Bizə yazın

Baku

-°C

USD

-

Uşaqlarda allergiya niyə bu qədər yayılıb? – Pediatr səbəblərdən DANIŞDI

Tibb 23 Sentyabr 2026, 11:00

3286

Son illərdə uşaqlarda müxtəlif allergik reaksiyalara daha çox rast gəlinməsi valideynləri narahat edən əsas məsələlərdən birinə çevrilib. Dəri səpgiləri, qaşınma, burun axması, asqırma, gözlərdə sulanma, qida qəbulundan sonra yaranan reaksiyalar və digər allergik əlamətlər xüsusilə uşaqlıq dövründə tez-tez müşahidə olunur. Bəzi valideynlər isə övladlarında allergiya aşkarlandıqdan sonra bunun ömürlük davam edib-etməyəcəyini və müalicəsinin mümkün olub-olmadığını düşünürlər.

Pediatr həkim Zərifə Şıxzadayevanın sözlərinə görə, uşaqlarda allergik xəstəliklərin geniş yayılması son illərdə diqqət çəkən məsələlərdəndir. Onun sözlərinə görə, allergiyanın yaranmasında tək bir səbəb axtarmaq düzgün deyil. İrsi meyllilik, uşağın immun sisteminin xüsusiyyətləri, ətraf mühit, qidalanma, mikrobiom, müxtəlif allergenlərlə təmas və digər amillər birlikdə rol oynaya bilər.

“Bu, həqiqətən də çox aktual problemdir. Uşaqlarda allergik xəstəliklərə kifayət qədər tez-tez rast gəlirik. Valideynlər də çox vaxt soruşurlar ki, uşağımda allergiya yaranıbsa, bunun müalicəsi varmı, yoxsa sadəcə nəzarətdə saxlamaq lazımdır? Burada ilk növbədə allergiyanın hansı növündən söhbət getdiyini müəyyənləşdirmək lazımdır. Çünki bütün allergiyalar eyni deyil və onların yanaşması da fərqli olur”, – deyə pediatr bildirib.

Allergiya əslində immun sisteminin normal şəraitdə zərərli olmayan müəyyən maddəyə həddindən artıq reaksiya verməsidir. Bu maddələr polen, ev tozu gənələri, heyvan allergenləri, bəzi qidalar, dərmanlar və digər allergenlər ola bilər. Uşaqlarda allergiyanın müxtəlif formaları – mövsümi allergiya, allergik rinit, ekzema və qida allergiyası kimi problemlər müşahidə olunur.Müxtəlif ölkələrdə aparılan araşdırmalar da uşaqlarda allergik xəstəliklərin kifayət qədər geniş yayıldığını göstərir. Məsələn, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin 2024-cü il məlumatlarına görə, 0–17 yaşlı uşaqların 29,5 faizində mövsümi allergiya, ekzema və ya qida allergiyasından ən azı biri diaqnoz qoyulub. Mövsümi allergiya 20,6 faiz, ekzema 12,7 faiz, qida allergiyası isə 5,3 faiz təşkil edib. Bu rəqəmlər bütün dünya uşaqlarına şamil edilə bilməz, lakin allergik xəstəliklərin uşaqlar arasında geniş yayılmasını göstərən aktual göstəricilərdən biridir.

Pediatr qeyd edib ki, valideynlər arasında allergiyanın əsas səbəbi kimi yalnız “çirkli və ya təmiz mühit” məsələsinin göstərilməsi düzgün yanaşma deyil. Son illərdə “gigiyena hipotezi” kimi tanınan yanaşma geniş müzakirə olunur. Bu nəzəriyyəyə əsasən, uşaqlıq dövründə müəyyən mikroorqanizmlər və təbii mühitlə qarşılıqlı əlaqənin azalması immun sisteminin inkişafına təsir göstərə bilər. Lakin müasir elmi yanaşmada məsələ daha mürəkkəb qiymətləndirilir və söhbət uşaqları bilərəkdən mikroblara, çirkli mühitə və infeksiyalara məruz qoymaqdan getmir.

