Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: 8 Noyabr Azərbaycanın yeni dövlətçilik ideologiyasının təməlidir

Siyasət 05 Noyabr 2026, 09:25

314

İkinci Qarabağ müharibəsinin altıncı ildönümü Qələbənin haqlı emosional təntənəsindən və yeni milli kimliyə duyğusal keçidindən sonra indi daha rasional təhlillər aparmağı tələb edir. Yeni dünya düzəni axtarışı Ermənistan-Azərbaycan hərbi toqquşmasından sonrakı müharibələrin nəticələri ilə müqayisəyə imkan yaradır. Rusiya-Ukrayna arasında beşinci ilini tamamlayan və dünyəvi toqquşmaya çevrilən silahlı konflikt, o cümlədən, İran ətrafında davam edən gərginlik nəticələrə birlikdə baxmaq üçün canlı misallardır. Əgər Azərbaycanın misilsiz uğurunun sirrini bir cümlədə əks etdirmək tələb olunarsa, onda ilk növbədə, məğlubiyyət tarixindən çıxarılan düzgün dərs, savaşın məhdud radiusda aparılması, düzgün zaman seçimi, cəmiyyətin qalibiyyətdən başqa yol görməməsi, eləcə də xarici dövlətlərin regiona silahlı müdaxiləsinin qarşısının alınması və düşmənlə hərbi meydanda təkbaşına üz-üzə qalmağı yüzlərlə amillərdən önə çıxarmaq olar. 

Müharibənin nəticəsi azərbaycanlılar üçün ərazi bütövlüyü və suverenliyin təminatından daha böyük mənaya malikdir - ilk növbədə, silahlı əməliyyatların ən qısa zamanda, mümkün qədər az insan və maddi itkilər verməklə, maksimal hərbi və siyasi uğurun qazanılmasından ibarətdir. Son altı ilin hadisələri sübut edir ki, Azərbaycanın tarixi nailiyyətinin üzərinə daha birini əlavə etmək olar. Hərbi toqquşmanın coğrafiyasının genişlənməməsi, minimum beynəlmilləşmə şəraitində ən böyük regional və geosiyasi dəyişikliyə nail olunması, “erməni məsələsi”nin yerləşdiyimiz coğrafiyadan dinc yolla  çıxarılması və savaşdan sonra yeni regional təhlükəsizlik arxitekturasını qurmağı bacarmaq da daim imperiyalar arasında əzilən regionun tarixində ilk hadisədir. 

Hər bir dövlətin Qələbə planı məruz qaldığı məğlubiyyətlərin səbəblərini düzgün öyrənməkdən başlayır. Hakimiyyətlərin ən böyük səhvi keçmiş uğursuzluqları yalnız düşmənin gücü ilə izah etməkdir. Ulu öndər Heydər Əliyevin xilaskarlıq kursundan sonra prezident İlham Əliyevin seçdiyi strateji yol əksinə, təkcə 1990-cı illərdə Sovetlər Birliyinin süqutundan sonrakı dövrün dərin təhlilləri üzərində qurulmadı, ən azı iki əsrlik tarixin mirasını düzgün dəyərləndirməklə formalaşdı. İranla savaş dövründə ikiyə bölünən bir millətin taleyi, o cümlədən, Cümhuriyyətin qurulmasından sonra İrəvanın itirilməsi ilə əsla barışmamaq siyasi opponentlərin dediyi kimi, keçmiş tarixi şəraiti obyektiv qiymətləndirməmək və ya Demokratik Respublika rəhbərlərini kiçiltmək məqsədlərindən irəli gəlmirdi. Tam əksinə, millətini işğala qarşı mübarizəyə səfərbər etməyə çalışan bir lider hansı əsrdə olmasından, ideoloji formasiya fərqindən və beynəlxalq durumdan asılı olmayaraq, torpaq itkilərinə haqq qazandırmamalıdır. Əgər iddia olunduğu kimi, Osmanlı qüvvələri və ya ingilis generallarının təzyiqi, daha sonra bolşeviklər hakimiyyətinin cızdığı xəritəylə məcburi razılaşmağa bəraət qazandırılırsa, onda eyni məntiqlə SSRİ tərkibində olarkən və ondan sonrakı dövrdə yaşanan məğlubiyyətlər də avtomatik qanunauyğunlaşardı. Halbuki o zaman torpaqların itirilməsində müstəsna rolu hakimiyyət daxilində siyasi parçalanma, vahid və güclü ordunun olmaması, qeyri-peşəkar döyüş taktikasının yürüdülməsi, müttəfiqlərin azlığı, yaxud düşmənin tərəfdarlarının neytrallaşdırıla bilməməsi, ən əsası xalqın birliyinin olmaması əsas amillər kimi çıxış edirdi.   

