Bizə yazın

Baku

-°C

USD

-

Vətəndaş, yoxsa oxucu ədəbiyyatı? – Aqşin Yenisey

Söz adamı 12 Noyabr 2026, 11:06

325

 Citypost.az Aqşin Yeniseyin “Vətəndaş, yoxsa oxucu ədəbiyyatı?” yazısını təqdim edir. 

Əsərin ictimai dəyəri önəmlidir, yoxsa ədəbi dəyəri? Cəmiyyətimiz çox vaxt ictimai dəyəri ədəbi dəyərlə qarışdırır və ictimai dəyəri olmayanın ədəbi dəyərinin də olmadığını düşünür. Bu yanaşma sovet rejiminin mirasıdır. O rejimin ki, ədəbiyyatı uçurub-dağıtdığı dinin əvəzedicisi kimi istifadə edirdi.

Əsərin ictimai dəyəri ictimai bir problemə həsr olunmasıyla ölçülür. Bu cür əsərlərdə üslub, estetika, intellektual yanaşma, mənalandırma, bədii həll və s. kimi ədəbi ölçülər önəmini itirir. Məsələn, Səməd Vurğunun “Azərbaycan” şeri, Bəxtiyar Vahabzadənin, demək olar, bütün yaradıcılığı, Şəhriyarın “Heydərbabaya salam” poeması ictimai dəyəri olan əsərlərdir. Ədəbi dəyər baxımından əskikliklərlə zəngindirlər. Bəsitliklərini xilas edən səmimilikləridir. Əsərin səmimilik adlı ədəbi ölçüsü yoxdur. Homeri, Firdovsini, Nizamini günümüzə qədər yaşadan müəllif olaraq çoxbilmiş olmalarıdır. Səmimilər ölən kimi unudulurlar.

Yuxarıda adını çəkdiyimiz və bu qəbildən olub adını çəkmədiyimiz əsərlərin ədəbi dəyəri də varmı? Var, amma üstündə istifadə müddəti də yazılıb. Hansı peşəkar ədəbiyyatçı bu və bu kimi publisistikanın ərazisinə daxil olmuş bədii mətnlərdən ilham alır? Heç biri. Ədəbi dəyər yaratmaq istəyən peşəkar bir şair “Azərbyancan” şerini tərifləyirsə, şair kimi tərifləmir, vətəndaş kimi tərifləyir. Mənim vətəndaş kimi bəyəndiyim əsərlərlə, oxucu kimi bəyəndim əsərlər arasında yerlə göy qədər fərq və məsafə var. Və unutmamlıyıq ki, vətəndaş ədəbiyyatı, bəzən cəmiyyəti sağaltmaq əvəzinə onu xəstələndirir, alman idealizm fəlsəfəsinin alman cəmiyyətini, klassik fars poeziyasının İran cəmiyyətini xəstələndirdiyi kimi.

İctimai dəyər vətəndaş üçün yaradılan dəyərdir, ədəbi dəyər oxucu üçün. İctimai dəyər siyasi-ideoloji məqsədə xidmət edir. Ədəbi dəyərin məqsədi estetikdir, yəni “poetik məzmunlu emosional bilgi” üzərindən gözəllik yaratmaqdır. Vətəndaş və oxucu eyni bədəndə yaşayan iki ayrı şəxsdir. Azərbaycan ədəbiyyatında vətəndaş şerinin səsi oxucu şerinin səsini batırır.

Çünki millətin inşası prosesi başa çatmayıb. Vətəndaş şeri millətin inşası məsələsində tikinti avadanlığı rolunu oynayır. Oxucu şerinin zamanı millətin inşası prosesi başa çatdıqdan sonra başlayır. O vaxt ki, artıq vətəndaş şeri heç kimə lazım olmur.

Bizim cəmiyyəti və onun ədəbi zövqünü fransızlar, ingilislər, almanlar, italyanlar və s. oxucumərkəzli ədəbiyyat ölkələriylə müqayisə etmək doğru deyil. Ona görə ki, bu ölkələrdə millətin inşası prosesi çoxdan başa çatıb, vətəndaş şeri bu cəmiyyətlərdə çoxdan öz işini görüb və rəhmətə gedib. Biz indi-indi başlayırıq cəmiyyət quruculuğuna, millətin inşasına və hələ uzun illər bizdə vətəndaş şeri oxucu şerini gözümçıxdıya salacaq.

