Bizə yazın

Baku

-°C

USD

-

Simptomsuz bakteriuriya hamilələr üçün risklidir: Uroloq izah etdi

Tibb 03 Noyabr 2026, 09:30

2266

Hamiləlik dövründə qadının sağlamlığının mütəmadi nəzarətdə saxlanılması həm ana, həm də gələcək körpənin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Bu müddətdə ginekoloq tərəfindən müxtəlif laborator və instrumental müayinələr təyin olunur. Həmin müayinələrdən biri də sidiyin ümumi analizidir. Analiz vasitəsilə böyrəklərin və sidik yollarının vəziyyəti haqqında ilkin məlumat əldə etmək, mümkün iltihabi prosesləri və digər dəyişiklikləri vaxtında aşkar etmək mümkündür.Lakin hamilə qadınların sidik analizində leykosit, eritrosit, bakteriya və zülal aşkarlanması çox vaxt narahatlığa səbəb olur. Xüsusilə analizdə zülal göstəricisinin yüksək olması qadınlarda ciddi təşviş yaradır. Halbuki bu göstəricilərin hər biri fərqli səbəblərlə əlaqəli ola bilər və onların düzgün qiymətləndirilməsi üçün analiz bütövlükdə araşdırılmalıdır.

Uroloq-androloq İlkin Göyüşov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı sidik analizində aşkar olunan dəyişikliklərə diqqətlə yanaşmaq, onları yalnız bir göstəriciyə əsasən qiymətləndirməmək lazımdır. Onun sözlərinə görə, xüsusilə zülalın aşkarlanması zamanı digər laborator göstəricilərin də nəzərə alınması vacibdir.

Həkim qeyd edib ki, əgər hamilə qadının sidiyinin ümumi analizində digər göstəricilər normaldırsa, lakin yalnız zülal aşkarlanıbsa, bu vəziyyət ayrıca araşdırılmalıdır. Çünki təcrid olunmuş proteinuriya, yəni sidikdə yalnız zülalın olması ilə leykosit, eritrosit və bakteriyaların da aşkarlandığı vəziyyət eyni şəkildə qiymətləndirilə bilməz. Belə hallarda zülalın miqdarı, təkrar analizlərin nəticələri, arterial təzyiq və qadının ümumi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.

İlkin Göyüşovun sözlərinə görə, sidikdə zülalla yanaşı leykosit, eritrosit və bakteriyaların da aşkarlanması sidik yollarında iltihabi proses ehtimalını gündəmə gətirə bilər. Lakin bu göstəricilər təkbaşına infeksiyanın mövcudluğunu təsdiqləmir. Nəticələrin düzgün qiymətləndirilməsi üçün əlavə müayinələr aparılmalı, lazım gəldikdə sidik əkilməsi həyata keçirilməlidir.

Mütəxəssis bildirib ki, hamiləlik dövründə sidik analizində leykositlərin və bakteriyaların aşkarlanması diqqətdən kənarda qalmamalıdır. Belə nəticələr olduqda ilk növbədə analizin düzgün götürülüb-götürülmədiyi də nəzərə alınmalıdır. Çünki sidik nümunəsinin toplanması zamanı gigiyena qaydalarına əməl edilməməsi və nümunənin çirklənməsi analizdə bakteriyaların və digər göstəricilərin aşkarlanmasına səbəb ola bilər.

Bu səbəbdən şübhəli nəticələr əldə edildikdə analizin təkrar verilməsi və sidik əkilməsi müayinəsinin aparılması tövsiyə olunur. Sidik əkilməsi vasitəsilə nümunədə hansı bakteriyanın olduğu müəyyənləşdirilir. İnfeksiya təsdiqləndiyi halda isə bakteriyanın hansı antibiotiklərə həssas olması da araşdırıla bilər. Bu, xüsusilə hamilə qadınlarda müalicənin düzgün seçilməsi baxımından vacibdir.