Beləliklə, Vətən müharibəsinin əməliyyat planı “düşmənin müdafiəsini haradan yarmaq?” sualından daha dərin idi. İlham Əliyevin seçdiyi strateji yol millətimizin tarixi uğursuzluqlarını bir-bir sıradan çıxarmaq ideyasına söykənirdi. 1988-ci ildə Qarabağda başlayan separatçı hərəkat sonrakı otuz ildə artıq küçə aksiyaları və səhra komandirlərinin miqyasından daha geniş səviyyəyə çıxmışdı. Onun ətrafında yüzlərlə xarici institutun səfərbərliyi yaranmışdı, onlarla beynəlxalq təşkilat və dövlət, mürəkkəb şəbəkəli maliyyə mərkəzləri və xarici diaspor qüvvələri, qanunsuz məskunlaşdırma və təbii sərvətlərin istismarı işğalın geniş şəbəkəsini, həm də siyasi coğrafiyasını yaratmışdı. Ona görə də ordumuzun əsas vəzifəsi Ohanyan səddini keçməkdən ibarət idisə, hakimiyyət institutları və xalqımızın öhdəsinə yüz illər ərzində yaradılan, nəsildən-nəslə ötürülən mifologiyaları, təcavüzkarlıq kitablarını, düşmənin gücü haqqında yaradılan əsassız qorxunu və qlobal himayədarların apardığı təslimçilik siyasətini dəf etmək düşürdü. 

Qarabağ naminə aparılan mübarizə Azərbaycan uğrunda savaşın tərkib hissəsinə çevrilmişdi. Milli dövlətçilik mübarizəsi tarixən məhz erməni məsələsi ilə sarsıdılıb və imperiyalar regiona iki xalqın düşmənçiliyi üzərində daxil olublar.

Cənubi Qafqazda XVIII–XIX əsrlərdə Rusiya və İran dövlətləri regionun sərhədlərini silahla müəyyənləşdiriblər. Osmanlı-Rusiya savaşı da bölgədə ağır siyasi nəticələr doğurub. Ötən yüz ilin əvvəllərində isə Britaniya, Rusiya və qısa müddətdə Almaniyanın hərbi qüvvələri  bölgənin taleyini həll etməyə çalışıblar. Sovet dövründə xarici hərbi müdaxilələr zəifləsə də, Ermənistan ərazisinə xaricdən köçürülən erməni əhali həmin ərazinin demoqrafik və etnik xəritəsinin dəyişdirilməsinə səbəb olub. Moskvanın son iki yüz illik ucqarlar və Qafqaz siyasətində erməni amilinə birtərəfli üstünlük verməsi kursunu zərərsizləşdirmək, iki qüvvəni bir-birindən ayırmaq mümkün olmayıb. 

2020-ci ilin sentyabrında başlayan müharibə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun və nəhayət Şuşanın azad edilməsi, daha sonra hərbi-siyasi şərtlərini düşmənə qəbul etdirib qalan ərazilərdən konkret vaxt çərçivəsində ordu birləşmələrinin və mülki əhalinin çıxarılması ilə bitmirdi. Azərbaycan bir neçə savaş meydanında eyni vaxtda qalib gəlməyi bacarmalıydı. Vətən müharibəsi işğalçı silahlı qüvvələrlə yanaşı, onu qoruyub saxlayan tarixi mirası, beynəlxalq siyasi institutları və qaydaları da ləğv etməyi tələb edirdi.

Ermənistan öz məğlubiyyətini indi nədə görür?

Altı il sonra qarşı tərəfin İkinci Qarabağ müharibəsi haqqında apardığı qiymətləndirmə və gətirdiyi arqumentlər işğal dövründəki mövqelərindən xeyli fərqlənir. Məğlub tərəfin sonradan öz uğursuzluğunu nədə görməsi Azərbaycanın Qələbəsində hansı faktorun  daha həlledici olduğunu aydınlaşdırmağa imkan verir.

