Bizə yazın

Baku

-°C

USD

-

MƏĞLUBİYYƏT DÖVRÜNDƏN ZƏFƏRƏ VƏ YENİ MİLLİ HƏDƏFLƏRƏ DOĞRU - ZAHİD ORUCUN YAZISI

Cəmiyyət 21 Noyabr 2026, 11:57

505

Milli Məclisin deputatı Zahid Oruc yazır:

Yeni Azərbaycan Partiyasının 34 illik tarixi ölkəmizin müstəqillik dövründə keçdiyi böyük siyasi yolun ayrılmaz bir parçası, mühüm salnaməsidir. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılan təşkilat qısa bir vaxtda-cəmi altı ay sonra müxalifət partiyasından hakim siyasi qüvvəyə çevrildi. Onun fəaliyyəti Azərbaycan dövlətçiliyinin ən ağır dövrünə, müharibəyə, hakimiyyət böhranlarına, iqtisadi tənəzzülə, sonrakı sabitləşmə və dövlət quruculuğu illərinə, nəhayət, 2020-ci ilin hərbi Qələbəsinə və 2023-cü ildə suverenliyin tam bərpası mərhələsinə düşdü.

Ötən əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının dağılması keçmiş ittifaq respublikalarının hər birinin ideoloji və siyasi quruluşunda böyük dəyişikliklərə səbəb oldu. İllərlə birpartiyalı sistemin tərkibində yaşayan xalqlar müstəqil dövlət quruculuğuna, yeni siyasi təşkilatlar yaratmağa, idarəetmənin demokratik əsaslarını formalaşdırmağa başladılar. Azərbaycan isə digər respublikaların əksəriyyətindən fərqli olaraq müstəqilliyə Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü şəraitində  daxil olurdu. Qarabağ məsələsi milli azadlıq hərəkatının, siyasi partiyaların yaranmasının, meydan mitinqlərinin və hakimiyyət uğrunda mübarizənin əsas mövzularından birinə çevrildi. Hər yeni işğal, qaçqın və məcburi köçkün dalğası ölkədə siyasi gərginliyi artırırdı. Müstəqilliyin qazanılması ilə yanaşı, onun qorunması, ərazi bütövlüyünün müdafiəsi və işlək dövlət hakimiyyətinin yaradılması da qarşıda dayanırdı.

Ağır illərdə müxtəlif ideoloji mövqeləri təmsil edən siyasi qüvvələri meydana çıxardı. Çoxpartiyalı sistemə keçid cəmiyyətin siyasi təşkilatlanması üçün yeni imkanlar açırdı. Lakin siyasi institutların zəifliyi, müharibənin davam etməsi və hakimiyyət uğrunda kəskin  silahlı mübarizə sabit dövlət idarəçiliyinə keçidi çətinləşdirirdi. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi milli dövlətin qurulmasına gedən yolda nəinki yeni problemləri həll etmədi, əksinə cəmiyyətdə xaosu daha da gücləndirdi. 1993-cü ilin yayında ölkə silahlı qarşıdurma, hakimiyyət böhranı və ərazi itkiləri ilə üzləşdi. Meydanlarda səsləndirilən siyasi vədlərlə dövlət idarəçiliyinin gündəlik tələbləri arasında  kəskin ziddiyət hakimiyyət böhranı yaratdı. 

Heydər Əliyevin ağır dövrdə ikinci dəfə hakimiyyətə qayıtması ölkənin gələcəyini və xalqın təhlükəsizliyini təmin edən xilaskarlıq hadisəsi oldu. 1987-ci ildə SSRİ rəhbərliyindən məhz respublikamıza qarşı planlaşdırılan təcavüz aktlarının həyata keçirilməsinə mane olan böyük qüvvənin uzaqlaşdırılması uzun on illər sovet Azərbaycanın quruculuq yolundan da çıxarılmasına səbəb oldu. Heydər Əliyev xəttinin qırılması hakimiyyətlə xalq arasında bütün iqtisadi-sosial əlaqələrin, mədəni və mənəvi səfərbərliyin də iflasa uğraması demək oldu.  Nəhayət, 1990-cı ildə böyük dövlət adamının Azərbaycana qayıtması və ucqar  Naxçıvanda çox minli izdihamın tələblərindən sonra siyasi fəaliyyətini davam etdirməsi nəinki muxtar respublikanın, gələcəkdən bütövlükdə bir ölkənin qurtuluşuna çevrildi.