Uroloq diqqətə çatdırıb ki, hamiləlik zamanı sidik yollarının infeksiyaları bəzən heç bir şikayət yaratmadan da mövcud ola bilər. Tibb dilində simptomsuz bakteriuriya adlandırılan bu vəziyyətdə sidik əkilməsində bakteriyaların əhəmiyyətli miqdarda çoxalması müəyyən edilir, lakin qadında sidik ifrazı zamanı yanma, ağrı, tez-tez sidiyə getmə və digər tipik şikayətlər olmur.

Həkimin sözlərinə görə, simptomsuz bakteriuriya hamilə qadınlarda xüsusi diqqət tələb edən vəziyyətdir. Çünki müalicə olunmadıqda bəzi hallarda infeksiyanın yuxarı sidik yollarına yayılması və böyrəklərin iltihabı ilə nəticələnməsi mümkündür. Bu isə hamiləliyin gedişinə və ana sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə də sidik əkilməsi ilə təsdiqlənmiş simptomsuz bakteriuriya hamiləlik dövründə, həkimin təyin etdiyi qaydada müalicə olunmalıdır.

İlkin Göyüşov vurğulayıb ki, hamilə qadınlarda sidikdə bakteriya aşkarlanması zamanı özbaşına antibiotik qəbul etmək olmaz. Müalicə preparatı hamiləlik müddəti, bakteriyanın növü, antibiotikə həssaslıq nəticələri və qadının ümumi sağlamlıq vəziyyəti nəzərə alınmaqla seçilməlidir. Hamiləlikdə bütün antibiotiklərin istifadəsi uyğun olmadığından dərman seçimi mütləq həkim nəzarətində aparılmalıdır.

Mütəxəssis sidikdə eritrositlərin, yəni qan hüceyrələrinin aşkarlanmasına da xüsusi diqqət çəkib. Eritrositlərin olması müxtəlif səbəblərlə əlaqəli ola bilər. Bunlara sidik yollarında daş, iltihabi proseslər və digər uroloji problemlər daxildir. Bəzi hallarda isə nümunənin menstruasiya və ya vaginal ifrazatla çirklənməsi də nəticəyə təsir göstərə bilər. Buna görə də eritrositlərin aşkarlanması zamanı onların miqdarı, təkrar analizlərin nəticələri və mümkün səbəblər araşdırılmalıdır.

Həkimin sözlərinə görə, hamiləlik dövründə sidikdə zülalın aşkarlanması da xüsusi qiymətləndirmə tələb edir. Xüsusilə hamiləliyin ikinci yarısında proteinuriyanın arterial təzyiqin yüksəlməsi ilə birlikdə müşahidə olunması preeklampsiya ehtimalını gündəmə gətirə bilər. Bu vəziyyət həm ana, həm də döl üçün ciddi risklər yarada bilər. Buna görə də zülal aşkarlanan hamilə qadının arterial təzyiqi yoxlanılmalı, ehtiyac olduqda sidikdə zülalın miqdarı əlavə üsullarla dəqiqləşdirilməlidir.

İlkin Göyüşov qeyd edib ki, hamiləlik zamanı sidik analizlərinin hansı tezliklə aparılması qadının sağlamlıq vəziyyətindən, hamiləliyin gedişindən və həkimin qiymətləndirməsindən asılıdır. Müayinələrin təqvimi hər bir pasiyent üçün fərdi müəyyənləşdirilməlidir. Analizdə hər hansı dəyişiklik aşkarlandıqda isə növbəti müayinə vaxtını gözləmədən nəticələr həkimlə müzakirə olunmalıdır.

Uroloq-androloq əlavə edib ki, hamiləlik zamanı böyrəklərdə və sidik yollarında da müəyyən anatomik dəyişikliklər baş verə bilər. Bu dəyişikliklərdən biri böyrək ləyəni və sidik axarlarının genişlənməsidir. Hamiləliyin irəliləməsi ilə böyüyən uşaqlığın sidik axarlarına təzyiq göstərməsi və hormonal dəyişikliklər sidiyin axınını ləngidə bilər. Nəticədə bəzi qadınlarda böyrək genişlənməsi müşahidə olunur. Bu vəziyyətin növbəti mərhələdə daha ətraflı araşdırılmasının vacib olduğunu bildirən mütəxəssis mövzu ilə bağlı ayrıca məlumat verəcəyini qeyd edib.

