Bizə yazın

Baku

-°C

USD

-

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə qrant müsabiqələri elan edib

Cəmiyyət 20 Noyabr 2026, 09:28

403

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edib.

Agentlikdən Citypost.az-a bildirilib ki, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il noyabrın 20-də başlanılıb.

Müraciət üçün son tarix isə dekabrın 20-dir.

Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqələrin nəticələrinin 2027-ci ilin birinci rübündə elan olunması nəzərdə tutulur.

Kiçik qrant müsabiqələri üzrə maliyyələşmənin yuxarı həddi 30 min manat, layihələrin icra müddəti isə 6 ayadək müəyyən edilib. Böyük qrant müsabiqəsi üzrə qrant məbləğinin yuxarı həddi 70 min manat, icra müddəti isə 9 ayadək olacaq.

Müsabiqələr beş əsas istiqaməti əhatə edir. Birinci istiqamət Azərbaycançılıq və yad ideoloji təsirlərə qarşı ictimai səfərbərlikdir. Bu istiqamətdə Azərbaycançılıq məfkurəsinin yad və zərərli ideoloji təsirlərə qarşı milli sipər kimi izahına, onun cəmiyyətdə vahid amal, həmrəylik və tərəqqi uğrunda birləşdirici, səfərbəredici qüdrətinə, milli ideya kimi dəyərinə, yüksək mədəniyyətli vətəndaş formalaşdırma missiyasının təhlilinə, ana dilinin saflığının qorunmasına, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsinə dair layihələrə üstünlük veriləcək.

İkinci istiqamət QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafını əhatə edir. Bu çərçivədə QHT-lərin sosial media platformalarında ictimai hesabatlılığının artırılması, süni intellekt alətlərindən düzgün və nəticəyönümlü istifadə edilməsi, cəmiyyətin rəqəmsal təhlükəsizliyinin qorunmasına dair maarifləndirici fəaliyyətin gücləndirilməsi, uşaqların zərərli informasiyalardan və asılılıqlardan müdafiəsi üçün valideyn və təhsilverənlərin sayıqlılığının artırılması istiqamətində layihələrə üstünlük veriləcək.

Üçüncü istiqamət regionlarda aqrar sahədə təşəbbüslərlə bağlıdır. Burada aqrar sahədə resurs səmərəliliyinə, iqlim dayanıqlılığına və ekoloji tarazlığa əsaslanan inkişaf modelinin təşviqi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, innovasiyanın və insan kapitalının inkişafına yönəlmiş layihələr dəstəklənəcək.

Dördüncü istiqamət ailə institutunun möhkəmləndirilməsi və sağlam, təhlükəsiz cəmiyyətin təşviqidir. Bu istiqamət üzrə boşanmaların qarşısının alınması üçün ictimai təşəbbüslərin artırılması, ənənəvi ailə dəyərlərinin qorunması, erkən nikahlara və insan alverinə qarşı mübarizə, əhalinin sağlamlığının və təhlükəsizliyinin gücləndirilməsi, azad edilmiş ərazilərdə sakinlərlə iş və məşğulluq üzrə bacarıqların artırılması ilə bağlı təşəbbüslərə üstünlük veriləcək.

Beşinci istiqamət beynəlxalq əhəmiyyətli təşəbbüsləri əhatə edir və sərbəstdir. Bu istiqamətdə müstəmləkəçiliyin bütün növ təzahürlərinə, islamofobiyaya və ayrı-seçkiliyə qarşı mübarizə, mədəniyyətlərarası dialoqun təşviqi, bu sahədə xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılması nəzərdə tutulan layihələrə üstünlük veriləcək. Həmçinin Azərbaycanın mina və itkinlər problemlərinə beynəlxalq səviyyədə diqqətin artırılması, Ermənistanın müharibə cinayətlərinin ifşası, işğal dövründə Azərbaycan ərazilərində həyata keçirdiyi dağıdıcı fəaliyyətə görə öhdəlikləri, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərlə bağlı xarici ölkələrdə konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkilinə dair layihələr dəstəklənəcək.

