Ərdoğanın Oktay Saralı vəzifədən azad etməsinin PƏRDƏARXASI - Bakıdan MÖVQE
Cəmiyyət 27 Oktyabr 2026, 13:57
3186
Azərbaycan-Türkiyə münasibətləri bir daha həssas sınaq qarşısındadır. İki ölkə arasında tarixi, milli və mədəni bağlarla yanaşı, strateji müttəfiqlik və qarşılıqlı siyasi etimada əsaslanan münasibətlər mövcud olsa da, son günlər yaşanan hadisələr göstərdi ki, ayrı-ayrı şəxslərin açıqlamaları belə bu münasibətlər ətrafında ciddi müzakirələrə səbəb ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə vəzifəsindən azad olunan baş müşaviri Oktay Saralın Azərbaycanda hicab və məktəblilərin geyim qaydaları ilə bağlı səsləndirdiyi fikirlərdən sonra yaranan narazılıq artıq sosial şəbəkələrin hüdudlarını aşaraq siyasi müstəviyə keçib. Rəsmi Bakının suveren qərarlarına münasibət, dövlətlərin daxili işlərinə müdaxilə məsələsi və qardaşlıq münasibətlərində qarşılıqlı hörmətin qorunması yenidən gündəmin əsas mövzularına çevrilib. Məsələnin diqqətçəkən tərəfi isə baş verənlərin təkcə bir müşavirin açıqlamaları ilə məhdudlaşmamasıdır. Türkiyədə bəzi siyasətçilərin, jurnalistlərin, təhlilçilərin və ayrı-ayrı qrupların Azərbaycanla bağlı mövqeləri müzakirələri daha da genişləndirib. Azərbaycanda bu çıxışlara etirazlar səsləndirilib, siyasi dairələr və ekspertlər yaranmış vəziyyətin iki ölkənin münasibətlərinə mümkün təsirlərini dəyərləndirməyə başlayıblar. Xüsusilə məktəblərdə vahid geyim qaydaları ilə bağlı qərarın Azərbaycanın daxili məsələsi olduğu vurğulanıb, ölkənin öz hüquqi və siyasi qərarlarını müstəqil şəkildə vermək prinsipinin müzakirələrin mərkəzində dayanmalı olduğu bildirilib.
Hadisələrin fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılması isə diqqətləri Ankaranın atdığı addımın siyasi mənasına yönəldib. Saralın öz açıqlamasında vəzifədən ayrılmasının Prezident Ərdoğanın göstərişi ilə baş verdiyini təsdiqləməsi və bunun Azərbaycanla bağlı fikirləri ətrafında müzakirələrin getdiyi dövrə təsadüf etməsi müxtəlif şərhlərə yol açıb. Bir sıra deputat və politoloqlar bu addımı Bakı ilə Ankara arasındakı gərginliyin azaldılması, strateji müttəfiqliyin qorunması və ayrı-ayrı şəxslərin mövqelərinin dövlətlərarası münasibətlərdən üstün tutulmadığının nümayişi kimi qiymətləndirirlər. Bununla belə, qərarın bütün səbəbləri barədə rəsmi izahatın olmadığı da nəzərə alınmalıdır.
Bəs, Oktay Saralın vəzifəsindən ayrılması Azərbaycan-Türkiyə münasibətlərində yaranmış narazılıqların aradan qaldırılması üçün kifayət edəcəkmi? Bu hadisə Ankaradan Bakıya verilən siyasi mesaj kimi dəyərləndirilə bilərmi? Türkiyədə bəzi siyasi dairələrin Azərbaycanla bağlı sərt çıxışları iki ölkə arasında etimad mühitinə necə təsir göstərir və gələcəkdə oxşar halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Digər tərəfdən, münasibətlərin möhkəm tarixi və strateji təməllərə söykəndiyi bir şəraitdə ayrı-ayrı fikir ayrılıqlarının dövlətlərarası münasibətlərə təsir etməməsi üçün siyasi dialoq və koordinasiyanın hansı səviyyədə gücləndirilməsinə ehtiyac var?
