Bizə yazın

Baku

-°C

USD

-

İlk infarktda ölüm riski: Kardioloq əsas səbəbi açıqladı

Tibb 02 Noyabr 2026, 11:00

6810

Ürək-damar xəstəlikləri dünyada ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır. Xüsusilə miokard infarktı insan həyatı üçün ciddi təhlükə yaradan ürək-damar problemlərindəndir. Maraqlıdır ki, bəzi insanlar bir neçə dəfə infarkt keçirmələrinə baxmayaraq həyatlarını davam etdirir, digərləri isə ilk infarkt zamanı həyatını itirirlər. Bu fərqin səbəbi nədir? Niyə bir xəstədə infarkt ağır nəticələrə gətirib çıxarmadığı halda, digərində qəfil ölüm baş verir? Mütəxəssislər bildirirlər ki, bu məsələdə infarktın hansı damarda baş verməsi və ürək əzələsinin hansı hissəsinin qan təchizatından məhrum qalması mühüm rol oynayır.

Kardioloq Sahilə Tacəddinova Citypost.az-a açıqlamasında bildirib ki, infarkt zamanı xəstənin həyatını itirməsi və ya sağ qalması bir sıra amillərdən asılıdır. Bu amillərin ən vaciblərindən biri də ürəyi qanla təmin edən koronar arteriyaların hansı hissəsində tutulmanın baş verməsidir.

Həkimin sözlərinə görə, ürəyi qanla təmin edən damarların hamısı eyni əhəmiyyət daşımır. Xüsusilə sol ana koronar arteriya və sol ön enən koronar arteriya ürək əzələsinin böyük bir hissəsinin qan təchizatında mühüm rol oynayır. Bu damarlarda ciddi tutulma və ya qan axınının qəfil dayanması ürək əzələsinin geniş sahəsinin oksigensiz qalmasına səbəb ola bilər. Nəticədə xəstənin vəziyyəti qısa müddətdə ağırlaşa, həyati təhlükəli ağırlaşmalar meydana çıxa bilər.

Sahilə Tacəddinova qeyd edib ki, sol ana koronar arteriya ürəyin sol tərəfinin qan təchizatında iştirak edən əsas damarlardan biridir. Bu damardan ayrılan şaxələrdən biri olan sol ön enən koronar arteriya isə ürəyin ön divarının və digər mühüm sahələrinin qanla təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhz buna görə həmin damarlarda baş verən ciddi tutulmalar xüsusilə təhlükəli hesab edilir.

Kardioloq bildirib ki, infarkt zamanı qan axınının qəfil kəsilməsi nəticəsində ürək əzələsi oksigen çatışmazlığı ilə üzləşir. Bu proses ürəyin elektrik fəaliyyətinə də təsir göstərir. Bəzi hallarda təhlükəli ürək ritm pozuntuları, xüsusilə mədəcik taxikardiyası və mədəcik fibrilasiyası inkişaf edə bilər. Belə aritmiyalar ürəyin qanı effektiv şəkildə pompalamasına mane olur və xəstədə qəfil ürək dayanmasına səbəb ola bilər.

Onun sözlərinə görə, bəzi xəstələrin ilk infarkt zamanı həyatını itirməsinin əsas səbəblərindən biri də məhz bu cür ağır ritm pozuntularıdır. Xüsusilə ürəyin böyük bir hissəsinin qan təchizatını təmin edən damarlarda kəskin tutulma baş verdikdə təhlükə daha da artır. Belə vəziyyətlərdə xəstənin vaxtında tibbi yardım alması və damar qan dövranının mümkün qədər tez bərpa edilməsi həyati əhəmiyyət daşıyır.

Həkim diqqətə çatdırıb ki, infarktın daha kiçik koronar şaxələrdə baş verməsi bəzi hallarda ürək əzələsinin daha məhdud sahəsinin zədələnməsi ilə nəticələnə bilər. Bu zaman xəstənin həyatda qalma ehtimalı daha yüksək ola bilər. Lakin bu, kiçik damarların tutulmasının təhlükəsiz olması demək deyil. Çünki infarktın nəticəsi yalnız damarın ölçüsündən deyil, tutulmanın yerləşdiyi nahiyədən, qan axınının nə dərəcədə pozulmasından, ürəyin əvvəlki vəziyyətindən və xəstənin ümumi sağlamlıq durumundan da asılıdır.

Sahilə Tacəddinova vurğulayıb ki, bir neçə dəfə infarkt keçirən şəxsin sağ qalması onun ürəyinin zədələnmədiyi və ya xəstəliyin yüngül keçdiyi anlamına gəlmir. Bəzi xəstələrdə əvvəlki infarktlar zamanı ürək əzələsinin nisbətən məhdud hissəsi zədələnə bilər. Həmçinin kollateral damarlar adlanan alternativ qan dövranı yolları müəyyən dərəcədə kompensasiyaedici rol oynaya bilər. Digər tərəfdən, ilk infarkt zamanı əsas koronar damarlardan birində qəfil və genişmiqyaslı tutulma baş verərsə, nəticə çox ağır ola bilər.