Bu istiqamət üzrə QHT-lər koalisiya şəklində də iştirak edə bilərlər. Koalisiya minimum bir yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) və bir xarici QHT formatında yaradılmalıdır. Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır. Koalisiyanın yaradılması barədə onun bütün yerli və xarici üzvləri tərəfindən təsdiqlənmiş protokol Azərbaycan və ingilis dillərində təqdim edilməlidir. Bununla yanaşı, koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, internet saytı və digər məlumat mənbələrini əhatə edən ətraflı məlumat verilməlidir. Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır. Bir QHT yalnız bir koalisiyada təmsil oluna bilər. Koalisiya həm kiçik, həm də böyük qrant müsabiqələrinə layihə təqdim edə bilər, lakin müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız biri maliyyələşdiriləcək. Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın müvafiq sahə üzrə beynəlxalq təcrübəsinin olması, həmçinin təqdim edilən layihə ilə bağlı xarici tərəfdaşdan dəstək məktubunun alınması vacibdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarına uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər layihə təklifini, layihənin icra planını, xərclər smetasını və büdcəsinin maliyyə əsaslandırılmasını təqdim etməlidirlər. Bundan başqa, QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti, vergi uçotu haqqında şəhadətnaməsinin surəti, səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti, maliyyə vəsaitinin köçürüləcəyi bank hesabı barədə məlumatlar da tələb olunur.

Kiçik qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son üç il ərzindəki fəaliyyəti, həyata keçirdiyi layihələr və proqramlar barədə azı 10 fərqli məzmunda informasiyanın media subyektlərində yayımlandığını təsdiq edən sənəd təqdim etməsi tələb olunur. Böyük qrant müsabiqəsində iştirak etmək istəyən QHT-lər üçün isə bu müddət son beş ili əhatə etməli və təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr və proqramlar barədə azı 30 fərqli məzmunda informasiya media subyektlərində yayımlanmalıdır.

Bəzi layihələr müsabiqəyə buraxılmayacaq. Belə ki, məzmunu Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər normativ hüquqi aktlarına və Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarına zidd olan layihələr qəbul edilməyəcək. Əvvəlki müsabiqələrin nəticələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu və plagiat layihələr, QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr də müsabiqədən kənarlaşdırılacaq. Eyni zamanda, qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin, eləcə də əvvəlki qrant müsabiqələrində qalib gələrək öhdəliklərini yerinə yetirməyən və debitor borcu olan təşkilatların layihələri müsabiqəyə buraxılmayacaq.

Texniki ekspertizadan keçən layihələr 100 ballıq sistem üzrə qiymətləndiriləcək. Qiymətləndirmə zamanı layihənin məqsədinin aydınlığı, innovativliyi, problemlərə yeni və ya daha təkmil həllər təklif etməsi, icra müddətinin əsaslandırılması və davamlılığı, büdcənin nəzərdə tutulan fəaliyyətlərə uyğunluğu nəzərə alınacaq. Həmçinin QHT-nin və layihə heyətinin mövzuya uyğun fəaliyyəti, peşəkarlığı və əvvəlki layihə təcrübəsi, risklərin təhlili və səmərəli monitorinq mexanizmi, benefisiarların düzgün müəyyənləşdirilməsi, layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq, gözlənilən nəticələr qiymətləndiriləcək. Layihənin müvafiq sahədə dövlət siyasətinə, qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrə, strateji sənədlərin, o cümlədən proqramların, yol xəritələrinin və konsepsiyaların hədəflərinə töhfəsi də əsas meyarlardan olacaq.

Layihələrin qiymətləndirilməsi zamanı innovativlik, problemlərə yeni və ya daha təkmil həllərin təklif edilməsi, müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və sosial media ilə əməkdaşlıq, eləcə də strateji dövlət sənədlərinin hədəflərinə töhfə verən ölçüləbilən nəticələr xüsusi diqqətdə saxlanılacaq.

QHT-lər layihə təkliflərini Agentliyin saytında yaradılmış xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim etməlidirlər. Müvafiq bölmə 2026-cı il noyabrın 20-dən dekabrın 20-dək Agentliyin elektron xidmətlər portalının "e-ərizə" bölməsində aktiv olacaq. Şəxsən, poçt və ya elektron poçt vasitəsilə təqdim edilən layihə təkliflərinə dair sənədlər qəbul olunmayacaq.

