Qarın ağrısı zamanı ağrıkəsici içmək təhlükəlidirmi? – Cərrahdan mühüm AÇIQLAMA
Tibb 19 Noyabr 2026, 10:30
419
Qarın nahiyəsində yaranan ağrılar bəzən adi həzm pozuntusu, qida zəhərlənməsi və ya müvəqqəti narahatlıqla əlaqəli olsa da, bəzi hallarda ciddi və təxirəsalınmaz tibbi müdaxilə tələb edən xəstəliklərin əlaməti ola bilər. Xüsusilə qəfil başlayan, getdikcə şiddətlənən və uzun müddət davam edən qarın ağrılarını adi narahatlıq kimi qiymətləndirmək təhlükəlidir. Belə hallarda ağrının öz-özünə keçəcəyini gözləmək, ev şəraitində müxtəlif vasitələrlə onu aradan qaldırmağa çalışmaq xəstəliyin ağırlaşmasına və vaxtında tibbi müdaxilə imkanının itirilməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev bildirib ki, qarın boşluğunda qəfil yaranan və intensiv xarakter daşıyan ağrılar zamanı pasiyent vaxt itirmədən həkimə müraciət etməlidir. Onun sözlərinə görə, xüsusilə ağrı şiddətlidirsə, getdikcə artırsa və insanın gündəlik hərəkətlərinə mane olursa, bunu gözləməklə aradan qalxacaq adi narahatlıq hesab etmək düzgün deyil.
Cərrah qeyd edib ki, qarın ağrılarının səbəbləri müxtəlif ola bilər. Bəzi hallarda bu ağrılar həzm sistemi ilə bağlı yüngül problemlərdən qaynaqlansa da, digər hallarda appendisit, bağırsaq keçməzliyi, öd kisəsinin kəskin iltihabı, mədə və ya bağırsaq xoralarının ağırlaşması, pankreatit və qarın boşluğunda digər kəskin cərrahi patologiyalarla əlaqəli ola bilər. Bu xəstəliklərin bir qismi vaxtında aşkarlanmadıqda sürətlə ağırlaşa və xəstənin həyatını təhlükə altına sala bilər.
Anar Mehdiyevin sözlərinə görə, qarın boşluğunda baş verən kəskin cərrahi vəziyyətlərdə vaxt amili xüsusi əhəmiyyət daşıyır. Məsələn, appendisit zamanı iltihabi prosesin irəliləməsi nəticəsində appendiksin deşilməsi və qarın boşluğuna infeksiyanın yayılması mümkündür. Bu isə peritonit kimi ciddi ağırlaşmaya səbəb ola bilər. Eyni zamanda, bağırsaq keçməzliyi zamanı bağırsaq möhtəviyyatının normal hərəkəti pozulur, qarında köp, qusma və güclü ağrılar meydana çıxa bilər. Müalicə gecikdirildikdə bağırsağın qan təchizatı da pozula və toxuma zədələnməsi yarana bilər.
Həkim diqqətə çatdırıb ki, qarın ağrısının yeri və xarakteri müəyyən xəstəliklər barədə ilkin fikir yaratsa da, yalnız ağrının xüsusiyyətlərinə əsaslanaraq dəqiq diaqnoz qoymaq mümkün deyil. Məsələn, sağ aşağı qarın nahiyəsində ağrı appendisit ehtimalını düşündürə bilər, sağ yuxarı nahiyədə ağrı öd kisəsi və öd yolları ilə əlaqəli problemlərdən xəbər verə bilər. Qarının yuxarı hissəsində yaranan güclü ağrılar isə mədəaltı vəzi və digər orqanlarla bağlı patologiyaların əlaməti ola bilər. Lakin bu əlamətlər hər bir pasiyentdə eyni şəkildə özünü göstərmir. Buna görə də özünüdiaqnostika ilə məşğul olmaq və ağrının yerinə əsasən xəstəlik barədə qərar vermək doğru yanaşma deyil.
Mütəxəssis bildirib ki, qarın ağrısı ilə yanaşı qusma, yüksək hərarət, qarında sərtlik, şişkinlik, nəcisin və qazın xaric olmaması, nəcisdə və ya qusmada qan müşahidə edilməsi kimi əlamətlər varsa, vəziyyətə daha ciddi yanaşılmalıdır. Xüsusilə qəfil başlayan, dözülməz xarakter alan ağrılar, huşun zəifləməsi, soyuq tər və güclü halsızlıq təcili tibbi qiymətləndirmə tələb edir. Belə simptomlar zamanı təcili tibbi yardıma müraciət etmək vacibdir.