Kardioloq əlavə edib ki, infarkt zamanı vaxt amili də həlledici əhəmiyyət daşıyır. Sinədə sıxılma və ağrı, nəfəs darlığı, soyuq tər, ürəkbulanma, qəfil halsızlıq və ağrının sol qola, çənəyə və ya kürəyə yayılması kimi əlamətlər yarandıqda vaxt itirmək olmaz. Belə simptomlar müşahidə edilərsə, dərhal təcili tibbi yardıma müraciət edilməlidir. Ev şəraitində ağrının keçməsini gözləmək və ya özbaşına dərman qəbul etməklə vaxt itirmək təhlükəli nəticələrə səbəb ola bilər.

Həkimin sözlərinə görə, infarktın qarşısının alınması üçün arterial təzyiqə, xolesterin səviyyəsinə və qanda şəkərə nəzarət etmək, siqaretdən uzaq durmaq, fiziki aktivliyi qorumaq və düzgün qidalanmaq vacibdir. Xüsusilə ürək-damar xəstəliyi riski yüksək olan şəxslər mütəmadi tibbi müayinələrdən keçməli və həkim tərəfindən təyin olunan müalicəni davam etdirməlidirlər.

Beləliklə, bir insanın bir neçə infarkt keçirməsinə baxmayaraq sağ qalması, digərinin isə ilk infarkt zamanı həyatını itirməsi təsadüfi deyil. Burada əsas amillərdən biri tutulmanın hansı koronar damarda baş verməsi, ürəyin nə qədər böyük hissəsinin qan təchizatından məhrum qalması və həyati təhlükəli aritmiyaların yaranmasıdır. Xüsusilə sol ana koronar arteriya və sol ön enən koronar arteriyanın ciddi tutulması yüksək risk daşıyır və belə hallarda vaxtında tibbi müdaxilə xəstənin həyatını xilas edə bilər.

Yusif 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hansı əlamətlər ağır nikotin asılılığını göstərir? – Pulmonoloq izah etdi

Siqaret çəkmək bir çox insan tərəfindən sadəcə gündəlik vərdiş kimi qəbul edilsə də, əslində bu, nikotinin yaratdığı güclü fizioloji və psixoloji asılılıqdır. Bəzi insanlar siqareti yalnız müəyyən vaxtlarda, məsələn, yeməkdən sonra və ya çay içərkən çəkdiklərini düşünsələr də, digərləri gün ərzində siqaretsiz qala bilmir. Xüsusilə səhər yuxudan oyanan kimi siqaretə ehtiyac hiss etmək, gün ərzində bir qutudan çox siqaret çəkmək və siqaret çəkmədikdə əsəbilik, gərginlik, narahatlıq yaşamaq nikotin asılılığının ciddi göstəriciləri ola bilər.Bəs hansı əlamətlər insanda ağır nikotin asılılığının olduğunu göstərir? Siqaret orqanizmdə hansı dəyişikliklərə səbəb olur? Təkcə siqaret çəkən şəxs deyil, onun ətrafındakı insanlar da bu vərdişin zərərli təsirləri...

11 Noyabr 2026, 11:00

Hepatit B, C və D virusları bir-birindən necə fərqlənir? Həkim AÇIQLADI

Hepatit virusları qaraciyəri zədələyən və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilən infeksion xəstəliklərdir. Hepatit A, B, C, D və E viruslarının hər birinin yoluxma mexanizmi, orqanizmdə yaratdığı fəsadlar və müalicə yanaşmaları fərqlidir. Xüsusilə hepatit B, C və D virusları qaraciyərdə uzunmüddətli iltihaba, xroniki xəstəliyə, bəzi hallarda isə sirroz və qaraciyər xərçənginə səbəb ola bilər. Bununla yanaşı, cəmiyyətdə bu viruslarla bağlı bir sıra yanlış təsəvvürlər mövcuddur. Məsələn, hepatit B-yə yoluxan şəxsin sonradan hepatit C xəstəliyinə tutulması və ya bir virusun digərinə çevrilməsi barədə suallar tez-tez səsləndirilir.Bəs hepatit B, hepatit C-yə çevrilə bilərmi? Bu xəstəliklərdən qorunmağın ən effektiv yolu nədir? Hepatit D...