Çox vaxt İranın gücünü ballistik raketlərlə, dronlarla qiymətləndirirlər. Halbuki İranın gücü 1501-ci ildən başlayaraq bu ölkədə dini kimlik üzərinə inşa olunmuş millətdir. Bu inşaatın mühəndisləri fars strateqləri, fəhlələri Səfəvi türkləriydi. Onlar əl-ələ verib keçmiş Sasani coğrafiyasında fars-sasani tarixinə xidmət edən alternativ islam dəyərləri üzərində bir toplum inşa etdilər.

Hələ mən özümü elə aparıram ki, guya, o gün İrəvanda Göy məsciddə erməni dilinə tərcümə olunmuş Sasani nağıllarından ibarət “Şahnamə”nin türk hökmdarı Qəznəli Mahmudun sifarişiyə yazıldığından xəbərsizəm.

Bəs niyə millətin inşasına “Şahnamə” ilə başlayan və bu işi Səfəvilərlə yekunlaşdıran İran özünün vətəndaş ədəbiyyatından oxucu ədəbiyyatına keçə bilmədi? Bu məsələ millətin hansı dəyərlər üzərində inşa olunmasına bağlıdır.

Vətəndaş ədəbiyyatından oxucu ədəbiyyatına keçid yalnız milli dövlət modelində mümkündür. İran dini, həm də dinə alternativ dini dövlətdir. Bu cür rejimlərdə vətəndaşın özünü təmsil etməsi, öz zövqünə, istəyinə uyğun davranması xoş qarşılanmır. O yatanda da dövləti təmsil etdiyini unutmamalıdır, yorğanını öz ayaqlarına görə deyil, dövlətin ayaqlarına görə uzatmalıdır.

Keçmiş sovet rejimində də belə idi; nəinki ədəbiyyat, hətta elm sahələri də özlərinin deyil, sovet ideologiyasının problemlərini həll etməyə məcbur edilirdi. Bunun ən qorxunc örnəyi olaraq Trofim Lısenkonun “elmi icad”larını yada sala bilərik. Lısenkoun əsas elmi işi bitkiləri quraqlıqda məhsul verməyə məcbur etməklə bağlı idi. Sovet rəhbərliyi dünyanın şəklini dəyişmək avatürasıyla təkcə insanlar üzərində zor tətbiq etməklə ideoloji eksperiment aparmırdı, sovet alimlərini də məcbur edirdilər ki, zor gücünə təbiətin şəklini dəyişərək heyvanları, bitkiləri öz təbii imkanlarının fövqünə qaldırsınlar. Məsələn, bu gün səhraya dönən Aral dənizi bu alimlərin suvarma zorakılığının nəticəsidir.

Trofim Lısenko da öz laboratoriyasında bitkilərin toxumlarını zorlayırdı. Qışlıq toxumları yazda, yazlıq toxumları qışda məhsul verməyə məcbur edirdi. Təbiət əvvəlcə onun nə etdiyini anlamırdı, anlayanda isə dəli oldu. 1927-1929-cu illərdə Rusiyanın üstünə elə bir soyuq göndərdi ki, Lısenkonun əkdiyi bütün tarlalar məhv oldu. Ölkəni aclıq bürüdü. Lısenkonun özü Stalinin himayəsində sağ qalsa da, elmi icadları 7 milyondan artıq sovet vətəndaşını acından öldürdü. ABŞ-ın Yaponiyaya atdığı atom bombasının qurbanlarından 20 dəfə çox insan tələf oldu.

Əslində, Lısenko bir alim olaraq bitkilərin Stalini idi. Onun bitkilər üzərində apardığı “tərbiyəvi zoraklığı” Stalin də sovet vətəndaşları üzərində tətbiq edirdi. Lısenko təbiət qanunlarına zidd bitkilər yetişdirməkdə israrlı olduğu kimi, Stalin də cəmiyyət qanunlarına zidd insanlar yetişdirməkdə israrlı idi. Lısenkodan fərqli olaraq Stalinin eksperimenti xeyli “uğurlu” oldu. Çünki Stalinin əlində poetik məzmunu və emosional bilgini ideoloji məqsədlərə yönəldən ədəbiyyat kimi insanı öldürməyən, amma tanınmaz hala salan bir silah vardı. Bu silah oxucunu öldürür, vətəndaşı yaşadırdı.

