Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 21 Noyabr 2026, 15:09
354
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.
Citypost.az xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər.
Əvvəlcə Vyetnam Prezidenti çıxış edib.
Prezident To Lamın çıxışı
- Zati-aliləri Prezident İlham Əliyev və birinci xanım.
Hörmətli qonaqlar.
Bir daha Sizə, cənab Prezident, birinci xanıma və Azərbaycan Respublikasının yüksəksəviyyəli nümayəndə heyətinə Vyetnama rəsmi səfəriniz münasibətilə ən səmimi salamlarımı çatdırmaq istəyirəm. Siz “Odlar Yurdu”ndan minilliklər boyu mədəniyyət tarixi olan paytaxt şəhər Hanoya özünüzlə səmimi sevginizi gətirmisiniz. Vyetnamı və Azərbaycanı minlərlə kilometr ayırır. Hər iki ölkənin özünəməxsus coğrafi və mədəni xüsusiyyətləri var. Ölkələrdən biri Şərq dənizinin, digəri isə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə birlikdə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir. Bunlara ana vətənimizə sevgi, milli qürur və məğlubedilməz iradə daxildir. Hər iki xalq sarsılmaz olmaqla yanaşı, mehriban, qonaqpərvər və sadiqdir. Ölkənin qonaqlarını ürəkdən və səmimiyyətlə salamlayan Azərbaycanın zəngin mədəni xalçaları şəxsən məni çox təsirləndirmişdir. Xüsusilə Sizin, birinci xanımın və Azərbaycan xalqının bizə göstərdiyi çox səmimi qəbulu nəzərə alaraq, ötən yay Azərbaycana səfərimdən məndə və Vyetnam nümayəndə heyətinin üzvlərində unudulmaz xatirələr qalıb.
Hörmətli qonaqlar, ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri qeyd etməkdən həmişə fərəhlənib. Tamamilə əminəm ki, Sizin mükəmməl rəhbərliyinizlə Azərbaycan hətta bundan da böyük inkişafa nail olacaq, regionda və dünyada sülh, sabitlik amallarına dəyərli töhfəsini verəcək. Azərbaycan xalqının Vyetnama milli azadlıq mübarizəsində, yenidən birləşməsində və formalaşmasında verdiyi böyük və qiymətli dəstəyi heç vaxt unutmamalıyıq. Bir çox vyetnamlı üçün Azərbaycan indi onların ikinci evinə çevrilib. Minlərlə vyetnamlı tələbə Azərbaycandakı auditoriyalarda yetişib, orada əldə olunan bilikləri ata yurdunda tətbiq edib, müəllimlərinə və dostlarına səmimi hisslər keçirib. Bu bağlılıq məşhur bəstəkar Qara Qarayevin bəstələdiyi “Vyetnam süitası” əsərində və müharibələrin tüğyan etdiyi bir dövrdə işinə sevgisinin onu Vyetnama aparan, xalqımızın ilk film məktəbinin və inqilabi kinoda yer alan aktyorların qızıl nəslinin təməlini qoyan istedadlı rejissor Əjdər İbrahimovun işində öz əksini tapıb.
Cənab Prezident, möhtərəm qonaqlar. Bizim uzunmüddətli ənənəvi dostluq münasibətlərimiz var. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri xalqlarımız arasındakı əlaqələrdə mühüm mərhələlər olub. Xüsusilə qeyd etmək lazımdır ki, Vyetnam ilə Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlıq iki ölkənin beynəlxalq həmrəyliyinin və dəstəyinin nümunəvi göstəricisidir. Azərbaycan çətin dövrlərdə neft-qaz sektorunun təməlinin qoyulmasında Vyetnama dəstək göstərib. Sonradan bu sahə inkişaf edərək strateji sütuna çevrilib, Vyetnamın sənayeləşməsi, modernləşməsi və beynəlxalq inteqrasiyası proseslərinə mühüm töhfə verib.