Həmçinin oxuyun
Cərrahın sözlərinə görə, bəzi pasiyentlər qarın ağrısı başladıqda əvvəlcə ağrıkəsici qəbul edir, müxtəlif dərmanlardan istifadə edir və ya ağrının keçməsini gözləyirlər. Lakin ağrının müvəqqəti azalması problemin aradan qalxdığını göstərmir. Ağrıkəsicilərin nəzarətsiz istifadəsi də düzgün yanaşma deyil. Çünki əsas səbəb müəyyən edilmədən simptomların aradan qaldırılmasına çalışmaq xəstəliyin gedişatını düzgün qiymətləndirməyi çətinləşdirə bilər. Qarın ağrısının səbəbi aydınlaşdırılmadan özbaşına antibiotik və digər preparatların qəbulu da tövsiyə edilmir.
Anar Mehdiyev vurğulayıb ki, düzgün diaqnozun qoyulması üçün pasiyent ilk növbədə mütəxəssis tərəfindən müayinə edilməlidir. Həkim ağrının nə zaman başladığını, hansı nahiyədə yerləşdiyini, necə dəyişdiyini, əlavə simptomların olub-olmadığını öyrənir. Daha sonra klinik vəziyyətə uyğun olaraq qan və sidik analizləri, ultrasəs müayinəsi, kompüter tomoqrafiyası və digər diaqnostik üsullardan istifadə oluna bilər. Müayinələrin seçimi hər bir pasiyentin vəziyyətinə və ehtimal olunan xəstəliyə uyğun müəyyənləşdirilir.
Onun sözlərinə görə, hər qarın ağrısı cərrahi əməliyyat tələb etmir. Bəzi xəstəliklər dərman müalicəsi və tibbi müşahidə ilə nəzarətə götürülə bilər. Ancaq kəskin cərrahi patologiya aşkarlandıqda vaxtında və düzgün qərar verilməsi son dərəcə vacibdir. Əməliyyatın zəruri olub-olmaması, müalicənin hansı üsulla aparılacağı yalnız müayinə və diaqnostik nəticələr əsasında həkim tərəfindən müəyyən edilməlidir.
Mütəxəssis sonda qeyd edib ki, qarın boşluğunda qəfil başlayan, şiddətli və intensiv xarakter alan ağrılar zamanı ağrının keçəcəyini gözləmək olmaz. Belə vəziyyətlərdə vaxtında həkimə müraciət etmək, lazımi müayinələrdən keçmək və mütəxəssisin tövsiyələrinə uyğun hərəkət etmək ciddi ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır. Qarın ağrısı hər zaman təhlükəli xəstəlik demək deyil, lakin onun səbəbi müəyyənləşdirilmədən vəziyyəti yüngül hesab etmək də doğru deyil.
Yusif
Ailədə Hepatit C xəstəsi varsa, nə etməli? – Həkimdən vacib tövsiyələr
Hepatit C virusu ilə bağlı cəmiyyətdə hələ də bir sıra yanlış təsəvvürlər mövcuddur. Xəstəlik aşkarlanan şəxslər bəzən ailə üzvləri və yaxınları tərəfindən ehtiyatla qarşılanır, hətta onlarla gündəlik ünsiyyətdən belə çəkinənlər olur. Halbuki Hepatit C adi məişət təması, əl görüşmə, qucaqlaşma və ya öpüşmə yolu ilə yayılmır. Bu virusun əsas yoluxma mexanizmi qan vasitəsilədir. Buna görə də xəstəliyin yayılmasının qarşısını almaq üçün Hepatit C daşıyıcısı olan insanlardan uzaq durmaq deyil, qanla təmas riski yaradan əşyaların ortaq istifadəsindən çəkinmək vacibdir.Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında hepatoloq Vüsalə Ağayeva bildirib ki, Hepatit C virusu olan şəxslərlə gündəlik ünsiyyətdən qorxmağa və onların həyatını çətinləşdirməyə ehtiyac...
19 Noyabr 2026, 09:30
Təzyiq normaya düşdükdə müalicəni dayandırmaq olarmı? – KARDİOLOQ AÇIQLADI
Arterial təzyiqin normallaşması hipertoniya xəstəliyinin tamamilə aradan qalxdığı anlamına gəlmir. Buna görə də təzyiq dərmanlarını həkim məsləhəti olmadan dayandırmaq və ya qəbul qaydasını özbaşına dəyişmək orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Bəzi pasiyentlər təzyiqlərinin müəyyən müddət ərzində normal olduğunu gördükdə artıq dərman qəbul etməyə ehtiyac qalmadığını düşünürlər. Lakin bu, yol verilən yanlış yanaşmalardan biridir. Çünki təzyiqin normada saxlanılması çox vaxt məhz qəbul edilən dərmanların təsiri nəticəsində mümkün olur.Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında kardioloq Səyyarə Abdullayeva bildirib ki, arterial hipertoniya əksər hallarda uzunmüddətli nəzarət və müalicə tələb edən xroniki xəstəlikdir. Təzyiqin dərman vasitəsilə normallaşması müalicənin başa çatması demək deyil. Əksinə, bu,...
