Ölmək istəyirsən? Get Nərimanov Tibb Mərkəzinə!
Cəmiyyət 03 Noyabr 2026, 23:15
1765
Bəzən bir tibb müəssisəsinə müayinə olunmağa gedirsən, amma oradan sağ-salamat çıxmağın özü bir sınağa çevrilir. Hələ xəstəliyinlə mübarizə aparırsan, bir də üstəlik, səni sağaltmalı olan sistemin yaratdığı maneələrlə mübarizə aparmalı olursan. Nə qədər qəribə səslənsə də, mənim Nərimanov Tibb Mərkəzində yaşadığım hadisələr məndə məhz belə bir təəssürat yaratdı.
Mən mədə xərçəngindən əziyyət çəkirəm. Xəstəliyimlə əlaqədar mədəm tamamilə çıxarılıb. Total qastrektomiya əməliyyatı keçirmişəm. Bu o deməkdir ki, mənim üçün uzun müddət ac qalmaq, qidalanma rejiminin pozulması, saatlarla növbədə gözləmək adi bir narahatlıq deyil, sağlamlığım üçün ciddi riskdir.
Oktyabrın 22-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən mənə verilmiş göndəriş əsasında 10 gün müddətində Nərimanov Tibb Mərkəzində qastroendoskopik müayinədən keçməli idim. Oktyabrın 24-də səhər saat 8-də artıq Mərkəzin qarşısında idim.
Qarşılaşdığım mənzərə isə ilk dəqiqələrdən müəssisədəki idarəçilik və təşkilatçılıq barədə müəyyən təsəvvür yaratdı. Xeyli sayda insan qapının qarşısına toplaşmışdı. Saat 8:30-da qapı açılan kimi insanlar basabasla içəri doluşdu. Hamı tələsir, hamı öz növbəsinə çatmağa çalışırdı. İkinci mərtəbəyə qalxıb göndərişimi qeydiyyatçıya təqdim etdim. Mənə bildirdilər ki, yox, əvvəlcə 117-ci otağa düşüb növbə götürməlisən.
Düşdüm. Qeydiyyatçı xanım məni noyabrın 30-na yazmaq istədiyini bildirdi. Etiraz etdim. Axı göndərişin müddəti noyabrın 1-də başa çatırdı. Üstəlik, noyabrın 3-də tibbi komissiyadan keçməli idim və həmin müayinə nəticələri mənə vacib idi. Noyabrın 30-da veriləcək müayinə cavabının mənə nə faydası olacaqdı?
Etirazımı görən qeydiyyatçı otaqdan çıxdı, bir qədər sonra qayıdıb məni noyabrın 1-nə yazdığını bildirdi. Mən də heç nə demədən evə qayıtdım.
Oktyabrın 30-da telefonuma zəng gəldi. Bildirdilər ki, tarixdə səhv olub, noyabrın 1-i bazar gününə düşdüyündən noyabrın 2-də gəlməliyəm. Razılaşdım. Noyabrın 2-də səhər saat 8-də yenidən Mərkəzin qarşısında idim.
Yenə eyni basabas, eyni qarışıqlıq. 117-ci otağa yaxınlaşanda qeydiyyatçı təəssüflə bildirdi ki, adım sistemə daxil edilməyib. İnsafən, həmin xanım bu dəfə canıyananlıq göstərdi, məni qeydiyyat masasına apardı və vəziyyəti izah etdi.
Buradan sonra isə əsl bürokratik labirint başladı.
Mənə dedilər ki, əvvəlcə kardioloqun müayinəsindən keçməliyəm. Bir çek verib 205-ci kabinetə göndərdilər. Həkim məni dinlədi və elektrokardioqramma müayinəsindən keçməyimi məsləhət gördü. Yenidən qeydiyyat masasına qayıtdım, başqa bir çek verib 5-ci kabinetə göndərdilər. Getdim, məlum oldu ki, həkim işə gəlməyib. Geri qayıtdım, çeki dəyişdilər, başqa kabinetə yönəltdilər.