11 Noyabr 2026, 10:00

Böyrəklərin sağlamlığını hansı analizlərlə yoxlamaq olar? – Nefroloqdan vacib tövsiyələr

Böyrəklər orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan orqanlardandır. Onlar qanın süzülməsi, orqanizmdə artıq maye və zərərli maddələrin xaric edilməsi, su-duz balansının qorunması və qan təzyiqinin tənzimlənməsində iştirak edir. Böyrəklərin fəaliyyətində yaranan pozuntular isə ilkin mərhələdə hər zaman aydın simptomlarla özünü göstərmir. Bu səbəbdən insan özünü sağlam hiss etsə belə, böyrəklərinin vəziyyətini müəyyən aralıqlarla yoxlatdırması vacibdir.Bəs böyrəklərin sağlam olub-olmadığını hansı müayinələrlə öyrənmək mümkündür? Bunun üçün hansı analizlər verilməli, ultrasəs müayinəsinə nə zaman müraciət edilməlidir?Nefroloq Rəşid Mahmudov Citypost.az-a açıqlamasında bildirib ki, böyrəklərdə yaranan problemlər bəzi hallarda insanın xarici görünüşündə də müəyyən dəyişikliklərlə özünü göstərə bilər. Xüsusilə üz nahiyəsində, göz ətrafında və...

11 Noyabr 2026, 09:00

Hansı baş ağrıları uşaqlarda təhlükə əlaməti sayılır? Nevroloq AÇIQLADI

Uşaqların baş ağrısından şikayət etməsi bir çox valideyn tərəfindən bəzən ciddi qəbul olunmur. Xüsusilə azyaşlı uşaqlarla bağlı belə bir fikir formalaşıb ki, baş ağrısı daha çox böyüklərdə rast gəlinən problemdir və uşaqların bu cür şikayətləri ya yorğunluqdan, ya da adi narahatlıqdan qaynaqlanır. Halbuki baş ağrısı uşaqlarda da kifayət qədər rast gəlinən şikayətlərdən biridir və bəzi hallarda ciddi sağlamlıq problemlərinin ilkin əlaməti ola bilər. Buna görə də valideynlər uşağın baş ağrısı şikayətinə laqeyd yanaşmamalı, xüsusilə ağrı təkrarlanırsa və ya digər əlamətlərlə müşayiət olunursa, mütləq həkimə müraciət etməlidirlər.Həkim-nevroloq Elşən Qarayev Citypost.az-a açıqlamasında bildirib ki, baş ağrısı yalnız böyüklərə xas problem deyil, bu...

10 Noyabr 2026, 11:40

Biopsiya xərçəng hüceyrələrini yayır? – Cərrahdan xəstələrə vacib xəbərdarlıq

Xərçəng xəstəlikləri ilə bağlı cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri də biopsiyanın şişi qıcıqlandırması, xərçəng hüceyrələrinin hərəkətə keçməsinə və xəstəliyin digər orqanlara yayılmasına səbəb olmasıdır. Bu səbəbdən bəzi xəstələr həkim tərəfindən biopsiya təyin edilsə də, qorxu və tərəddüd səbəbindən müayinədən imtina edirlər. Halbuki biopsiya onkoloji xəstəliklərin diaqnostikasında ən mühüm üsullardan biridir və əksər hallarda düzgün müalicə strategiyasının müəyyənləşdirilməsi üçün vacib məlumatlar verir.Ümumi cərrah Səməd Həsənli Citypost.az-a açıqlamasında bildirib ki, biopsiyanın xərçəngi qıcıqlandırması və xəstəliyin yayılmasına səbəb olması barədə fikirlər tibbi baxımdan əsası olmayan yanlış təsəvvürlərdir. Onun sözlərinə görə, xəstələr arasında bu mövzuda ciddi qorxu var və həkim qəbuluna gələn zaman...

10 Noyabr 2026, 10:40

Yüksək təzyiqin gizli təhlükələrinə diqqət! – KARDİOLOQ DANIŞDI

Arterial təzyiq insan sağlamlığının əsas göstəricilərindən biridir. Təzyiqin normadan yüksək olması uzun müddət heç bir ciddi əlamətlə özünü göstərməsə də, zaman keçdikcə ürək-damar sistemində, beyində və digər orqanlarda ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə bəzi insanlar yüksək təzyiqi hiss etmədikləri üçün həkimə müraciət etmir, müalicəni gecikdirir və bununla da sağlamlıqlarını risk altına qoyurlar.Kardioloq Afaq Qəhrəmanova Citypost.az-a açıqlamasında arterial təzyiqin göstəriciləri, normal hesab olunan rəqəmlər və yüksək təzyiqin yarada biləcəyi təhlükələr barədə danışıb.Həkimin sözlərinə görə, arterial təzyiq iki əsas göstəricidən – sistolik və diastolik təzyiqdən ibarətdir. Sistolik təzyiq ürək yığıldığı zaman qanın damarlara vurulması nəticəsində yaranan təzyiqi, diastolik təzyiq isə ürək...

09 Noyabr 2026, 10:30