19 Noyabr 2026, 08:30
İctimai tualetlərdən HPV-yə yoluxmaq mümkündürmü? – UROLOQ MİFƏ AYDINLIQ GƏTİRDİ
İnsan papilloma virusu (HPV) dünyada geniş yayılan virus infeksiyalarından biridir. Bu virusla bağlı cəmiyyətdə çoxsaylı suallar və yanlış təsəvvürlər mövcuddur. Xüsusilə ictimai tualetlərdən, unitazlardan və ümumi istifadə olunan sanitar qovşaqlardan HPV-yə yoluxma ehtimalı insanları narahat edən məsələlərdəndir. Bəzi şəxslər HPV diaqnozu aldıqdan sonra virusa məhz ictimai tualetdə yoluxduqlarını düşünürlər. Lakin tibbi məlumatlar virusun əsas ötürülmə yolunun fərqli olduğunu göstərir.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən uroloq-androloq Bəxtiyar Hüseynov bildirib ki, HPV əsasən intim və cinsi təmas zamanı, xüsusilə də dəri-dəriyə kontakt vasitəsilə ötürülür. Onun sözlərinə görə, ictimai tualetlərdən və unitazlardan bu virusa yoluxma ehtimalı barədə insanlar arasında geniş yayılmış fikirlər olsa...
18 Noyabr 2026, 10:30
Qrip ürəyə də zərər verə bilər:Bu əlamətlərə diqqət edin – KARDİOLOQ DANIŞDI
Qrip və digər yuxarı tənəffüs yolları infeksiyaları yalnız burun, boğaz və ağciyərlərə təsir etməklə məhdudlaşmır. Bəzi hallarda infeksion xəstəliklər ürək-damar sistemində də fəsadlara səbəb ola bilər. Xüsusilə virus infeksiyalarından sonra davam edən halsızlıq, təngnəfəslik, döş qəfəsində ağrı və ürək döyüntülərində dəyişikliklər diqqətdən kənarda qalmamalıdır. Çünki bəzi infeksiyalar ürək əzələsində və ya ürəyi əhatə edən qişada iltihabi proses yarada bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən kardioloq Aytən Yüzbaşıyeva bildirib ki, qrip və digər infeksion xəstəliklər zamanı ürək də risk altında ola bilər. Onun sözlərinə görə, infeksiyanın gedişində yaranan iltihabi proses bəzi hallarda ürək əzələsinə, ürəyi əhatə edən qişaya və nadir hallarda...
18 Noyabr 2026, 09:30
Əzələ ağrısı ilə ürək ağrısını necə fərqləndirmək olar? – KARDİOLOQ AÇIQLADI
Sinə nahiyəsində, sol qolda və kürəkdə yaranan ağrılar hər zaman eyni səbəbdən qaynaqlanmır. Bəzən bu ağrılar fiziki iş, idman və ya əzələlərin həddindən artıq yüklənməsi nəticəsində meydana gəlir. Lakin eyni nahiyələrdə hiss olunan ağrılar ürək-damar sistemi ilə bağlı problemlərin, xüsusilə də stenokardiya və infarktın əlaməti də ola bilər. Buna görə də əzələ ağrısı ilə ürək mənşəli ağrını bir-birindən ayırmaq, təhlükəli simptomları vaxtında tanımaq olduqca vacibdir.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən kardioloq-terapevt İslam Əziz bildirib ki, əzələ ağrıları, əsasən, fiziki yüklənmədən, idmandan və ya ağır işdən sonra yaranır. Belə hallarda əzələlər gərilir, dartılır və nəticədə müəyyən nahiyədə ağrı hiss olunur. Bu...
18 Noyabr 2026, 08:30
Səhər yeməyini ötürmək mədəyə necə təsir edir? Həkim xəbərdarlıq edir
Gündəlik həyatın sürətli tempi, iş rejimi və düzgün qidalanmaya kifayət qədər vaxt ayrılmaması bir çox insanda həzm sistemi ilə bağlı narahatlıqların yaranmasına səbəb olur. Səhər yeməyi yemədən evdən çıxmaq, gün ərzində aclığı qəhvə və şirniyyatla aradan qaldırmağa çalışmaq, axşam saatlarında isə birdən-birə çox miqdarda və yağlı qidalar qəbul etmək mədənin fəaliyyətinə mənfi təsir göstərə bilər. Belə qidalanma vərdişləri xüsusilə mədə yanması, qıcqırma, göynəmə, köp və digər həzm problemlərindən əziyyət çəkən insanlarda şikayətləri daha da artıra bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən qastroenteroloq-endoskopist Sürəyya İsmayıl bildirib ki, insanların gündəlik qidalanma rejimində yol verdiyi səhvlər mədə-bağırsaq sistemində müxtəlif narahatlıqların yaranmasına şərait yaradır....
17 Noyabr 2026, 11:40