Beləcə, saat oldu 12. Mən hələ də EKQ müayinəsindən keçməmişdim.
Nəhayət, uzun növbədən sonra müayinə olundum və 205-ci kabinetə qayıtdım. Kardioloq nəticəyə baxıb qastroendoskopik müayinədən keçə biləcəyimi bildirdi.
Yenə qeydiyyat masası, yenə çek, yenə başqa kabinet. Bu dəfə qastroenterologiya şöbəsinin müdirinin qəbuluna göndərildim. Məlum oldu ki, şöbə müdiri iclasdadır. Beş dəqiqəyə qayıdacağı deyilən həkim bir saat yarım idi ki, iclasdan çıxmırdı. Xəstələrin narazılığı, etirazı, hay-küyü artandan sonra həkim nəhayət, iclasdan çıxıb qəbul otağına gəldi.
İndi bir anlıq təsəvvür edin: səhər saatlarından bəri ac-susuz qalmışam. Mədəm yoxdur. Xərçəng xəstəsiyəm. Şəkərim düşür, gözüm qaralır, halım pisləşir. Müayinə üçün ac qalmalı olduğumdan yemək yeyə bilmirəm. Məcbur olub bir konfet sorub özümü birtəhər toparlamağa çalışıram.
Həmçinin oxuyun
Məgər tibb müəssisəsində kimsə düşünmür ki, növbədə dayanan insanların arasında ağır xəstələr də var? Məgər qəbulun təşkili zamanı xəstələrin vəziyyətini nəzərə almaq mümkün deyil? Bir şöbə müdirinin iclası xəstələrin sağlamlığından, onların vaxtından və vəziyyətindən daha vacibdirmi?
Nəhayət, bir saat yarımdan sonra şöbə müdiri məni qəbul etdi. O da sistemdə adımın olmadığını bildirdi. Bir həkim çağırıldı, müəyyən müzakirələrdən sonra mənə yenidən ambulator kart açıldı və təkrar qeydiyyata göndərildim.
Oradan da yeni çek, yeni kabinet – 224-cü otaq. Qapının qarşısında beş nəfər növbə gözləyirdi. Mən altıncı oldum.
Səhər saat 8-də başladığım bu marafon düz saat 15:30-da başa çatdı. Nəhayət, müayinədən keçdim. Əlimə bir vərəq kağız verib «yaxşı yol» dedilər.
Yeddi saat yarım! Bir müayinə üçün yeddi saat yarım!
Amma məsələ bununla bitmir. Mərkəzin koridorlarında dolaşarkən antisanitariya, üfunət qoxusu, tualetlərin vəziyyəti ayrıca diqqətimi çəkdi. Xəstəxana deyil, sanki xəstələrin səbrini və dözümünü sınağa çəkən bir məkanla qarşılaşmışdım. Tibb müəssisəsində təmizlik və sanitariya ən adi, ən vacib tələblərdən biri olmalıdır. Xəstə sağalmaq üçün gəldiyi yerdə əlavə infeksiya təhlükəsi ilə üzləşməməlidir.
Bir hadisə isə ayrıca diqqətimi çəkdi. Bazburutlu bir kişi yanındakı qadını EKQ kabinetinə gətirərək onun növbəsiz müayinə olunmasını istədi. Həmin kişinin sözlərindən məlum oldu ki, qadın onun həyat yoldaşıdır, özü isə Nərimanov Tibb Mərkəzinin keçmiş direktorudur və buna görə də həyat yoldaşının növbəsiz müayinə olunmasını özünə haqq bilir.
Mən bilmirəm, həmin şəxsin keçmiş direktor olması ona belə bir üstünlük verirmi. Amma bir sualım var: növbədə saatlarla gözləyən xəstələrin haqqı necə olsun? Xəstəxanada keçmiş vəzifəyə, şəxsi tanışlığa görə növbə müəyyən edilir, yoxsa tibbi zərurətə və qeydiyyat qaydasına görə?
