Bizə yazın

Baku

-°C

USD

-

David İşxanyandan etiraf: Azərbaycan hərbçilərinə qarşı döyüşdüyümə görə ordenlə təltif olunmuşam  

Cəmiyyət 03 Aprel 2025, 21:32

1065

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 3-də davam etdirilib.

Citypost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən qondarma rejimin “parlament sədri” və digər “vəzifələrdə” işləmiş Davit İşxanyana suallar ünvanlanıb.

Təqsirləndirilən şəxs cinayətkar birliyin tərkibində funksiya və vəzifələri, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində hakimiyyətin zorla ələ keçirilməsi, qondarma rejimin “parlamenti”nin fəaliyyəti, onun həmin “qurum”da “deputat” və “parlament sədri” kimi funksiya və vəzifələri, qanunsuz silahlı birləşmə olan “özünümüdafiə batalyonu”nun tərkibində iştirak dərəcəsi və rolu, “Daşnaksütyun” partiyasının ideologiyası, fəaliyyət istiqamətləri, siyasi əlaqələri, partiyanın Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərində fəaliyyəti, onun partiya daxilində vəzifəsi və rolu, habelə qeyd olunan proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dair sualları cavablandırıb.

O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən 1992-ci ilin yayından qondarma rejimdə “tabor komandiri” vəzifəsini tutduğunu və Azərbaycana qarşı müharibədə iştirak etdiyini etiraf edib.

D.İşxanyan “Daşnaksütyun” partiyasının fəal üzvü olduğunu, iki il müddətində qondarma rejimin “parlamenti”ndə partiyanın “fraksiya rəhbəri” “vəzifəsini” icra etdiyini deyib.

Təqsirləndirilən şəxs 1992-ci ilin yayında Azərbaycana qarşı müharibəyə də “Daşnaksütyun” partiyasının üzvü kimi qoşulduğunu etiraf edib.

David İşxanyan dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandırarkən qondarma rejimin “ordusu”nun idarə olunmasının “özünümüdafiə komitəsi” tərəfindən həyata keçirildiyini bildirərək deyib: “Rəhbərlər Serj Sarkisyan və Samvel Babayan idi. Amma idarəetmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm”.

O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman qeyd edib ki, Birinci Qarabağ müharibəsində “tabor komandiri” olarkən Monte Melkonyana tabe olub.

D.İşxanyan müharibə zamanı Ağdərədə, Xocavənddə, Kəlbəcərdə, Ağdamda Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünü etiraf edib.

“Xocavənddə 8 tabor var idi, mən də onlardan birinin “komandir”i idim. Səkkiz tabor rayonun “müdafiə xətti”nə tabe idi, onun rəhbəri Monte Melkonyan, “ordu”nun komandiri isə Samvel Babayan idi”, - deyə o bildirib.

Məhkəmə prosesində dövlət ittihamçısı Fuad Musayev Azərbaycanın dövlət suverenliyi təmin olunduqdan sonra 2023-cü ilin oktyabrında təqsirləndirilən şəxs David İxşanyana məxsus “Park” adlı hoteldə silah-sursat və rabitə vasitələri aşkarlandığını bildirərək ona bu barədə sual ünvanlayıb. D.İşxanyan rabitə vasitələrinin hotelə məxsus olduğunu deyərək silah-sursatla bağlı məsələdə isə digər erməni sakinləri günahlandıraraq qeyd edib: “Mənim fikrimcə, hadisədən bir həftə əvvəl Ağdərədən gəlmiş sakinlər həmin hoteldə məskunlaşmışdılar. Ehtimal ki, onlar qoyublar”.

Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsində Azərbaycanın həmin vaxt işğal altında olan Xocavənd rayonunda hərbi hissədə hərbçilərlə görüşdüyünü etiraf edib: “Orada kiçik oğlum xidmət edirdi. Həm də “deputat” olaraq bu işləri görmək borcum idi”.

O, Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünə görə təltif olunduğunu da bildirərək deyib: “Döyüş xaçı” ordeni təbii ki, mənim döyüş fəaliyyətlərimə görə verilib”.