Beləliklə, hamiləlik zamanı sidik analizində zülal, leykosit, eritrosit və bakteriyaların aşkarlanması panikaya səbəb olmamalı, lakin diqqətdən də kənarda qalmamalıdır. Əsas məsələ dəyişikliklərin səbəbini vaxtında müəyyənləşdirmək, zəruri müayinələri aparmaq və müalicəni həkim nəzarəti altında həyata keçirməkdir. Xüsusilə qızdırma, bel və böyrək nahiyəsində ağrı, sidik ifrazı zamanı yanma, yüksək arterial təzyiq və ya güclü baş ağrısı yarandıqda gecikmədən tibbi yardım almaq vacibdir.

Yeganə 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Diş ətindəki ağrısız şişkinlik təhlükəli xəstəliyin əlaməti ola bilər – Stomatoloqdan xəbərdarlıq

Diş ətində yaranan kiçik şişkinlik, qızartı və ya digər dəyişikliklər bir çox insan tərəfindən ciddi qəbul edilmir. Xüsusilə ağrı olmadığı zaman insanlar bu əlamətlərin öz-özünə keçəcəyini düşünərək stomatoloqa müraciəti təxirə salırlar. Halbuki diş ətində müşahidə olunan kiçik bir şişkinlik bəzən dişin kök nahiyəsində və ya ətraf toxumalarda gedən iltihabi prosesin göstəricisi ola bilər. Belə problemlər vaxtında aşkarlanmadıqda dişin ətrafındakı yumşaq toxumaların və sümük toxumasının zədələnməsinə, hətta dişin itirilməsinə gətirib çıxara bilər.Bəs diş ətində ağrı verməyən şişkinlik hansı xəstəliklərdən xəbər verir? Bu əlamət nə zaman təhlükəli hesab olunur və dişi itirmək riskinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?Mövzu ilə bağlı stomatoloq...

13 Noyabr 2026, 10:30

Sinə ağrısını özbaşına reflüks hesab etməyin – Qastroenteroloqdan xəbərdarlıq

Mədə-bağırsaq sistemi xəstəlikləri müasir dövrdə geniş yayılmış sağlamlıq problemləri sırasındadır. Xüsusilə qastroezofageal reflüks xəstəliyi (QERX) insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən problemlərdən biridir. Mədə turşusunun qida borusuna geri qayıtması nəticəsində yaranan bu xəstəlik qıcqırma, döş sümüyü arxasında yanma, boğaza acı və ya turş mayenin gəlməsi, göynəmə kimi əlamətlərlə özünü göstərə bilər. Bəzi insanlar bu şikayətləri adi həzm pozuntusu hesab edərək uzun müddət həkimə müraciət etmir, apteklərdən özbaşına dərman alaraq qəbul edirlər. Lakin simptomların müvəqqəti azalması xəstəliyin tam müalicə olunduğu anlamına gəlmir.Mövzu ilə bağlı qastroenteroloq Şahnaz Atayeva Citypost.az-a açıqlamasında bildirib ki, gündəlik tibbi praktikada reflüks və digər xroniki mədə-bağırsaq xəstəliklərindən...

13 Noyabr 2026, 09:30

Ailə insanı gündəlik stressdən necə qoruyur? – Kardioloq-terapevtdən maraqlı açıqlama

Müasir dövrdə insanların gündəlik həyatı gərginlik, məsuliyyət, iş qayğıları və müxtəlif problemlərlə müşayiət olunur. İnsan hər gün həm sosial münasibətlərdə, həm iş həyatında, həm də şəxsi müstəvidə müəyyən çətinliklərlə üzləşir. Bu gərginliyin öhdəsindən gəlmək üçün isə onun etibar edə biləcəyi, özünü rahat və təhlükəsiz hiss etdiyi bir mühitə ehtiyacı var. Belə mühitin əsasını çox vaxt ailə təşkil edir. Sağlam ailə münasibətləri insanın emosional tarazlığını qorumağa, stressin təsirlərini azaltmağa və gündəlik çətinliklər qarşısında daha güclü olmağa kömək edə bilər.Bəs ailə insanın stressdən qorunmasında hansı rolu oynayır? Ailə daxilində mənəvi dəstəyin və qarşılıqlı anlaşmanın olmaması insanın psixoloji vəziyyətinə necə təsir göstərir? Ailədə...