Mövzu ilə bağlı Milli Məclisin deputatları və politoloqlar baş verənləri fərqli aspektlərdən dəyərləndirərək Azərbaycanın gözləntilərini, Türkiyənin atdığı addımların əhəmiyyətini və iki ölkə arasında münasibətlərin gələcək perspektivlərini şərh ediblər. Onların fikirlərində ortaq məqam isə aydındır: Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin qorunması, qarşılıqlı hörmətin təmin edilməsi və yarana biləcək problemlərin qarşıdurma deyil, birbaşa siyasi dialoq yolu ilə həlli hər iki dövlətin maraqlarına uyğundur.
Milli Məclisin deputatı Müşfiq Cəfərov CityPost.az-a bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən azad edilməsi xəbəri rəsmi olaraq təsdiqləndi.
Deputatın sözlərinə görə, Oktay Saral verdiyi açıqlamada bu qərarın Prezident Ərdoğanın göstərişi ilə reallaşdığını və vəzifədən ayrılmasının Azərbaycanla bağlı səsləndirdiyi sərt və qərəzli fikirlərə görə olduğunu da təsdiqləyib: “Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə xələl gətirməmək məqsədilə, Prezident Rəcəb Tayyib Ərdoğanın birbaşa göstərişi ilə baş müşavir tutduğu postdan uzaqlaşdırılması diplomatik baxımdan çox düzgün qərar oldu.”
M.Cəfərov vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən azad edilməsi, Ankara ilə Bakı arasında yaranmış diplomatik anlaşmazlığı sürətlə aradan qaldırmaq məqsədi daşıyan strateji və mühüm bir siyasi gedişdir:
“Oktay Saralın Azərbaycandakı vahid məktəbli forması və hicab məsələsi ilə bağlı rəsmi Bakını tənqid edən və daxili işlərə müdaxilə kimi qiymətləndirilən paylaşımından sonra gələn bu qərarın çox əsaslı əhəmiyyəti var.”
Deputat qeyd edib ki, Prezident Ərdoğan bu addımı ilə strateji müttəfiqliyin hər hansı bir bürokratın fərdi və ya ideoloji fikirlərindən daha üstün olduğunu göstərdi: “İki ölkə arasındakı qardaşlıq bağlarının zədələnməsinə icazə verilməyəcəyi barədə isə açıq mesaj verildi.”
Politoloq, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Oktay Saralın Azərbaycana qarşı hicabla bağlı Facebook statusunun Türkiyə-Azərbaycan münasibətlərində narahatlıq yaratdığını bildirib. O hesab edir ki, bu məsələyə hakim partiya və ya iqtidar səviyyəsində qiymət verilməlidir.
Politoloqun sözlərinə görə, Saralın statusuna qədər Türkiyədə yalnız sosial şəbəkə aktivləri, müəyyən dini qrup və icmaların nümayəndələri Azərbaycana qarşı addım atırdı: “Oktay Saralın da belə bir statusla çıxış etməsi bizdə narahatlıq yaratdı ki, bu proseslərin arxasında AKP iqtidarına yaxın dairələr dayanır.”
A.Quliyev sonradan AKP çevrəsindəki bəzi şəxslərin Azərbaycanla münasibətləri süni şəkildə gərginləşdirməyə cəhd etdiyinin təsdiqləndiyini deyib. O, Türkiyədəki bəzi siyasi partiyaların, o cümlədən Birlik Partiyası və Zəfər Partiyasının düzgün mövqe göstərdiyini vurğulayıb. Bu partiyalar Azərbaycanın daxili işlərinə müdaxiləni pisləyib.
Həmçinin oxuyun
Politoloq Saralın Azərbaycanın hicaba münasibətini əxlaqdan kənar adlandırmasının münasibətləri xeyli korlamalı olduğunu bildirib. O, Saralla bağlı tədbirin daha tez görülməli olduğunu, bir həftə sonra atılan addımın isə yaxşı görüntü yaratmadığını qeyd edib. A.Quliyev əlavə edib ki, bu cür mövqe tutanların hərəkətinə qiymət verilməlidir, çünki onların mövqeyi Azərbaycanda bütövlükdə AKP-nin mövqeyi kimi qəbul olunur.
Saralın istefasının səbəbləri hələ də aydın olmadığını deyən politoloq bildirib ki, o, hələlik yalnız ehtimallar səviyyəsində danışır:
“Jurnalistlərin ciddi təzyiqi ilə zorla ondan çıxarılan sözlərə görə, o, Azərbaycana qarşı hicabla bağlı yazdığı statusa görə vəzifəsindən gedib. Amma könüllü istefa verib, yoxsa buna məcbur edilib? Bunlar hələ bəlli deyil.”
