Bizə yazın

Baku

-°C

USD

-

Qulamhüseyn Əlibəyli: Paşinyan hakimiyyəti öz əlində cəmləşdirir

Siyasət 20 Noyabr 2026, 00:59

327

Ermənistanda yeni konstitusiya layihəsi hələ ictimaiyyətə tam açıqlanmayıb, amma ondan gələn ilk konkret xəbər maraqlıdır. Ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" qəzetinə təsdiqləyib ki, yeni Əsas Qanunda Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulmur. Qəzet bu açıqlamanı belə şərh edib ki, yeni Konstitusiya qəbul olunarsa, hazırda bu vəzifəni tutan Alen Simonyan postunu itirəcək. Bu açıqlamaya və qəzetin şərhinə 2 aspektdən yanaşmaq olar. 

Birincisi, Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada nəzərdə tutulmasına xüsusi zərurət yoxdur. Konstitusiyalarda adətən Təhlükəsizlik Şurasının bir qurum kimi yaradılması, ona kimin rəhbərlik etdiyi və əsas funksiyası təsbit olunur. Şuranın tərkibi, daxili strukturu, katibin statusu və səlahiyyətləri kimi digər məsələlər isə cari qanunvericilik, yaxud dövlət başçısının aktları ilə müəyyən edilir. Bu, beynəlxalq təcrübədə geniş yayılmış yanaşmadır: Əsas Qanun institutun mövcudluğunu təmin edir, onun gündəlik fəaliyyətinin təşkilini isə daha çevik normativ aktlara həvalə edir.

Məsələn, Rusiya Konstitusiyasında təsbit olunur ki, Prezident Təhlükəsizlik Şurasını formalaşdırır və ona rəhbərlik edir, Şuranın statusu isə federal qanunla müəyyən edilir. Yəni Rusiyada Təhlükəsizlik Şurası katibi vəzifəsi Konstitusiya səviyyəsində deyil, ayrıca qanunla nəzərdə tutulub. 

Türkiyədə Milli Təhlükəsizlik Şurasının yaradılması, tərkibi və funksiyaları Konstitusiyada göstərilir, Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin təşkili və vəzifələrinin isə Prezidentin qərarnaməsi (fərmanı) ilə tənzimləndiyi qeyd olunur. Buna uyğun olaraq Baş Katib vəzifəsi də Prezident fərmanı əsasında müəyyən olunur.

Azərbaycan Konstitusiyasında Təhlükəsizlik Şurasının Prezident tərəfindən yaradılması nəzərdə tutulur. Şuranın katibi vəzifəsi Konstitusiyada ayrıca göstərilməyib, Prezidentin fərmanı ilə müəyyən olunur. Göründüyü kimi, hər üç ölkədə model fərqli olsa da, ümumi prinsip eynidir: katib vəzifəsi konstitusiya normasının deyil, aşağı səviyyəli normativ aktın predmetidir.

Ermənistanda hazırkı vəziyyət Rusiyadakına bənzəyir. Qüvvədə olan 2015-ci il Konstitusiyasına görə Baş nazir Təhlükəsizlik Şurasına rəhbərlik edir, Şuranın tərkibi, formalaşdırılması və fəaliyyət qaydası isə qanunla müəyyən edilir. Təhlükəsizlik Şurası katibi vəzifəsi də Konstitusiyada deyil, məhz bu qanunda nəzərdə tutulub. Bu baxımdan Ədliyyə nazirinin mətbuat katibinin "yeni Konstitusiyada katib vəzifəsi nəzərdə tutulmur" açıqlaması özlüyündə Ermənistanda Təhlükəsizlik Şurası katibi vəzifəsinin ləğvi anlamına gəlmir. Bu, sadəcə hazırkı vəziyyətin yeni layihədə olduğu kimi saxlanılması kimi qiymətləndirilməlidir. Başqa sözlə, yeni Konstitusiyanın referendumda qəbulu Alen Simonyanın avtomatik olaraq Təhlükəsizlik Şurası katibi postunu itirməsi ilə nəticələnməyəcək. Katiblik yalnız müvafiq qanuna dəyişiklik edildiyi təqdirdə ləğv oluna bilər.

Ümumiyyətlə, TŞ katibi vəzifəsinin Konstitusiyada deyil, qanında və ya dövlət başçısının fərmanında nəzərdə tutulması bu vəzifənin hüquqi əhəmiyyətini azaltmır. Həmin vəzifənin real çəkisi, dövlət siyasətinə və hakimiyyət strukturlarına təsiri isə həmin vəzifəni tutan şəxsin kimliyindən daha çox asılıdır.

İkincisi, məsələyə fərqli aspektdən yanaşmaqla bu açıqlamanı Simonyana ünvanlanan mesaj kimi də qiymətləndirmək olar. Xatırladaq ki, Simonyan 2021-ci ildən parlament spikeri idi. Son parlament seçkilərindən sonra erməni mediasının məlumatına görə, onun spiker postuna namizədliyi öz partiyasının, "Vətəndaş müqaviləsi"nin rəhbərliyi tərəfindən rədd edilib. Təxminən üç ay əvvəl isə Paşinyan onu Təhlükəsizlik Şurasının katibi təyin etdi və 2018-ci ildən bu postda olan Armen Qriqoryanı vəzifədən azad etdi. Qeyd edək ki, Qriqoryan bu müddətdə Azərbaycanla sülh prosesi daxil olmaqla təhlükəsizlik gündəliyinin əsas iştirakçılarından biri olub. Yəni Simonyan siyasi çəkisi olan bir vəzifəyə, lakin bu vəzifənin əvvəlki məzmunu olmadan gəldi.