Nəsillər boyu liderlərimizin və xalqlarımızın yaratdıqları səmimi əlaqələr, göstərdikləri əzmkar səylər sayəsində 2025-ci ilin mayında strateji tərəfdaşlığın qurulması ilə ikitərəfli əməkdaşlıq tariximiz yeni mərhələyə qədəm qoydu. Bizim borcumuz iki ölkə arasında mövcud olan etimadı və sevgini daha da möhkəmləndirmək, ikitərəfli münasibətlərimizdəki hər bir inkişafın xalqlarımıza əhəmiyyətli fayda gətirməsini təmin etməkdir.
Əziz dostlar, bu səhər Prezident Əliyevlə mən açıq və mühüm ikitərəfli danışıqlar, Vyetnam-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə daha da möhkəmləndirilməsi imkanları və yolları ilə bağlı fikir mübadiləsi apardıq və razılığa gəldik. Mən qəti şəkildə inanıram ki, qarşılıqlı əzmkarlığımız və səylərimiz sayəsində iki ölkə arasındakı coğrafi məsafə yeni əməkdaşlıq layihələri və nailiyyətlər, həmçinin gənclərimiz arasında mövcud olan və əcdadlarımızdan bizə miras qalan dəyərli dostluq bağları ilə aradan qaldırılacaq.
Təlatümlü dünyada Vyetnam regionda və beynəlxalq aləmdə sülhə, sabitliyə, əməkdaşlığa və inkişafa töhfə vermək, bununla da hər iki xalqın öz gələcəyini inamla qurması üçün zəmin yaratmaq məqsədilə Azərbaycanla birlikdə çalışmaq istəyir.
Cənab Prezident, ölkələrimiz arasında nəsillər boyu formalaşmış səmimi münasibətləri nəzərə alaraq Sizin Vyetnama səfəriniz şübhəsiz ki, Vyetnam-Azərbaycan əlaqələrinin növbəti inkişaf mərhələsinə yeni təkan verəcək.
X X X
Sonra Azərbaycan Prezidenti çıxış edib.
Həmçinin oxuyun
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident, hörmətli birinci xanım.
Xanımlar və cənablar.
Cənab Prezident, ilk növbədə, məni Vyetnama rəsmi səfərə dəvət etdiyinizə, eləcə də səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Gözəl ölkənizə yenidən səfər etməyə şadam.
Gələn il biz Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik. Lakin xalqlarımız arasında mövcud olan dostluq əlaqələrinin tarixi daha qədimdir. Azərbaycan-Vyetnam dostluq və əməkdaşlıq əlaqələrinin, xoş ənənələrinin əsası ötən əsrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Prezident Ho Şi Min tərəfindən qoyulmuşdur. Bu tarixi irsin bu gün də qorunaraq yaşadılması və davam etdirilməsi böyük məmnunluq doğurur.
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır. Keçən il hörmətli Prezident cənab To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırdı.
Vyetnama səfərimin nəticələrindən çox məmnunam. Biz səmərəli görüşlər keçirərək ikitərəfli əlaqələrimizin geniş spektrinə və əməkdaşlığımızın perspektivlərinə dair faydalı fikir mübadiləsi apardıq, vacib sənədlər imzalandı. Azərbaycanla Vyetnam arasında yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma siyasi, iqtisadi-ticari, enerji, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə strateji tərəfdaşlığımızın daha da güclənməsinə nail olacağıq.
Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın hər zaman, xüsusilə də 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.
Ölkələrimizin mədəni və humanitar əlaqələrinin də zəngin tarixi mövcuddur. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev “Vyetnam süitası”nı bəstələmiş, Vyetnam Prezidenti Ho Şi Minin dəvəti ilə azərbaycanlı kinorejissor, ssenarist və yazıçı Əjdər İbrahimov bir müddət Vyetnamda çalışaraq burada ilk milli kino məktəbinin yaradılmasında iştirak etmişdir. Eyni zamanda, sovet dövründə 5 minə yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alaraq, daha sonra vətənlərinin rifahına töhfə verən peşəkar mütəxəssislərə çevrilmişdir.