A.Quliyev Saraldan daha geniş status yazaraq atdığı addımın nə dərəcədə doğru olduğuna və əvvəlki fikrində qalıb-qalmadığına aydınlıq gətirməsini tələb edib. Onun fikrincə, əks halda Türkiyə tərəfindən belə müdaxilələr davam edə bilər.
Politoloq vurğulayıb ki, Azərbaycanın Türkiyə ilə münasibətləri korlamasına ehtiyac yoxdur: “Azərbaycan nə belə yol tutub, nə də belə siyasət aparır. Əksinə, iki qardaş ölkə olaraq hər kəsin öz siyasi kursu və dəyərləri əsasında müstəqil şəkildə irəliləməsinə üstünlük verir.”
Politoloq Zuriyyə Qarayeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılmasını Azərbaycan–Türkiyə münasibətləri baxımından mühüm siyasi mesaj kimi qiymətləndirib.
Politoloqun sözlərinə görə, Saralın Azərbaycanla bağlı açıqlamalarından sonra yaranan narazılıq və onun Ərdoğanın göstərişi ilə vəzifədən ayrıldığını bildirməsi göstərir ki, Ankara iki ölkə arasındakı strateji tərəfdaşlığın ayrı-ayrı siyasi şəxslərin mövqeləri səbəbindən zədələnməsində maraqlı deyil: “Hərçənd qərarın bütün motivləri barədə rəsmi izahat verilməyib, hadisələrin ardıcıllığı bu addımın Azərbaycanla münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılmasına xidmət etdiyini düşünməyə əsas verir.”
Z.Qarayeva hesab edir ki, Ərdoğan bununla həm Azərbaycan dövlətinin suveren qərarlarına hörmət nümayiş etdirir, həm də Bakıya qarşı səsləndirilən fikirlərin Türkiyənin rəsmi dövlət siyasəti ilə eyniləşdirilməməli olduğunu göstərir. Onun fikrincə, burada əsas məqam Türkiyə rəhbərliyinin Azərbaycanla münasibətləri daxili siyasi müzakirələrdən və ideoloji fikir ayrılıqlarından daha üstün strateji prioritet kimi nəzərdən keçirməsidir. Bu, eyni zamanda Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış qarşılıqlı siyasi etimadın qorunmasına yönəlmiş addım kimi də dəyərləndirilə bilər.
Politoloq qərarın iki ölkə arasında siyasi dialoqun daha da möhkəmlənməsinə və son həftələrdə yaranmış narazılıqların arxa plana keçməsinə müsbət təsir göstərəcəyini gözlədiyini bildirib. O vurğulayıb ki, xüsusilə Türk Dövlətləri Təşkilatının qarşıdakı zirvəsi ərəfəsində belə bir addımın atılması təsadüfi siyasi hadisə kimi qiymətləndirilməməlidir.
Z.Qarayeva qeyd edib ki, Azərbaycan və Türkiyə yalnız tarixi, milli və mədəni bağlarla deyil, həm də müdafiə, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional geosiyasi maraqlarla bir-birinə bağlıdır: “Bu baxımdan, münasibətlərdə yaranan hər hansı gərginliyin vaxtında aradan qaldırılması hər iki dövlətin maraqlarına cavab verir.” Onun sözlərinə görə, Ərdoğanın bu qərarını Azərbaycana verilən siyasi dəstəyin və strateji həmrəyliyin növbəti ifadəsi kimi şərh etmək mümkündür.
Politoloq əlavə edib ki, iki ölkənin ictimai-siyasi mühitində fərqli fikirlərin mövcudluğu təbiidir, lakin həmin fikir ayrılıqlarının dövlətlərarası münasibətlərə təsir göstərməsinə imkan verilməməsi xüsusi əhəmiyyət daşıyır: “Düşünürəm ki, bu prosesin ən mühüm nəticəsi Ankara ilə Bakı arasında yaranan problemlərin qarşıdurma yolu ilə deyil, birbaşa siyasi dialoq və qarşılıqlı etimad əsasında həll oluna bildiyinin nümayiş etdirilməsidir.”