Oxucu ədəbiyyatının ən ciddi nümunəsi sayılan modern roman özünə hopdurduğu qara yumorla, anlaşılmaz dialoqlarla, absurd mühakimələrlə, gerçək kimi görünən illüziyalarla, izaholunmaz təsadüflərlə Qərb cəmiyyətini Birinci Dünya müharibəsinin psixoloji xoralarından ədəbiyyat vasitəsilə təmizləmə cəhdi olaraq ortaya çıxıb. Cəmiyyət sənətdə, ədəbiyyatda, fəlsəfədə filtrasiyaya məruz qalır, katarsisdən keçir. Xüsusilə ədəbiyyat toplumdakı qara enerjini canına çəkib oxucusuna xoşbəxtlik hissi yaşadır. Sənətin varolma səbəbidir bu! Füzulilər hamının yerinə yanır fələklərin ahına! Xalqın şairlərin ən bədbəxtini sevməsi də bu psixoloji təmizləmə ilə bağlıdır. Xalq öz şairinin bədbəxtliyində dincəlir. Şəhriyarın əcinnə vücudu Azərbaycan xalqının mənəvi-psixoloji kurortudur. Şair bədbəxtdirsə, deməli, xalqın canındakı zəhəri özünə çəkib. Vətəndaş ədəbiyyatından tələb olunan öhdəliklərdən biri də budur. Şairin ictimai olan dərdi-səri şəxsiləşdirməsi. Yaradıcı adamların ziyanlı vərdişlərə alışqanlığının səbəblərindən biri də canlarına çəkdikləri kütləvi zəhərin təsirini azaltmaq istəyidir. Araq şair üçün zəhər əleyhinə zərdabdır, panzəhərdir, şair içərək damarlarında axan ictimai zəhərin ölümcül dozasını müvəqqəti olaraq aşağı salır.

Sənət və fəlsəfə ilə təmizlənə, durula bilməyən cəmiyyətlər bütün bu ictimai neqativi, mənəvi, psixoloji yara-xoranı gündəlik həyatın qayğıları siyahısına daxil edir və ona öyrəşir. Bu gün cəmiyyətimizin xirtdəyəcən neqativin, mənəvi-psixi yara-xoranın içində olması sənətsiz, ədəbiyyatsız, fəlsəfəsiz qalması ilə bağlıdır. Azərbaycan xalqı heç vaxt indi olduğu qədər şairsiz, yazıçısız, filosofsuz qalmayıb. Ona görə indi özü içməyə, özü-özünün şairi, yazıçısı, filosofu olmağa məcburdur.

Sosrealizm ədəbiyyatına cəmiyyətin neqativini özünə hopdurmaq qadağan idi. Əksinə, bu ədəbiyyat neqativi cəmiyyətin içində ört-basdır etməli, utopik ictimai firavanlığın mənzərəsini yaratmalıydı.  Polyak yazıçısı Qombroviç özünün “Ferdidurka” romanında Polşada bu işi görənləri, yəni ictimai-sosial həyata nəzarət edənləri “mədəniyyətin xala-bibiləri” adlandırırdı. Vətəndaş ədəbiyyatını da, adətən, oxucu ədəbiyyatının boş qalan yerinə dürtülmüş mədəniyyətin xala-bibiləri yaradırlar.

Mədəniyyətin bu cür xala-bibiləşməsinin zərbəsi kimə dəyir? Cəmiyyətə və dövlətə. Çünki mədəniyyət xala-bibiləşəndə xeyir-şər münasibətləri səviyyəsinə endirilir və xeyir-şər münasibətləri səviyyəsinə endirilmiş mədəniyyətdə xeyir xeyirliyindən, şər şərliyindən arındırılır. Onları bir-birindən ayırmaq mümkünsüzləşir. Mədəniyyətin bu cür xeyir-şər həmrəyliyinə çevrilməsinin nəticəsidir ki, bu gün Azərbaycan xalqı Stalin repressiyasından cibidolu çıxan şairlə, bu repressiyanın qurbanı olan şairi eyni məhəbbətlə sevir.

Avropa sənətin, ədəbiyyatın təbiətinə zidd olan belə bir süni strategiya seçmədi. İdeoloji iş mədəniyyətin xala-bibilərinə həvalə olunmadı, məsələn, Hegelin öhdəsinə buraxıldı. Milli dövlət dinmərkəzli deyil, dilmərkəzli strategiya üzərində formalaşdı. Atatürk eyni strategiyanın surətini Türkiyəyə köçürdü. Avropada dövlətin müdaxiləsiylə yaradılan klassisizm dini-mifik obrazları insan obrazlarıyla əvəzləməklə, əslində, cəmiyyət quruculuğuna başladığını elan etdi. Cəmi yüz ildən sonra romantizm ortaya çıxıb klassisizmin gördüyü işi bəyənmədi, romantizmin qarşısına modernizm çıxdı, modernizmin pişiyini avaqardizm ağaca dırmaşdırdı, avanqardizmi postmodernizm şil-küt etdi və s.

