Ramiz Mehdiyev Xoşqədəmi belə öldürtmək istəyirmiş
Cəmiyyət 28 Oktyabr 2026, 17:00
26373
Tanınmış teleaparıcı və jurnalist Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) Prezident Administrasiyasının 14 il müddətinə azadlıqdan məhrum edilən keçmiş rəhbəri Ramiz Mehdiyevin vaxtilə onunla bağlı qurduğu plandan danışıb.
CityPost.az xəbər verir ki, X.Hidayətqızı sosial şəbəkə hesabında yazıb:
“Hə, dostlar… Bu gün sizi illər öncəyə — 2005-ci ilə aparacağam.
Bəlkə də deyəcəksiniz: “Gecikmisən!”
Yox, mən gecikmədim. Sadəcə, vaxtını gözlədim. Məni tanıyanlar bilir, səbrim çox genişdir…
Gözlədim… səbr etdim… ta ki, həqiqətin üzə çıxdığı, məhkəmənin qərarını verdiyi günə qədər.
Və bu gün — məhz o gündür.
594428
Heç vaxt yıxılanla mübarizə aparmamışam, bundan sonra da aparmaram. Amma Ramiz Mehdiyevin bu gününü səbirsizliklə gözləmişəm. Yalan nə deyim? Onun iç üzü açılanda bu yazını yazacaqdım. Ancaq gördüm ki, vaxtilə ona “ata”, “ağsaqqal”, “rəhbər” deyib əl-ayağını öpənlər “Boz kardinal”ın əleyhinə elə yazılar yazdılar ki, mənim sözlərim onların arasında itib-batacaqdı. Ona görə də məhkəmənin qərarını gözlədim.
Ramiz Mehdiyev… O məşhur “Boz kardinal”! 14 il həbs cəzası, milyardlarla sərvətin müsadirəsi…
1999–2000-ci illər… Rəhbərlik etdiyim qəzetin bağlanmasına çalışan, Siruz Təbrizlini üstümə göndərən, yolumu hər tərəfdən kəsməyə cəhd edən adam.
Mənim kimi neçə-neçə insanın həyatına müdaxilə edən, vicdanlı, Vətənini sevən insanlara qarşı kin və nifrət bəsləyən Ramiz Mehdiyev!
İlk savaşım 1999–2000-ci illərdə başladı.
Mehdiyevin qoruduğu, milyardlar qazandırdığı birindən müsahibə almışdıq. Həmin şəxsin Ümummilli liderimizə və ailəsinə qarşı dediyi sözləri dərc etmişdik.
Mehdiyev məndən tələb edirdi ki, müsahibəni guya özümüzün uydurduğumuzu deyim. Etiraz etdim. Bu dəfə güc strukturlarından birinin rəhbəri zəng etdi. Ona da “yox” dedim!
Axşam nazirin köməkçisi ofisimə gəldi. Natəvanın heykəlinə yaxın küçələrdən birində mənə birotaqlı ev təklif edirdi ki, müsahibəni əməkdaşımızın özünün yazdığını deyim. Belə olsaydı, bütün məsuliyyət həmin əməkdaşın üzərinə düşəcəkdi. Gerisinin necə olacağını isə özünüz bilirsiniz…
Yenə “yox” dedim.
Səhəri gün o vaxtkı mətbuat naziri Siruz Təbrizli məni nazirliyə çağırdı. Əvvəl çığırıb-bağırdı, sonra təkliflər yağışı başladı. Qəzeti bağlamağım müqabilində yeni adda qəzet, təzə kompüterlər və üstəlik, 20 min dollar təklif olunurdu.
Cavabım qəti idi:
“Mümkün deyil! Bu, olmayacaq!”
Məhkəməyə verildim. Uzun mübarizə apardıq. Nazirliyin qarşısında qələm qırma aksiyasına qədər getdik. Nəhayət, Ümummilli liderimizin sayəsində məhkəmədə qalib gəldik, haqq-ədalət öz yerini tapdı.