“Əvvəllər uşaqlar daha çox açıq havada olurdu, torpaqla, təbiətlə təmasda olurdu. İndi isə bəzi valideynlər uşaqları həddindən artıq qorumağa çalışırlar. Bu məsələdə müəyyən balans lazımdır. Uşağın sağlam inkişafı üçün təmiz hava, açıq havada oyun, təbiətlə normal təmas və fiziki aktivlik vacibdir. Amma bu, uşağı bilərəkdən çirkə və xəstəlik törədən mikroblara məruz qoymaq demək deyil”, – deyə Zərifə Şıxzadayeva vurğulayıb.

Mütəxəssis bildirib ki, uşağın immun sisteminin inkişafı üçün ətraf mühitlə normal qarşılıqlı əlaqə vacibdir. Uşağın daim qapalı və steril mühitdə saxlanılması ilə allergiyanın mütləq yaranacağı və ya əksinə, uşağın torpaqla oynadılması ilə allergiyanın qarşısının alınacağı barədə qəti fikir söyləmək olmaz. Allergiyanın yaranmasında genetika və ətraf mühit faktorlarının qarşılıqlı təsiri mühüm rol oynayır. Allergiya və astma ilə bağlı araşdırmalar uşağın bağırsaq mikrobiotasının da bəzi risklərlə əlaqəli ola biləcəyini göstərir. Bununla yanaşı, genetik xüsusiyyətlər, qidalanma, antibiotik istifadəsi, ev heyvanları ilə təmas və digər ətraf mühit amilləri də mikrobiotaya təsir göstərə bilər. Uşaqların təbiətdə vaxt keçirməsi isə yalnız allergiya baxımından deyil, ümumi sağlamlıq baxımından da əhəmiyyətlidir. Açıq havada oyun uşağın fiziki aktivliyini artırır, hərəkət qabiliyyətinin inkişafına və psixoloji rifahına kömək edir. Bu səbəbdən valideynlərin uşaqları həddindən artıq qorumaq adı ilə bütün gün qapalı məkanda saxlaması da düzgün yanaşma deyil.Bununla belə, gigiyena qaydalarının əhəmiyyətini də azaltmaq olmaz. Əllərin düzgün yuyulması, təhlükəsiz qida və içməli su, peyvəndlər, şəxsi gigiyena və infeksiyalardan qorunma uşağın sağlamlığı üçün vacibdir. “Allergiyadan qorunmaq üçün uşağa əllərini yumamağı öyrətmək lazımdır” kimi yanaşma elmi əsaslara uyğun deyil. Gigiyena ilə allergiyanın qarşısının alınmasını bir-birinə qarşı qoymaq düzgün deyil.