Ermənistan ekspert cəmiyyətində hələ də tarixi itkilər silsiləsini, yəni milli xarakterlərinə xas müharibəni Türkiyə ordusunun müdaxiləsi ilə əlaqələndirmək, qeyri-bərabər savaşda yenildiklərini qabartmaq tendensiyası üstünlük təşkil edir. Digər tərəfdən, millətçi dairələr məğlubiyyətin əsasını ordunun 1994-cü ildən sonra kifayət qədər modernləşməməsində, ağır və mərkəzləşmiş sovet modelində qalmasında, aşağı və orta rütbəli komandirlərin təşəbbüs imkanlarının məhdudluğunda görürlər. Sonuncular isə siyasi rəhbərliyin 2018–2020-ci illərdə verdiyi qərarları, diplomatik səhvləri və müharibə riskinin yanlış qiymətləndirilməsini önə çəkirlər. 

İrəvanda məğlubiyyətin səbəblərinin araşdırılmasına dair diqqətçəkən sənədlərdən biri 2025-ci ildə CivilNet-də yayımlanan “Causes of Armenia’s Defeat in 2020” materialıdır. Müəlliflər məğlubiyyətin hərbi səbəblərlə məhdudlaşdırılmamasını, siyasi, iqtisadi, demoqrafik və texnoloji amillərin də araşdırılmasını tələb edirlər. Sənəddə Ermənistan iqtisadiyyatının postsovet dövründə Azərbaycanla müqayisədə daha zəif inkişafını, yüksək emiqrasiyanı, aşağı doğum göstəricilərini, elmi-sənaye bazasının zəifləməsi ilə yanaşı “əsassız müharibə optimizmi”ni və kompromisdən imtina kursunu da ayrıca problem kimi sadalayırlar. 

Azərbaycanın qazandığı uğurun Ohanyan xəttinin yarılması ilə məhdudlaşmadığı qarşı tərəfdə də qəbul edilir. Milli qurtuluş savaşı Ermənistan cəmiyyətində onilliklər ərzində formalaşmış şəxsi və milli təhlükəsizlik təsəvvürlərini və qalibiyyət mifologiyasını da sarsıtdı.

Müharibənin radiusunu genişləndirməmək planı

İkinci Qarabağ müharibəsində hərbi əməliyyatlar əsasən işğal altında olan ərazilər ətrafında aparıldı. Azərbaycanın kritik iqtisadi coğrafiyasına baxdıqda genişlənmiş raket müharibəsinin nəticələrinin hansı miqyasda dağıntılara səbəb olacağını təyin etmək o qədər də çətin deyil. Yüz illərlə qurulan neft-qaz boru kəmərləri, Mingəçevir enerji və su infrastrukturu, ərzaq təchizatı şəbəkələrinin hər biri potensial hədəfə çevrildikdə müharibənin və uğurun qiymətini daha da artırır.

Gəncə, Bərdə, Tərtər və başqa yaşayış məntəqələrinə yönələn raket zərbələri savaşın ölkənin dərinliyinə qədər yayılması planlarından xəbər verirdi. Lakin düşmənə qısa müddətdə vurulan cavab zərbələri İrəvanın uzaqmənzilli silahlarla müharibə niyyətinin üzərindən xətt çəkdi. Azərbaycan iqtisadiyyatı total dağıntılara məruz qalmadan çıxdı,  Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, əsas enerji və su sistemlərinin toxunulmazlığını təmin etməklə nəhəng arteriyaları Qələbəyə yönəltməyi bacardı. İran ABŞ-İsrail birliyinə qarşı savaşda olduğu kimi, daha çox ərəb dövlətlərini hədəfə alması nümunəsi Qafqazda da tətbiq oluna bilərdi.

Əgər Ermənistanla hərbi əməliyyatların radiusu işğal altındakı torpaqlardan kənara çıxsaydı, qazanılmış hərbi nəticənin əhəmiyyəti əsla dəyişməsə də iqtisadi itkiləri arta bilərdi. Çünki müharibə ölən və yaralanan insanlarla bərabər, hər gün istifadə olunan yüzlərlə raket, limitsiz yanacaq və itirilən iqtisadi dövriyyə ilə müəyyənləşir. Rəsmi məlumat olmasa da 44 günlük döyüşlərin maliyyə xərcləri Azərbaycanın qazandığı ərazilərə və suverenliyə ödənilən ən aşağı hesabdır. 

Qarabağ niyə Ukrayna tipli internasional savaşa çevrilmədi?