1992-ci ilin oktyabrında Azərbaycanın 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti yeni siyasi təşkilatın yaradılmasına aparan mühüm addım oldu. “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətdə ölkənin ağır vəziyyəti, dövlətçiliyin üzləşdiyi təhlükələr və siyasi birliyin yaradılması zərurəti əsaslandırılırdı. Heydər Əliyevin həmin müraciətə 24 oktyabr tarixli cavabında siyasi plüralizmə verdiyi yer diqqətəlayiqdir:

“Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur.”

1992-ci ilin siyasi şəraitini bir daha xatırlamaq üçün o dövrə nəzərə salmaq tələb olunur. 

Yeni Azərbaycan Partiyasının yaranmasının mühüm xüsusiyyəti onun ilk siyasi proqramının ölkəmizin taleyinə verilən birbaşa cavab idi. Dövlət müstəqilliyinin qorunması, vətəndaş qarşıdurmasının qarşısının alınması, Ermənistanın hərbi təcavüzünə qarşı mübarizə, iqtisadi tənəzzülün dayandırılması və dövlət idarəçiliyinin bərpası yeni siyasi qüvvənin əsas məramını təşkil edirdi.  Lakin müstəsna olaraq, lider amili ilə siyasi təşkilatlanma bir-birini tamamlayırdı. Heydər Əliyevin uzun illər ərzində qazandığı dövlət idarəçiliyi təcrübəsi partiyanın əsas siyasi üstünlüklərindən sayılırdı. 

1993-cü ilin iyun hadisələri Azərbaycanın siyasi tarixində dönüş yaratdı. Yeni Azərbaycan Partiyası beləliklə ölkənin hakim siyasi qüvvəsinə çevrilməyə başladı. 1995-ci il Konstitusiyası isə siyasi partiyalar yaratmaq və birləşmək azadlığını daha geniş hüquqlar çərçivəsində təsbit etdi. Azərbaycanın Avropa Şurasına üzv olması və beynəlxalq hüquqi öhdəliklər götürməsi siyasi təşkilatların fəaliyyəti ilə bağlı yeni müzakirələrə yol açdı.

Ölkəmizdə çoxpartiyalı sistem müstəqilliyin ilk illərindəki müharibə, siyasi qarşıdurma və ağır iqtisadi şəraitlə eyni vaxtda formalaşdı. Ona görə siyasi partiyaların bir qismi dövlət quruculuğundan daha çox hakimiyyət uğrunda mübarizə və Qarabağ məsələsi ətrafında təşkilatlanmışdı. İşğalın aradan qaldırılması uzun illər ərzində müxtəlif partiyaların proqramlarında əsas yer tuturdu. Bir-birindən fərqli ideologiyalara malik siyasi qüvvələr ərazi bütövlüyünün bərpasını ortaq milli məqsəd kimi qəbul edirdilər. 

Lakin 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında baş verən çevriliş cəhdləri dövlət hakimiyyətinə qarşı silahlı müqavimətin hansı təhlükələr yaratdığını göstərdi. Qanuni siyasi mübarizə, hökumətin tənqidi və hakimiyyətə alternativ proqramların irəli sürülməsi çoxpartiyalı sistemin təbii hissəsidir. Silahlı yolla hakimiyyətin dəyişdirilməsinə yönələn əməllər isə sərt cəzalandırma tələb edir. 

2000-ci illərdə postsovet məkanında baş verən “rəngli inqilablar” da Azərbaycanın siyasi müzakirələrinə təsir göstərdi. 2003-cü ildə Gürcüstanda “Qızılgül inqilabı”, 2004-cü ildə Ukraynada “Narıncı inqilab”, 2005-ci ildə Qırğızıstanda hakimiyyətin dəyişməsi müxtəlif ölkələrdə fərqli siyasi nəticələr doğurdu. Xarici dövlətin başqa ölkənin siyasi qərarlarını qanunsuz yollarla yönləndirmək, partiyaları gizli maliyyələşdirmək və seçki prosesinə müdaxilə etmək cəhdləri dövlət suverenliyi üçün real təhlükə yaradır..