Pediatrın sözlərinə görə, uşaqlarda allergiyanın artmasının səbəbləri arasında ətraf mühit faktorları da araşdırılır. Hava çirkliliyi, tütün tüstüsü, bəzi kimyəvi maddələr və yaşayış mühitinin xüsusiyyətləri uşaqların tənəffüs sistemi və immun sistemi üçün əhəmiyyət daşıya bilər. Ümumdünya Səhiyyə Təşkilatı da uşaqların sağlamlığına ətraf mühit faktorlarının təsirini vurğulayır və hava çirkliliyinin, o cümlədən ikinci əl tütün tüstüsünün uşaqlarda tənəffüs xəstəlikləri ilə əlaqəsini qeyd edir. Qidalanma da allergiya mövzusunda xüsusi diqqət tələb edən məsələlərdəndir. Lakin burada da “keyfiyyətsiz qida allergiyanın əsas səbəbidir” kimi ümumiləşdirmə aparmaq doğru olmaz. Qida allergiyası immun sisteminin müəyyən qida zülalına reaksiyasıdır və konkret qidalara qarşı allergiya müxtəlif uşaqlarda fərqli şəkildə özünü göstərə bilər.Maraqlı məqamlardan biri də körpələrin qida ilə tanışlığıdır. Müasir tövsiyələr bəzi allergen qidaların səbəbsiz yerə uzun müddət gecikdirilməsinin allergiyanın qarşısını aldığı fikrini dəstəkləmir. Amerika Allergiya, Astma və İmmunologiya Akademiyası bildirir ki, uyğun inkişaf mərhələsində tamamlayıcı qidaların, o cümlədən potensial allergen qidaların təqdim edilməsinin əsassız şəkildə gecikdirilməsi bəzi hallarda qida allergiyası riskini azaltmaya, hətta artıra bilər. Xüsusilə yüksək riskli körpələrdə, məsələn ağır ekzema və ya yumurta allergiyası olan uşaqlarda yerfındığının rasiona daxil edilməsi həkimlə müzakirə edilməlidir. Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun tövsiyələrində də körpələrə əlavə qidaların, o cümlədən potensial allergen qidaların səbəbsiz olaraq 4–6 aydan sonraya gecikdirilməsinin allergiyanın qarşısını aldığına dair sübut olmadığı bildirilir. Lakin konkret qidanın verilməsi uşağın yaşına, inkişafına və sağlamlıq vəziyyətinə uyğun aparılmalıdır. Xüsusilə ciddi ekzema və ya artıq müəyyən qida allergiyası olan körpələrdə valideynlər pediatr və ya allerqoloqla məsləhətləşməlidirlər. 

Zərifə Şıxzadayevanın sözlərinə görə, valideynlər uşağın hər səpgisini, burun axmasını və ya öskürəyini avtomatik olaraq allergiya kimi qiymətləndirməməlidirlər. Çünki uşaqlarda virus infeksiyaları, dəri xəstəlikləri, qıcıqlanma və digər problemlər də allergiyaya bənzər əlamətlər yarada bilər. Düzgün diaqnoz qoyulmadan uşağın müəyyən qidalardan və ya digər məhsullardan uzun müddət məhrum edilməsi də düzgün deyil.

“Valideynlər bəzən uşağın dərisində səpgi görəndə dərhal düşünürlər ki, allergiyadır. Sonra özbaşına bir çox qidanı rasiondan çıxarırlar. Halbuki hər səpgi allergiya deyil. Əvvəlcə səbəbi müəyyən etmək lazımdır. Allergiyanın hansı maddədən yarandığını dəqiqləşdirmədən uşağın qidalanmasını ciddi şəkildə məhdudlaşdırmaq onun böyüməsinə və inkişafına mənfi təsir göstərə bilər”, – deyə pediatr qeyd edib.

Mütəxəssis həmçinin allergiyası olan uşağın mütləq ömür boyu eyni vəziyyətdə qalacağı fikrinin də doğru olmadığını bildirib. Allergiyanın növündən, yaşdan və fərdi xüsusiyyətlərdən asılı olaraq bəzi allergik xəstəliklərin əlamətləri zamanla azala bilər. Bəzi hallarda isə allergenlə təmasdan uzaq durmaq, simptomları nəzarətdə saxlamaq və həkim tərəfindən təyin olunan müalicədən istifadə etmək tələb olunur.Məsələn, qida allergiyasında allergen qidadan qorunmaq əsas yanaşmalardan biridir. Qida allergiyası bəzi hallarda ağır, hətta həyati təhlükəli reaksiyalara səbəb ola bilər. Buna görə belə diaqnozu olan uşaqlarda valideynlər allergiyanın əlamətlərini, təcili yardım tələb edən vəziyyətləri və həkimin tövsiyələrini yaxşı bilməlidirlər. CDC də qida allergik reaksiyalarının bəzi hallarda anafilaksiyaya səbəb ola biləcəyini və təcili tibbi yardım tələb etdiyini bildirir. Allergik rinit, ekzema və digər allergik xəstəliklərdə isə müalicə uşağın şikayətlərinə və allergiyanın səbəbinə uyğun müəyyənləşdirilir. Bəzi uşaqlarda allergenlərlə təmasın azaldılması kifayət edə bilər, digər hallarda isə dərman müalicəsi və ya uyğun xəstələrdə allergen-spesifik immunoterapiya nəzərdən keçirilə bilər. Buna görə “allergiyanın ümumiyyətlə müalicəsi yoxdur” ifadəsi bütün allergik xəstəliklər üçün doğru deyil.