Onu da deyim ki, bu məsələdə o vaxt MTN-in (indiki DTX-nin) rəhbəri Namiq Abbasovun da mənə köməyi dəydi. O, Ümummilli liderimizə mənimlə bağlı doğru məlumatlar çatdırmışdı. Mehdiyevin insanlara necə ləkə yaxdığını, böhtanlar uydurduğunu onu tanıyanlar yaxşı bilirdi. Mən də Namiq müəllimin köməyi sayəsində haqqımda deyilən yalanlardan qurtulmuşdum.
Beləcə, ilk qələbəmi qazandım…
2005-ci il.
594427
Mətbuatın inkişafındakı xidmətlərimə görə mənə Tərəqqi medalı verilməsinə mane olmaq üçün Mehdiyev əlindən gələni etdi. Adımı siyahıdan çıxartdırdı.
Tədbir Gülüstan sarayında keçirilirdi. Adımın siyahıda olmayacağını bildiyim üçün adlar oxunanda heç qulaq asmırdım. Birdən ətrafımdakıların mənə baxdığını, qolumdan tutduqlarını hiss etdim. Hamı mənə baxırdı.
İnanmırdım…
Prezidentimizə baxdım. Göz-gözə gəldik. Üzündəki təbəssümü heç vaxt unutmayacağam. Gözlərim dolmuşdu. Axı adım siyahıdan silinmişdi…
Çox sonra öyrəndim ki, Prezidentimiz adımı həmin siyahıya şəxsən özü qeyd etdirib.
Bu da növbəti qələbəm idi.
Elə həmin il 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. İnsanlarla birbaşa ünsiyyətə əsaslanan, səmimi təbliğat kampaniyasına başladım.
Ağdamın kəndlərini qarış-qarış gəzdiyimi, hər evdə insanlarla görüşdüyümü o prosesdə iştirak edənlər yaxşı xatırlayırlar. Qadınları görüşlərə cəlb etmək, cəbhə bölgəsindəki kəndlərə gecə-gündüz getmək, insanların inamını qazanmaq asan deyildi. Amma bacardım.
Və bir gün…
O vaxt Ağdamın icra başçısı olan, Ramiz Mehdiyevin ən yaxın adamlarından sayılan Həsən Sarıyev məni yanına çağırdı.
“Bu dairədən getməlisən. Ramiz Mehdiyev istəyir ki, Bəxtiyar Sadıqov seçilsin”, — dedi.
Mən sakitcə cavab verdim:
“Bu, demokratik seçkidir. Qoy seçici qərar versin. Mən də, Bəxtiyar da mübarizə aparaq. Kim layiqdirsə, o da qazansın.”
Həmçinin oxuyun
Sarıyev məndən Aqil Abbasın dairəsinə keçməyimi istədi və Mehdiyevin məni oradan seçdirəcəyinə söz verdiyini bildirdi. Yenə “yox” dedim. Üstəlik, Aqil Abbasla namizədliyimizi irəli sürməzdən əvvəl görüşüb dairələrimizi razılaşdırmışdıq.
Sarıyev gördü ki, fikrimdən dönən deyiləm. Beləcə, açıq mübarizə başladı.
Qaradağlı, Sarıcalı və Əfətli kəndlərinə getməyimə mane olurdu. Son görüşümüzdə həmin kəndlərə niyə getdiyimi soruşdu.
O kəndlərdə yaşayanların da mənim seçicilərim olduğunu xatırladanda belə cavab verdi:
“O kəndlərin adamları prezident seçkilərində qutuları yandırıblar, müxalifətdirlər.”
Halbuki həmin kəndlərin sakinləri İlham Əliyevi dəstəkləyən, ona səs verən insanlar idi. Sarıyevdən narazı olan seçicilər öz dərdlərini, sirlərini mənə danışırdılar. Onların dediklərinə görə, prezident seçkiləri zamanı qutuların yandırılması da Sarıyev-Mehdiyev oyununun bir hissəsi olmuşdu.
İctimai Televiziyada çıxışım zamanı həmin kəndlərin insanlarının Prezidentə sevgisini, inamını vurğuladım, mesajlarını efirdən ona çatdırdım.
Bu çıxışdan sonra Ramiz Mehdiyevin mənə qarşı münasibəti daha da sərtləşdi.
