Bizə yazın

Baku

-°C

USD

-

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

İqtisadiyyat 12 Mart 2025, 11:14

66

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.

Citypost.az xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib. Belə ki, 2025-ci ilin yanvar ayında 12 aylıq inflyasiya 5.4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%, qeyri-ərzaq malları üzrə 2.6%, xidmətlər üzrə 8.4% təşkil edib. İllik baza inflyasiya isə 4.3% olub.

Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8.5% təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10.7% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9%-lik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1.5% ucuzlaşıb.

Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar balansının profisiti 4.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar ayında xarici ticarət balansında 1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40.5% çoxdur. Son qiymətləndirmələrə görə 2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda 2024-cü illə və daha öncəki proqnozla müqayisədə yaxşılaşma ehtimalı var.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Qeyd edək ki, ötən ilin sonunda hökumət hesabları qalıqlarının azalması bank sistemindəki likvidliyə artırıcı təsir edib. Bunun nəticəsi olaraq cari ilin əvvəlində banklararası pul bazarında faizlər pik (2024-cü ilin dekabrında 1D AZIR 7.68%) səviyyə ilə müqayisədə azalıb. Belə ki, yanvar və fevral aylarında orta günlük 1D AZIR ötən ilin dekabr ayı ilə müqayisədə 0.6 faiz bəndi və 0.2 faiz bəndi az olub. Cari ildə pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri də davam etdirilir. 2025-ci ilin fevral ayında daimi imkan və açıq bazar əməliyyatlarının aparılması şərtlərində dəyişikliklər edilib. Belə ki, bir günlük daimi imkan depozit və əks-repo əməliyyatların müddəti 24 saatdan 1 gecəliyə keçirilib Eyni zamanda not hərraclarında minimum iştirakçı sayına qoyulan tələb aradan qaldırılıb.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim izlənilir.

Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI  

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma çörəyin, makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, uşaq qidası üçün quru süd qarışığının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, şokolad məmulatlarının, meyvə şirələrinin qiymətlərində müşahidə olunub.Bu barədə 

12 Mart 2025, 13:29

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.Citypost.az-ın məlumatına görə, 2025-ci il martın 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0465 manat təşkil edib. Rusiyanın 100 rublu 1,9891 manata kimi, avro isə 1,8526 manatadək bahalaşıb.

12 Mart 2025, 10:00

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,11 ABŞ dolları və ya 0,15% artarak 72,92 ABŞ dollarına çatıb.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,81 ABŞ dolları təşkil edib.

12 Mart 2025, 09:29

Azərbaycanın qeyri-neft ixracı 7%-ə yaxın artıb  

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib.Citypost.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart sayına dair ilkin göstəricilərdə bildirilib.Qeyd edilib ki, cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ixracı 12,3% artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub.Bu dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66.9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, kimya sənayesi məhsulları 30%, çay 21.3%, alüminium və ondan hazırlanan məmulatlar 2.8% artıb.2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı...

10 Mart 2025, 10:44

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb  

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,13% artaraq 2 918 ABŞ dollarına bərabər olub.Citypost.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,31% artaraq 32,91 ABŞ dollarına bərabər olub.

10 Mart 2025, 10:00

Bu günün valyuta məzənnələri  

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.Citypost.az-ın məlumatına görə, 2025-ci il martın 10-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0466 manat təşkil edib. Rusiyanın 100 rublu 1,8889 manata kimi ucuzlaşıb, avro isə 1,8412 manatadək bahalaşıb.

10 Mart 2025, 09:49