Bizə yazın

Baku

-°C

USD

-

Qulamhüseyn Əlibəyli: ATƏT sədrliyi Azərbaycanın diplomatik imkanlarını nümayiş etdirmək fürsətidir

Siyasət 27 Noyabr 2026, 00:27

473

Məlum olduğu kimi, Azərbaycan noyabrın 19-da Vyanada ATƏT-in Daimi Şurasının iclasında bu quruma sədrlik vəzifəsini üzərinə götürməyə hazır olduğunu bildirdi. Bundan dərhal sonra, noyabrın 23-də "Human Rights House Foundation" və daha 45 vətəndaş cəmiyyəti təşkilatı ATƏT-ə üzv dövlətləri Azərbaycanın 2027-ci ildə quruma sədrlik etmək cəhdini rədd etməyə çağırdı. Bu müraciət üzv dövlətlərin hələ müzakirə etdiyi bir məsələ üzrə qərar ərəfəsində Azərbaycan dövləti əleyhinə neqativ atmosfer yaratmaq cəhdindən başqa bir şey deyil.

Hər şeydən əvvəl xatırlamaq lazımdır ki, ATƏT-də sədrlik nə növbəlilik qaydasında avtomatik keçir, nə də səsvermə ilə müəyyənləşir – bu məsələ üzv dövlətlərin konsensusu ilə həll olunur. Yəni istənilən bir dövlət, istər böyük, istər kiçik, namizədliyin qarşısını ala bilər. Bu da ATƏT-in son illərdəki ən böyük problemlərindən birini göstərir: sədrlik çox vaxt təşkilatı idarə etmək imkanından çox, geosiyasi bazarlıq predmetinə çevrilir. Bunun yaxın tarixdə nümunəsi var. Rusiya 2024-cü il üçün Estoniyanın namizədliyini bloklayanda təşkilat sədrsiz qalmaq təhlükəsi ilə üzləşdi və son anda kompromis variant kimi Maltanın sədrliyi razılaşdırıldı.

Bu baxımdan 2027–2029-cu illər üzrə sədrlik müzakirəsində bir neçə ölkənin, o cümlədən Azərbaycan, Ermənistan, Avstriya və Norveçin adının çəkilməsi adi diplomatik praktikadır. Yekun qərarı isə nə ayrı-ayrı dövlətlərin sədrliyə hazır olduqları barədə bəyanatları, nə də QHT-lərin müraciətləri deyil, 57 üzv dövlətin konsensusu müəyyən edəcək.

Əlbəttə, vətəndaş cəmiyyəti təşkilatlarının ATƏT-lə bağlı istənilən məsələ, o cümlədən sədrlik barədə mövqe bildirmək hüququ şübhə doğurmur. Hüquq müdafiəçilərinin hökumətləri tənqid etməsi, beynəlxalq təşkilatlara müraciət etməsi demokratik dünyanın adi praktikası hesab olunur. Lakin belə müraciətlərdən qərarvermə prosesinə təzyiq aləti kimi istifadə olunması onların motivləri və meyarları ilə bağlı ciddi suallar və şübhələr yaradır.

Müraciət müəllifləri Azərbaycan hökumətinin təhlükəsizlik, ekologiya və insan hüquqları sahəsində etibarlı tərəfdaş olmadığını və təşkilata sədrlik etməyə yararsız olduğunu iddia edir, eyni zamanda Azərbaycan da daxil olmaqla avtoritar hökumətlərin dezinformasiya, korrupsiya, siyasi müdaxilə və transsərhəd təzyiq vasitəsilə Avropa təhlükəsizliyinə getdikcə daha çox təhdid yaratdığını qeyd edirlər.

Müraciəti imzalayan təşkilatların əksəriyyəti, o cümlədən Azərbaycandan olan iki qurum (onlardan biri – Müstəqil Hüquqşünaslar Şəbəkəsi hazırda Almaniyada fəaliyyət göstərir) və Ermənistanın Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi Azərbaycan hakimiyyətinə qarşı qərəzli mövqeyi ilə fərqlənir. Müraciətə imza atanlar sırasında məhz bu qurumların, xüsusən də Vanadzor ofisinin olması məsələyə daha çox siyasi çalar qatır. Ermənistan özü də gələcək sədrlik üçün maraq bildirən ölkələrdən biridir. Rəsmi İrəvan Bakı ilə sülh gündəliyi barədə bəyanatlar verdiyi bir vaxtda erməni QHT-sinin Azərbaycanın namizədliyini bloklamağa yönəlmiş sənədə imza atması ən azı birmənalı qarşılanmır. Ədalət naminə qeyd etmək lazımdır ki, QHT hökumət deyil və bu imzanı avtomatik olaraq rəsmi İrəvanın mövqeyi kimi təqdim etmək düzgün olmaz. Amma beynəlxalq auditoriya bu nüansı həmişə görmür. Sülh prosesinin həssas mərhələsində belə addımlar etimad mühitinə xeyir vermir.