Yeni Azərbaycan Partiyasının sonrakı inkişafında İlham Əliyevin siyasi rəhbərliyi yeni mərhələ açdı. 2003-cü ildən etibarən Azərbaycanın iqtisadi və hərbi imkanlarının genişlənməsi, beynəlxalq enerji layihələrinin inkişafı, dövlət idarəçiliyində aparılan dəyişikliklər, parlament və prezident seçkiləri partiyanın fəaliyyət göstərdiyi siyasi mühiti köklü şəkildə dəyişdirdi. Dövlət başçısının eyni zamanda hakim partiyaya rəhbərlik etməsi YAP-ın ölkənin siyasi həyatındakı mövqeyini gücləndirdi. 

Nəhayət, 2020-ci ilin Vətən müharibəsi Azərbaycan partiyalar sisteminin fəaliyyətində də mühüm mərhələ oldu. 44 müqəddəs gündə müxtəlif ideoloji baxışları təmsil edən partiyaların böyük hissəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyən siyasi mövqe nümayiş etdirdi. Dövlət suverenliyi və ərazi bütövlüyü bir bayraq, bir lider və ideya ətrafında birləşməyin əsası oldu. Müharibədə Qələbə hər bir azərbaycanlı kimi, mütləq əksəriyyət siyasi qüvvələrin də məramnaələrinin başlıca müddəasının həyata keçirilməsi demək idi. Ali Baş Komandan  İlham Əliyev nəinki 1990-cı illərdən qalan, o cümlədən çoxəsrlik itkilər silsiləsi və erməni məsələsini birfədəlik həll etməklə bütövlükdə xalqın gələcəyini yeni strateji hədəflərə yönəltməyi bacardı. Birinci Qarabağ savaşı dalğasında meydan çıxan siyasi qüvvələrin Zəfərdən sonrakı çağırışlara uyğunlaşmaq tələbi, xüsusilə Böyük Qayıdış ideyasıçdı.  

Nəticədə 2022-ci ildə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin meydana çıxması göstərdi ki, Qarabağın azad edilməsi uzun illər müxtəlif partiyaların proqramlarında başlıca vəzifə kimi göstərilən məqsəd artıq yerinə yetirilib.

İkincisi, dəyişən regional və beynəlxalq şərait yeni siyasi ideyalara, sağlam rəqabətə və sivil mübarizə ənənəsinə ehtiyac duyur. Üçüncüsü, siyasi partiyalar haqqında qanunvericiliyin yenilənməsi siyasi sistemin əvvəlki inkişaf dinamıkasından fərqli mərhələyə keçidini, yeni strateji hədəflərin və milli ideyaların işlənib hazırlanmasını tələb edir. 

1990-cı illərin işğalçılıq dalğasında meydana çıxan siyasi qüvvələr Zəfərdən sonra qalib dövlətin irəli sürdüyü yeni proqramları qəbul etməlidirlər. 

2022-ci il dekabrın 16-da qəbul olunan, 2023-cü ilin yanvarında qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanun əsil milli azadlıq və suverenliyə nail olan bir xalqın həyatında baş verən tarixi dəyişikliklərin hüquqi platformasını müəyyənləşdirdi. Qanunun hazırlanması zamanı partiyaların təsis edilməsi, üzvlük tələbləri, dövlət qeydiyyatı, maliyyələşmə, ianələr, dövlət yardımı və fəaliyyətə nəzarət mexanizmləri uzun müddət açıq dialoq mühitində və anlaşma şəraitində müzakirə olundu. Parlament dinləmələrində müxtəlif siyasi partiyaların təklifləri dinlənildi, layihənin bir sıra müddəaları dəyişdirildi. 

Yeni qanun 1990-cı illərdə xaricdən ölkəmizə təzyiqlərə hüquqi yol açan və Azərbaycanın kənar siyasi mərkəzlərdən idarə olunmasına xidmət edən zəif bəndlərin aradan qaldırılması ilə nəticələndi. Demokratik Qərbin diqtəsi və Avropa Şurasının Venetsiya Komissiyasının 200-dən artıq prinspilərinin yeni qanunda təsbit olunması belə, Brüssel və Srasburq siyasi elitasını qane etmədi. Çünki ölkəmiz bir daha işğallara və dövlət çevrilişi cəhdlərinə yol açan siyasi mirası saxlaya bilmədi.  