Politoloq Turan Rzayev Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılmasının gözlənilən hadisə olduğunu bildirib. Onun sözlərinə görə, bu addımı təsadüfi qərar kimi qiymətləndirmək olmaz.
Politoloq xatırladıb ki, Saralın Azərbaycanda hicabla bağlı vəziyyətə münasibət bildirərək “Hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbuledilməzdir” deməsi ölkəmizdə ciddi narazılığa səbəb olmuşdu. Jurnalistlə telefon danışığı zamanı Azərbaycanla bağlı açıqlamalarına görə vəzifəsindən uzaqlaşdırılıb-uzaqlaşdırılmadığı soruşulan Saral “Bəli, elə görünür” cavabını verib. O, daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə vəzifəsindən ayrıldığını təsdiqləyərək bildirib: “Bəli. Biz vəzifələrimizlə mövcud deyilik. Cənab Prezidentimiz məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”.
T.Rzayev hadisənin Türkiyə və Azərbaycan prezidentlərinin telefon danışığından sonra baş verməsinin də diqqət çəkdiyini vurğulayıb.
Politoloq qeyd edib ki, bütün hallarda Bakı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi funksionerlərinin çıxışlarından, açıqlamalarından və partiya təmsilçilərinin mövqeyindən narazıdır. Bu narazılıq artıq açıq şəkildə ifadə olunub, arzuolunmaz şəxslərin siyahısı da dərc edilib.
“Azərbaycanın Ankaradan gözləntisi sadə idi: qarşılıqlı hörmət, müttəfiqlik münasibətlərinə uyğun davranış və iki ölkə arasındakı həssas məsələlərə daha diqqətli yanaşma. Təəssüf ki, bu gözləntilər özünü doğrultmadı. Bu gün yaşananlar da məhz həmin narazılıqlar fonunda diqqət çəkir”, - deyə Turan Rzayev bildirib.
CityPost.az Təhlil Şöbəsi
Modelə qarşı zorakılıqda ittiham olunan iş adamına ağır cəza
Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası nəzərə alınıb, ona qəti olaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.Ona Cinayət Məcəlləsinin 182, 177, 186-ci maddələri üzrə bəraət verilib.Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, Z. Hüseynzadə tərəfindən şəxsi yazışmalarının yayıldığını və şiddətə məruz qaldığını...
27 Oktyabr 2026, 14:31
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.Citypost.az xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevin Forumda çıxışının böyük maraq doğurduğunu vurğuladı. O, xüsusilə dünyada münaqişələrin davam etdiyi bir şəraitdə dövlətlərin müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciət etməsinin vacibliyini, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb etdiyini bildirdi.ICESCO-nun Baş direktoru təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və...
27 Oktyabr 2026, 14:25
Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.Citypost.az xəbər verir ki, Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb.2025-ci ilin yanvar ayından iyulunadək Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.O, 2025-ci ilin iyulunda Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib....
27 Oktyabr 2026, 13:36
Zahid Oruc: Sökülən əmlaka görə kompensasiya meyarları şəffaf olmalıdır
Sökülən ev və obyektlərə görə kompensasiyanın hesablanması üçün vahid meyarların müəyyənləşdirilməsi təklif olunub.Citypost.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxış edib.Zahid Oruc bildirib ki, Konstitusiya Məhkəməsi qanunvericilikdəki boşluqların və qeyri-müəyyənliyin əsassız kompensasiya tələblərinə, mülkiyyət hüquqlarının pozulmasına və tikintinin uzanmasına səbəb olduğunu bildirib və qaydaların təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflər göndərib: “Bəzən onlarla ailə ilə razılıq əldə edildiyi, köçürülmə və tikintiyə milyonlarla manat xərcləndiyi halda, bir-iki mülkiyyətçi ilə razılaşmanın illərlə uzanması layihənin başlanmasına mane olur”.Deputat kompensasiyanın hesablanması üçün ictimaiyyətə açıq meyarların yaradılmasını, Nazirlər Kabineti tərəfindən qiymətləndirmə şkalasının, bazar qiymətlərindən...
27 Oktyabr 2026, 13:20
Prezidentdən yüksək vəzifəyə TƏYİNAT – SƏRƏNCAM
Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
27 Oktyabr 2026, 13:06
İlham Əliyev məşhur generalı VƏZİFƏDƏN AZAD ETDİ
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
27 Oktyabr 2026, 13:05