13 Noyabr 2026, 08:30

İnqalyasiya uşaqlara zərərlidirmi, asılılıq yaradırmı? – Pediatrdan valideynlərə vacib xəbərdarlıq

Uşaqlarda öskürək, bronxit, bronxial astma və digər tənəffüs sistemi xəstəlikləri zamanı istifadə olunan müalicə üsullarından biri də inqalyasiyadır. Xüsusilə soyuqdəymə və respirator infeksiyaların artdığı dövrlərdə valideynlər uşaqlarına inqalyasiya etdirməyə üstünlük verirlər. Lakin bu üsulla bağlı cəmiyyətdə bir sıra suallar və yanlış təsəvvürlər mövcuddur. Bəzi valideynlər inqalyasiyanın uşağın ağciyərlərinə zərər verəcəyindən, digərləri isə uzun müddət istifadə edildikdə asılılıq yaradacağından narahat olurlar. Əslində, inqalyasiya düzgün dərman, uyğun doza və həkim göstərişi ilə tətbiq edildikdə tənəffüs yolu xəstəliklərinin müalicəsində faydalı üsullardan biri hesab olunur.Pediatr Günay Rəsulova bu barədə Citypost.az-a açıqlamasında bildirib ki, inqalyasiya müasir tibbdə geniş istifadə edilən müalicə üsullarındandır və onun əsas...

12 Noyabr 2026, 11:00

Təkrarlanan boğulma tutmaları panik atak yaradır? – ALLERQOLOQ CAVAB VERDİ

Bronxial astma yalnız tənəffüs yollarına təsir göstərən xəstəlik deyil, uzun müddət nəzarətsiz qaldıqda insanın psixoloji vəziyyətinə və gündəlik həyatına da ciddi təsir edə bilər. Xüsusilə təkrarlanan boğulma tutmaları, nəfəs darlığı və hava çatışmazlığı hissi yaşayan xəstələrdə zamanla güclü təşviş, həyəcan və panik atak əlamətləri meydana çıxa bilər. Belə insanlar hər an yenidən boğulma tutması keçirəcəklərindən, nəfəs ala bilməyəcəklərindən, hətta həyatlarını itirəcəklərindən qorxurlar.Allerqoloq Gülnar Quliyeva bu barədə Citypost.az-a açıqlamasında bildirib ki, bronxial astmadan uzun müddət əziyyət çəkən, lakin düzgün və davamlı müalicə almayan pasiyentlərdə belə psixoloji problemlərə tez-tez rast gəlinir. Onun sözlərinə görə, təkrarlanan boğulma tutmaları xəstələrdə yalnız fiziki narahatlıq yaratmır,...

12 Noyabr 2026, 10:00

Təmiz angioqrafiya ürək problemini tam istisna etmir – KARDİOLOQDAN XƏBƏRDARLIQ

Sinədə göynəmə, yanma və ağrı şikayətləri ilə həkimə müraciət edən bəzi xəstələrdə aparılan müayinələr gözlənilməz nəticə ortaya çıxarır. Belə ki, xəstənin fiziki yüklənmə zamanı ürəyində qan dövranı pozuntusuna işarə edən əlamətlər müşahidə olunur, treadmill testinin nəticəsi müsbət çıxır. Lakin daha sonra aparılan koronar angioqrafiya zamanı ürəyi qidalandıran əsas damarlarda hər hansı ciddi daralma və ya tıxanıqlıq aşkarlanmır. Bu isə xəstələrdə haqlı olaraq sual yaradır: Əgər ürək damarları təmizdirsə, bəs sinədəki ağrı və yanmanın səbəbi nədir?Kardioloq Sahilə Tacəddinova bu barədə Citypost.az-a açıqlamasında bildirib ki, belə hallarda söhbət ürəyin kiçik damarlarında qan dövranının pozulması ilə əlaqəli olan və kardiologiyada mikrovaskulyar angina, yaxud...

12 Noyabr 2026, 09:00