Başqa sözlə, Təhlükəsizlik Şurası katibi vəzifəsi Simonyan üçün hakimiyyət pilləsində yüksəliş deyildi. Bunu şərti olaraq "fəxri sürgün" adlandırmaq olar. Bu vəziyyət nüfuzlu bir siyasətçini siyasi səhnədən tam çıxarmadan real gücdən uzaqlaşdırmaq və onun təsir imkanlarını minimuma endirməklə səciyyələnir. Postsovet məkanında bu təcrübə yaxşı tanışdır: yüksək rütbəli, lakin real idarəetmə rıçaqlarından məhrum vəzifə siyasətçini həm cəzalandırmaq, həm də ona sadiqliyini sübut etmək üçün daha bir şans vermək deməkdir.

Bu baxımdan Ədliyyə nazirinin mətbuat katibinin açıqlaması Simonyanın gələcəkdə bu postdan da uzaqlaşdırılacağına işarə kimi yozula bilər. Bu, Paşinyanın hakimiyyət məntiqinə uyğundur. Qeyd edək ki, katib istisna olmaqla Ermənistan Təhlükəsizlik Şurası hökumət üzvlərindən və Baş nazirə tabe olan güc strukturlarının rəhbərlərindən ibarətdir. Yəni Şura təşkilati cəhətdən Baş nazirdən birbaşa asılıdır. Katib isə bu tərkibdə nəzəri cəhətdən müəyyən müstəqil siyasi çəkiyə malik ola biləcək yeganə fiqurdur.

Paşinyan tədricən hakimiyyət səlahiyyətlərini mərkəzləşdirərək öz əlində cəmləyir. O, artıq sülh prosesini, TRIPP layihəsini və konstitusiya islahatını şəxsən idarə edir. Belə bir mərhələdə təhlükəsizlik siyasətinin Simonyan kimi öz siyasi ambisiyaları olan bir siyasətçi vasitəsilə əlaqələndirilməsi Baş nazir üçün nəzarəti asanlaşdırmır, əksinə, əlavə bir halqa yaradır. Bu mənada Simonyanın birbaşa Paşinyandan asılı olan, daha iddiasız, hakimiyyət strukturlarında təsir imkanları zəif və ya ümumiyyətlə olmayan bürokrat bir şəxslə əvəzlənməsi gündəmə gələ bilər.

Əslində bu yanaşma italyan mütəfəkkiri Nikkolo Makiavellinin hakimiyyətin idarə olunması ilə bağlı məşhur düsturunun məntiqinə uyğundur. Makiavelli "Hökmdar" əsərində xəbərdarlıq edirdi ki, başqasının güclənməsinə yol açan hökmdar sonda öz hakimiyyətini zəiflədir. Paşinyanın komanda siyasəti də bu prinsipə əsaslanır: ətrafında heç kimin müstəqil güc mərkəzinə çevrilməsinə imkan verməmək.

Bundan başqa, yeni Konstitusiyanın qəbulundan sonra qanunvericiliyə dəyişiklik edilməsi, Təhlükəsizlik Şurası katibi vəzifəsinin ləğvi, təhlükəsizlik məsələlərinin gündəlik əlaqələndirilməsi və katibin digər funksiyalarının birbaşa Baş nazirin aparatına verilməsi də mümkün variantlardan biri kimi nəzərdən keçirilə bilər. Bu funksiyaların səlahiyyəti və məsuliyyəti aydın müəyyən edilmiş vahid aparata həvalə olunması hökumət daxilində təhlükəsizlik məsələləri üzrə razılaşdırmanı sürətləndirə, nəticədə Şuranın işinin təşkilini və fəaliyyət qaydasını təkmilləşdirə bilər. Lakin bu variantın digər tərəfi də var: təhlükəsizlik siyasəti üzərində nəzarət daha da bir şəxsin əlində cəmləşər və institusional balans zəifləyər.

Simonyanın şəxsi söhbətlərində 2028-ci ildə İrəvan meri seçkilərinə qatılmaq niyyətindən danışması onun gələcəkdə mərkəzi hakimiyyətdə özünə yer görmədiyinin ifadəsi kimi qiymətləndirilə bilər. Buna görə də o, növbəti postunu paytaxt bələdiyyəsində görür. Ermənistan siyasətində İrəvan meriyası həmişə ikinci dərəcəli vəzifə sayılmayıb: paytaxt ölkə əhalisinin təxminən üçdə birini əhatə edir və bələdiyyə seçkiləri faktiki olaraq hakimiyyətə etimadın yoxlanıldığı mini-parlament seçkisi xarakteri daşıyır. Lakin Simonyanın bu yola öz partiyasının dəstəyi ilə, yoxsa müstəqil siyasi layihə ilə çıxacağı hələlik açıq sual olaraq qalır. Hər iki halda, onun bu planı Paşinyan komandası daxilində gizli gərginliyin göstəricisi kimi də dəyərləndirilə bilər.

