmaq düzgün deyil.Məsələn, insanın ailəsində heç kimdə xərçəng xəstəliyi olmayıbsa belə, bu, onun gələcəkdə xərçənglə qarşılaşmayacağı anlamına gəlmir. Çünki xərçəng hüceyrələrin genetik materialında zamanla baş verən dəyişikliklər nəticəsində də inkişaf edə bilər. Bu dəyişikliklərin bir qismi irsi şəkildə valideyndən övlada ötürülür, digər böyük hissəsi isə insanın həyatı boyunca sonradan meydana çıxır”.
Həkim bildirib ki, ailəsində xərçəng xəstəliyi olan şəxslər isə məsələyə daha diqqətli yanaşmalı, xüsusilə xəstəliyin erkən yaşda meydana gəldiyi və eyni və ya əlaqəli xərçəng növlərinin ailənin bir neçə üzvündə müşahidə olunduğu hallarda həkim məsləhəti almalıdırlar.
“Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Ailəsində xərçəng xəstəliyi olan hər bir insan mütləq xərçəng olacaq deyə bir qayda yoxdur. Eyni zamanda ailəsində belə xəstəlik olmayan insan da riskdən tamamilə kənarda deyil. İrsi meyllilik xəstəliyin mütləq yaranacağı anlamına gəlmir, sadəcə müəyyən hallarda riskin yüksəlməsi deməkdir.Əgər ailədə bir neçə şəxsdə eyni və ya bir-biri ilə əlaqəli xərçəng növləri müşahidə olunursa, xüsusilə də xəstəlik gənc yaşlarda ortaya çıxıbsa, bu barədə həkimə məlumat vermək vacibdir. Belə hallarda genetik məsləhətləşmə və müvafiq müayinələr tövsiyə oluna bilər”.
Ümumi cərrahın sözlərinə görə, xərçəngdən qorunmada əsas məsələlərdən biri risk faktorlarının mümkün qədər azaldılması və xəstəliyin erkən aşkarlanmasıdır.
Həmçinin oxuyun
“Cəmiyyətimizə çatdırmaq istədiyim əsas fikir budur ki, ‘ailəmdə yoxdur, məndə də olmaz’ tezisi bizi xərçəng xəstəliyinin təhlükəsindən qorumur. Eyni zamanda ‘ailəmdə olub, deməli məndə də mütləq olacaq’ düşüncəsi də doğru deyil. Hər iki yanaşma yanlışdır.Sağlam həyat tərzi, düzgün qidalanma, normal bədən çəkisinin qorunması, fiziki aktivlik, tütün məhsullarından uzaq durmaq, spirtli içkilərin məhdudlaşdırılması və həkimlərin tövsiyə etdiyi profilaktik müayinələrə vaxtında müraciət etmək bir sıra xərçəng növləri üçün riski azaltmağa kömək edə bilər.Bundan başqa, hər hansı şikayətin uzun müddət davam etməsinə laqeyd yanaşmaq olmaz. Bədəndə səbəbsiz arıqlama, uzun müddət davam edən ağrı, qeyri-adi qanaxma, dəridə və ya digər nahiyələrdə yeni yaranmış dəyişikliklər, uzunmüddətli öskürək, bağırsaq vərdişlərində davamlı dəyişikliklər kimi əlamətlər müşahidə olunarsa, insan özbaşına nəticə çıxarmamalı, həkimə müraciət etməlidir. Bu əlamətlərin olması mütləq xərçəng demək deyil, lakin onların səbəbi araşdırılmalıdır”.
Alim Əkbərov vurğulayıb ki, xərçənglə mübarizədə ən mühüm məsələlərdən biri də xəstəliyin erkən mərhələdə müəyyən edilməsidir. Çünki bir çox xərçəng növündə xəstəlik erkən aşkarlandıqda müalicənin nəticələri daha əlverişli ola bilər.
“İnsanlar yalnız ağrı və ya ciddi simptom yarandıqdan sonra həkimə müraciət etməməlidirlər. Profilaktik yanaşma daha doğrudur. Yaş, cins, şəxsi və ailəvi xəstəlik tarixçəsi nəzərə alınmaqla hansı müayinələrin və hansı yaşdan etibarən aparılmasının uyğun olduğunu həkim müəyyənləşdirə bilər.Əsas məqsəd insanlarda qorxu yaratmaq deyil, əksinə, düzgün məlumatlandırmaqdır. Xərçəng diaqnozu artıq avtomatik olaraq ümidsiz vəziyyət demək deyil. Müasir tibbdə bir çox xərçəng növlərinin erkən aşkarlanması və vaxtında müalicəsi üçün geniş imkanlar mövcuddur. Bunun üçün isə insan öz sağlamlığına məsuliyyətlə yanaşmalı və xəstəliyin yalnız ailə tarixçəsi ilə əlaqəli olduğunu düşünməməlidir”.
Həkim sonda bir daha qeyd edib ki, xərçəngin yaranmasında həm genetik, həm də genetik olmayan amillərin rolu ola bilər. Buna görə də ailə tarixçəsindən asılı olmayaraq sağlam həyat tərzinə üstünlük vermək, risk faktorlarını azaltmaq və yaşa uyğun profilaktik müayinələrdən keçmək vacibdir.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı
Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...
26 Oktyabr 2026, 10:30
Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI
Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...
26 Oktyabr 2026, 09:30
Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq
Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...
26 Oktyabr 2026, 08:30
Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq
Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...
23 Oktyabr 2026, 10:30
Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin
Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...
23 Oktyabr 2026, 09:30
Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi
Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...
23 Oktyabr 2026, 08:30