Bizə yazın

Baku

-°C

USD

-

MKİ-nin ilk böyük sovet casusu

Cəmiyyət 25 Noyabr 2026, 13:10

382

“Soyuq müharibə” dövründə ABŞ və SSRİ arasında gedən kəşfiyyat mübarizəsinin ən maraqlı fiqurlarından biri sovet hərbi kəşfiyyatının (QRU) zabiti Pyotr Popov olub. 

O, sovet ordusunun strukturu, agentura şəbəkəsi, gizli əməliyyatları və nüvə sınaqları barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) mühüm məlumatlar ötürüb. 

Lakin onun adını kəşfiyyat tarixinə yazdıran təkcə satdığı dövlət sirləri deyil, qardaşına inək almaq üçün amerikalılardan 3 min dollar istəməsi də olub.

Pyotr Semyonoviç Popov 1923-cü ildə Kostroma yaxınlığındakı kəndlərdən birində çoxuşaqlı kəndli ailəsində dünyaya gəlib. Çətin uşaqlıq illəri keçirən Popov 1942-ci ilin avqustunda, 18 yaşı tamam olduqdan sonra cəbhəyə yollanıb. 

İkinci dünya müharibəsinin sonunadək döyüşüb və müharibəni təchizat üzrə zabit kimi başa vurub. 

Onun gələcək karyerasında mühüm dönüş general-polkovnik İvan Serovla tanışlıqdan sonra baş verib. 

NKVD rəhbərliyində yüksək vəzifə tutan Serov gənc zabitin bacarığını görərək onu himayəsinə götürüb. 

Bu əlaqələr Popova hərbi təhsil almaq imkanı qazandırıb. 

O, əvvəlcə arxa cəbhə və təchizat işləri üzrə təhsil alıb, daha sonra Hərbi-Diplomatik Akademiyanı bitirib.

1951-ci ildə SSRİ-nin Avstriyadakı hərbi kontingentinin tərkibində Vyanaya göndərilən Popov artıq QRU zabiti kimi xarici ölkələrdə kəşfiyyat fəaliyyəti ilə məşğul olub. 

Vyanada yaşadığı müddətdə Popovun şəxsi həyatı mürəkkəbləşib. Həyat yoldaşı və iki övladı Kalinində qalıb, özü isə Avstriyada gənc qadın Emiliya Koxaneklə münasibət qurub. Restoran və hotellərə tez-tez gedən zabitin xərcləri maaşını üstələyib.

Məhz maliyyə çətinlikləri onun MKİ ilə əməkdaşlığa başlamasında mühüm rol oynayıb. 

Bu əlaqəni quran şəxs rus dilini mükəmməl bilən amerikalı kəşfiyyatçı Corc Kayzvalter olub. 

Popovun amerikalılarla ilk əlaqəni necə qurması barədə müxtəlif versiyalar mövcuddur. 

ABŞ tərəfinin iddiasına görə, sovet zabiti özü əməkdaşlıq təklif edib. Popov isə sonradan məhkəmədə qaçırıldığını və hədələndiyini bildirib. 

Digər versiyaya əsasən, MKİ-nin tapşırığı ilə hərəkət edən Qretxen Ritsler adlı qadın onunla yaxınlıq quraraq əməkdaşlığa cəlb edib. Hər halda, 1954-cü ildən Popov MKİ ilə işləməyə başlayıb. Ona “Greyspeys” təxəllüsü verilib, Kayzvalter isə özünü Qrossman kimi təqdim edib.

Popovun amerikalılara verdiyi məlumatlar son dərəcə qiymətli olub. Cəmi iki il ərzində o, sovet hərbi kəşfiyyatında çalışan 80-dən çox zabitin adlarını, kodlarını və şəxsi məlumatlarını açıqlayıb. 

Həmçinin dörd qeyri-leqal kəşfiyyatçının və Avstriya ilə Qərbi Almaniyada QRU tərəfindən cəlb edilmiş 17 xarici agentin ifşasına səbəb olan məlumatları ötürüb. 