X X X
Sonda prezidentlər Azərbaycan-Vyetnam əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmini vurğuladılar.
To Lam: Azərbaycan Avropa və Asiyanın bənzərsiz incisidir
Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur.Citypost.az xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda çıxışı zamanı deyib.“Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə birlikdə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir”, - deyə Vyetnam Prezidenti əlavə edib....
21 Noyabr 2026, 15:17
Zaur Şükürov: Azərbaycan-Vyetnam əlaqələri strateji əhəmiyyət daşıyır
Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin həyata keçirdiyi uzaqgörən, balanslı və praqmatik xarici siyasət kursu çərçivəsində fərqli coğrafiyalarda milli maraqlarımıza cavab verən beynəlxalq əməkdaşlığımız uğurla inkişaf etməkdədir. Məhz bu stategiyanın nəticəsində ölkəmizin nüfuzunun davamlı olaraq yüksəlməsi və etibarlı tərəfdaşa çevrilməsi müxtəlif siyasi-iqtisadi inkişaf və idarəçilik modelinə malik olan dövlətlərin, habelə regional və beynəlxalq təşkilatların Azərbaycana marağını artırır.Bu xüsusda, son dövrlər Cənub-Şərqi Asiya dövlətləri ilə münasibətlərimizin inkişafı diqqət çəkir. Bu regionun dinamik inkişaf edən dövlətlərindən olan Vyetnamla da ikitərəfli və çoxtərəfli müstəvilərdə səmərəli əməkdaşlığın təşəkkül tapdığını və qarşılıqlı faydalılıq əsasda inkişafını müşahidə edirik. Dövlətlərarası əlaqələrin dərinləşməsinə heç şübhəsiz ölkə...
21 Noyabr 2026, 11:11
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər -Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər.Citypost.az xəbər verir ki, sonra Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Prezidenti To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub."Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq mübadilə etdilər."Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam...
21 Noyabr 2026, 09:19
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub.Bu barədə Citypost.az xəbər verib.
21 Noyabr 2026, 09:15
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub."Report"un Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir ki, Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam və xanımı No Fon Li Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.Azərbaycanın və Vyetnamın Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri isə Prezident To Lama təqdim edilib. Fəxri qarovul dəstəsi hərbi marşın...
21 Noyabr 2026, 08:20
Aydın Quliyev: Vyetnamla tərəfdaşlıq Azərbaycanın geosiyasi xəritəsini genişləndirir
Vietnam-Azərbaycan əlaqələri bir neçə nöqteyi-nəzərdən həm tarixi, həm də geosiyasi əhəmiyyətə malikdir. Tarixi əhəmiyyət onunla izah olunur ki, Vietnam-Azərbaycan əməkdaşlığının kökləri ötən əsrin ortalarına, II Dünya müharibəsindən sonrakı dövrlərə təsadüf edir. Sovet Azərbaycanında Vietnamla əlaqələr, Vietnamın neft sənayesinin yüksəlişində Azərbaycan neftçilərinin iştirakı, Vietnamla Azərbaycanın arasında, düzdür, Sovet dövləti kontekstində humanitar-təhsil əlaqələri bu gün o əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı fundament rolunu oynayır. Heç təsadüfi deyil ki, 90-cı illərin ortalarından, yəni Azərbaycan müstəqilliyə qovuşandan sonra da bu ənənə unudulmadı və Heydər Əliyevin dövründən də Vietnam ilə Azərbaycanın münasibətləri daha da dərinləşdirilməyə başladı. Bu əlaqələrin tarixi kökü var, cəmiyyətlərin və dövlətlərin arasında...
20 Noyabr 2026, 16:05