Yeni dövrün çağırışlarına ən yüksək səviyyədə və hərətərfəfli proqram baxışları ilə cavab verən də qalib Yeni Azərbaycan Partiyasının lideri oldu. 2026-cı il oktyabrın 2-də Bakıda keçirilən ümumxalq tədbiri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk YAP qurultayı idi. Prezident İlham Əliyev çıxışında partiyanın keçdiyi yolu, ölkənin son otuz ildə üzləşdiyi təhlükələri, dövlət quruculuğu və Qələbə mərhələlərini qiymətləndirməklə yanaşı, gələcək dövrün yeni vəzifələrini də müəyyənləşdirdi. Dövlət başçısı əvvəlki siyasi hədəflərin dəyişdiyini, lakin müstəqillik, dövlətçilik, iqtisadi təhlükəsizlik və güclü müdafiə imkanlarının əsas prinsip kimi qaldığını bildirdi.

Qurultayda səsləndirilən ən böyük milli çağırış dövlət başçısının ideoloji suverenliyi fiziki təhlükəsizlik qədər önəmli sayması idi. Sərhəd tanımayan rəqəmsal məkanı qorumadan coğrafi bütövlük və ərazi üzərində tam hüquqlu idarəçiliyə nail olmaq mümkün deyil.

Prezident müasir dövrdə informasiya məkanında baş verən dəyişiklikləri, kiberhücumları, süni intellektin yaratdığı yeni imkanları və riskləri, xarici təsirləri dövlətin təhlükəsizliyi ilə əlaqələndirdi. Xüsusilə təhsilin, milli kimliyin, vətənpərvərliyin və ictimai məlumatlılığın artırılmasının əhəmiyyətini vurğuladı. 

Müasir dünyada siyasi partiyalar üçün ən böyük çağırışlardan biri vətəndaşların ənənəvi siyasi təşkilatlara etimadının zəifləməsi, sosial şəbəkələrin ictimai rəyin formalaşmasında rolunun artması və dezinformasiyanın geniş yayılmasıdır. Partiya üzvünün sayı və geniş təşkilati dayaqların mövcudluğu hələ cəmiyyətlə təsirli siyasi əlaqənin tam təmin olunmasına zəmanət vermir. Xarici təsirlərə 44 günlük savaşdakı kimi vahid qüvvə şəklində cavab vermək fərqli meydanlarda eyni anda mübarizə aparmağı tələb edir. 

Yeni Azərbaycan Partiyası üçün qarşıdakı dövrün əsas məsələlərindən biri onun böyük  sosial dayaqlarını cəmiyyətin yeni hədəflərinə və arzularına uyğunlaşdırmaqdır. Partiyanın geniş üzvlük bazası, yerli təşkilatları və dövlət idarəçiliyində təmsil olunmuş kadrları mühüm siyasi resursdur. Gənclərin siyasətdə iştirakı, qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, regionların problemlərinin öyrənilməsi, sosial məsələlər haqqında konkret təkliflərin hazırlanması, üzvlərin təşəbbüskarlığı və təşkilatdaxili müzakirələrin keyfiyyəti də mühüm meyarlardır. 

Azərbaycanın yeni siyasi mərhələsində müxalifət və digər partiyaların qarşısında da ciddi vəzifələr dayanır. Qarabağ münaqişəsinin əvvəlki məzmunu dəyişdiyinə görə siyasi rəqabət daha geniş sosial, iqtisadi və idarəçilik məsələləri üzərində qurula bilər. 

Partiyaların xarici təsirlərdən qorunması  xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada dövlətlərə siyasi təsir yalnız diplomatik münasibətlər vasitəsilə həyata keçirilmir. Rəqəmsal platformalar, gizli maliyyələşmə, informasiya manipulyasiyası, xaricdən idarə olunan kampaniyalar və kiberhücumlar siyasi proseslərə  mühüm rol oynayır. 

Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası indi parlaq hərbi Zəfəri gələcəyə daşımaq, xalqın həyatında onu davamlı etmək və yeni nəsillərə ötürmək kimi tarixi bir missiya qarşısındadır. Azərbaycanın siyasi partiyalar sisteminin gələcəyi də həmin vəzifələrlə birbaşa bağlıdır. Ölkəmizdə müxtəlif siyasi qüvvələr dövlətin inkişafı haqqında fərqli təkliflər irəli sürə, idarəetmənin ayrı-ayrı sahələrinə müxtəlif mövqelərdən yanaşa bilərlər. Lakin rəqabətin siyasi mədəniyyətə, qanunlara və vətəndaşların seçim hüququna əsaslanması dövlətçiliyin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Ərazi bütövlüyü uğrunda mübarizənin yerini indi suverenliyin qorunması, Qarabağın dirçəldilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və insanların rifahının yüksəldilməsi vəzifələri tutur. 