Əgər sıravi xəstə növbəsini gözləməlidirsə, keçmiş vəzifəli şəxsin həyat yoldaşı da eyni qaydaya əməl etməlidir. Tibb müəssisəsi kiminsə keçmiş vəzifəsinin üstünlüyünü nümayiş etdirdiyi yer deyil.
Bütün bunlardan sonra istər-istəməz belə bir qənaətə gəlirsən ki, Nərimanov Tibb Mərkəzində idarəçilik və xəstə qəbulunun təşkili ilə bağlı ciddi suallar var. Bir xəstənin eyni gün ərzində dəfələrlə qeydiyyat masasına göndərilməsi, kabinetdən-kabinetə dolaşdırılması, həkimlərin iş yerində olmaması, sistemdə adların görünməməsi, şöbə müdirinin uzun müddət iclasda qalması – bunların hamısı ayrı-ayrı təsadüflər ola bilər. Amma hamısı bir gündə, bir xəstənin başına gəlirsə, artıq bu mənzərəyə sadəcə təsadüf kimi baxmaq çətindir.
Mənim yaşadığım hadisələrdən sonra bir sual yaranır: bu Mərkəzdə xəstəni müayinə etmək üçün şərait yaradılıb, yoxsa xəstə özü bütün maneələri dəf edərək müayinəyə çatmalıdır?
Səhiyyə müəssisəsi ilk növbədə insan sağlamlığını qorumaq üçün fəaliyyət göstərməlidir. Xəstənin vaxtı, səhhəti, fiziki imkanları, psixoloji vəziyyəti nəzərə alınmalıdır. Xüsusilə onkoloji xəstələrə, ağır əməliyyat keçirmiş insanlara münasibətdə daha həssas və diqqətli davranılmalıdır.
Mən bu yazını kimisə təhqir etmək, hansısa həkimin şəxsi fəaliyyətinə kölgə salmaq üçün yazmıram. Həkimlər arasında öz işini vicdanla görən, xəstəyə can yandıran insanlar da var. Elə 117-ci otaqdakı qeydiyyatçı xanımın mənə göstərdiyi kömək də bunun nümunəsidir. Ancaq ayrı-ayrı əməkdaşların xoş münasibəti sistemdəki təşkilati problemləri aradan qaldırmır.
Mənim suallarım Nərimanov Tibb Mərkəzinin rəhbərliyinə və TƏBİB-ədir:
Xəstələrin qəbulunun bu cür qarışıq təşkil olunmasına kim cavabdehdir? Niyə əvvəlcədən təyin edilmiş növbə sistemdə görünmür? Niyə xəstə bir kabinetdən digərinə dəfələrlə göndərilir? Niyə həkimin iş yerində olmaması xəstənin saatlarla vaxt itirməsinə səbəb olur? Ağır xəstələrin fiziki vəziyyəti niyə nəzərə alınmır? Sanitariya vəziyyətinə nəzarət edən yoxdurmu? Keçmiş vəzifəlilərə növbədənkənar xidmət göstərilməsi barədə deyilənlər doğrudurmu?
TƏBİB-dən xahiş edirəm ki, bu məsələlərə formal cavab verməklə kifayətlənməsin, 2 noyabr 2026-cı il tarixində Nərimanov Tibb Mərkəzində xəstələrin qəbulunun təşkili və sanitariya vəziyyəti ilə bağlı araşdırma aparsın, nöqsanlar təsdiqlənərsə, müvafiq tədbirlər görsün.
Mənim başıma gələnlər bəlkə də yüzlərlə başqa xəstənin də gündəlik qarşılaşdığı problemlərdir. Onların çoxu narazılığını bildirməyə, səsini çatdırmağa imkan tapmır. Amma susmaqla problem həll olunmur.
Bir daha deyirəm: tibb müəssisəsinə gələn insan onsuz da xəstədir. Onu sağaltmalı olan sistem xəstəliyinə bir də özünün yaratdığı əziyyəti əlavə etməməlidir.