Qafqaz yüz illər ərzində xarici orduların işğalı altında olub. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, internasional müharibə faciənin miqyasını artırır, üstəlik bütün xarici hərbi yardımlara və davamlı siyasi dəstəyə baxmayaraq, insan və ərazi itkiləri əsasən bir ölkənin üzərinə düşür

Qarabağda savaşa Parisdən və qonşu Tehrandan verilən kəşfiyyat, yaxud logistik dəstək, onun gerçək silahlı toqquşma arealını böyütmədi, lakin nəticələr qlobal siyasi əhəmiyyətə malik oldu, hərbi toqquşma meydanı isə əsasən lokal qaldı. Düşmənlə hərbi meydanda təkbətək qalmaq, ənənəvi imperiya varislərinin müdaxiləsini neytrallaşdırmaq və əvvəlki milli hakimiyyətlərin daim qabartdıqları xarici amilin təsirini azaltmaq Azərbaycanın düzgün siyasət yürütdüyünü təsdiqlədi. İndi Zelenskinin bütün Avropanın təhlükəsizliyi uğrunda vuruşduğunu dəfələrlə vurğulayan bəyanatları onun ölkəsinin məruz qaldığı itkilərin miqyasını azaltmır. Müharibə uzansaydı, Qafqazda terror və ya muzdlu qüvvələrin, dini-ekstremist qrupların savaşına meydan açıla bilərdi. Əliyev bütün ssenariləri bir addım qabaqladı. 

Tramp amili və düzgün zaman seçimi 

2020-ci ilin müharibəsi Donald Trampın birinci prezidentliyi dövründə baş verdi. O zaman respublikaçı lider qlobal planlara hələ tam keçməmişdi. ABŞ-ın siyasi təqvimi yüklənmişdi - gərgin seçki kampaniyası gedirdi. Bayden hakimiyyətdə olsaydı, Azərbaycana daha böyük siyasi təzyiq göstəriləcəyinə şübhə yox idi. Sonrakı dövrdə, xüsusilə 2023-cü ilin sentyabrında Blinkenin Xankəndi əməliyyatına sərt reaksiyası, antiterror tədbirlərinin Ağ Evdən icazə almadan aparılmasına görə sanksiyalar tələbi işə düşmüşdü. Konqresdə aparılan anti-Əliyev kampaniyasının məqsədi rəsmi Bakını tamamilə Vaşinqtona tabe etdirmək idi.

Azərbaycan hərbi əməliyyatı yüksək sürətlə və xüsusi seçilmiş vaxt intervalında elə apardı ki, böyük dövlətlərin ölkəmizə qarşı birləşməsinə fürsət açılmadı, BMT qətnamələrindən qoruna bildi, diplomatik hücumlar döyüşlərin intensivliyi və qazanılan nəticələri siyasi meydanda bloklamağa imkan vermədi. 

Məğlubiyyəti düşünməyən cəmiyyət

1990-cı illərin milli yaddaşında ən ağır mirası ictimai fikrin parçalanması və fobiyaların genişlənərək ordunu xalqın dəstəyindən məhrum etməsi oldu. Yeni müharibə Tərtər, Goranboy və başqa rayonlardan yeni torpaq itkiləri, humanitar köçkünlük dalğası və əvvəlki faciənin təkrarı kimi təsəvvürləri təkrar milli düşüncəyə qaytara bilərdi. Ermənistanın o zamankı müdafiə naziri Davit Tonoyanın “yeni müharibə – yeni ərazilər” avantürası da informasiya vasitələrinə məhz həmin psixoloji savaşın baş şüarı kimi yeridilmişdi. 

Lakin müharibənin ilk günündən cəmiyyətdə aparıcı fikir “hansı məntəqəni itirəcəyik?” olmadı. Əksinə, bütün etnik və milli qüvvələrin, o cümlədən, 1990-cı ildən fərqli olaraq, hakimiyyət uğrunda mübarizə aparan siyasi partiyaların da bir ideoloji məqsəddə birləşməsi “növbəti hansı kəndi və şəhəri azad edəcəyik?” diskursuna keçidi və psixoloji dönüş yarandı. 

Birinci Qarabağ müharibəsinin məğlubiyyət yaddaşı və kollektiv travması Ali Baş Komandanın hərbi-siyasi müraciətlərinin xalqda doğurduğu milli səfərbərlik və öz gücünə inamla əvəzləndi.