Millətləşmə yolunda atılan bu addımlardır Avropada demokratiyanın uğurunu təmin edən. Necə baş verdi bu proses?

Martin Lüterə və Makiavelliyə qədər Avropada dövlət, dini düşüncənin təsiri altında ilahi mənşəyə əsaslanırdı. Dövlətin özəyi yerdə yox, göydə idi. Krallar xalqın yox, tanrının seçimi idi. İlk dəfə Martin Lüter dinin mərkəzləşmiş hakimiyyətinə qarşı çıxdı və Vatikana vergi ödəmək istəməyən alman baronları onu dəstəklədilər. Protestantlıq sayəsində özlərini ümumi olandan ayırdılar. Makiavelli ilk dəfə dövləti dini mənşədən uzaqlaşdırmaq üçün mərkəzləşdirilimiş dövlət gücünü mərkəzləşdirilmiş dini gücün önünə qoydu. Dövlətin ilahi ədalətə əsaslanan mənşəyini darmadağın etdi. Siyasəti əxlaqdan ayırdı. Gücü ədalətin önünə çıxardı. Dini dövlətin əsaslarını sarsıtdı, milli dövlətə aparan yolu açdı.

Mərkəzləşdirilmiş dövlət gücünün mərkəzləşdirilmiş dini gücə qarşı qoyulması Avropada milliləşmə, millətləşmə prosesinə təkan verdi. Krallar kilsədən asıllılıqlarına son qoymaq üçün mərkəzləşdirilmiş dövlət gücünün formalaşma yolunun millilikdən keçdiyini anladılar. Fransızlar, almanlar, ingilislər və s. xalqlar milli kimliklərinin əynindəki min illik kirli dini kimliklərinin köynəyini dartıb cırdılar. İlk dəfə Napoleon tacı Papanın əlindən alıb öz başına öz əlləri ilə qoydu. Dinin dövlətə uzanan əlləri havada qaldı. Milliləşmə, millətləşmə prosesi xalqı dövlətin rəiyyəti olmaqdan çıxarıb, sahibinə çevirdi, bundan sonra Avropa xaqlarının müqəddəratı tanrının deyil, öz əllərində olacaqdı. Öz müqəddəratını özü təyin etmə statusu milli məsuliyyəti artırdı. Millətçilik bu milli məsuliyyətin ideoloji əsası kimi ortaya çıxdı. Öz müqəddəratlarını özləri təyin etməklə Avropa xalqları demokratiyanın məsuliyyətini də anladılar. Millətçilik demokratik düşüncənin əsasını təşkil etdi. Yəni demokratiyaya gedən uzun yol millətçilikdən keçdi.

Bütün bu proseslər boyunca mərkəzləşmə və milliləşmə işini başa çatdıran Avropa dövlətlərinin daha vətəndaş ədəbiyyatına ehtiyacı qalmadı. Oxucu ədəbiyyatı yerini həmişəlik möhkəmlətdi.

Bu gün dünyaya çıxan ədəbiyyat oxucu ədəbiyyatıdır, vətəndaş ədəbiyyatı deyil.

Bizə gəlincə, bir suala cavab verməliyik: məqsədimiz nədir, dünyaya çıxmaq, yoxsa millət inşa etmək? Dünyaya çıxmaq istəyiriksə, vətəndaş ədəbiyyatıyla vidalaşmalıyıq, millətin inşasıyla məşğul olmaq istəyiriksə, oxucu ədəbiyyatını yazıb hələ ki, sandığa atmalıyıq.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tanrım, SƏNi sevirəm! Xatirə Əziz yazır...

Tanrım, SƏNi sevirəm!Tanrım, SƏNi sevirəm,Üzüm SƏNə sarıdı!Bəs niyə arzularım,-Ürəyimdə qarıdı?Tanrım, SƏNi sevirəm, Yolum SƏNə sarıdı!Bəs niyə saçlarımı,-Dərd küləyi daradı?Tanrım SƏNi sevirəm,Könlüm SƏNə sarıdı!Bəs nə üçün bəxtimi,-Sonsuz kədər sarıdı?Tanrım, SƏNi sevirəm,Gəldiyim yol yarıdı.Bəs nə üçün taleyim,-Qəm-qüssədən yarıdı?Tanrım, SƏNi sevirəm,Kövrək qəlbim yaradı.Bəs nədən ömrüm-günüm,-Başdan-başa qaradı?Tanrım, SƏNi sevirəm,Duam SƏNə sarıdı.Tor bağlayıb gözlərim,Görən bura haradı?Tanrım, SƏNi sevirəm,Sözüm SƏNə sarıdı.Bəs niyə dərdə düşdüm?-Bənizim sapsarıdı.Xatirə ƏzizŞair-publisist

10 Noyabr 2026, 14:50

Mükafatını tənqid etdiyin adama vermişdin! Əmir Pəhləvan yazır...

Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947).Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945-1947). Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik etmişdir (1947-1949). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1949-1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur.Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlamışdır. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir (1954-1957). ADU-nun aspiranturasına...

10 Noyabr 2026, 14:46

Şəmsi Vəfadar: "Ey Sevgili Bayrağım!"

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.CityPost.az   tanınmış şair Şəmsi Vəfadarın müəllifi olduğu " Ey Sevgili Bayrağım!" şeirini müəllifin özünün dilindən və müğənni Aynur İsgəndərlinin ifasında təqdim edir:...

09 Noyabr 2026, 09:29

Azərbaycan Bayrağına şeir yazan ŞAİRLƏR

CityPost.az  Azərbaycan poeziyasının ən gözəl bayraq şeirlərini təqdim edir:Əhməd Cavad: Azərbaycan bayrağınaTürküstan yelləri öpüb alnınıSöyləyir dərdini sana, bayrağım!Üçrəngin əksini Quzğun dənizdənƏrməğan yollasın yara, bayrağım!Gedərkən Turana çıxdın qarşıma,Kölgən dövlət quşu, qondu başıma!İzn ver gözümdə coşan yaşıma -Dinlətsin dərdini aha, bayrağım!Qayı Xan soyundan aldığın rəngi,Qucamış Elxanla, müsəlman bəgi.Elxanın övladı, dinin dirəgi,Gətirdin könlümə səfa, bayrağım!Köksümdə tufanlar gəldim irəli,Öpüm kölgən düşən mübarək yeri!Allahın yıldızı, o gözəl pəri,Sığınmış qoynunda Aya, bayrağım!Cəfər Cabbarlı: Azərbaycan bayrağıBuraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,Şu sevimli üç boyalı, üç mənalı bayrağı.Mələklərin qanadımı üzərimə kölgə salan?Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?Xayır, xayır? Çiçək solur, otlar...

08 Noyabr 2026, 23:15

Firuz Mustafa Koroğlu və Babəklə bağlı tənqidlərə cavab verdi

Əməkdar incəsənət xadimi, yazıçı Firuz Mustafa xalq qəhrəmanları ilə bağlı səsləndirilən bəzi tənqidi fikirlərə münasibət bildirib. O, Babək, Koroğlu və Qaçaq Nəbi kimi tarixi və ədəbi obrazların qiymətləndirilməsində mifoloji təfəkkürün və bədii mübaliğənin rolunun nəzərə alınmasının vacibliyini vurğulayıb.Citypost.az xəbər verir ki, yazıçı sosial şəbəkə hesabında paylaşım edərək ədəbiyyatın missiyasını anlamayan bəzi şəxslərin xalq qəhrəmanları haqqında əsassız və yersiz fikirlər səsləndirdiyini qeyd edib.Firuz Mustafanın sözlərinə görə, mifoloji və folklor nümunələrində şişirtmə, mübaliğə və qəhrəmanların fövqəladə xüsusiyyətlərlə təqdim olunması təbii bədii vasitələrdəndir. O bildirib ki, bu cür yanaşma yalnız Azərbaycan ədəbiyyatına xas deyil, dünya xalqlarının folklorunda da geniş yayılıb.Yazıçı bu baxımdan ingilislərin...

06 Noyabr 2026, 08:20

SİZ MƏNİ HEÇ NƏYƏ TƏLƏSDİRMƏYİN...

( Şamxal Rüstəm )Vaxtında gəlibdi ürəyə ağrı,Saçımın dəni də vaxtına düşüb.Dünyada heç nədən gileylənmərəm,Dünyaya gəlişim ağ günə düşüb-Siz məni heç nəyə tələsdirməyin.Vaxtında boşalar hər dolan bulud,Şimşəklər nə bilər çaxmaqdan özgə.İnsan sevincinə gecikmək olar,İnsan harayına çatmaqdan özgə-Siz məni heç nəyə tələsdirməyin.Hələ nə yazmışam, hələ nəyim var.Dağ yüklü bir ömrün enişindəyəm,Hələ zirvələrlə döyüşməyim var-Siz məni heç nəyə tələsdirməyin.Vaxtında gəlibdi ürəyə ağrı,Saçımın dəni də vaxtına düşüb.Taledən hərəyə bir pay düşəndə,Mənim də gecikmək baxtıma düşüb-Siz məni heç nəyə tələsdirməyin....

05 Noyabr 2026, 21:36