Pediatr vurğulayıb ki, uşağın sağlamlığı üçün ən düzgün yanaşma həddindən artıq steril mühit yaratmaqla uşağı təbiətdən tam uzaqlaşdırmaq və ya əksinə, gigiyena qaydalarını tamamilə kənara qoymaq deyil. Uşaq təmiz və təhlükəsiz mühitdə böyüməli, eyni zamanda yaşına uyğun şəkildə açıq havada oynamalı, fiziki aktiv olmalı, müxtəlif mühitləri kəşf etməli və normal həyat tərzi keçirməlidir.

“Biz uşaqlığımızda həyətə düşür, torpaqla oynayır, ağacdan meyvə dərirdik. İndi valideynlər uşaqları daha çox qorumağa çalışırlar. Bu qoruma bəzən həddindən artıq ola bilər. Amma burada balans vacibdir. Uşağın torpaqla oynamağını və açıq havada olmasını tamamilə məhdudlaşdırmaq lazım deyil. Sadəcə əsas gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Meyvənin yuyulması, əllərin yeməkdən əvvəl təmizlənməsi, təhlükəsiz su və qidanın təmin olunması vacibdir”, – deyə Zərifə Şıxzadayevadan bildirib.

Alimlərin araşdırmaları da allergiyanın yaranmasının çoxsaylı amillərin qarşılıqlı təsiri ilə əlaqəli olduğunu göstərir. Genetik meyllilik, immun sisteminin xüsusiyyətləri, ətraf mühit, mikrobiom, qidalanma və bəzi həyat tərzi faktorları birlikdə rol oynaya bilər. Buna görə bir ailədə bir neçə uşağın allergiyası varsa, yalnız “uşaqlar çox steril böyüdülüb” nəticəsinə gəlmək düzgün deyil. Ailəvi allergik meyllilik də mühüm amildir.  Mütəxəssis hesab edir ki, valideynlərin əsas məqsədi uşağı bütün mümkün allergenlərdən təcrid etmək deyil, allergiyanın konkret səbəbini müəyyənləşdirmək və uşağın normal həyatını mümkün qədər qorumaq olmalıdır. Bunun üçün pediatr, lazım gəldikdə isə allerqoloq tərəfindən qiymətləndirmə aparılmalıdır.

Beləliklə, uşaqlarda allergiyanın geniş yayılmasını yalnız ekologiya, qidalanma və ya həddindən artıq gigiyena ilə izah etmək mümkün deyil. Allergik xəstəliklər mürəkkəb mexanizmlərə malikdir və onların yaranmasında genetika ilə ətraf mühitin qarşılıqlı təsiri mühüm rol oynayır. Uşağın təbiətlə təmasda olması, açıq havada oynaması və normal həyat sürməsi sağlam inkişaf üçün faydalıdır, lakin bu, gigiyenadan imtina etmək və uşağı xəstəlik törədən mikroblara bilərəkdən məruz qoymaq demək deyil. Əsas məsələ balanslı həyat tərzi, düzgün qidalanma, təhlükəsiz gigiyena qaydaları və allergik əlamətlər yarandıqda vaxtında tibbi qiymətləndirmədir. 

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...

26 Oktyabr 2026, 10:30

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30