Qeyd edək ki, müsabiqələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarına uyğun təşkil edilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabiq nazir Sumqayıtda idarə müdiri təyin olunub

Elxan Nəcəfov elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Qeyd edək ki, Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub.2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb....

20 Noyabr 2026, 09:31

Əliabbas Məhərrəmli rəsmi tədbirlərdə protokol qaydalarının pozulmasına diqqət çəkdi

İctimai fəal Əliabbas Məhərrəmli bəzi idarə, müəssisə və təşkilatlarda, xüsusilə rayon səviyyəsində keçirilən rəsmi tədbirlərdə protokol və subordinasiya qaydalarına əməl olunmamasını tənqid edib.O, sosial şəbəkə hesabında etdiyi paylaşımda vəzifəli şəxslərin rəsmi tədbirlərdə təqdim olunma ardıcıllığının, ad və vəzifələrinin çəkilmə sırasının, eləcə də mövqelərinə uyğun davranış və dayanma qaydalarının olduğunu xatırladıb.İctimai fəalın sözlərinə görə, bəzi tədbirlərdə bu qaydalara riayət edilməməsi suallar doğurur. O, bunun protokol qaydalarının yetərincə bilinməməsindən, məlumatsızlıqdan, yoxsa sadəcə diqqətsizlikdən qaynaqlandığını aydınlaşdırmağın vacib olduğunu vurğulayıb.Əliabbas Məhərrəmli hesab edir ki, vəzifə və səlahiyyətlərə hörmət, ilk növbədə, rəsmi protokol qaydalarına düzgün əməl olunmasından başlayır. Buna görə də hər bir qurum bu...

20 Noyabr 2026, 08:45

AQTA əməkdaşları üçün təlimlər keçirildi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təlimlər təşkil olunub.Citypost.az xəbər verir ki, təlimlər “İş mühitində stresin rolu və onunla mübarizə yolları” və “Yazılı ünsiyyət və netiket qaydaları” mövzularını əhatə edib.Təlimlər zamanı iş prosesində stresin idarə olunması, onunla mübarizə üsulları, effektiv yazılı ünsiyyətin qurulması, eləcə də elektron yazışmalarda etik davranış və netiket qaydaları barədə ətraflı məlumat verilib....

20 Noyabr 2026, 08:22

Qulu Məhərrəmli Məleykə Abbaszadəni “ən yaxşı və vicdanlı məmur” adlandırdı

Professor, tanınmış jurnalist Qulu Məhərrəmli Dövlət İmtahan Mərkəzi (DİM) və qurumun İdarə Heyətinin sədri Məleykə Abbaszadə haqqında müsbət fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, professor sosial şəbəkə hesabında etdiyi paylaşımda DİM-i Azərbaycan şəraitində ən şəffaf qurumlardan biri kimi xarakterizə edib, Məleykə Abbaszadənin isə test üsulunun obyektivliyini qorumaq üçün ciddi səy göstərdiyini bildirib.Professorun sözlərinə görə, Məleykə Abbaszadə neqativ hallara müqavimət göstərməyi bacaran, vicdanlı məmurlardan biridir.Qulu Məhərrəmli qeyd edib ki, cəmiyyətdə DİM-ə fərqli yanaşanlar, quruma şəxsi maraqlar prizmasından baxanlar da az deyil.“Məmləkətdə bu quruma müştəri gözü ilə baxanlar çoxdur. Tanrı DİM-i gələcək təhlükələrdən qorusun!” – deyə professor paylaşımında vurğulayıb.Turan ...

20 Noyabr 2026, 08:14

Qarakənd faciəsindən 35 il ötür

Qarakənd faciəsindən 35 il ötür.Citypost.az-ın məlumatına görə, göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 35 il ötür.“Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub.Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri - ümumilikdə 22 nəfər həlak olub.Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı...

20 Noyabr 2026, 08:05

Ağdamın işğaldan azad edilməsindən 6 il ötür

Ağdamın işğaldan azad edilməsindən 6 il ötür.APA-nın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il...

20 Noyabr 2026, 08:00