Bundan başqa, müraciətdə Azərbaycana qarşı irəli sürülən ittihamların müəyyən qismi Ermənistana da aid edilə bilər. Lakin Ermənistanla bağlı susqunluq saxlanılması və həmin “arqumentlərdən” yalnız Azərbaycanın ATƏT sədrliyinə yararsız olduğunu sübut etmək üçün istifadə olunması bu siyasi çaları daha da tündləşdirir və müraciətin pərdəarxası əsl müəlliflərinin erməni lobbisi olması barədə şübhələri artırır.

Avtoritar hökumətlərin Avropa təhlükəsizliyinə təhdidi barədə iddia da bu şübhələri gücləndirir. Xüsusən də dezinformasiya, siyasi müdaxilə və transsərhəd təzyiq kimi ifadələr erməni lobbisinin Azərbaycana qarşı tez-tez istifadə etdiyi “arqumentlər”dir.

Əlbəttə, Azərbaycanda korrupsiya, təhlükəsizlik, ekologiya və insan hüquqları sahəsində ciddi problemlərin olmasını inkar etmək düzgün olmazdı. Bu məsələlərdə Azərbaycan hakimiyyətini kifayət qədər tənqid etmək olar. Lakin tənqid hakimiyyətə ənənəvi olaraq qərəzli münasibət bəsləyən subyektlər tərəfindən irəli sürüləndə, özü də problemlərin aradan qaldırılmasına deyil, hakimiyyəti və bütövlükdə dövləti nüfuzdan salmağa, ona təzyiq göstərməyə xidmət edəndə səmimi və təsirli görünmür, ikili standartların ifadəsinə çevrilir.

Digər tərəfdən, ATƏT-ə üzv dövlətlərin bir çoxunda, o cümlədən klassik demokratiya ölkələrində də insan hüquqları, miqrantlara münasibət və söz azadlığı ilə bağlı ciddi problemlər mövcuddur. Amma heç kim bu ölkələrin sədrliyini bloklamaq üçün kampaniya aparmır. Vətəndaş cəmiyyəti təşkilatları ədalət və şəffaflıq tələb edirsə, eyni tələbi öz fəaliyyətlərinə, maliyyə mənbələrinə və seçici yanaşmalarına da şamil etməlidirlər. Ciddi siyasi nəticələr doğura biləcək çağırışlar ümumi xarakteristikalara yox, yoxlanıla bilən faktlara və bütün ölkələrə eyni tətbiq olunan meyarlara söykənməlidir.

Burada bir məsələni də xatırlamaq yerinə düşər: 2010-cu ildə Qazaxıstan ATƏT-ə sədrlik edən ilk postsovet dövləti olanda da oxşar etirazlar səslənirdi. Buna baxmayaraq, üzv dövlətlər o vaxt namizədliyə siyasi dialoq imkanı kimi baxdılar və 11 illik fasilədən sonra keçirilən Astana sammiti ATƏT-in son on illiklərdəki yüksək səviyyəli nadir toplantılarından biri kimi tarixə düşdü. Deməli, sədrlik həm də öhdəlik, açıqlıq və beynəlxalq diqqət mexanizmidir.

ATƏT sədrliyinə Azərbaycanın namizədliyi barədə danışarkən bir məsələni də qeyd etmək vacibdir. Azərbaycan təxminən 30 il ərzində ATƏT-in həll edə bilmədiyi bir münaqişəni yaxın müttəfiqlərinin siyasi dəstəyinə arxalanaraq öz gücü ilə həll etmiş bir dövlətdir. Minsk prosesinin 2025-ci ilin sentyabrında 57 üzv dövlətin konsensusu ilə bağlanması da bunun beynəlxalq təsdiqidir. Başqa sözlə, münaqişənin tərəflərindən biri bu gün öz təcrübəsini təşkilatın sülh və təhlükəsizlik gündəliyinə gətirməyə hazır olduğunu bildirir. Bu istəyin arxasında Azərbaycanın çoxtərəfli diplomatiyadakı təcrübəsi – BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsində sədrlik, COP29-a ev sahibliyi, həmçinin Avropanın enerji təhlükəsizliyində, Orta Dəhliz və regional bağlantı layihələrindəki rolu dayanır. Azərbaycan həm Qərblə, həm də Şərqlə işlək münasibət saxlayan nadir ölkələrdəndir. Konsensusun getdikcə çətinləşdiyi ATƏT-də bunu ciddi üstünlük kimi təqdim etmək mümkündür.