Beləliklə, Ədliyyə Nazirliyinin açıqlaması hüquqi baxımdan yenilik deyil: katib vəzifəsi indiki Konstitusiyada da nəzərdə tutulmayıb və onun taleyi konstitusiya ilə deyil, qanunla həll olunacaq. Siyasi baxımdan isə açıqlama Simonyanın hakimiyyət iyerarxiyasındakı mövqeyinin kövrək olduğunu bir daha göstərir.

Azərbaycan üçün isə əsas məsələ Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada nəzərdə tutulub-tutulmaması və ya Simonyanın taleyi deyil. Diqqət regional sülh prosesinə, yeni Konstitusiyanın preambulasına, ərazi iddialarına dair müddəalara və referendumun nəticəsinə yönəlməlidir. Yeni Konstitusiyanın sülh prosesinə xidmət edib-etməyəcəyi isə onun mətni ictimaiyyətə tam təqdim olunduqdan sonra bəlli olacaq.

Qulamhüseyn Əlibəyli 

Politoloq, Sabiq deputat 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Aydın Quliyev:“Vətəndaş qarşıdurmasına bir addım da yaxınlaşdı”

“Bakı xəbər” qəzetinin baş redaktoru, Əməkdar jurnalist və politoloq Aydın Quliyev Türkiyədə siyasi vəziyyətlə bağlı sərt fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda AK Parti hökumətinin siyasi rəqiblərə qarşı atdığı addımları tənqid edib və bunun ölkədə vətəndaş qarşıdurması riskini artırdığını bildirib.Aydın Quliyev qeyd edib ki, Türkiyənin ən güclü siyasi rəqiblərinə qarşı “siyasi fəaliyyət yasağı” tətbiq olunması ciddi narahatlıq doğurur. Politoloq bu hadisələrin Türkiyənin siyasi tarixində baş verən oxşar prosesləri xatırlatdığını vurğulayıb.O, 1961-ci ildə Adnan Menderesin edamından sonra Türkiyədə siyasi rəqiblərə dəfələrlə qadağalar qoyulduğunu xatırladaraq, həmin qərarların hansı nəticələrə səbəb olduğunu yada salacağını bildirib.“Qardaş Türkiyə bizə əziz...

20 Noyabr 2026, 00:48

Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.Nazirlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, faciədən zərər çəkənlərin yanında olduğunu bildirib və xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayıb.

19 Noyabr 2026, 21:51

Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib

Noyabrın 19-da Türkmənistanın Avaza şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.İclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.

19 Noyabr 2026, 20:39

Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.MDB Parlamentlərarası Assambleyasının Tükmənistanda keçirilən Şura və 61-ci plenar iclasları çərçivəsində reallaşdırılan görüşdə MDB PA-nın ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb.Bildirilib ki, hər iki ölkənin parlamentləri ölkələrimizin liderlərinin müəyyən etdiyi siyasi xəttə dəstək verərək, əlaqələrin hərtərəfli gücləndirilməsinə sadiqdirlər.Görüşdə parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, bu baxımdan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal...

19 Noyabr 2026, 19:19

Qərbi Azərbaycan İcması ABŞ Konqresindəki dinləmələrə etiraz etdi

Qərbi Azərbaycan İcması (QAİ) ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasında noyabrın 18-də keçirilmiş dinləmələrdə Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirilməsindən dərin təəssüf hissi keçirir.Citypost.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.Qeyd olunub ki, İcma əvvəllər də sözügedən Komissiyanın dinləmələrində Azərbaycana qarşı düşmən münasibəti, azərbaycanlıların pozulmuş hüquqlarına etinasızlığı və dini zəmində ayrı-seçkiliyi kəskin tənqid edib:"Eyni zamanda, dinləmələrdə iştirak edən "Christian Solidarity International" təşkilatının Azərbaycan əleyhinə qərəzli fəaliyyəti ilə bağlı narahatlıq ifadə edilib. Təəssüf ki, budəfəki dinləmələr də əvvəlki qərəzli yanaşmanın davamı olub. Tədbirdə Azərbaycan əleyhinə ittihamların səsləndirilməsi, bunun müqabilində Ermənistandan zorla qovulmuş Qərbi azərbaycanlıların hüquqlarına,...

19 Noyabr 2026, 16:49

Ceyhun Məmmədov: Ağdamın azadlığı Azərbaycanın tarixi Qələbəsinin nəticəsidir

Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümü qeyd olunur. İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsi nəticəsində mümkün oldu. Bir güllə belə atılmadan, siyasi-diplomatik yolla düşmənin rayonu təhvil verməyə məcbur edilməsi Azərbaycanın hərb meydanında qazandığı zəfərin məntiqi davamı idi.Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Citypost.az-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanata əsasən Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına təhvil verildi. 2020-ci il...

19 Noyabr 2026, 15:12