Əks qütbdə isə Ermənistanın 1994-cü ildən formalaşan qalibiyyət mifologiyası 2020-ci ildə sürətlə dağılırdı. Hərb tarixində millətlərin dəyişməz “döyüşkənlik geni” ilə özünü müstəsna xalq statusunda aparanlar çox olub. Halbuki bir toplum müxtəlif dövrlərdə tam fərqli döyüş qabiliyyəti nümayiş etdirə bilər. Döyüş qabiliyyətini müəyyən edən xalqın dəyişməz xarakterindən çox, dövlətin təhlükəyə qarşı təşkilatlanma bacarığı, iqtisadi gücü, qabaqcıl texnologiyası və hərbi-siyasi komandanlığının hazırlığıdır.

“Dəmir-dümürləri çıxarın”: iki müharibə arasında simvolik hakimiyyət dəyişikliyi

Qələbədən sonra İlham Əliyevin Ermənistanın keçmiş siyasi-hərbi rəhbərliyinə ünvanladığı “çıxarın o dəmir-dümürləri” ifadəsi siyasi istehzadan daha çox, böyük tarixi dəyişikliyin nəticəsini nümayiş etdirirdi. 1990-cı illərin xaosu səhra komandirləri Robert Köçəryan, Serj Sarkisyan və bütöv bir “Qarabağ elitası” üçün siyasi legitimlik, zamanla qanunsuz sərvət toplama mənbəyinə çevrilmişdi. 2020-ci ilin müharibəsi əvvəlki  dövrün qaliblərini və təcavüzkarlıq üzərində qazanılan orden-medalların statusunu dəyişdirdi. Azərbaycan ordusunun parlaq qələbəsini və Ali Baş Komandanın dediyi kimi, “əsgərin ayağı dəyməyən yer, bayraq sancmadığı ərazi qazanılmayıb” məntiqi dron texnologiyası ilə qalib gələn bir dövlətin orduya-insan gücünə birincilik verdiyini bir daha təsdiqləyir.

Ötən əsrin əvvəllərində “azərbaycanlılardan əsgər çıxmaz” təbliğatının iflasa uğraması ilə  sinəsində 70 min orden və medalı daşıyan Silahlı Qüvvələr yeni milli kimliyin ayrılmaz sütununa çevrildi. Məğlubiyyət dövrünün əsas kollektiv obrazı məcburi köçkünlük, itirilmiş rayonlar idisə, postmüharibə mərhələsinin qurucu obrazı qalib əsgər, doğma torpaqlara Böyük Qayıdış  və Küveytin ərazisinə yaxın bir coğrafiyada yeni Vətən quruculuğudur. Ordunun təltif olunduğu mükafatlar Zəfərin simvollarıdır.

Qarabağ Azərbaycan uğrunda savaş idi

Əslində Şərqi hər zaman keçmişindən asılı qalmaqda ittiham edirlər. Halbuki Qarabağ cəmi 4,38 min kvadratkilometrlik inzibati vahid olmasına baxmayaraq, “özündən çox böyük siyasi mərkəzlərin maraqlarının cəmləşdiyi nüvə mərkəzi”dir. Separatizmin məhz oradan yayılması ilə nəhəng totalitar quruluşun çökməsi və dağıdıcılıq hərəkatının keçmiş Yoqoslaviyaya çatması sübut etdi ki, mübarizə bir parça torpaq uğrunda getmir. Lakin Kosovo ssenarisi Qafqazda  baş tutmadı. Gürcüstanın avqust məğlubiyyəti onun ərazisindəki separatçı subyektlərin silahlı ayrılmasını daha da sürətləndirsə də ölkəmizə qarşı plan gerçəkləşə bilmədi. Qarabağ Kosovo olmadı. “Vətən müharibəsi qlobal layları tərpətdi” bəyanatını verərkən, prezident məhz uzun əsrlər boyu lokal bir ərazidə gedən müharibənin mahiyyətcə Azərbaycanın milli dövlət davasına döndüyünü nəzərdə tutur. Ona görə də 8 Noyabr Zəfəri milli azadlıq və yeni müstəqillik hadisəsi adlanmaq üçün tam əsaslar var. Erməni məsələsi Azərbaycanın coğrafiyasından tamamilə çıxıb.

Ermənistan müttəfiqlərini müharibəyə gətirə bilmədi

Beləliklə, diplomatik status-kvonun dəyişməsi ilə Ermənistanın müttəfiqlik üzərində dövlət qurmaq siyasəti iflasa uğradı.  Rusiyada İrəvana Türkiyə və NATO qarşısında cənub cinahında yerləşən forpost münasibəti əsrlər boyu dəyişmirdi. Birinci Pyotrun 1724-cü ildən qalan mirasını ləğv edən lider tarixi qanunları yenidən yazmalıydı. 