Haqqımda yalan məlumatlar və böhtanlar yayılmağa başladı. Hətta yazıq anamın erməni olması barədə şayiələr uydururdular. Görüşlərimə pul verilmiş, əvvəlcədən öyrədilmiş qadınlar göndərilir, ən çirkin iftiralar yayılırdı. Mehdiyevin üsulu belə idi…
İş o yerə çatmışdı ki, məni avtomobil qəzasına salmaq üçün plan qurulduğunu da öyrəndim.
Xəbəri iki gün əvvəl almışdım.
Komandamda Sarıyevin pulla ələ aldığı adamlardan biri vardı. Kim olduğunu bilsək də, onu komandadan uzaqlaşdırmırdım. Həmin gün gedəcəyim ünvan barədə ona yanlış məlumat verdim və başqa yolla getdim.
Beləcə, qəzadan xilas oldum.
Mehdiyev özündən çıxmışdı. Müşavirələrdə mənə qarşı açıq-aşkar kin püskürürdü. Həmin gizli müşavirələrin birində iştirak edən keçmiş polis rəisi mənə zəng edib “Gənc qadınsan, çəkil bu mübarizədən. Sən bu adamı tanımırsan. Həyatını puç etmə!” dedi.
Amma seçkiyə günlər qalmışdı. Artıq geriyə yol yox idi…
Səsverməyə bir gün qalmış məni Apellyasiya Məhkəməsinə çağırdılar. Guya, şikayət vardı.
Bakıya qayıtdım. Məhkəmənin qarşısında məni gözləyən onlarla seçicimi, zalda isə Sarıyevin əlaltılarını gördüm.
Onlardan birinin adı Eldar idi. Üzümə baxıb dedi:
“Dünən gecə saat 2-də mənə 15 manat verdin ki, sənə səs verim.”
Dəhşətli an idi…
Hakim çarəsiz görünürdü. Heç nə demədim, zalı sakitcə tərk etdim. Çünki qərarın əvvəlcədən verildiyi aydın idi.
Məhkəmənin qarşısında məni gözləyən seçicilərim vardı. Hiss edirdim ki, Ramiz Mehdiyevin növbəti planı işə düşür: orada səs-küy yaratmaq, sonra da mənə “müxalifət” damğası vurmaq.
Mehdiyevin mənim seçkidən narazı olduğum, beynəlxalq qurumlara müraciət etdiyim barədə məlumat yaymaq planını pozmalı idim.
Tək çıxış yolum İTV-də danışmaq idi.
Sağ olsun Ömərov! O vaxt Ramiz Mehdiyevin qılıncının dalı da, qabağı da kəsirdi. Hər televiziya rəhbəri belə cəsarət göstərə bilməzdi, amma o göstərdi.
Müsahibə zamanı “Mən bu ölkədə rastlaşdığım problemi hansısa beynəlxalq quruma deyil, yalnız inandığım, səs verdiyim, sevdiyim Prezidentimə deyərəm.” dedim və beləliklə, Mehdiyevin bu planı da baş tutmadı.
Həmin seçkidən sonra dövlət tədbirlərinə, media ilə bağlı toplantılara bir daha dəvət olunmadım.
Təəssüf ki, o vəzifədən gedəndən sonra da onun vaxtında işə götürdüyü və bu gün də orada çalışan bir-iki nəfər Mehdiyevin tapşırıqlarından çıxa bilmir. Hələ də adımı media ilə bağlı keçirilən tədbirlərin siyahısına yazmırlar. Yəqin, Mehdiyevin yenidən zühur edəcəyinə inanırlar.
İllərlə Mehdiyevin bir gün gedəcəyini, mənim də aydınlığa çıxacağımı gözlədim. Bir də baxdım ki, 25 yaşından arzularla yaşayan bəndəniz artıq 50-ni keçib…
Heç bir vəzifəm, sərvətim, iddiam yox idi. Sadəcə, Vətənimi, dövlətimi, Prezidentimi sevən bir insan idim. Yaltaqlanmağı bacarmırdım. Mehdiyevin nifrətini qazanmağımın səbəbi də bu idi.
Gec də olsa, Mehdiyev yaşatdığını yaşayır. Ən ağırı isə bütün bunları ömrünün bu çağında yaşamasıdır.
