Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - VİDEO
Cəmiyyət 08 Noyabr 2026, 11:59
394
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edir.
CityPost.az xəbər verir ki, müraciəti dövlət başçısı Xankəndi şəhərindən edir.
"Mən əziz xalqımı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm.
Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, hərbçilərimizin qəhrəmanlığı nəticəsində biz erməni işğalına son qoya bildik. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin beli döyüş meydanında qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, o vaxt döyüş meydanında hələ azad olunmamış ərazilər də Azərbaycana qaytarıldı, bir güllə atılmadan, bir şəhid vermədən.
44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik. Bütün Azərbaycan xalqı fəxr edir. Gələcək nəsillər də fəxr edəcəklər. Bu şanlı tarix bizim qəlbimizdə əbədi yaşayacaq.
Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Ermənistan işğal edilmiş ərazilərdə bir neçə istehkam qurmuşdur. Bəzi yerlərdə 6-7 müdafiə xətti qurulmuşdu. Bütün yerlər minalanmışdır. Tikanlı məftil, istehkamlar, əlverişli mövqelər, təpələr, dağlar - bütün bunlar bizim üçün böyük çətinliklər yaradırdı. Ermənistan tərəfi əmin idi ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edə bilməyəcək, yaxud da ki, kimsə bizə bu icazəni verməyəcək. Onlar səhv etdilər və Azərbaycan xalqı bir daha bütün dünyaya nə qədər böyük xalq olduğunu göstərdi. Bizim əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verib şəhid olmuşlar, yaralanmışlar, şəhadət zirvəsinə ucalmışlar. Yəni bizi irəliyə aparan milli ruhumuz idi.
Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi. Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Mən işğal dövründə dəfələrlə müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq. Baxmayaraq ki, Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi. Mən dəfələrlə bildirirdim ki, biz heç vaxt işğalla barışmayacağıq, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Əfsuslar olsun ki, mənim sözlərimi eşitmədilər və nəticə etibarilə xalqımız bir yumruq kimi birləşərək döyüş meydanında düşmənin belini qırdı, tarixi ədaləti, ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdi.
Ermənistan tərəfi o qədər azğınlaşmışdı ki, hətta bizi daim hədələyirdi. Yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi, "Qarabağ Ermənistandır və nöqtə" sözləri ilə bizim ləyaqətimizi alçaltmağa çalışırdı. Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir. Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə - Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı.
O vaxt Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik. Mən bildirmişdim ki, "Qarabağ Azərbaycandır və nida". O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur.
Bu gün biz azad Qarabağda qurub-yaradırıq. Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq.
İşğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, "Böyük Qayıdış" Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik.
Həmçinin oxuyun
Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir. Bakıda Zəfər tağının yanında Zəfər Muzeyi də fəaliyyət göstərir. Hər bir şəhidimizin adı muzeydə həkk olunub. Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək. O binada oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar. Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir. Biz Azərbaycan xalqının ləyaqətini, mətanətini, iradəsini göstərdik və bu gün onlar Azərbaycan həbsxanalarında çay içirlər, öz layiqli cəzalarını alıblar.
Bu Zəfər tağına gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk olunub. Bu pilləkənlə qalxan hər bir insan haqlı olaraq qürur hissi keçirir, 44 günlük şanlı yürüşümüzün tarixini bir daha yaşayır. Bütün bu məsələlər təbiidir. Ammaonu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub. Çünki biz hər gün şəhidlər verirdik, hər gün qan tökülürdü. Buna baxmayaraq, xalqımız əsl vətənpərvərlik və həmrəylik göstərirdi və xalqdan gələn dəstək mənə Ali Baş Komandan kimi əlavə güc verirdi. Ancaq irəli getdik və bir gün də dayanmadıq, bir gün də geri addım atmadıq, düşməni torpaqlarımızdan qovduq, haqq-ədaləti bərpa etdik, bu gün ərazimiz azaddır və bütövdür.
Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik.
Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir.
Mən bu gözəl bayram günündə bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu qeyd etmək istəyirəm. Çünki ancaq böyük xalq əzab-əziyyətlərə baxmayaraq, 30 illik işğala baxmayaraq, - baxmayaraq ki, Ermənistanın arxasında dayanan böyük dövlətlər bizi hədələyirdi, - iradə göstərdi və mənə dəstək verərək Qələbəmizi şərtləndirdi.
Bu gözəl bayramı qeyd edərkən hər birimiz haqlı olaraq qürur hissi keçiririk. Eyni zamanda, hər birimiz bu yolda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edirik. Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir.
Azərbaycan xalqına eşq olsun! Silahlı Qüvvələrimizə eşq olsun! Yaşasın Azərbaycan!".
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakıda Zəfər Tağını ziyarət ediblər.Citypost.az xəbər verir ki, Zəfər Tağının önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.
08 Noyabr 2026, 11:43
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.“Qarabağın azad edilməsinin altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik. Vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə anırıq”, – paylaşımda bildirilib.
08 Noyabr 2026, 11:39
Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev “Zəfər Parkı”nı ziyarət ediblər
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər.Citypost.az xəbər verir ki, onları ziyarət zamanı digər hökumət nümayəndələri də müşayiət ediblər.
08 Noyabr 2026, 11:38
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli İlham Heydər oğlu.Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.Bu əlamətdar tarix Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutur, xalqın birliyinin gücünü, milli maraqlarını qorumaq əzmində sarsılmaz iradəsini təcəssüm etdirir.Sizin nüfuzlu rəhbərliyinizlə Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və beynəlxalq hüququn normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini möhkəmləndirmiş, ölkənin gələcək davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır. Sülh gündəliyinin irəli aparılması regionun bütün ölkələrinin maraqlarına cavab verir, onların iqtisadi inkişafı üçün...
08 Noyabr 2026, 11:37
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - VİDEO
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edib.Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə Fəxri xiyabanı ziyarət edən Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.Hərbi Memorial Məzarlıqda keçirilən anım mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca şəhidlərin...
08 Noyabr 2026, 10:47
Milli Məclisin deputatı Rövşən Muradov:Bu nəticənin arxasında uzunmüddətli dövlət quruculuğu dayanır
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan...
08 Noyabr 2026, 09:28