Əliyev hələ 2016-cı ilin Aprel döyüşlərindən sonra uzaqgörənliklə söyləmişdi ki, Qarabağ status-kvosunun dəyişməsi Ermənistanı geosiyasi müstəqilliyə gətirər və onu tarixi itaətkarlıqdan çıxara bilər. Strateji hesablamalar özünü doğrultdu. Azərbaycanın bütövlük müharibəsi uzun bir tarixin məhək daşlarını yerindən tərpətdi. 

“Real Ermənistan”: hərbi məğlubiyyətdən ideoloji transformasiyaya

Müharibənin mühüm nəticəsi ərazi bütövlüyünü təmin etməklə yanaşı, məğlub tərəfin hərbi meydanda yenilməsini qəbul etməsi və ənənəvi işğalçılıq siyasətini dəyişdirməsi ilə də müəyyənləşir. Dənizdən-dənizə mifologiyasında gəlinən son nəticə real Ermənistandır. Nikol Paşinyan qonşulara, xüsusilə Azərbaycana qarşı ərazi iddialarının daha təhlükəli milli nəticələrini müharibə partiyası qarşısında elan edərək seçkilərə və BMT tribunasına məhz gerçək simvolla getdi. “Real Ermənistan” konsepsiyası erməni dövlətçiliyini beynəlxalq aləmdə 29 743 kvadratkilometrlik ərazi ilə tanıtmaq, 1990-cı illərin Əsas qanunlarına daşınan dövlətçilik fəlsəfəsini dəyişdirmək, “tarixi ədalət”, Qarabağın “birləşdirilməsi” və birinci müharibənin qələbəsi kimi terminləri dövriyyədən çıxarmağa səbəb oldu. 

44 gündən Vaşinqtona: hərbi nəticənin siyasi qəbul etdirilməsi

Hərbi meydanda qazanılmış nəticənin diplomatik masada qorunması və hüquqi-siyasi sənədlərə keçirilməsi tarixdə heç də hər qalib dövlətə müyəssər olmayıb. Xankəndi əməliyyatı başa çatdıqdan sonra tarixdə ilk dəfə, region imperiyalar arasında bölünməmiş vəziyyətinə qayıtmağa başladı. Lakin İlham Əliyev ona qədərki dövrün siyasi liderlərinin son nəticədə nail ola bilmədiyi hədəfə-hərbi nəticələri diplomatik sənədlərdə təsbit etdirməyə və  barışın siyasi əsaslarını qurmağa-sülh sərkərdəliyinə yönəldi.

2025-ci ildə keçirilən Vaşinqton zirvəsində Azərbaycan və Ermənistan arasında Sülh müqaviləsinin paraflanması, yeni regional kommunikasiya gündəliyinin siyasi çərçivəyə salınması və Minsk prosesinin eyni ildə bağlanması 2020-ci ilin ən böyük siyasi nailiyyətlərlə davam etdirilməsi deməkdir. Müharibənin yekunları sülhün və gələcək iqtisadi əlaqələrin təməllərinə keçir. Arazboyu ərazilər 2020-ci ildə tankların, artilleriya qurğularının və PUA-ların əməliyyat meydanı kimi diqqət mərkəzində idisə, postmüharibə mərhələsində eyni coğrafiya dəmir yolu, yüz il əvvəl ayrı salınan Naxçıvanla quru yolla birləşmə və Şərq-Qərb kommunikasiya sisteminin hissəsinə çevrilir. Hərbi qələbənin uzunömürlülüyü məhz belə  formalaşır.

Zəfəri dövlət və millət ideologiyasına çevirməli 

Hazırkı beynəlxalq vəziyyətdə sülh yaratmaq mandatına malik dövlətlərin özləri qarşıdurmaların tərəfinə çevriliblər. Qarabağ probleminin həlli üçün otuz ildir vasitəçilik missiyasında iştirak edən Rusiya və ABŞ-ın arasında Azərbaycan ən yaxşı dialoq platforması yarada bilər. Sülhün ixracı təbii sərvətlərdən daha böyük gəlir gətirə bilər. 