Nərimanov Tibb Mərkəzində müayinə olunmaq üçün yeddi saat yarım gözləmək, kabinetdən-kabinetə göndərilmək, ac və halsız vəziyyətdə növbə çəkmək mənim yaşadığım reallıqdır.
Əgər insan xəstəxanaya şəfa tapmaq ümidi ilə gəlirsə, onun qarşısına çıxan ilk şey basabas, laqeydlik, qarışıqlıq və antisanitariya olmamalıdır.
7 saat yarım bir müayinəyə vaxt sırf edib şil-küt halda evə qayıdanda ürəyimdən bu cümlə keçdi: Ölmək istəyirsən? Get Nərimanov Tibb Mərkəzinə!
Bu, əlbəttə, bir xəstənin yaşadığı hadisələrdən doğan acı və ironik bir ifadədir. Amma səhiyyə sistemində insan həyatı hər şeydən üstün tutulmalıdır.
Şəmsi Qoca
Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib
Riqada Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib.Citypost.az xəbər verir ki, bu barədə səfir Nərminə Mustafayeva “X” hesabında paylaşım edib.Məsləhətləşmələrdə Azərbaycan və Latviya xarici işlər nazirliklərinin, eləcə də müvafiq qurumların nümayəndələri iştirak ediblər.Görüşdə konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, təcrübə mübadiləsi və praktiki əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.Səfir latviyalı həmkarlarına səmimi qəbula və konstruktiv müzakirələrə görə təşəkkürünü bildirib.
03 Noyabr 2026, 22:15
Sevgi keçirməz olaydı
Sevgi keçirməz olaydı,İslanmayaydı ürəyim.Qışdır indi, getsən əgər,Qalın geyin, üşüməyim.Çatan kimi xəbər elə,Getmə gəldiyin o yolla.Sənlə keçirdiyim ömrü,Göy əskiyə büküb, yolla.Həyatın üzü sökülsə,Özüm birtəhər hörərəm.Bundan sonra sən tərəfə,Hamı baxar, mən görərəm.Bəlkə də bu son şeirimdi,Bəlkə də son yazım olar.Bu sözlərim bir gün sənə,Susmaq üçün lazım olar .
03 Noyabr 2026, 21:55
Sərəncam bu gündən qüvvəyə minir
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC tərəfindən həyata keçirilən zəmanət mexanizmi çərçivəsində sahibkarlıq subyektlərinə veriləcək kreditlər üzrə ümumi kredit portfelinin həcminin və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddini təsdiq edib.CityPost.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər, habelə Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə pilot layihə kimi 2030-cu il dekabrın 31-nə qədər tətbiq olunacaq ümumi kredit portfeli 500 milyon manat və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddi 250 milyon...
03 Noyabr 2026, 21:15
Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib.Bu barədə Citypost.az Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, müvəkkil Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edərək məzarı üzərinə tər güllər düzüb.Həmçinin, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub....
03 Noyabr 2026, 20:39
Polisə atəş açan hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayət əməli sübuta yetirilib və hökm oxunub.Hökmə əsasən, N.A. 7 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.İttihama görə, təqsirləndirilən N.A. xarici ölkədə fəaliyyət göstərdiyi iddia edilən, silahlı hücumlar, qətllər, soyğunçuluq və quldurluq kimi cinayətlər törədən, sosial platformalar üzərindən idarə olunan cinayətkar birliyin üzvləri ilə əlaqə qurmağa çalışıb. O, cinayətkar birliyin bir neçə üzvü ilə sosial şəbəkə vasitəsilə mütəmadi yazışıb və birliyə əyani...
03 Noyabr 2026, 20:00
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
Noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata görə, məhdudiyyət səbəbindən 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.Dəyişikliyə əsasən, avtobusların hərəkəti Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil ediləcək....
03 Noyabr 2026, 19:43