Mal-mülk naminə neçə-neçə insanın arzularını, xəyallarını məhv etdi, insanları küsdürdü, həyatları dağıtdı. Düzdür, min bir xainliklə qazandığı milyonlar əlindən çıxdı. Ailəsinə qoyduğu miras isə Vətən xaini adıdır!
Ramiz Mehdiyevin həyatı hər kəs üçün dərs olmalıdır.
Vətəninə, işlədiyi insana xəyanət edənlər, vəzifəsinə, puluna, imtiyazına güvənərək başqalarını əzənlər, ləkələyənlər, əməyini heçə sayanlar, günahsız insanların yolunu kəsənlər bilməlidirlər ki, bu dünyada hər kəs yaşatdığını bir gün yaşayır.
Ramiz Mehdiyev kimi…
Çalışın, haqqınızda yaxşı danışsınlar, haqqınızda yaxşı yazılar yazılsın. Çünki insanın arxasında qoyduğu ən böyük sərvət onun təmiz adıdır. Bu da hər kəsə nəsib olmur!
Mehdiyev kimi!”.
DİN bu gün Bakıda baş vermiş ağır qəzanın videogörüntüsünü yayıb
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda yeraltı piyada keçidinin bir neçə metr yaxınlığında baş vermiş ağır yol-nəqliyyat hadisəsinin videogörüntülərini yayıb.Citypost.az xəbər verir ki, piyadanın yanlış seçim etməsi faciə ilə nəticələnib.Belə ki, bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hərəkətdə olan avtomobillərdən biri yaxınlıqda yeraltı piyada keçidinin olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır....
13 Noyabr 2026, 21:57
Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.Məlumata görə, Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər üçün 19 noyabr 2026-cı il tarixinə nəzərdə tutulmuş yazılı imtahan 23 noyabr 2026-cı il tarixə keçirilib.İmtahan həmin gün saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçiriləcək.Namizədlər buraxılış rejiminin təmin edilməsi məqsədilə saat 09:00-dək imtahan binasının qarşısında olmalı, “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər....
13 Noyabr 2026, 20:49
Baş nazir “Tədqiqat universiteti” statusu ilə bağlı tələbləri təsdiqləyib
“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” yeni redaksiyada təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu bu Tələblər nəzərə alınmaqla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 (beş) il müddətinə verilir.“Tədqiqat universiteti” statusu elmi tədqiqat fəaliyyəti, elmi kadr hazırlığı, akademik heyət və elmi infrastruktur üzrə bu Tələblərlə müəyyən edilmiş tələbləri təmin edən və ən azı 5 (beş) il fəaliyyət göstərən ali təhsil müəssisəsinə verilir.“Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi elmi tədqiqat fəaliyyəti istiqamətində aşağıdakı tələbləri təmin...
13 Noyabr 2026, 20:00
Nərə kürüsü, siqaret və PVC parçaların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir
Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir.APA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib.Dəyişikliyə əsasən, 2030-cu ilin sonunadək idxal olunan nərə balığının kürüsü üçün idxal gömrük rüsumunun dərəcəsinin 15%, lakin 1 kq üçün 200 ABŞ dollarından az olmamaqla (hazırda idxal dəyərinin 15%-i), siqar, siqaret və siqarillalar üçün 15%, lakin 1000 ədədinə 3,0 ABŞ dollarından az olmamaqla (hazırda 1000 ədədi 0,5 ABŞ dolları), polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalar üçün 15% (hazırda 0 və ya 5%) təyin olunur....
13 Noyabr 2026, 19:58
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb.Citypost.az xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.
13 Noyabr 2026, 19:16
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb.Citypost.az xəbər verir ki,Bu barədə "NEWS.am" Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.Bildirilib ki, iş ittiham aktı ilə təsdiq olunması üçün nəzarətçi prokurora göndərilib.Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Azərbaycan hərbçisi Nəsimi Musayev 2026-cı il oktyabrın 1-də saat 14:00 radələrində Ermənistanın Sünik vilayətinin Şaki kəndindəki yaşayış evinə daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan noyabrın 3-də açıqlamasında Nəsimi Musayevin öldürmək niyyətinin olmadığını, ifadəsində duman səbəbindən yolu azdığını bildirdiyini qeyd edib. (Apa)...
13 Noyabr 2026, 18:33