Ümumiyyətlə, ATƏT sədrliyinə namizədliyin irəli sürülməsi yalnız ilk addımdır. Bundan sonra bir sıra sahələrdə diplomatik fəallığın artırılması zəruridir. İlk növbədə ATƏT üzvləri ilə ikitərəfli diplomatiya gücləndirilməlidir. Çünki sədrlik məsələsinə dair dövlətlərin mövqeləri Daimi Şuranın iclasında yox, paytaxtlarda hazırlanır. Tərəddüd edən ölkələrlə, xüsusilə Avropa İttifaqı üzvləri və Skandinaviya dövlətləri ilə konkret məsləhətləşmələr aparmaq, onların suallarını əvvəlcədən cavablandırmaq lazımdır. Daha sonra aydın və inandırıcı sədrlik proqramı hazırlanıb təqdim olunmalıdır. Proqramda münaqişədən sonrakı regional sülh quruculuğu, minalardan təmizləmə, regional bağlantılar, enerji və iqlim təhlükəsizliyi kimi Azərbaycanın real təcrübəsi olan istiqamətlər ön plana çəkilə bilər. Proqramda insan ölçüsü ilə bağlı bölmənin olması isə tənqidçilərin əsas arqumentini zəiflədər.

Bununla yanaşı, ATƏT institutları ilə dayandırılmış əməkdaşlığın və dialoqun bərpası və genişləndirilməsi istiqamətində fəaliyyət gücləndirilməlidir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODİHR), Media Azadlığı üzrə Nümayəndəsi və digər qurumları ilə işçi əlaqələrinin canlandırılması praktik cəhətdən faydalı ola bilər. Əks halda ATƏT qurumları ilə əməkdaşlığı və dialoqu minimuma endirən və ya dayandıran dövlətin bu quruma sədrlik iddiasını bloklamaq daha asan olacaq.

Humanitar xarakterli bəzi jestlər də faydalı ola bilər. Azərbaycanın əfv sərəncamları sahəsində zəngin təcrübəsi var. Sədrlik müzakirələri dövründə bu mexanizmin bir daha işə salınması beynəlxalq auditoriyada güclü siqnal kimi qəbul olunar və tənqidin ən həssas hissəsini birbaşa cavablandırar. Bundan başqa, şərti olaraq ictimai diplomatiya adlandırılan fəaliyyət daha da gücləndirilməli, nüfuzlu Avropa mediasında, analitik mərkəzlərdə və parlamentlərdə Azərbaycanın mövqeyini peşəkar şəkildə izah edən fəal iş aparılmalıdır.

Ermənistanın da ATƏT sədrliyinə iddialı olduğunu nəzərə alsaq, bu məsələdə rəqabət deyil, sülh gündəliyi məntiqi üstünlük təşkil etməlidir. Hər iki ölkənin sədrliyə maraq göstərməsi ziddiyyət kimi deyil, regionun ATƏT-ə yeni töhfə vermək imkanı kimi təqdim oluna bilər. Bakı və İrəvan arasında bu məsələdə qarşılıqlı dəstək formulunun tapılması sülh prosesinin real nəticə verdiyini bütün beynəlxalq birliyə nümayiş etdirərdi.

Son olaraq xatırlatmaq istəyirəm ki, cəmi iki il əvvəl, COP29 ərəfəsində də təxminən eyni arqumentlərlə Azərbaycanın ev sahibliyinə qarşı kampaniya aparılmışdı. O kampaniya uğursuzluğa düçar oldu və Bakı konfransı baş tutdu. Ümid etmək olar ki, indiki kampaniyanı da eyni aqibət gözləyir.

Qulamhüseyn Əlibəyli 

Sabiq deputat, politoloq 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alqış Musayev Mehdiyevin kitablarını “ideoloji tullantı” adlandırdı

Alqış Musayev Mehdiyevin kitablarının qadağan olunmasına münasibət bildirdi“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev Ramiz Mehdiyevin kitablarının qadağan olunması məsələsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Alqış Musayev bu barədə sosial şəbəkə hesabında yazıb.O qeyd edib ki, Mehdiyevin kitablarının qadağan olunması barədə düşünməyə belə ehtiyac yoxdur. Onun fikrincə, həmin nəşrlər informasiya yükü, ideya və məzmun daşımayan söz yığınından ibarətdir.“Qadağan yox, kitabxanaları Mehdiyevin ideoloji tullantılarından – zibillərindən təmizləmək olar. Bu qərarı isə yalnız kitabxanalar verə bilər. Belə ki, Mehdiyevin ‘yaradıcılığına’ inzibati-hüquqi müdaxilənin yeri yoxdur”, – deyə Əməkdar jurnalist vurğulayıb.Turan...