Nəhayət, milli təqvimdə 8 Noyabr tarixi yeni dövlətçilik ideologiyasının quruculuğu üçün misilsiz sərvətdir. Uzun əsrlər boyu məğlubiyyət günləri, işğal tarixləri, deportasiya və köçkünlük hadisələri əsasında xalqımızın milli kimliyi formalaşıb. 44 müqəddəs günün nəticələri hələ uzun on illər özünü  Azərbaycanın yeni dövlət kimliyində, Ermənistanın dəyişən ideologiyasında, Cənubi Qafqazın məğlubiyyət dövrünün mirası olan güc balansının dəyişməsində, böyük dövlətlərin bölgəmizə təsirinin zəifləməsində, yeni təhlükəsizlik qaydalarının müəyyənləşməsində göstərəcəkdir. Ermənistanın Azərbaycanın milli dövlətçiliyinə imperiya aləti kimi təsiri artıq neytrallaşdırılıb.

Erməni amili ilə birlikdə mövcud olmaq reallığı dəyişir, onunla birlikdə xalqımızın dini kimliyini istismar edən İranın, Bakını Paskeviçlərin müharibədə qazandığını əsas gətirib hələ də cənub cinahı sayan imperiya refleksli Moskvanın, etnik mənsubiyyətimizi Osmanlının Səfəvi hakimiyyətinə münasibətindən yuxarı səviyyədə görməyən Türkiyədə bir çox məzhəbçi dairələrin, demokratiya silahı ilə ələ almağa çalışan Avropa dövlətlərinin qarşısına Azərbaycan öz milli kimliyi ilə çıxır. 

Qarabağda tam və qəti Qələbənin mənəvi və siyasi miqyasının düşündüyümüzdən daha böyük olduğu zaman keçdikcə öz təsdiqini tapır. İlham Əliyevin Qələbəsinin sirri 44 müqəddəs gündə hərbi meydanda nümayiş olunsa da, uğura gedən yol onillik hazırlıqlarda və nəticəni gələcəyin təhlükəsizliyinə çevirən siyasi iradədədir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Etibar Əliyev: “10 ilə Amerika camaatı bu qədərmi savadlandı?!”

Sabiq deputat Etibar Əliyev ABŞ-də seçicilərin təhsil səviyyəsi ilə siyasi seçimləri arasındakı əlaqəyə diqqət çəkərək 2016-cı il prezident seçkilərinin nəticələrini xatırladıb.Citypost.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında paylaşım edərək tanınmış fransız sosioloq və antropoloq Emmanuel Toddun “Biz hara gedirik?” kitabından sitat gətirib.Sabiq deputat kitabda yer alan 2016-cı il ABŞ prezident seçkiləri ilə bağlı statistik göstəriciləri təqdim edib. Həmin məlumatlara əsasən, orta təhsilli ağdərili seçicilərin 71 faizi Donald Trampa, 23 faizi isə Hillari Klintona səs verib. Tam ali təhsili olmayan seçicilər arasında Tramp 51, Klinton isə 43 faiz dəstək qazanıb.Paylaşımda qeyd olunan digər göstəricilərə görə, bakalavr təhsili olan seçicilərin...

05 Noyabr 2026, 09:10

“İlham Əliyev Azərbaycanın qırmızı xəttidir” – Cümşüd Nuriyev

Sabiq deputat, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Türkiyədə bəzi şəxslərin Azərbaycan və Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlərə etiraz edib.Citypost.az xəbər verir ki, Cümşüd Nuriyev sosial şəbəkə hesabında paylaşım edərək qardaş Türkiyədəki bəzi AKP tərəfdarlarının və dini siyasi məqsədlər üçün istifadə edən şəxslərin Azərbaycan və dövlət başçısı barədə fikirlərini yolverilməz hesab edib.Professor bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın milli atributlarından biri və ölkənin qırmızı xəttidir. O, bu cür açıqlamalarla çıxış edən şəxsləri hədlərini aşmamağa çağırıb.Cümşüd Nuriyevin fikrincə, Azərbaycan “böyük qardaş” sindromundan qurtulmalı, Türkiyə ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi qorunmalıdır. O, yad qüvvələrin işğalı ilə yanaşı, qardaş dövlətin istismarının və...