Bununla yanaşı, sovet hərbi kəşfiyyatının daxili strukturu, agentura şəbəkəsi və kadr hazırlığı barədə də məlumat verib. 1951-ci il tarixli səhra nizamnaməsinin bir nüsxəsini amerikalılara çatdırıb. Sənəddə tank və motoatıcı diviziyaların yerləşdirilməsi, döyüş hazırlığı ilə bağlı məlumatlar əks olunub.

Popovun ötürdüyü ən mühüm məlumatlardan biri 1954-cü ildə Toçki poliqonunda keçirilmiş məxfi nüvə təlimləri barədə hesabat olub. 

Bəzi mənbələr onun fəaliyyəti nəticəsində 650-yə qədər agentin ifşa edildiyini iddia edib. 

Bu rəqəmin şişirdildiyi ehtimal olunsa da, onun sovet kəşfiyyatına vurduğu zərər böyük olub. 

1955-ci ildə sovet qoşunlarının Avstriyadan çıxarılmasından sonra Popov əvvəlcə Şverinə, daha sonra Berlinə köçürülüb. Kayzvalter də fəaliyyətini burada davam etdirib.

Həmin dövrdə Şərqi və Qərbi Berlin arasında hərəkət nisbətən asan olduğundan kəşfiyyat xidmətləri şəhərin bu xüsusiyyətindən fəal istifadə ediblər. 

Kayzvalter sovet zabitlərini əməkdaşlığa cəlb etmək üçün Qərbi Berlində ucuz malların satıldığı saxta mağaza açıb. 

Mağazanın idarəsi Popovun əvvəlki əlaqəsi olan Qretxen Ritslerə tapşırılıb. 

Bir gün Popov təsadüfən həmin mağazaya daxil olub. Qadın onu görən kimi Kayzvalterə xəbər verib. 

Görüş zamanı sovet zabiti əvvəlki əməkdaşlığı davam etdirmək istəmədiyini söyləsə də, amerikalı kurator onu yenidən işə qayıtmağa razı salıb.

Söhbətin sonunda Kayzvalter Popovdan əlavə ehtiyacı olub-olmadığını soruşub. 

Sovet kəşfiyyatçısının cavabı isə gözlənilməz olub. O, qardaşının yaşadığı kənddə kolxozda bir inəyin öldüyünü, ailənin mal-qarasız qaldığını söyləyərək yeni heyvan almaq üçün pul istəyib. 

Kayzvalter əvvəlcə bu xahişə inanmayıb. 

Dövlət sirlərini satan zabit özünə villa və ya böyük məbləğdə pul istəmək əvəzinə qardaşına inək almaq üçün yardım istəyib. Nəticədə amerikalı kurator ona 3 min dollar verib. 

Bu hadisə sonradan MKİ əməkdaşları arasında zarafata çevrilib. Onlar sovet kolxozunda Amerika kəşfiyyatının da öz inəyinin olduğunu söyləyiblər.

Popovun süqutuna şəxsi həyatındakı ehtiyatsızlığı səbəb olub. O, Berlindən Avstriyada yaşayan Emiliya Koxaneklə məktublaşmağa davam edib. 

Xaricə göndərilən məktublar sovet əks-kəşfiyyatının diqqətini çəkib. 1958-ci ilin noyabrında KQB onun barəsində “Bumeranq” adlı əməliyyata başlayıb. 

Popova isə “İuda” təxəllüsü verilib. Dekabrın 23-də ABŞ səfirliyinin əməkdaşı və MKİ agenti Corc Peyn Uinters Vaşinqtondan Popov üçün göndərilən təlimatları onun Kalinindəki ev ünvanına çatdırmağa çalışıb.

O, zərfi poçt qutusuna atıb. Həmin vaxt Uintersi izləyən KQB əməkdaşları bu hərəkəti qeydə alıb və məktubu ələ keçiriblər. Aparılan yoxlama Popovun MKİ ilə əlaqəsini təsdiqləyib. 

1959-cu il fevralın 18-də Popov Leninqrad vağzalında saxlanılıb. Onun üzərindən məxfi yazışmalar üçün nəzərdə tutulmuş qeyd dəftəri tapılıb. 