Partiyaların tarixi rolu onların keçmiş fəaliyyətində, gələcək dəyəri isə qarşıdakı vəzifələrin həllində göstərəcəkləri nəticələrdə müəyyənləşəcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.Citypost.az xəbər verir ki, dövlətimizin başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:“Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”....

21 Noyabr 2026, 08:00

Qubanın iki kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətə düşüb

Qubanın Çinarlı və Nərimanabad kəndlərindən keçən yolun yararsız vəziyyətə düşməsi bu yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsində problem yaradıb.Bu barədə "Report"un Şimal bürosuna rayon sakinləri məlumat veriblər.Onların sözlərinə görə, Çinarlı kəndindən Xaçmaz, Nərimanabad kəndindən isə Bakı istiqamətinə hərəkəti təmin edən yol qovşağının asfalt örtüyünün dağılması həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətini xeyli çətinləşdirib.Sakinlər yolun bu vəziyyətə düşməsini ərazidən gün ərzində yüzlərlə ağırtonnajlı yük maşınının (TIR) hərəkət etməsi ilə əlaqələndirirlər. Bildiriblər ki, yağıntılı hava şəraitində yolda əmələ gələn dərin gölməçələr və yığılan palçıq hərəkəti mümkünsüz edir. Sakinləri narahat edən əsas məqamlardan biri də qovşağın yaxınlığında yerləşən məktəbin şagirdlərinin həmin...

20 Noyabr 2026, 21:32

Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu

Xocalı soyqırımının şahidi, erməni əsirliyində işgəncələrə məruz qalmış Salman Abbasov doğma yurdunda dəfn olunub.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, Salman Abbasov uzun illər həsrətini çəkdiyi doğma torpağında son mənzilə yola salınıb.O, Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə əsir düşüb və ağır işgəncələrə məruz qalıb.Salman Abbasov Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlardan tanınan Ləfxanım Mahmudovanın atasıdır.Ləfxanım Mahmudova illər əvvəl atasının əsirlikdə yaşadığı dəhşətlərdən danışarkən bunları söyləyib:“Allah heç bir kişini, atanı, qardaşı qadın qarşısında aciz qoymasın. Bax o zaman kişilər aciz idilər. Atamın dişlərini çəkmişdilər, qabırğalarını sındırmışdılar. Atama o qədər işgəncə vermişdilər ki, yanımızda olsa...

20 Noyabr 2026, 20:56

Metroda hərəkət təhlükəsizliyi sistemi işə düşdü – RƏSMİ AÇIQLAMA

Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.Bu barədə Citypost.az-aBakı Metropolitenindən bildirlib.Qeyd edilib ki, bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib.Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib."Dərhal texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir", - məlumatda vurğulanıb....

20 Noyabr 2026, 20:08

Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq

Bakıda köhnə və qəzalı binaların sökülməsi, ərazilərin yenidən qurulması daşınmaz əmlak bazarında yeni qiymət dəyişikliklərinə səbəb ola bilər. Söküntülər nəticəsində kompensasiya alan sakinlərin alternativ mənzil axtarışına çıxması, yeni tikililərin sayının artması və infrastrukturun yenilənməsi bazarda tələb-təklif balansına təsir göstərəcək.Bəs bu proses həyət evlərinə və torpaq sahələrinə tələbatı artıracaqmı? Qarşıdakı dövrdə bu əmlak növlərində bahalaşma gözlənilirmi?"Bakupost" xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Musavat.com-a açıqlamasında söküntülər genişləndikcə və yenidənqurma işləri aparıldıqca köhnə mənzil fondu öz yerini yeni mənzil fonduna verdiyini bildiribOnun sözlərinə görə, köhnə yaşayış binalarının istismar müddətinin başa çatması, eyni zamanda qəzalı binaların sökülməsi və ərazilərin yenidən qurulması...

20 Noyabr 2026, 18:45

Abşeronda YAP-ın 34-cü ildönümü qeyd olundu

Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə YAP Abşeron Rayon Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.Citypost.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri giriş sözü ilə YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev açaraq iştirakçıları və qonaqları salamlayıb. O, çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini, partiyanın Ümummilli Lider...

20 Noyabr 2026, 18:33