D.İşxanyan dövlət ittihamçısının “Siz 2023-cü il avqustun 30-da mətbuat konfransında bildirmisiniz ki, Rusiya, İran, Fransa, ABŞ və Avropa ölkələrinin parlament rəhbərlərinə açıq məktublar göndərərək, onları Azərbaycana təzyiq göstərməyə çağırmısınız. Bu məktubların məzmunu nə idi? Azərbaycana hansı istiqamətdə təzyiq göstərməyə çağırırdınız?” sualına isə belə cavab verib: “Bəli, mən belə məktublar göndərmişəm. Amma o məktubların ünvanına çatıb-çatmadığını bilmirəm”.

Təqsirləndirilən şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin Ermənistanın Azərbaycana hərbi təcavüzünün məqsədi barədə sualını isə belə cavablandırıb: “O dövr üçün mən deyə bilmərəm, çünki o vaxt çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji məqsədlərin, strateji prinsiplərin nə olduğunu artıq başa düşmüşdüm. Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”.

D.İşxanyan Ruben Vardanyanla tanışlığından, sahibi olduğu hoteldə qalmasından da danışıb: “Vardanyanla 2010-cu, yaxud 2011-ci ildə tanış olmuşam, hotelimizi sevirdi. O, “dövlət naziri” olan ərəfədə, ya da sonra hoteldə görüşlər keçirirdi”.

O, doğum haqqında şəhadətnaməsində Azərbaycan SSR-də anadan olmasının yazıldığını, lakin Ermənistan Respublikasının vətəndaşı olduğunu söyləyərək bildirib: “Sovet İttifaqı dağılandan sonra 150 minlik erməni sakin kimi, mən də Ermənistan Respublikasının vətəndaşlığını qəbul etdim. Məndə Ermənistan Respublikasının pasportudur. Mən Ermənistan Respublikasının vətəndaşıyam. Bu, mənim istintaq orqanında olan pasportumda da qeyd edilib”.

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub  

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.Citypost.az-ın xəbərinə görə, bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.Bunun ardınca Xanlar Vəliyev Milli Məclisdə and içib.Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

11 Aprel 2025, 11:55

Həsənriz kəndinə daha 20 ailə yola salındı  

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.Citypost.az xəbər verir ki, bu mərhələdə kəndə 20 ailə - 72 nəfər köçürülür.Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Qeyd edək ki, bu, Həsənriz kəndinə köçürülmənin üçüncü mərhələsidir.Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, eləcə də ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır....

11 Aprel 2025, 11:46

Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi  

Bakı Metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.Citypost.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb."Hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır. Qırmızı və yaşıl xətlər isə “28 May” stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə – ən yaxşı halda 4 dəqiqəlik intervalla – platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4...

11 Aprel 2025, 11:17

Azərbaycan məktəblilərinin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq  

Bu il Azərbaycandan olan məktəblilərin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq.Citypost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərkosmos"un nəzdində Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov deyib.O qeyd edib ki, peyk “SpaceX” raketi vasitəsilə buraxılacaq:“Layihədə 41 məktəbdən 750 məktəbli iştirak edib. İlin sonunda “SpaceX” kosmik raketi ilə peykin kosmosa buraxılması, daha sonra onun idarə edilməsi, məktəblilərə kosmos elmi sahəsində yeniliklərin araşdırılması baxımından böyük töhfə vermiş olacaq”....

11 Aprel 2025, 10:48

Qubadlıda sümük qalıqları aşkarlanıb  

Qubadlıda insan sümüyünə bənzər sümük qalıqları aşkar edilib.Citypost.az-ın əldə etdiyi məlumata görə, qalıqlar Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində qazıntı işləri aparılırakən tapılıb.Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma başlanılıb.

11 Aprel 2025, 10:00

Yol polisi küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir.Bu barədə Citypost.az-a BDYPİ-dən məlumat verilib.Bildirilib ki, sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormazlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir....

11 Aprel 2025, 09:40