27 Noyabr 2026, 00:30

Ülviyyə Həmzəyeva: Kəlağayı sənətini gələcək nəsillərə ötürməliyik

Bu gün, noyabrın 26-da Azərbaycan Kəlağayısı Günüdür. Azərbaycan xalqının yaddaşında, məişətində və mədəni həyatında özünəməxsus yeri olan kəlağayı yalnız qadın baş örtüyü deyil, əsrlərin sınağından çıxmış milli sənət nümunəsi, zərifliyin, zövqün və mənəvi dəyərlərin rəmzidir. Hər naxışında xalqın tarixindən, adət-ənənəsindən izlər daşıyan bu sənət nümunəsi nəsildən nəslə ötürülərək günümüzə qədər gəlib çatıb.2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu qərar həm kəlağayının dünya miqyasında tanınmasına, həm də onun qorunması və yaşadılması istiqamətində fəaliyyətin daha da genişlənməsinə yol açıb. Bu gün Azərbaycanda kəlağayı ustalarının dəstəklənməsi, ənənəvi sənətkarlığın inkişafı, festivalların, sərgilərin və...

26 Noyabr 2026, 20:04

Azərbaycan XİN Misirdə 31 nəfərin öldüyü yanğınla bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Misirin Giza vilayətində yanacaq daşıyan yük maşınının qəzası nəticəsində baş verən yanğınla bağlı başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.Nazirlik hadisə nəticəsində həyatını itirənlərin ailələrinə, Misir hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə və tam sağalmalarını arzulayıb.Qeyd edək ki, Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb....

26 Noyabr 2026, 17:00

Alen Simonyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda erməni və azərbaycanlı iştirakçılarla görüşüb.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında bildirilib.Görüş zamanı iştirakçılar Alen Simonyana onları maraqlandıran sualları ünvanlayıblar.Tərəflər arasında fikir və mülahizələr mübadiləsi aparılıb.Qeyd edək ki, Ermənistanda “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb. Görüşdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh...

26 Noyabr 2026, 17:00

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfər edəcək

Slovakiyanın Baş nazirin müavini, mədəniyyət naziri Martina Şimkoviçova dekabrda Azərbaycana işgüzar səfər edəcək."Report" xəbər verir ki, bu barədə o, Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev və fəxri konsul Cəlal Qasımovla görüşün yekunlarına dair sosial şəbəkələrdə məlumat verib."Biz Slovakiya-Azərbaycan mədəni əlaqələrinin gələcək inkişaf imkanlarını, eləcə də dekabr ayında Azərbaycana edəcəyim işgüzar səfərin hazırlıqlarını müzakirə etdik. Mədəniyyətin ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlığın bir hissəsi olması məni sevindirir. Bizim ümumi məqsədimiz mədəniyyət müəssisələri, incəsənət xadimləri və ekspertlər arasında birbaşa əlaqələr üçün şərait yaratmaq, həmçinin birgə layihələrin həyata keçirilməsinə kömək etməkdir", - o yazıb.Nazir, həmçinin ənənəvi mədəniyyət, incəsənət, kino və mədəni irsin qorunması sahəsində...

26 Noyabr 2026, 14:38

SON DƏQİQƏ! İran səfirliyi həmin görüntülərə belə CAVAB VERDİ

Musavat.com sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiasıyla bağlı görüntüləri yayımlamışdı.Paylaşılan kadrlarda magistral yolda hərəkət edən hərbi yük maşınları, ağır texnika karvanı və səmada alçaqdan uçan hərbi helikopter əks olunurdu. Həmçinin videonun nə vaxt çəkildiyinin rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyi də vurğlanmışdı. Eyni zamanda xüsusilə qeyd olunmuşdu ki, sosial media seqmentində paylaşılan bu görüntülərin köhnə hərbi təlimlərə aid ola biləcəyi də istisna edilmir.Musavat.com sosial şəbəkələrdə və mediada yayımlanmış iddialarla əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə sorğu ünvanlayıb.Bir neçə saatdan sonra sorğumuza cavab olaraq təqdim olunmuş cavabı oxucularımızın diqqətinə çatdırırıq:“Sözügedən görüntülərin...

26 Noyabr 2026, 14:15