05 Noyabr 2026, 08:32

Səməd Hətəmov: “ABŞ-də ara seçkilərin nəticələri Türkiyə ilə münasibətlərə də təsir göstərə bilər”

Siyasətçi Səməd Hətəmov ABŞ-da keçirilən ara seçkilərin nəticələrinin Vaşinqtonun xarici siyasətinə, o cümlədən Türkiyə ilə münasibətlərinə mümkün təsirlərinə diqqət çəkib.Citypost.az xəbər verir ki, Səməd Hətəmov sosial şəbəkə hesabında paylaşım edərək ABŞ-da keçirilən ara seçkilərin nəticələrinin Ankara-Vaşinqton münasibətlərində də müəyyən dəyişikliklərə səbəb ola biləcəyini bildirib.Siyasətçinin fikrincə, seçkilərdən sonra ABŞ-da siyasi qüvvələr nisbətinin dəyişməsi Donald Tramp administrasiyasının qərarlarına və xarici siyasət prioritetlərinə təsirsiz ötüşməyəcək. Bu prosesin Türkiyə ilə ikitərəfli münasibətlərə də təsir göstərə biləcəyi ehtimal olunur.Səməd Hətəmovun fikrincə, qarşıdakı dövrdə ABŞ-Türkiyə münasibətlərində baş verə biləcək dəyişiklikləri diqqətlə izləmək lazımdır....

05 Noyabr 2026, 08:12

TRAMPIN İRAN PLANI SUAL ALTINDA: İlqar Məmmədovdan diqqətçəkən təhlil

Siyasətçi İlqar Məmmədov ABŞ-da keçirilən parlament seçkilərinin nəticələrinin Donald Trampın gələcək siyasi qərarlarına və İranla bağlı siyasətinə mümkün təsirlərini şərh edib.Citypost.az xəbər verir ki, İlqar Məmmədov sosial şəbəkə hesabında paylaşım edərək Respublikaçılar Partiyasının seçkilərdə üzləşdiyi məğlubiyyəti diqqətə çatdırıb.Siyasətçinin fikrincə, ABŞ xalqının seçkilərdə respublikaçılara verdiyi mesaj Trampın İranla bağlı mümkün hərbi addımları fonunda xüsusi əhəmiyyət daşıyır. O, bunu obrazlı şəkildə ifadə edərək Amerika xalqının Trampın partiyasını “nüvə bombası kimi səslə” darmadağın etdiyini bildirib.İ.Məmmədov Trampın seçkilərdəki nəticəyə qəsdən şərait yaratmış ola biləcəyini də istisna etməyib. Onun ehtimalına görə, ABŞ prezidenti bununla İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqlərindən qurtulmağa çalışmış ola bilər.Bununla belə,...

05 Noyabr 2026, 00:32

Əliabbas Məhərrəmli: “Müharibənin uzanması İran üçün siyasi imkanlar yaradır”

İctimai fəal Əliabbas Məhərrəmli ABŞ-da keçirilən seçkilərin nəticələrinin Donald Trampın siyasi fəaliyyətinə və İranla ABŞ-İsrail arasında davam edən müharibəyə mümkün təsirləri barədə açıqlama verib.Citypost.az xəbər verir ki, Əliabbas Məhərrəmli paylaşımında Respublikaçılar Partiyasının seçkilərdə ciddi məğlubiyyətə uğramasının Trampın qarşıdakı dövrdə siyasi qərarlarını həyata keçirməsini çətinləşdirəcəyini bildirib.İctimai fəalın sözlərinə görə, Demokratlar Partiyasının Konqresdə və Senatda üstünlük qazanması Trampın, xüsusilə də xarici siyasət sahəsində addımlarına müəyyən maneələr yarada bilər. O hesab edir ki, bu nəticələrə İranla ABŞ və İsrail arasında davam edən müharibə kontekstində də baxmaq lazımdır.Ə.Məhərrəmli qeyd edib ki, müharibənin uzanması ABŞ və İsrailin qarşılarına qoyduqları məqsədlərə nail ola bilməməsi ilə nəticələnərsə,...

05 Noyabr 2026, 00:21

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, daimi sülh, rifah və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.Bu mühüm bayram Azərbaycan xalqının əzmkarlığını, birliyini və qətiyyətini əks etdirməklə yanaşı, sülhün dəyərini, həmçinin insanların sabitlik, təhlükəsizlik və firavan gələcəyə olan arzularını təcəssüm etdirir. Qoy, bu günün ruhu Azərbaycan və onun xalqı üçün yeni nailiyyətlərə ilham verməkdə davam etsin.Mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq edən və körpülər quran mötəbər beynəlxalq platforma olan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak...

04 Noyabr 2026, 18:56