Mənzilində isə 20 min rubl, “Valter” tapançası, şifrələmə cədvəlləri və MKİ ilə əlaqə saxlamaq üçün təlimatlar aşkarlanıb.

İstintaq zamanı Popov törətdiklərini etiraf edib və KQB ilə əməkdaşlığa razılıq verib. 

Ona amerikalı kəşfiyyatçı Rassel Lancelli ilə görüşərək sovet tərəfinin hazırladığı saxta məlumatları ötürmək tapşırılıb. 

Lakin Popov son ana qədər MKİ-yə sədaqətini qorumağa çalışıb. Görüşdən əvvəl əlini yaralayaraq sarğının altında kiçik məktub gizlədib. Restoranda fürsət tapıb məktubu amerikalıya çatdırıb. Orada həbs edildiyini və onun danışacağı məlumatlara inanmamağı xahiş edib.

Bununla belə, əməliyyat artıq KQB-nin nəzarətində olub. 

Bir müddət sonra Rassel Lancelli persona non-qrata elan edilərək SSRİ-dən çıxarılıb. 

1960-cı il yanvarın 7-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Popov barəsində ölüm hökmü çıxarıb. Hökm icra olunub.

İlkin Nəcəf.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.Citypost.az xəbər verir ki, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

25 Noyabr 2026, 13:10

Bakıda 23 məktəbə yeni direktor təyin edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 23 ümumtəhsil müəssisəsinə yeni direktor təyin olunub.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Qeyd edilib ki, MÜTDA-nın müvafiq əmrinə əsasən, 2026-2027-ci tədris ili ərzində isə paytaxt üzrə ümumilikdə 27 ümumtəhsil müəssisəsinə direktor təyin edilib.

25 Noyabr 2026, 12:50

Külək səngiyir, bəs qış necə keçəcək? - Dekabrın hava proqnozu açıqlandı

Azərbaycanda müşahidə olunan güclü külək hava şəraitinə və gündəlik həyata təsirsiz ötüşməyə bilər. Milli Hidrometeorologiya Xidməti küləyin sürətinin təhlükəli həddə çatacağı ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edib, bəzi ərazilərdə mümkün fəsadlara diqqət çəkib. Bəs güclü külək nə vaxta qədər davam edəcək, sürətin normallaşması nə vaxt gözlənilir? Qarşıdan gələn dekabr ayında Azərbaycanda hava şəraiti necə olacaq, qış mövsümü bu il sərt keçəcəkmi?Citypost.az xəbər verir ki, mövzu ilə bağlı "AzPolitika.az"a danışan iqlim məsələləri üzrə ekspert Cavid Hüseynovun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləklərin çərşənbə günü gecə saatlarına doğru səngiyəcəyi gözlənilir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində Abşeron...

25 Noyabr 2026, 12:42

AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb

M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191,3-cü km-də, Qusar rayonunun Samur qəsəbəsində paytaxt istiqamətində növbəti elektron tərəzi quraşdırılıb.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata əsasən, noyabrın 30-dan bu elektron tərəzi vasitəsilə nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq.Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması mərhələli şəkildə həyata keçirilir. Elektron tərəzilər yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərinə riayət olunmasına avtomatlaşdırılmış qaydada nəzarət etməyə imkan verir.Yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı inzibati xəta elektron tərəzilər vasitəsilə aşkar edildikdə,...

25 Noyabr 2026, 12:36

Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib

Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib.Citypost.az xəbər verir ki, burada fəxri qarovul dəstəsi düzülüb.Zəfər abidəsinin önünə əklil qoyulub.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

25 Noyabr 2026, 12:20

Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin bəzi fərmanları ləğv edilib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisi sədrinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bir sıra fərmanlarının ləğv edilməsi barədə MR-in Baş naziri Cabbar Musayev qərar imzalayıb.Qərara əsasən, "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında", "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserninin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserni haqqında", "Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında...

25 Noyabr 2026, 12:15